İstəyimizi, arzularımızı
gerçəkləşdirən partiya
Həmişə belə
düşünmüşəm: elə bir insan tapılmaz ki,
öz dövləti ilə, öz xalqı ilə öyünməsin.
Nə xoşbəxtdir Azərbaycan xalqı ki, öz dövləti,
öz xalqı, öz rəhbəri ilə öyünür. Çünki
onun buna haqqı var. Ümummilli liderimiz Heydər Əliyev
ölkəmizi məhv olmaqdan, parçalanmaqdan xilas etdi,
müstəqil, qüdrətli bir dövlət qurdu, onu
dünyada tanıtdı.
Ulu öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyev isə 2003-cü ildən keçən beş il müddətində bu ölkəni regionda lider dövlətə çevirdi. İndi ölkəmiz söz sahibidir, Azərbaycanla bağlı bütün məsələlərdə Asiyaya da, Avropaya da öz diktəsini edir. Əlbəttə ki, bu da insanın qəlbini qürurla doldurur.
Ötən əsrin sonu başımız çox müsibətlər çəkdi. Azərbaycanın sahibsizliyi, erməni məkri ucbatından bütün Qərbi azərbaycanlılar kimi biz də qədim Zəngibasar ellərindən didərgin düşdük. İlk illər iş də tapmırdıq ki, çörəkpulumuzu qazana bilək. Partiya yaratmaq dəbə düşmüşdü. Onda çoxumuz düşünürdük ki, hansısa bir partiyanın üzvü olsaq Vətənə xeyir verə bilərik. Mən də o illərdə bir neçə adamla ADP-yə inanıb, ona üzv oldum. Amma sonra gördüm ki, burada siyasi oyunlar gedir, üzdə xalqın mənafeyinə danışılsa da, əməldə başqa iş tuturlar. Xüsusən, ulu öndərimiz Heydər Əliyevin rəhbəri olduğu Yeni Azərbaycan Partiyasına müxalif olanda bir qrup adam (biz sıravi üzvlər idik) ADP-nin tədbirlərində iştirak etməkdən imtina elədik. 2003-cü ildə isə onun sıralarını rəsmi olaraq tərk etdim, YAP-ın tədbirlərinə üz tutdum, bu partiyaya üzv oldum. Çünki istəyimin, arzumun bu partiyanın reallaşdırdığını aydın görürdüm. Mənim istəyim, arzum isə Azərbaycanı daha qüdrətli, insanlara qayğısı olan bir dövlət görməkdir. Bu da YAP-ın məramı, məqsədidir.
Son beş ildə cənab İlham Əliyevin rəhbərliyi ilə YAP cəmiyyətdə daha böyük nüfuz qazanıb, ölkəmizin inkişafında yüksək xidmətlər göstərib, vətəndaş cəmiyyətinin formalaşmasında əməyi böyük olub. Onun sıralarında birləşən qüvvələr respublikamızı daha sürətlə inkişaf etdirir, qüdrətli və yenilməz edir. Mən deyərdim ki, vətəndaş-dövlət münasibətlərində ümummilli liderimizin yaratdığı bu partiyanın xidmətləri də sonsuzdur. Odur ki, onun keçirdiyi tədbirlərdə fəal iştirak etməyə həmişə can atıram. Çünki 2003-cü ildə ulu öndərimiz Azərbaycan xalqına müraciətində onun başladığı işlərin, ideyalarının Yeni Azərbaycan Partiyasının köməyi ilə cənab İlham Əliyevin başa çatdıracağına inandığını demişdi.
Həmin uzaqgörənlik indi həqiqətə çevrilib. Azərbaycan çox qüdrətli bir dövlətdir. İqtisadiyyatı çox güclüdür. Məhz cənab İlham Əliyevin apardığı uzaqgörən siyasət nəticəsində dünyanı bürüyən maliyyə və iqtisadi böhran Azərbaycana elə güclü təsir göstərə bilmir. Əksinə, ölkəmiz daha sosial rifahlı dövlət kimi inkişafını inamla davam etdirir. Xalq üçün, sadə insanlar üçün isə bu çox vacib şərtdir.
Yurd, doğma ocaqlar həsrəti ilə yaşayan bir insan kimi ona da əminəm ki, cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində Qarabağ torpaqları yağılardan azad olacaq, biz də Zəngibasara — doğma ocaqdara qayıda biləcəyik. Ulu öndərin bütün arzuları kimi bu da gerçəkləşəcək. İndi maddi ehtiyacı təmin olunmuş hər bir azərbaycanlının mənəvi ehtiyacı yalnız budur. Buna nail olmaq üçün isə ölkə başçısının ətrafında sıx birliyimiz, ulu öndərin ideyalarına əməli işdə sadiqliyimiz sayəsində nail olacağıq.
Qasım VƏLİYEV,
Güzdək mebel fabrikinin fəhləsi
Xalq qəzeti.-2009.-25 yanvar.-S.6.