ABŞ Yaxın Şərqə xüsusi diqqət göstərəcək

 

ABŞ-ın yeni administrasiyası və dövlət katibi Hilları Klinton Yaxın Şərq məsələsinə xüsusi diqqət göstərəcək. Bu barədə Dövlət Departamentinin nümayəndəsi Robert Vudun bəyanatında bildirilir.

Onun sözlərinə görə, ABŞ-ın Yaxın Şərqdəki xüsusi nümayəndəsinin dəyişdirilərək bu vəzifəyə Corc Mitçelin təyin edilməsi də bununla əlaqədardır. Həmin vəzifədə çalışmış Riçard Holbruk isə ABŞ-ın Əfqanıstan və Pakistandakı xüsusi nümayəndəsi təyin edilib.

Rusiyanın RİA Novosti agentliyinin verdiyi məlumata görə, dünən dövlət katibi Hillari Klintonun Rusiya XİN başçısı Sergey Lavrovla telefon əlaqəsi yartmaq cəhdi baş tutmayıb. Robert Vudun sözlərinə görə, bunun səbəbi xanım Klintonun zəng etdiyi vaxt Lavrovun xarici səfərdə olması olub. Vud deyib ki, telefon əlaqəsi əvvəlcədən dövlət rəsmiləri arasında razılaşdırılmayıb. Ancaq ABŞ dövlət katibinin Rusiya XİN başçısına bir də nə vaxt zəng edəcəyi barədə məlumat verilməyib.

ABŞ Dövlət Departamenti nümayəndəsinin sözlərinə görə, xanım Klinton yeni vəzifəsinə başladıqdan sonra dünyanın bir sıra ölkələrinin başçılarına tanışlıq zəngləri edib. O, artıq İsrailin Baş naziri Ehud Olmert, Əfqanıtsan Prezidenti Həmid Karzay, Fələstin administarisiyasının rəhbəri Mahmud Abbas və Pakistan Prezidenti Asif Əli Zərqari ilə telefon əlaqəsi yaradıb.

Xanım Klinton eyni zamanda Hindistan, İsrail, Misir, Fələstin, Səudiyyə Ərəbistanı və digər Asiya ölkələrinin xarici işlər nazirləri ilə də telefonla danışıb.

 

 

Paşa ƏMİRCANOV

 

Xalq qəzeti.-2009.-25 yanvar.-S.6.