Xoşməramlı səfir: Dünyaya saçılan şəfəq

 

Dünya dövlətləri tarixində “birinci xanım” institutunun yaranması XX əsrin ortalarına təsadüf edir. Azərbaycanda bu institutun 2003-cü ilin oktyabrından sonra cənab İlham Əliyevin Prezidentliyi dövründə formalaşması və bu şərəfin ilk dəfə YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın üzərinə düşməsi hər şeyə qadir uca Yaradanın qismətidir.

Bu düşüncələr məni xalqımızın mənəviyyatını, mədəniyyətini, incəsənətini, adət-ənənələrini yüksək səviyyədə qoruyan və təbliğ edən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva haqqında bu məqaləni yazmağa vadar etdi.

Düşünürəm ki, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məcilisin deputatı və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın qısa bir müddətdə — 5-6 il ərzində geniş miqyaslı fəaliyyəti Azərbaycan tarixində fəxr ediləcək hansı böyük, şərəfli qadın şəxsiyyətlərimizlə müqayisə edilə bilər? Və ümumiyyətlə, hələ bundan sonra xalq üçün, Vətən üçün Mehriban xanımın görəcəyi işlərin tarixi əhəmiyyətini təsəvvür etmədən bu müqayisə nə dərəcədə doğrudur? Amma mən yenə də daxilən bu tarixi müqayisələri aparmağa ehtiyac duydum.

Dünya tarixinin və mədəniyyətinin ən möhtəşəm ədəbi abidələrindən biri olan “Dədə Qorqud” dastanındakı hökmdar Qazan xanın xanımı Burla xatunlamı? Burla xatunun bir hökmdar qadını və ölkənin məleykəsi olaraq böyüklüyü və şərəfi, mənəvi qəhrəmanlığı düşmən hökmdarının bütün hiylələrini alt-üst edir...

Azərbaycanın XII əsr məşhur şairəsi Məhsəti xanım Gəncəvi iləmi? Məhsəti xanım Azərbaycan və Şərq şeir xəzinəsinə rübai üslubunda qiymətli incilər bəxş etmişdir. Mehriban xanım isə, ümumilikdə çox qədim və bugünkü Azərbaycan mədəniyyətinin ən nadir incilərini dünya xalqlarına və gələcək nəsillərimizə çatdırmaq üçün dünya mədəniyyətinin xəzinəsinə qovuşdurur.

Mehriban xanımın fəaliyyətini orta əsrlər tariximizdə Ağqoyunlu hökmdarı Uzun Həsənin anası Sara xatunlamı yanaşı qoyaq? Tarixdən bəlli olbuğu kimi, qardaş qırğınlarının qarşısını almaq üçün Sara xatun Osmanlı II Mehmet Fatehin hüzuruna gedir. Orada Sara xatun Sultan II Mehmet Fateh tərəfindən ağlına, cəsarətinə və müdrikliyinə görə çox böyük ehtiramla qarşılanır. Ağqoyunlu dövlətinin xarici siyasətinin uğurlarında bu sahəyə rəhbərlik edən Sara xatunun mahir diplomat kimi xidmətləri, şübhəsiz ki, danılmazdır.

Mehriban xanım isə bu gün Azərbaycanımızda elə böyük siyasi tədbirlər həyata keçirir, elə qlobal məsələlərlə məşğul olur ki, Avropa və dünya miqyasında bunlar Azərbaycana siyasi imic qazandırır...

Mehriban xanımı XIX əsr Azərbaycan şairəsi Xurşudbanu Natəvanlamı müqayisə edək? Xurşudbanu Natəvanın fəaliyyəti və xeyriyyə işləri cənnətməkan Şuşamızın miqyası ilə ölçülürdü...

Yetmiş il ərzində Sovet hakimiyyəti illərində Azərbaycanda ədəbiyyat, mədəniyyət və incəsənət sahəsində görkəmli qadın sənətkarlar yetişsə də, onların fəaliyyət dairəsi müəyyən çərçivədən kənara çıxmırdı. Bu fəaliyyət də sırf subyektiv və tarixi obyektiv səbəblərlə müşayiət olunurdu.

