Samux: inkişafın yeni mərhələsi

 

Son beş ildə ölkəmiz bütün sahələrdə olduğu kimi, sosial-iqtisadi sahədə də böyük uğurlara nail olub. Təbii ki, bunun əsas səbəbi ümummilli liderimiz Heydər Əliyev siyasi kursunun uğurlu davamıdır və ulu öndərin “xalq dövlət üçün yox, dövlət xalq üçündür” formuluna Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə, müasir dövrün tələblərinə uyğun əməl edilməsidir. Məhz bunun sayəsində bu gün vətəndaş-iqtidar birliyi gündən-günə möhkəmlənməkdədir ki, bu da ölkəmizin ümumi inkişafını daha səmərəli edir.

 

Vətəndaş-dövlət münasibətləri düzgün qurulanda

 

Tarixi təcrübə də göstərir ki, vətəndaş-dövlət münasibətləri düzgün qurulmuş cəmiyyətlərdə bütün sahələrdə uğurlu inkişafa nail olunur, o cümlədən, demokratik prinsiplərin möhkəmlənməsi daha səmərəli formada baş tutur. Bu münasibəti ümummilli liderimizdən, bu gün isə dövlət başçımız cənab İlham Əliyevdən görürük. Təbii ki, dövlət orqanlarında çalışanlardan da bu prinsipə sözsüz və düzgün əməl etmək tələb olunur. Harada ki, bu şərtlərə doğru, dürüst əməl edilir, orada inkişaf sürət və keyfiyyətlə aparılır.

Samux rayonunda insanlarla söhbətimizdən belə qənaətə gəldik ki, burada vətəndaş-dövlət münasibətlərinin düzgün qurulmasının nəticəsində son illər quruculuq, abadlıq, yeni istehsal sahələrinin yaranmasına nail olunub. Rayonun yaşlı sakinləri bu fikirdədirlər ki, qazanılmış uğurların əsas səbəbi insanların problemlərinin həllinə diqqət və qayğı göstərilməsidir. Rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev ilk gündən hansısa bir kəndin problemini onun sakinlərinin dilindən eşitməklə kifayətlənmədi, özü həmin kəndlərə getdi, problemlə yerində tanış oldu, həlli yollarını da camaatla birlikdə müzakirə etdi. Məhz bu səbəbdəndir ki, insanlar bu problemlərin həllində rayon icra hakimiyyəti aparatı ilə birgə çalışdı, öz köməyini əsirgəmədi və görülən işin də keyfiyyəti yüksək oldu.

Məsələn, rayon sakinləri deyirlər ki, Samux rayonu 17 ildir yaranmasına baxmayaraq, onun küçələri yenə tozlu-palçıqlı idi. Amma son illər rayon mərkəzində bütün küçələr abadlaşdırılıb, asfaltlanıb. Bütün kəndlərə yeni yollar çəkilib. Nəinki rayonlararası və kəndlərarası yollar, qəsəbə və kənddaxili yollar da abadlaşdırılıb, küçə və səkilər qaydaya salınıb, yeni infrastrukturlar yaradılıb.

Rayon ziyalıları son illər görülən işləri daha yüksək qiymətləndirirlər. Deyirlər, o yerdə ki, ziyalının qədri bilinir, əməyinə düzgün qiymət verilir, orada elm də, mədəniyyət də, digər sahələr də inkişaf edəcək. O cümlədən, milli-mənəvi dəyərlərin qorunması, xalqın qədim adət-ənənələrinə hörmətlə yanaşılması milli birliyin, milli şüurun inkişafına müsbət təkan verir. Bu isə Samuxda var.

Gənclər onlara göstərilən qayğıdan, şəraitdən, inkişafları üçün edilən hər cür köməkdən çox razıdırlar. Onların problemlərinin həllinə rayon icra hakimiyyəti aparatı tərəfindən diqqətlə yanaşılmasından, təşəbbüslərinin dəstəklənməsindən, rayon tədbirlərində onların fəal iştirakları üçün görülən işlərdən razılıqla danışdılar.

