Dövlətçiliyin və qanunçuluğun keşiyində

 

Bu gün Azərbaycan sosial, iqtisadi, siyasi cəhətdən sürətlə inkişaf edən və kriminogen durumun sabit olduğu ölkələrdən biridir. Sözsüz ki, bütün bunlar, ilk növbədə, müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyev kursunun layiqli davamçısı cənab İlham Əliyevin həyata keçirdiyi düzgün, məqsədyönlü və ardıcıl siyasətin nəticəsidir.

Əvvəlki illərdə olduğu kimi, 2008-ci il də ölkəmizin tarixində tərəqqi və inkişaf, iqtisadi və siyasi, eləcə də xalqın gələcəyi üçün son dərəcə vacib olan bir sıra əhəmiyyətli və yaddaqalan hadisələrlə zəngin olmuşdur. Heç şübhə yoxdur ki, bunlardan ən başlıcası Azərbaycan Respublikası Prezidentinin seçkiləri olmuşdur.

Seçkilər, əhalinin yüksək fəallığı, demokratik prinsiplərə uyğun və aşkarlıq şəraitində keçməklə, beynəlxalq təşkilatlar və dünya dövlətləri tərəfindən yüksək qiymətləndirildi. Seçkilərin nəticəsi bir daha sübut etdi ki, Azərbaycan xalqı ölkə Prezidenti cənab İlham Əliyevin son 5 ildəki fəaliyyətini yüksək qiymətləndirməklə, onun daxili və xarici siyasətini yekdilliklə dəstəkləyir.

Seçkilərin tam şəffaf keçirilməsində, asayişin qorunmasında, qanunçuluğun ciddi gözlənilməsində Gəncə polisi də yüksək fəallıq göstərməklə, səmərəli tədbirlər həyata keçirmiş, qanunla müəyyən olunmuş vəzifələrə ciddi əməl etmişdir.

Qarşıda daha bir vacib siyasi kampaniyaya, mart ayının 18-də keçiriləcək referenduma ciddi hazırlıq görülür. Gəncə polisi də prezident seçkilərində olduğu kimi, referendumun keçirilməsində də yüksək fəallıq nümayiş etdirəcək, bu kampaniyanın gedişində də qanunun aliliyinin təmin olunmasında bütün tədbirləri görəcəkdir.

Ötən il Azərbaycan polisi üçün də əhəmiyyətli olmuşdur. Bunlardan ən başlıcası polis orqanlarının yaranmasının 90 illik yubileyinin təntənə ilə qeyd edilməsidir. Bayram ərəfəsində ölkə Prezidenti İlham Əliyevin sərəncamları ilə DİN-in 4 nəfər əməkdaşına ali xüsusi rütbə verilmiş, DİO əməkdaşlarının aylıq pul təminatları artırılmış, bir qrup əməkdaş ölkənin orden və medalları ilə təltif edilmiş, 6 nəfər fəxri adlar almış, “Azərbaycan polisinin yaranmasının 90 illiyi” yubiley medalı təsis olunmuşdur.

Ölkədə demokratikləşmə prosesinin inkişafı, vətəndaş cəmiyyəti quruculuğu sahəsində həyata keçirilən, həyat əhəmiyyətli və qlobal mahiyyət kəsb edən tədbirlərin daha qətiyyətlə davam etdirilməsi daxili işlər orqanlarının fəaliyyətinə də müsbət təsir göstərmiş, ictimai asayişin qorunması və cinayətkarlığa qarşı mübarizədə əldə olunan uğurlar bir qədər də möhkəmlənmişdir.

2008-ci il ərzində Gəncə Şəhər Polis İdarəsi və onun tabeli orqanlarının rəhbərliyi, rəis və komandir heyəti qarşıya qoyulmuş vəzifələrə uğurla əməl etmək məqsədi ilə şəxsi heyət arasında mənəvi-psixoloji mühitin sağlamlaşdırılması, qanunçuluğun, nizam-intizamın, xidməti məsuliyyətin və orqanlarda mütəşəkkilliyin yüksəldilməsi, hər bir polis əməkdaşının qarşıya qoyulmuş vəzifələrin layiqincə yerinə yetirilməsində iştirakının yaxşılaşdırılmasına, işdə olan nöqsan və çatışmazlıqların qətiyyətlə aradan qaldırılmasına, əhali arasında polisin hörmət və nüfuzunun yüksəlməsinə istiqamətləndirilmişdir.

Polisin nüfuzunun yüksəldilməsi, əhali arasında ona daha möhkəm inam yaradılması sahəsində bir sıra işlər görülmüş, polisin sıralarının sağlamlaşdırılması və möhkəmləndirilməsi üçün müəyyən tədbirlər həyata keçirilmişdir.