Mehriban xanım ulu öndər 1980-ci illərdə Moskvada nəhəng Sovetlər Birliyinin rəhbərlərindən biri kimi fəaliyyət göstərdiyi zamanlar Əliyevlər ocağına taleyin qisməti ilə gəlin gəldi və ailənin bir üzvünə çevrildi. Bəs yetmiş ildə dünyaya meydan oxuyan, sonrakı dövrlərdə öz hərbi qüdrətilə fövqəldövlətləri belə lərzəyə salan bir imperiyanın başçılarının — Stalinlərin, Xruşşovların, Brejnevlərin, Andropovların, Qorboçovların övladları, ailə üzvləri öz xalqları üçün nə etdilər? Yəni onlardan tarixdə bir iz qaldımı?

Amma Azərbaycanımızın şərəfli övladı olan Mehriban xanım Əliyeva qısa bir müddət ərzində xalqı üçün nələr etməmişdir? Və bundan sonra nələr edəcəyinə, bir şərəf və ləyaqət nümunəsi olacağına kimlər şübhə edə bilər ki?

Elə ondan başlayaraq ki, Mehriban xanım bir millət vəkili, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri kimi yalnız vəzifə borcunu yerinə yetirmir, xalqın gələcəyini düşünür və millətin başına gələ biləcək təhlükələrdən onu qorumaq üçün mənəvi xəzinələrin, dəyərlərin nə qədər vacib olduğunu bilərək, nəsillərə misilsiz ərmağan edir.

Tarixi-mədəni abidələrimizin qorunmasında və düşmənlərdən mühafizə edilməsində Mehriban xanımın beş-altı ildə gördüyü işləri Azərbaycanın heç bir mədəniyyət xadimi 70-80 ildə görə bilməmişdir. Məgər məkrli ermənilər əvvəlki hakimiyyətlərin biganəliyi üzündən bir çox musiqi əsərlərimizə, tarixi, ədəbi və mədəni abidələrimizə sahib çıxmamışlarmı? Məhz bu səbəbdən Mehriban xanım Əliyeva həm Heydər Əliyev Fondunun rəhbəri kimi, həm də YUNESKO-nun xoşməramlı səfiri kimi zərif, amma güclü,möhtəşəm qanadlarını mədəniyyət və incəsənətimizin üzərinə gərmişdir.

Bir baxın, ərazisinin 20 faizi düşmən pəncəsində, bir milyondan çox qaçqını, iyirmi min şəhidi, Heydər Əliyevdən əvvəlki hakimiyyətlər dövründən qalan saysız-hesabsız problemləri, dərdləri, susdurulmuş vicdanları, söndürülmüş ümidləri, öldürülmüş inamları olan, hər tərəfdən qatı, məkrli, güclü düşmənlərlə əhatə edilmiş bir dövlətin millət vəkili, YUNESKO-nun xoşməramlı səfiri milli dəyərlərimizi qorumaq üçün nə qədər iş görmüşdür. Elə bunu demək kifayətdir ki, bu qədər böyük işlərin içində musiqi mədəniyyətimizin şah əsəri olan muğam sənətinin hərtərəfli inkişafında, təbliğində dünya ictimaiyyətinə çatdırılmasında şəxsən özünün son dərəcə mühüm rol oynaması Mehriban xanıma musiqi sənətimizin xilaskarı adını qazandırmışdır.

Çünki Mehriban xanım bu məsələdə yalnız Heydər Əliyev Fondunun rəhbəri və YUNESKO-nun xoşməramlı səfiri kimi deyil, bir ictimai xadim, dövlət adamı və bir filosof kimi düşünür. Yüz illər, min illərdir ki, imperiyalar, dövlətlər, ictimai quruluşlar, sivilizasiyalar yaranır, inkişaf edir, dağılır, məhvə məhkum olurlar. Bütün varlıq, kainat bu dialektik qanuna, dünyanın, yaranışın bu əzəli gərdişinə məhkumdur. Və dünyanın sonuna qədər bu proses davam edəcək. Xalq üçün, millət üçün əbədi qalacaq bir şey varsa da yalnız tarix və mədəniyyətdir. Bir xalq güclü bir mədəniyyətə sahibdirsə, o millətə qalib gəlmək olmaz. Yəni son nəticə etibarı ilə həmin milləti tarixdən silə bilməzsən. Mənəvi gücü olmayan bir millət ümidsizliyə, ümidsizlik isə ölümə məhkumdur. Ümidsizlik ölməkdən də betər bir fəlakətdir. Bir milləti diz çökdürmək üçün daxili və xarici düşmənləri, ilk növbədə onun mənəviyyatına, mədəniyyətinə, inam və etiqadına, dilinə, adət-ənənələrinə zərbə vururlar. Onları yox etmək üçün yalnız dağıdıcı silahdan deyil, ən alçaq vasitələrdən: satqınlıqdan-xəyanətlərdən, məkr və fitnə-fəsadlardan istifadə edirlər. Çünki millətin mənəviyyatı aşılanmayınca, yəni onun müqavimət gücü ölməyincə, onu məhv edib tarixin səhnəsindən silmək qeyri-mümkündür. Bir millət haqq-ədaləti, şərəf və qəhrəmanlığı ruhunda yaşatdıqca, “Vətən əsir olduqdan sonra həyat nəyimə gərəkdir? ” və ya “azadlıq zəncirə vurulsa, Vətən mənə zindan olar” fəlsəfəsini özünün yaşam tərzinə çevirdikcə, onu tarix səhnəsindən silmək xəyali bir əfsanədir. Böyük türk şairi Tofiq Fikrətin dediyi kimi