Bir sözlə, kiminlə söhbət etdiksə, son illər rayonda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, insana qayğıdan, mövcud problemlərin ardıcıl həllindən söhbət açdı. Bu fikirləri rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyevlə söhbətimizdə dilə gətirdik. V.Hacıyev bunları dedi:

— Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, həmişə xalqına arxalanıb, gücü ondan alıb. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin də əsas dayağı xalqdır. Xalq rəhbərini sonsuz bir məhəbbətlə sevir, ona güvənir, ona arxalanır. Son 5 ildə cənab İlham Əliyevin ölkəmizi necə böyük və sürətlə inkişaf etdirdiyini, insan hüquqlarının təminatlı müdafiəsi üçün görülmüş tədbirləri, demokratik prinsiplərin möhkəmlənməsi üçün həyata keçirilmiş işləri hamı görür. Bu gün dünyanı təhdid edən maliyyə və iqtisadi böhrandan Azərbaycanın çox az itki ilə ötüşməsi məhz cənab İlham Əliyevin apardığı uğurlu siyasətin bəhrəsidir. Bu gün cənab İlham Əliyevin də bizdən tələb etdiyi vəzifə budur ki, insanların gücünü səfərbər edək, onların sosial vəziyyətini yaxşılaşdıraq, iqtisadiyyatı inkişaf etdirək, quraq, yaradaq. Problemlərini həll edək. Onları işlə təmin edək. Yerlərdə vətəndaş həmrəyliyinə nail olaq, vətəndaş-vətəndaş, vətəndaş-dövlət münasibətlərini demokratik prinsiplər əsasında quraq. Cənab İlham Əliyev hər bir vətəndaşın problemini öz problemi hesab edir və bunu dəfələrlə bəyan edib. Odur ki, bizdən də bunu tələb edir: hər bir rayon sakininin problemi sizin probleminiz olmalıdır və onun həlli bir nömrəli vəzifənizdir. Və cənab Prezident hər bir məmurun işini, fəaliyyətini bununla qiymətləndirir. Biz də çalışırıq ki, göstərilən etimadı doğruldaq.

 

Dövlət Proqramının işığında

 

Son illər ölkəmizin nail olduğu ən böyük uğurlardan biri sosial-iqtisadi islahatların mahiyyət etibarı ilə müasir dövrün tələblərinə uyğun bir model üzrə həyata keçirilməsidir. Bunun səmərəli nəticəsinin ən yaxşı sübutu isə, son illərdə Azərbaycanda sosial-iqtisadi inkişaf sahəsində əldə olunmuş çoxsaylı nailiyyətlərdir. Bu model üzrə həyata keçirilən sosial-iqtisadi siyasət çox tez bir zamanda iqtisadiyyatımızda keyfiyyət dəyişikliklərinə əsaslı yol açmış, xüsusilə regionların inkişafı və əhalinin məşğulluğu sahəsində həlli tələb edilən vəzifələri ön plana çəkmişdir.

Azərbaycan Respublikası regionlarının inkişafında müşahidə olunan vəziyyət mövcud potensialdan səmərəli istifadə etməklə regionların sosial-iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsini və onlar arasında fərqin minimuma çatdırılmasını tələb edirdi. Bu baxımdan Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2004-cü il 11 fevral tarixli, 24 saylı fərmanı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004—2008-ci illər)” mühüm əhəmiyyət kəsb etmişdir. Dövlət Proqramında 2004-2008-ci illərdə Samux rayonu üçün yerinə yetirilməsi nəzərdə tutulan işlər, Kür çayı üzərində tikiləcək körpü istisna olmaqla, tam yerinə yetirilmişdir.

2008-ci il ərzində rayonda mühüm işlər görülmüşdür. Belə ki, rayonlararası və rayondaxili yolların bərpası və inkişafı üçün geniş tədbirlər planı hazırlanmış və tədbirlər planına müvafiq olaraq, ötən il nəzərdə tutulmuş bütün işlər yerinə yetirilmişdir. Gəncə-Samux şəhər avtomobil yolunun kənarında tikilmiş dekorativ hasar təmir olunmuş, rayonun ərazisinə giriş hissədə Azərbaycan Respublikasının Milli Bayrağı Kompleksi ucaldılmışdır. Samux şəhərinə giriş kompleksinin bədii tərtibatına başlanmış və artıq tikinti-quraşdırma işləri başa çatmışdır. Heydər Əliyev parkında mövcud fəvvarədə yenidənqurma işləri aparılaraq, 4 ədəd əlavə nasos quraşdırılmış, 98 ədəd sualtı işıq lampaları çəkilmiş və fəvvarə yeni formaya salınmışdır.