Şəhərdə kriminogen vəziyyətin nəzarətdə saxlanılması, sabitliyinin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, qanunsuz silah və sursatların yığılması, narkomaniya ilə daha kəskin və ciddi mübarizə aparılması işi uğurla davam etdirilmişdir.

Məhz bu baxımdan 2008-ci il ərzində Cəncədə kriminogen durum sabit və daim nəzarətdə olmuş Gəncə Şəhər Polisinin fəaliyyəti müsbət nəticələrlə başa çatmaqla, xidmət göstəriciləri yüksək olmuşdur.

Ümumilikdə 2008-ci ildə şəhərdə bütün xətlər və orqanlar üzrə cəmi 614 cinayət hadisəsi qeydə alınmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən cinayətlərin sayı 165 fakt və ya 36,7 faiz artmışdır. Onlardan 67-i ağır və xüsusilə ağır, 126-sı qeyri-müəyyənlik şəraitində baş verməklə qapalı olan cinayətlər olmuşdur. 2007-ci illə müqayisədə ağır cinayətlərin sayı 7 fakt və ya 45 faiz azalmışdır.

Cinayətlərin 243-ü şəxsiyyət əleyhinə, 130-u iqtisadi sahədə, 200-ü ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 34-ü dövlət hakimiyyəti əleyhinə, 28-i insan alveri ilə bağlı olan cinayətlərdir.

Qeydə alınmış və açılmış cinayətlərin 4-ü xarici vətəndaşlar, 90-ı qadınlar, 62-si əvvəllər məhkum olunanlar, 24-ü sərxoş vəziyyətdə olanlar, 29-u azyaşlılar tərəfindən törədilmişdir.

Qeyd etdiyimiz kimi, 2007-ci illə müqayisədə qeydə alınmış cinayətlərin sayının artmasına baxmayaraq, ağır və xüsusilə ağır cinayətlərin sayı 7 fakt azalmışdır. Ümumiyyətlə, keçən il qəsdən adamöldürmə, ölümə qəsd, sağlamlığa ağır zərər vurma, adam oğurluğu, zorlama, ölümlə nəticələnən yol-nəqliyyat hadisələri kimi geniş ictimai rəy doğuran cinayətlərin sayı azalmışdır.

Cinayətkarlıqla mübarizənin başlıca istiqamətlərindən biri də baş vermiş cinayətlərin vaxtında açılmasını təmin etməkdən, cinayət törədənlərin tutulub, məsuliyyətə cəlb olunmasından ibarətdir.

İl ərzində ümumilikdə şəhər üzrə bütünlükdə qeydə alınmış cinayətlərin 95 faizi hesabat dövrünün sonuna kimi açılmışdır. Göstərici 2007-ci illə müqayisədə 2,1 faiz artmışdır. Ümumiyyətlə, DİO üzrə qeydə alınmış cinayətlər 95,1 faiz, ağır və xüsusilə ağır cinayətlər 91,4 faiz, az ağır cinayətlər 94 faiz, böyük ictimai təhlükə törətməyən cinayətlər 47,6 faiz, şəxsiyyət əleyhinə olan cinayətlər 99,6 faiz, iqtisadi sahədə olan cinayətlər 87 faiz, ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayətlər 95,5 faiz, dövlət hakimiyyəti əleyhinə olan cinayətlər 91,2 faiz, insan alveri ilə bağlı cinayətlər isə 100 faiz açılmışdır. Hesabat ili ərzində qeyri-aşkar şəraitdə baş vermiş 125 cinayət hadisəsindən 105-nin açılması təmin olunmuşdur.

Ötən il axtarışda olan cinayətkarların yaxalanması və itkin düşmüş şəxslərin yerinin müəyyən olunması sahəsində də müəyyən işlər görülmüşdür. Həyata keçirilən əməliyyat- axtarış tədbirləri nəticəsində istintaqdan yayınan 188 nəfər və axtarılanların 74,3 faizi tutulub, istintaqa təhvil verilmişdir. Bu əvvəlki ildəkindən 2 faiz yüksəkdir. Axtarışda qalanların qalıq sayı da 76-dan 65 nəfərə enmişdir.

Əvvəlki illərdə olduğu kimi, hesabat dövründə yenə də şəhərdə sabitliyin qorunması, mütəşəkkil və qrup halında olan, odlu silah və xüsusi azğınlıqla törədilən və geniş ictimai rəy doğura biləcək cinayətkarlığa qarşı mübarizə xüsusi diqqət mərkəzində olmuşdur.

Bu sahədə Azərbaycan Respublikası Prezidentinin “Cinayətkarlığa qarşı mübarizəni daha da gücləndirmək tədbirləri haqqında” 9 avqust 1994-cü il tarixli fərmanı əldə rəhbər tutulmaqla qanunsuz silah və sursatların yığılması sahəsində iş daim nəzarətdə saxlanılmış, müəyyən tədbirlər görülmüşdür.