 

Zülmün topu var, gülləsi var, qalası varsa,

Haqqın da bükülməz qolu, dönməz üzü vardır.

Göz yumma Günəşə nə qədər nuru qaralsa,

Sönməz əbədi, hər gecənin gündüzü vardır.

 

Güclü mənəviyyat xalqın ölüm-qalım anında hər şeydirsə, mənəviyyatsızlıq dəhşətli bəla, bir millət üçün diz çökümü, üz qarasıdır. Mənəvi çöküntü dələduzları qəhrəmanlıq zirvəsinə qaldırıb, qarşısında baş əyməkdir. Millətin qəhrəmanlıq tarixini isə unutdurmaq, sən bu dahiləri, qəhrəmanları yetişdirə bilməzsən, — deyə xalqa aşağılıq duyğusunu və düşüncəsini aşılamaqdır. Sovet hakimiyyəti dövründə olduğu kimi, əslində, Qorbaçov qaragüruhunun Heydər Əliyevi gözdən salmaq üçün yüksək hakimiyyət zirvələrindən endirməsi də bu məqsədə xidmət edirdi. Yəni Qorbaçovun məqsədi xalqı böyüklükdən, dahisindən məhrum etmək idi. Amma tarix göstərdi ki, Qorbaçovlar Heydər Əliyevi hakimiyyət zirvəsindən endirsələr də, yüksək şərəf və ləyaqət, dahilik zirvəsindən endirə bilmədilər. Həmin o mənəviyyat zirvəsi idi ki, Heydər Əliyevi yenidən hakimiyyət olimpinə ucaltdı.

Bax, məhz buna görə Mehriban xanım YUNESKO və İSESKO kimi ən mötəbər beynəlxalq təşkilatlarda mədəni tarixi abidələrimizin, mənəvi dəyərlərimizin məhz Azərbaycana məxsus olduğunu qeydə aldırmaqla, əslində, xalqın dahilərini, qəhrəmanlarını, müqəddəslərini, bir sözlə, şərəf tarixini, yüksək və zəngin mənəviyyatını özünə qaytarır. Mehriban xanım dünya xalqları qarşısında öz millətinin şərəfli bir tarixə malik olduğunu nümayiş etdirir. Və bununla dünya mədəni irsinin bir qolu olan Azərbaycan mədəniyyətinin gələcək taleyini məkirli düşmənlərdən qoruyub mühafizə edir. Budur Mehriban xanımın gördüyü nəhəng, şərəfli işlər!

YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz fəaliyyətini təbiət və cəmiyyətin ən ümdə qanunlarına, dünyada tarixi bir zərurət kimi sürətini artıran qloballaşma erasının siyasətinə, ulu öndər Heydər Əliyev ideyalarına, Prezident İlham Əliyevin doktrinasına, uzunmüddətli dövlət proqramlarına çox məharətlə uyğunlaşdırır. Mehriban xanımın mədəniyyət, incəsənət, təhsil, səhiyyə, ekologiya sahəsindəki gördüyü işlər bir dövlət xadiminin fəaliyyətini xatırladır.