Şəhərin Kolayır prospektində, S.Vurğun, Vaqif, Ə.Zeynalov küçələrində və Heydər Əliyev prospekti 3-cü döngədə yenidənqurma işləri həyata keçirilmiş, səkilər salınmış, su arxları çəkilmiş, səkilərə tamet daşları düzülmüş və ümumilikdə 20,5 min kvadratmetr yola yeni asfalt örtüyü salınmışdır. Heydər Əliyev və Kolayır prospektlərinin, şəhid Arif Nəbiyev küçəsinin işıqlanma sistemi yenidən qurulmuşdur. Kolayır prospekti və Yenikənd yolunda 124 ədəd 2 plafonlu müasir tipli yeni işıq dirəkləri quraşdırılmışdır. Samux şəhərinin Kolayır prospekti istiqamətində 400 metr uzunluğunda yeni küçə salınaraq hər iki tərəfinə səki düzəldilmiş və yola asfalt örtük salınmışdır.

Çobanabdallı yolunda Şəmkir maşın kanalının sağ tərəfində istinad divarının tikintisi başa çatdırılmışdır ki, bu da yolun əsaslı şəkildə genişlənməsinə səbəb olmuşdur. Yolun kənarında dekorativ hasar çəkilmişdir.

Gəncə şəhərindən rayon mərkəzinə daxil olan hər iki yol, Lək və Alıuşağı kəndləri istiqamətində yollar, eləcə də rayon mərkəzi daxilində ardıcıl olaraq üfüqi xətlənmə işləri aparılmışdır. Bütün istiqamətlərdə yolların çiyin hissələri və digər sahələr plana salınmış, yol avadanlıqları, siqnal dirəkləri, yol nişanları ağardılıb, rənglənmişdir. Rayon ərazisində bütün yollarda yeni yol nişanları quraşdırılmışdır. Yenikənd-Poylu-Qırmızı Samux-Sarıqamış yaşayış məntəqələrinin mərkəzinədək avtomobil yollarına çınqıl materialları tökülərək təmir işləri aparılmışdır. Poylu-Kəsəmən yolu normal vəziyyətə salınmış, həmçinin keçid borularının giriş-çıxış yerləri təmizlənmiş, lazım olan hissələrdə cari təmir işləri aparılmışdır. Rayonlararası və kəndlərarası yolların təmiri daim diqqətdə saxlanılmışdır.

Alıuşağı, Zazalı və Çobanabdallı kəndlərində mərkəzi yol boyu hasarlar, qapılar və dəmir çənlər rənglənmişdir. İnstitut qəsəbəsində mərkəzi yol boyu böyük abadlıq işləri görülmüşdür.

Ötən il sosial obyektlərin və inzibati binaların tikintisi diqqət mərkəzində saxlanılmışdır. Rayonda yeni şahmat məktəbi, Notariat və VVAQ şöbələrinin inzibati binası, Qovlarsarı kəndində 240 yerlik yeni məktəb binası tikilib istifadəyə verilmişdir. 340 yerlik Yuxarı Ağasıbəyli kənd orta məktəbinin, 160 yerlik Əlibayramlı kənd məktəbinin binaları əsaslı təmir edilib, yeni dərs ilində istifadəyə verilmişdir. Sarıqamış kənd orta məktəbində yenidənqurma işləri başa çatmaq üzrədir. İlin əvvəlində rayon icra hakimiyyətinin, Baytarlıq İdarəsinin, Poçtamtın, Statistika İdarəsinin inzibati binalarının, Lək və Zazalı kəndlərində poçt şöbəsi üçün bina tikintisinə başlanılmış, hazırda işlər davam etdirilir. Rayonda idmanın inkişaf etdirilməsi məqsədilə inşa edilən idman kompleksində tikinti işləri başa çatmaq üzrədir.

Rayon xəstəxanalarında və feldşer-mama məntəqələrində cari təmir işləri aparılmış, rayon mərkəzi xəstəxanasının həyətində abadlıq işləri görülmüşdür. 2008-ci ildə xəstəxana üçün 1 ədəd “Qaz-2402” markalı təcili yardım avtomobili alınmışdır.