Aparılmış profilaktiki tədbirlər də səmərəli olmuşdur. 2008-ci il ərzində odlu silahla cəmi 1 cinayət hadisəsi qeydə alınmışdır. Bütövlükdə hesabat dövründə şəxsi heyət tərəfindən 2 pulemyot, 16 avtomat, 13 tapança, 22 tüfəng, 5 qumbaraatan, 64 qumbara, 96 sandıqça, 13 minə yaxın müxtəlif çaplı güllələr və digər hərbi sursat və ləvazimatlar müsadirə edilib götürülmüşdür.

Göstəricilər keçən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfəyədək çoxdur. Bütün bunlar onu göstərir ki, şəhərdə əllərdə olan və gizli saxlanılan silah və sursatlar hələ də çoxdur. Ona görə də hər bir polis əməkdaşı bu mühüm işi bir an belə nəzərdən qaçırmır, silah və sursatların yığılması sahəsində profilaktika, təbliğat və mübarizə işini daimi nəzarətdə saxlayır.

Bu gün hamıya yaxşı məlumdur ki, ümumi cinayətkarlığa əsas təsir göstərən amillərdən biri də narkomaniyadır. Bu məsələ daim diqqət mərkəzində olmuş, buna qarşı sərt və ciddi tədbirlər görülmüşdür. Ötən il ümumilikdə cinayətkarlardan 10,16 kq marixuana, 36,5 qram heroin, 3 kq 265 qram həşiş, 0,879 qram tiryək götürülmüşdür. Narkotik maddələrin qəbul edilməsinə, onun əkib-becərilməsinə və satışına görə 77 cinayət faktı müəyyən olunmuş, cinayətkarlar barəsində istintaq başa çatdırılıb, məhkəmələrə göndərilmişdir. Əvvəlki ilin müvafiq dövrünə nisbətən müəyyən edilən cinayətlərin sayı 23 fakt artıq olmuşdur. Müəyyən edilən cinayətlərin 15-i satış məqsədi ilə törədilmişdir.

Hesabat dövründə şəhərdə ictimai təhlükəsiziyin və qayda-qanunun möhkəmləndirilməsi, polisin hörmət və nüfuzunun artırılması sahəsində müəyyən işlər görülmüş, vəziyyət daim nəzarət altında olmuş, qüvvə və vasitələrdən əməliyyat şəraitinə uyğun istifadə olunmaqla şəhər polisinin şəxsi heyətinin gücü ilə gecə gəzintiləri keçirilmişdir.

Şəhərdə keçirilən kütləvi, ictimai-siyasi və idman tədbirlərində ictimai asayiş həmişə lazımi səviyyədə təşkil edilmişdir. Şəhərdə aparılan yenidənqurma və abadlaşdırma işlərində polis həmişə ön sırada olmuşdur.

Post-patrul xidmətinin səviyyəsinin yüksəldilməsi, ictimai yerlərdə və küçələrdə ictimai qaydanın daha səmərəli qorunması üçün müvafiq tədbirlər görülmüşdür. Bu da ictimai yerlərdə və küçələrdə qeydə alınmış cinayətlərin sayının azalmasına müsbət təsir göstərilən amillərdən biri olmuşdur.

Şəhərin küçə və yollarında nəqliyyatın hərəkətinin tənzimlənməsi və piyadaların təhlükəsizliyinin təmin olunması sahəsində bəzi işlər görülmüş, qayda-qanunu pozanlara qarşı müəyyən tədbirlər görülmüşdür. Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən ümumilikdə 2008-ci il ərzində 30.341 hərəkət qayda pozuntusu müəyyən olunmuşdur. Bu əvvəlki ilə nisbətən 5585 fakt çox olmuşdur. Avtomaşını sərxoş səviyyədə idarə edən 1904, yüksək sürətlə idarə edən, ötmə qaydasını pozan və digər ciddi pozğunluğa yol verməklə, qəza vəziyyəti yaradan 4340, texniki baxışdan keçməyən 2285, bal sisteminə düşən qayda pozan 7065 sürücü aşkarlanmışdır.

2008-ci ildə şəhərdə 152 yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr zamanı 19 nəfər ölmüş, 183 nəfər yaralanmışdır. Əvvəlki illə müqayisədə hadisələrin sayı 18 fakt, ölənlərin sayı isə 14 nəfər azalmışdır. Yaralananlar isə 6 fakt artmışdır.

Hesabat dövründə istintaq şöbəsinin müstəntiqləri tərəfindən qarşıda duran vəzifələrə, əsasən, əməl olunmuşdur. Müstəntiqlərin icraatında 399 cinayət işi olmuş, onlardan 353 nəfər barəsində 319 iş tamamlanmış, 31 cinayət işinin icraatına xitam verilmiş, 288 cinayət işi baxılmaq üçün məhkəmələrə göndərilmişdir.