Heydər Əliyev Fondu Ermənistanın qəsbkarlığı barədə saysız -hesabsız faktları dünya xalqlarının və aparıcı dövlətlərin rəhbərlərinin diqqətinə çatdırmaq üçün ardıcıl tədbirlər keçirir. Bu istiqamətdə fəaliyyəti səngimək bilmir. “Qarabağ həqiqətləri” bukletlər toplusunun təqdimat mərasimində Mehriban xanımın dünya ictimayyətinə ünvanlanmış çıxışı bir dövlət rəhbərinin müraciətini xatırladır: “Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal altındadır. 20 mindən artıq insan həlak olmuş, 50 mindən çox adam yaralanmış və əlil olmuşdur. Bir milyondan artıq insan 15 ildən çoxdur ki, minillik ata-baba ocağından didərgin düşərək, qaçqın və köçkün vəziyyətində yaşamağa məhkumdur. Azərbaycanlılar ermənilər tərəfindən soyqırımı və etnik təmizləmə siyasətinə məruz qalmışlar... Bütün bu hadisələri, faktları Dağlıq Qarabağ münaqişəsinin əsl səbəb və dəhşətli nəticələrini beynəlxalq ictimaiyyətə çatdırmaq, informasiya blokadasını yarmaq, on illərdir ki, erməni diasporu tərəfindən yayılan yalan və uydurmaları ifşa edib, qarşısını almaq Heydər Əliyev Fondunun fəaliyyətində həmişə mühüm yer tutur.

Heydər Əliyev Fondunun fəaliyyət dairəsi o qədər genişdir ki, ölkədə ekoloji tarazlığın bərpası üçün ağac əkilməsindən tutmuş, dünyada cərəyan edən ən mühüm və qlobal problemlərə qədər Azərbaycan və dünya ictimaiyyətinin bir çox sahələrinə nüfuz edən belə bir qurum yoxdur. Amma di gəl, radikal müxalifət qəzetlərinin üzdəniraq yazarları “Əliyevlər ailəsi Azərbaycanın milli maraqlarını öz ailə maraqlarına qurban verirlər” kimi cəfəng iftiralardan belə çəkinmirlər.

Hansı milli maraqlar ailə maraqlarına qurban verilib? Əgər Əliyevlər ailəsi dedikdə, cənab İlham Əliyev nəzərdə tutulursa, Azərbaycana hava - su kimi lazım olan dünya əhəmiyyətli nəhəng layihələrin yaranmasına güc, reallaşmasına təkan verirsə, dövlət başçısı daha nələri etməlidir ki, bu “siyasət yarasaları”nın vicdanları qımıldansın? “Milli maraqlar əldən gedir” dedikdə, Azərbaycanımızı fəlakət uçurumları ağızından qoparıb, onun parçalanmasının qarşısını alan, dövlətçiliyimizin siyasi varlığını xilas edən və onun xilaskarına çevrilən ulu öndər nəzərdə tutulursa, bunu dilə gətirərkən Allahdan qorxmurlarmı? Torpaq bu haqsızlığı üzərində necə gəzdirir? Əgər bu gün Azərbaycanda demokratiya və azadlığın bolluğu olmasaydı, müxalifətin kütləvi informasiya vasitələri dövlət rəhbərinin və ailəsinin ünvanına bu qədər cəfəngiyyat söyləyə bilərdilərmi?

Dövlət millətin təşkilatlanmış formasıdır. Yəni dövlətin prezidenti millətin şərəfini və qüdrətini təmsil edir. Bir dövlətin prezidentinə həqarət etmək milləti təhqir etmək deməkdir ki, bu da qanunla ən ağır cəza ilə cəzalandırılmalıdır. Amma Azərbaycan Prezidentinin nəcibliyi və alicənablığı o qədər böyükdür ki, buna əhəmiyyət vermir.