2008-ci il ərzində 57 saylı Yol İstismar İdarəsi tərəfindən aparılmış cari və orta təmir işlərinə 248 min manat dəyərində 4726 ton asfalt beton qarışığı işlədilmişdir. 2008-ci ildə idarəyə 1 ədəd “M-EO-2626 A” markalı ekskavator, 1 ədəd ES-3200 markalı asfalt-beton qoşqusu, 1 ədəd MARİNİ MF-331 markalı asfalt döşəyən alınmışdır. Rayonun Çobanabdallı kəndində idarə üçün ikimərtəbəli inzibati binanın tikintisi başa çatmaq üzrədir. 2008-ci ilin aprel ayında idarənin nəzdində istehsal gücü saatda 48 ton olan asfalt-beton zavodunun tikintisinə başlanmış, Qarabağlar kəndi ərazisində inşa edilən zavod qısa müddət ərzində istifadəyə verilmiş və hazırda tam istehsal gücü ilə işləyir. Zavodda 15 nəfər işçi çalışır.

Rayonun 22780 hektar suvarılan torpaqlarına Samux Suvarma Sistemləri İdarəsinin balansında olan 457 ədəd subartezian quyusu və 21 ədəd nasos stansiyası xidmət edir. 2008-ci il ərzində 196 ədəd nasos, 34 ədəd elektrik avadanlıqları, 6 quyuda isə güc transformatorları təmir edilmişdir. Rayon mərkəzində yerləşən pay torpaqlarının, eləcə də Qarayeri, Qaraarx qəsəbələrinin, Qovlarsarı, Ziyadlı, Sərkar, Kolayır, Füzuli, Çobanabdallı, Qarabağlar, Əhmədbəyli, Ağasıbəyli kəndlərinin əkin sahələrinin suvarılması üçün Şəmkir maşın kanalına su doldurulmuş və həmin ərazilərə suyun keçirilməsi təmin edilmişdir. Hazırda Şəmkir maşın su kanalının rayonun Tatlı, Qiyaslı Alıuşağı, Zazalı kəndləri ərazisindən keçən hissəsində işlər görülür.

Torpaqların suvarılması üçün cari ildə 112 min kubmetr lildən təmizləmə, 44 min kubmetr sahilbərkitmə, 45 min kubmetr tənzimləmə işləri aparılmışdır. Kanallarda 40 ədəd hidrotexniki qurğu, 10 ədəd hidrotexniki post təmir edilərək, saz vəziyyətə salınmış, 270 metr boru kəmərinin təmiri aparılmışdır.

Allahdad kanalının Gəncə şəhər ərazisindən keçən tunelin 210 metrində təmizləmə işləri aparılmış və tunelin sökülüb dağıdılmış hissələri betonlanmış və mişar daşı ilə hörülmüşdür. Qəsəbə və kəndlərdə sahələri su ilə təmin etmək üçün Yusifli, Xan arxı, Allahdad, Drenaj , Dərin-Arx, Salahlı, Qarabağlı, Qarasaqqal kanallarında 112 min kubmetr lildən təmizləmə işləri görülmüşdür.

2008-ci il ərzində Qaraarx qəsəbəsində, Yenikənd kəndinin sağ və sol hissələrində drenaj kanallarının qazılması işləri başa çatmışdır. Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən 2008-ci il üçün 6 ədəd, daxili imkanlar hesabına 4 əlavə subartezian quyusu qazılıb istifadəyə verilmişdir.

Rayon əhalisinin elektrik enerjisi və mavi yanacaqla təminatı qənaətbəxşdir. 11675 fərdi abonenti elektrik enerjisi ilə təmin etmək üçün 520 km 10 klv, 130 km 04 klv-luq elektrik verilişi xətti, 235 ədəd 10/04 klv-luq transformator mövcuddur.

Yeni salınmış yaşayış məntəqələrini elektrik enerjisi ilə təmin etmək üçün 11 ədəd 0,4 klv-luq dəmir beton dayaq basdırılmış və həmin dayaqlara 650 metr yeni xətt çəkilmişdir. Əhaliyə xidmət göstərən 15 transformator əsaslı, 54 isə cari təmir edilmiş, 10/04 klv hava xətlərində 426 dayaq arasında 23600 metr məsafədə boşalmış naqillər dartılaraq bərkidilmişdir. 2500 ədəd köhnə sayğac yeni elektron tipli sayğaclarla dəyişdirilmişdir.