Bəzi istintaq xidməti əməkdaşları tərəfindən vətəndaşların incidilməsi, onların get-gələ salınması halları da olmuşdur. Bunların nəticəsidir ki, həmin əməkbaşlar barəsində müəyyən tədbirlər görülmüş, 2 nəfər istintaq xidməti əməkdaşı intizam cəza məsuliyyətinə cəlb olunmuşdur.

Ümumilikdə ötən il polis idarəsində 4233 ərizə, şikayət və müraciətə baxılmışdır. Onlardan 83-ü üzrə sadələşdirilmiş icraat açılıb, 74-ü məhkəməyə göndərilib, 3154-ü üzrə cinayət işi başlanması rədd olunub. Vətəndaşların ərizə, şikayət və müraciətlərinə baxılmasında əvvəlki ilə nisbətən xeyli müsbət dönüş yaradılsa da, bu sahədə nöqsan və çatışmazlıqlar da olmuşdur.

Vətəndaşların qəbuluna da xüsusi diqqət yetirilmiş, il ərzində 4800 nəfər vətəndaş qəbul edilmişdir. Məhz bunun nəticəsidir ki, hesabat dövründə respublikamızın rəhbər orqanlarına daxil olan müraciətlərin sayı xeyli azalmışdır.

Hesabat dövründə 23.624 nəfər Azərbaycan Respublikası vətəndaşına şəxsiyyət vəsiqəsi verilmişdir ki, bunlardan da 462 nəfəri azyaşlı uşaqlardır. İl ərzində 3547 nəfər Gəncə şəhərində qeydiyyata alınmış, 3037 nəfər qeydiyyatdan çıxarılmışdır. 68 nəfərin Azərbaycan Respublikasının vətəndaşlıq mənsubiyyəti bərpa olunmuş, 712 nəfər əcnəbi vətəndaş müvəqqəti qeydə alınıb onlara müvafiq vəsiqə verilmişdir.

Bu xidmət sahəsinin də fəaliyyətində bir sıra ciddi nöqsanlara yol vermiş əməkdaşlar göründüyü kimi, hələ də vəzifəsinə məsuliyyətsiz yanaşan, öz mənafeyini xidmətin mənafeyindən üstün tutan əməkdaşlara da rast gəlinir.

İl ərzində 168 nəfər əməkdaşın intizam qaydasında cəzalandırılması, 15 nəfərin mənfi motivlərlə DİO-dan xaric olunması buna sübutdur. Məhz bunlara görə də bütün xidmətlərdə və orqanlarda iş üslubunun təkmilləşdirilməsi, onun səmərəli təşkili, bürokratizm və formalizm hallarının aradan qaldırılması üçün konkret təşkilati və praktiki tədbirlər görülməkdədir. Bu gün qarşımızda duran əsas vəzifələrdən biri vətəndaşların müraciəti, daxil olan ərizə, şikayət, məktublar daha dərindən təhlil olunması, onları doğuran səbəb və şəraitin aradan qaldırılması üçük kəsərli tədbirlərin görülməsidir.

Gəncə Şəhər Polis İdarəsində və onun orqanlarında sağlam qüvvələr çalışır. Şəxsi heyət mövcud şərait və vəziyyəti düzgün qiymətləndirir. İşdə yol verilən nöqsanlar və obyektiv çətinliklər hər bir əməkdaşımıza yaxşı məlumdur. Son vaxtlar ölkədə gedən proseslər, DİN-in həyata keçirdiyi tədbirlər, vəziyyətin yaxşılığa doğru dəyişməsi, işdə çox ciddi dönüş yaranması üçün yeni imkanlar yaradıb.Ona görə də 2009-cu ildə də bütün qüvvələr yenə bir məqsədə — dövlətçiliyin etibarlı qorunmasına və cinayətkarlığa qarşı qəti və ciddi mübarizəyə yönəldiləcək, bu da əhali arasında polisin nüfuzunu daha da artıracaqdır.

Şübhə yoxdur ki, Gəncə polisinin şəxsi heyəti də bu gün polisə olan diqqət və qayğını, qarşımızda duran vəzifələri düzgün qiymətləndirir. Azərbaycan Respublikasının dövlətçiliyinin və müstəqilliyinin qorunması, bu sahədə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin bütövlükdə dəstəklənməsi, qarşıya qoyduğu vəzifələrin tamamilə yerinə yetirilməsi üçün bütün qüvvə və bacarığını sərf edəcəkdir.

 

 

Rasim MUSAYEV,

Gəncə Şəhər Polis İdarəsinin rəisi,

polis polkovniki 

 

Xalq qəzeti.-2009.-25 yanvar.-S.4.