Yox, əgər Əliyevlər ailəsi dedikdə, niyyətləri Mehriban xanımın nəcib fəaliyyətinə kölgə salmaqdırsa, qoy bu qəlbiqaralar dərk etsinlər: YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfirinin gördükləri işlərin əhəmiyyəti o qədər böyükdür ki, onu heç bir qara qüvvə Azərbaycan tarixindən silə bilməz. Bügünkü dünyamızda hansı dövlət rəhbərinin xanımı öz ölkəsi üçün Mehriban xanım qədər şərəfli işlər görüb. Bu gün Mehriban xanımın Azərbaycan üçün, Azərbaycanın tarixi mədəniyyəti üçün dəyəri ölçüyəgəlməz dərəcədə böyük, misilsiz işlər gördüyünü inkar etmək qeyri-mümkündür. Tarixlər və mədəniyyətlər yaradan Azərbaycan türklərinin mədəniyyətinin, böyüklüyünün, ucalığının, ehtişam və əzəmətinin sirlərini sanki yenidən kəşf edən və dünya xalqlarına çatdıran, onu dünya mədəniyyəti xəzinəsinə ərmağan edən Mehriban xanım yaxşı bilir ki, dahilər yetirməyən xalqın gələcəyi yoxdur. YUNESKO-nun xoşməramlı səfiri misilsiz mənəvi sərvətlərimizi dünya mədəniyyəti xəzinəsinə qeydə aldırmaqla, xalqımızın keçmiş əzəmətini, qüdrətini, böyüklüyünü, dahilərini özünə qaytarır. Nəinki özünə qaytarır, hətta özlərinə uydurma, saxta tarixlər və mədəniyyətlər yaradan, bəşəriyyətin üz qarası olan ermənilərin təcavüzündən qoruyur. Çünki erməni kimi məkrli, quduz qonşusu olan bir xalq heç nədən sığortalanmayıb. Yəni bu gün torpaqlarımıza, Qarabağımıza “tarixi yurdumuzdur” — deyə iddia edən ermənilər gələcəkdə müqəddəs sənət gövhərlərimiz olan mədəni abidələrimizə də diş qıcamayacaqlarına kim zamin ola bilər?

Deyə bilərlər ki, Azərbaycan türklərinin tarixin səhifələrində aşıb-daşan qəhrəmanlıqları o qədər böyük və ehtişamlıdır ki, keçmiş əsrlərin qaranlıqlarında cahangirlərin qılıncları və nizələri ucunda yaradılan imperiyaların zülmlərində belə itib-batmamışdır. Doğrudur, itib-batmasa da, gələcəkdə onu gözləyən təhlükələrdən, o cümlədən başqaları tərəfindən mənimsənilmək təhlükəsindən bu gün Mehriban xanımın YUNESKO-dakı nəcib fəaliyyəti ilə xilas edilmişdir. Kim iddia edə bilər ki, Azərbaycanda istər Sovet imperiyasının dünyaya meydan oxuduğu illərdə, istərsə də sonrakı dövrdə yaşı xalqın tarixi qədər qədim olan muğamlarımızın, xalçalarımızın, bəşər övladının böyüklüyünü tərənnüm edən əzəmətli memarlığımızın, bədii sözün qüdrəti ilə insanı Allah dərgahına ucaldacaq qədər abidələşən dastanlarımızın qorunmasında və dünya mədəniyyətinin xəzinəsində öz şərəfli yerini tutmasında Mehriban xanım qədər iş görə bilər?

Elə Mehriban xanımın təşəbbüsü ilə ötən ilin may ayında Bakıda təhsil problemlərinə dair YUNESKO-nun regional konfransı keçirilmişdir. Bunun ardınca Azərbaycanın sivilizasiyalararası qızıl körpü rolunu oynaya biləcəyini və bunun misilsiz əhəmiyyətini yaxşı bilən Mehriban xanım Əliyeva YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri kimi Qərb və Şərq mədəniyyətləri arasında dialoqun və dini tolerantlığın inkişaf etdirilməsi üçün şəxsi təşəbbüsü ilə “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda Bakı forumunu reallaşdırmışdır. Bakı forumu dünya ictimayətində böyük əks-səda doğurmuş və Azərbaycanın siyasi imicini qat-qat yüksəltmişdir. Bu qlobal tədbirlərlə yanaşı, Azərbaycanın mədəni-tarixi abidələrinin Ümumdünya İrsi siyahısına daxil edilməsi işi də davam etdirilir.

Mehriban xanım işgüzar millət vəkilidir. O, əslində deputat olmadığı illərdə gördükləri işləri davam etdirir. Süvəlan, Mərdəkan, Binə, Türkan, Zirə, Buzovna qəsəbələri qısa bir zaman ərzində geniş bir vüsətlə abadlaşmış, insanların mədəni həyat səviyyələri yüksəlmişdir. Dörd-beş ildə 330 məktəbin, yüzlərlə uşaq bağçasının, səhiyyə ocaqlarının və bir çox mədəniyyət obyektlərinin tikilib istifadəyə verilməsi, təmiri, ən müasir texnika və avadanlıqla təchizi Heydər Əliyev Fondunun gördüyü qlobal işlərin yalnız bir hissəsidir. Azərbaycanın elə bir ucqar guşəsi tapılmaz ki, Heydər Əliyev Fondunun rəhbərliyinin nəzarətindən kənarda qalmış olsun. Bu şərəfli qurum ən uca dağ başında yerləşən kəndlərimizin həyati problemlərinin həllindən tutmuş beynəlxalq səviyyəli layihələri reallaşdırmaqla da bəşəri missiyasını davam etdirir.