Hazırda rayonun 22 yaşayış məntəqəsində mavi yanacaqdan istifadə edilməkdə 8596 abonentə xidmət göstərilir. Son iki ildə Samux rayonunun qazlaşması üçün 85126 metr müxtəlif diametrli boru gətirilmişdir ki, bunun 23416 metri 2008-ci ilin payına düşür. 2008-ci ildə rayonun Samux şəhəri, Çobanabdallı, Lək, Bağbanlar, Yuxarı və Aşağı Ağasıbəyli, Əhmədbəyli kəndlərində təxminən 4194 abonentə yeni qaz xətləri çəkilmişdir.

Rayon əhalisinə rabitə xidmətinin səviyyəsi getdikcə yüksəlir. 2008-ci il ərzində Qarayeri qəsəbəsində 600 nömrə tutumu olan ATS 896 nömrə tutumu olan elektron ATS-lə əvəz edilmiş, Samux şəhərində əlavə olaraq 384 nömrə tutumu olan, Lək kəndində 512 nömrə tutumu olan yeni elektron ATS-lər istifadəyə verilmişdir. 2008-ci il ərzində 1224 nömrə artımı həyata keçirilmişdir ki, bununla da Samux Telekommunikasiya Qovşağında montaj olunmuş tutum 7832 nömrəyə çatdırılmışdır.

Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı və heyvandarlıq məhsullarının istehsalı təşkil edir. Rayonda aqrar sektorun inkişafı üçün müəyyən işlər görülmüşdür. 2008-ci ilin məhsulu üçün 7644 hektar sahədə biçin aparılmış və həmin sahələrdən 28283 ton taxıl istehsal edilmişdir ki, məhsuldarlıq hər hektara 32 sentner təşkil edir.

Ötən il 323 hektar sahədən 2388 ton kartof, 1094 hektar sahədən 10123 ton tərəvəz, 383 hektar sahədən 4334 ton bostan, 726 hektar sahədən 1197 ton günəbaxan, 702 hektar sahədən 2268 ton dən qarğıdalı məhsulları əldə edilmişdir. Müvafiq olaraq hər hektardan orta hesabla kartof 73,9 sentner, tərəvəz 92,5 sentner, bostan məhsulları 113,2 sentner, günəbaxan 16,4 sentner, dən qarğıdalı 32,3 sentner təşkil etmişdir. Heyvandarlıq sahəsi yüksək templə inkişaf edir. 2008-ci ildə iri-buynuzlu mal-qaranın sayı 18894 baş olmuşdur ki, ondan ana inək və camışlar 9117 baş təşkil edir. Qoyun və keçilər 158088 başa çatdırılmışdır. Cari ildə rayonda diri çəkidə ət istehsalı 2817 ton, süd istehsalı 11517 ton, yumurta istehsalı 3034 min ədəd, yun istehsalı isə 293 ton olmuşdur.

Dövlət Proqramına uyğun olaraq rayonda üzümçülük və meyvəçilik də sürətlə inkişaf edir. 2008-ci il ərzində 71 hektar üzüm bağı, 79 hektar meyvə bağı salınmışdır. Beləliklə, rayonda üzüm bağının sahəsi 1071 hektara, meyvə bağı isə 862 hektara çatmışdır.

2008-ci il ərzində 2727 yeni iş yeri açılmışdır ki, bundan 425-i daimi, 204-ü yeni bərpa edilmiş, 455-i müvəqqəti, 1643-ü isə mövsümi iş yerləri olmuşdur.

 

Asayişin keşiyində

 

Hər bir ölkənin inkişafı orada olan sabitliklə, asayişin qorunması ilə sıx bağlıdır. O yerdə ki, kriminogen durum tam nəzarətdədir, orada həm insanların hüquqları təminatlı qorunur, həm də fəaliyyət üçün normal şərait təmin edilmiş olur. Bu baxımdan da Samux rayonu diqqətçəkən bölgələrimizdəndir.

Samux Rayon Polis Şöbəsinin şəxsi heyətinin peşəkarlığı nəticəsində profilaktiki tədbirlər səmərəli formada aparılır və bu bir çox cinayətlərin baş verməsinin vaxtında qarşısının alınması ilə nəticələnir. Və yaxud, cinayət artıq baş veribsə, onun isti izlərlə açılması həm vətəndaşlarda hüquq-mühafizə orqanlarına inamı artırır, həm də cinayətkarlığın azalmasına müsbət təsir göstərir.

Ötən il rayonda baş vermiş ümumi cinayətlərin sayı 114 olub, açılma faizi isə 99,8 faizdir. Təkcə bu faktın özü kifayətdir, deyək ki, rayonda cinayətkarlığa qarşı mübarizə peşəkarlıqla aparılır.

