İlk “Azərbaycan-Antarktida” ekspedisiya qrupunun Cənub qütbünə
yürüşü davam edir
Hava və Ekstremal
İdman Növləri Federasiyasının Prezidenti Hüseyn
Bağırovun başçılıq etdiyi “Azərbacan-Antarktida”
ekspedisiya qrupu Antarktidanın ən yüksək nöqtəsi
olan Vinson dağının zirvəsinə qalxdıqdan sonra Cənub
qütbünə doğru irəliləməkdə davam edir.
Ekspedisiya qrupunun
“İridium” peyk sistemi vasitəsi ilə verdiyi məlumata
görə, Cənub qütbünə olan 115 kilometrlik məsafənin
təxminən 60 kilometri qalıb. Bu yolun gedilməsində
ekspedisiya üzvləri ayaq xizəyi və buzda yerimək
üçün qırmaqlı çəkmədən istifadə
edirlər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, Cənub qütbünə doğru irəliləyən qrup üzvləri gün ərzində orta hesabla 10-12 km məsafənin qət edilməsinin mümkünlüyü barədə məlumat verib. Amma bildirildiyinə görə, son 2 gündə hava şəraitinin nisbətən mülayim keçməsi səbəbindən gün ərzində 15 km yol getməyə müvəffəq olunub. Ekspedisiyanın keçdiyi ərazilərdə hazırda dəyişkən hava şəraiti hökm sürür və orta temperatur təxminən mənfi 35-40 dərəcəyə bərabərdir.
Ekspedisiya qrupunun verdiyi məlumatda bildirilir ki, yol boyu rast gəlinən dağ-qaya sıxıntılarından nümunələr götürülür.
Qeyd edək ki, dəniz səviyyəsindən təxminən 3000 metr yüksəklikdə buz üzərində addımlayan ekspedisiya üzvləri öz ərzaq ehtiyatlarını və digər yüklərini kirşə vasitəsi ilə arxalarınca aparırlar.
Cənub qütbünə doğru istiqamət götürən Azərbaycan ekspedisiyası Cənubi Afrika Respublikasının “Afrika üçün sülh” bayrağı aparan ekspedisiyasının ingilis və holland mənşəli 4 nəfərlik qrupu ilə yanbayan irəliləyir.
Xatırladaq ki, 2008-ci il dekabrin 24-də ilk “Azərbaycan-Antarktida” ekspedisiya qrupu Bakıdan yola düşmüşdür.
Qəzənfər QASIMOV
Xalq qəzeti.-2009.-25 yanvar.-S.6.