Azərbaycan reallığında xalqa və beynəlxalq aləmə tam aydınlığı ilə görünən Mehriban xanım Əliyeva fenomeni var. Amma bu qədər işlərin müqabilində o, sadəcə xalq qarşısında mənəvi borcunu yerinə yetirdiyini bildirir.YUNESKO-nun baş direktoru Matsuura deyir: “Mehriban xanımın xidmətləri ölçüyəgəlməz dərəcədə böyükdür. Bu gün o, nəinki Azərbaycanda və regionda, hətta mən deyərdim, qlobal miqyasda fəaliyyət göstərir”. İSESKO-nun baş direktoru Əbdül Əziz Bin Osman Əl-Tüveyçinin sözləri həmin fikri bir daha təsdiqləyir: “İSESKO-nun tarixində ilk dəfədir ki, bu ad, yəni xoşməramlı səfir adı xanıma verilir... Mehriban xanım sivilizasiyalararası dialoq və digər cəsarətli fəaliyyəti çərçivəsində gördüyü genişmiqyaslı işlərə görə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitlərinin yaxşılaşdırılmasına, təhsilə verdiyi dəstəyə görə bu ada tam layiqdir”.

Mehriban xanımın ümumbəşəri fəaliyyəti başqa yüksək beynəlxalq təşkilatlar tərəfindən də çox yüksək qiymətləndirilir. Rusiya Federasiyasındakı “Yüzilliyin Mesenatları” Beynəlxalq Xeyriyyə Fondu onu 2005-ci ildə “Yaqut xaç” ordeni ilə təltif etmişdir. 2007-ci ildə İhsan Doğramacının təsisçisi olduğu “Ailə sağlamlığı Fondu”nun mükafatına layiq görülmüşdür. “BMT-nin Cenevrə bölməsi”nin iqamətgahında “Azərbaycan otağı” açılması da Mehriban xanımın fəaliyyətinin bəhrəsidir.

Prezident İlham Əliyev bu gün Azərbaycan iqtisadiyyatının gəlirinin mühüm bir hissəsini ölkənin hərtərəfli mədəni tərəqqisinə, milli şüurun inkişafına yönəltməklə sabahkı həyatın hərtərəfli yüksəlişinə zəmin yaradır. Bu gün təhsilə, səhiyyəyə sərf edilən sərmayə sabah ikiqat qazanc deməkdir. Mehriban xanım Əliyeva öz fəaliyyətində aparıcı dövlətlərin taleyində özünü doğrultmuş bu prinsipə əsaslanır. Eyni zamanda, o, həm Heydər Əliyev Fondunun rəhbəri, həm də YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri kimi gördüyü işləri beynəlxalq aləmdə gedən proseslərlə vəhdətdə aparır.

Mehriban xanımın xidmətləri dövlətimizin xarici siyasətinə də güc qazandırır. Onun Bakıda “Qafqaz xalq ənənələri evi” açmaq ideyasının bəşəriyyətin mədəni irsini qoruyan ən mötəbər beynəlxalq təşkilat olan YUNESKO tərəfindən qəbul olunmuşdur.Bu ideyanın reallaşması bir tərəfdən də diplomatiyamıza qüdrətli, mənəvi dayaq qazandırmış olur.

Mehriban xanım Əliyeva Milli Məclisin ən fəal deputatlarından biridir. O, seçicilərlə aparılan işdən əlavə, qanunların yazılmasında və müzakirələrdə öz məntiqi və səmərəli təklifləri ilə fərqlənən millət vəkilidir. Bir siyasətci kimi cəmiyyətdə gedən proseslərə həssaslıqla yanaşır. Millət vəkillərinin ona çox böyük hörməti və rəğbəti daim hiss olunur.

Mehriban xanım Əliyevanın nəcib işlərinin bir hədəfi var: Azərbaycanın şərəfini ucaltmaq, xalqa uğur qazandırmaq!

 

 

Vidadi MƏMMƏDOV,

Milli Məclisin deputatı, professor 

 

        Xalq qəzeti.-2009.-25 yanvar.-S.3.