Polis şöbəsinin rəisi, “Azərbaycan bayrağı” ordenli polkovnik Mübariz Quliyev deyir:

— İlk növbədə, profilaktik tədbirləri gücləndirmişik. Səmərəsi böyükdür. Bir çox cinayətlər, xüsusən, ağır cinayətlər azalıb. Ötən illərdən bağlı qalmış cinayət faktlarını açmışıq. Cinayət yolu ilə vətəndaşlara dəymiş 20 min 659 manat ziyan ödətdirilmişdir. Narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri gücləndirildiyindən ötən il ayrı-ayrı şəxslərdən 9,3 kiloqram narkotik vasitə götürülmüşdür. 2007-ci ildə bu rəqəm 248 qram idi. Milli-mənəvi dəyərlərimizin qorunmasında da polisin rolu böyükdür. Məlumatlar almışdıq ki, rayon ərazisində fəaliyyət göstərən “Qafqaz” və “Alaqanlı” restoranları əxlaqsız yuvalarına çevrilib. Həyata keçirdiyimiz tədbir bütün deyilənləri təsdiq etdi. Təqsirkarlar məsuliyyətə cəlb edildilər. Təbii ki, bu, əhalinin böyük razılığına səbəb oldu. Bir sözlə, Samux polisi ayıq-sayıqdır, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir, sabitliyin, asayişin, insan hüquqlarının, milli dəyərlərimizin keşiyindədir.

 

Hərbi-vətənpərvərlik

 

Rayonda yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi üçün müxtəlif tədbirlər, hərbi-idman oyunları keçirilir. Gənclərin hərbi xidmətə hazırlanması üçün hərbi dərslərin keyfiyyətcə yüksək olmasına çalışılır. Biz hərbi xidmətə yola düşən Rəşid Alıyev, Səbuhi Həsənov və Xaliq Sadıqovla görüşüb söhbət etdik. Hər üçü cəbhə bölgəsində xidmət edəcək. Dedilər ki, bu xahişlə əvvəldən hərbi komissara müraciət ediblər.

Rayonun hərbi komissarı polkovnik-leytenant Sərdar Həsənov da bizimlə söhbətində bunları dedi:

— Gənclərimiz çox vətənpərvərdirlər. Ailə vəziyyəti ilə bağlı möhlət hüququ verilmiş elə gənclərimiz var ki, ərizə ilə bizə müraciət edir, təkidlə hərbi xidmətə getmək istədiklərini bildirirlər. Təbii ki, gənclərimizdə bu hisslər ilk növbədə Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin apardığı siyasətlə və bu siyasət nəticəsində ordumuzun gündən-günə güclənməsində, nəhayət, torpaqlarımızın işğal altında qalması ilə heç kimin barışmamasından irəli gəlir. O cümlədən, komissarlığımızda ciddi nizam-intizamın olması da əsas şərtdir. Biz ən sağlam gəncləri seçib hərbi xidmətə göndəririk. Üstəlik onların hərbi işə az-çox bələdliyi, vətənpərvərlik hissinin yüksək olması bizi daha çox maraqlandırır. Müdafiə nazirinin, respublika hərbi komissarının da bizim qarşımıza qoyduqları ən ciddi tələblər bunlardır. Məhz bunların sayəsində samuxlu gənclər hərbi xidmətə böyük ruh yüksəklikləri ilə gedirlər.

...Rayon icra hakimiyyətinin başçısı V.Hacıyev sonda yenə bütün uğurları Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı siyasətin bəhrəsi olduğunu real faktlarla əsaslandırdı. Dedi ki, xalq rəhbərinə inananda öz üzərinə düşən vəzifələri həvəslə və düzgün yerinə yetirir. Digər tərəfdən, rayonda fəaliyyət göstərən dövlət orqanları bir-biri ilə qarşılıqlı əməkdaşlıq şəraitində çalışırlar. O cümlədən, vətəndaşlarla münasibətlərini də bu şərtlərlə qururlar. Məhz bunların nəticəsidir ki, Samuxda çox sağlam mühit var. Odur ki, bütün sahələrdə işlərimiz yüksək templə davam edir.

 

 

Hamlet QASIMOV,

 

Vahid İMANOV

 

Xalq qəzeti.-2009.-25 yanvar.-S.5.