Prezident İlham ƏLİYEV:
Bizim iqtisadi uğurlarımızın təməlində
düşünülmüş siyasət dayanır
Ötən ilin
sosial-iqtisadi inkişafının yekunlarına həsr
edilmiş iclasda dövlət başçımız İlham
Əliyev Azərbaycanın bütün sahələrdə əldə
etdiyi uğurlardan danışarkən bir məqamı önə
çəkmişdir. Ölkə Prezidenti demişdir ki,
bütün müsbət göstəricilər uğurlu
iqtisadi siyasətimizin nəticəsidir. Bu, Azərbaycanda
aparılan iqtisadi islahatların, sosial məsələlərin
həllinin nəticəsidir. Bizim uğurlarımızı bəzi
bədxahlar, yaxud, ölkədəki vəziyyəti
yaxından bilməyən, ya da ki, hansısa paxıllıq
hissləri ilə yaşayan insanlar bəzi hallarda neft amilinə
bağlamaq istəyirlər. Əlbəttə ki, Azərbaycanın
uğurlu neft strategiyası ölkə iqtisadiyyatının
inkişafında çox böyük rol oynamışdır.
Bu rol davam edir və gələcəkdə də davam edəcəkdir.
Bizim enerji siyasətimiz ölkəmizə çox
böyük fayda gətirmişdir. Bütün
uğurlarımızı ancaq neft amili ilə bağlamaq
tamamilə yanlış bir yanaşmadır... Bizim iqtisadi
uğurlarımızın təməlində
düşünülmüş siyasət dayanır, ölkənin
milli maraqlarının qorunması, siyasi islahatlar, demokratik
proseslər dayanır... Bütün bunları görməmək
mümkün deyildir. Əgər dünyanın ən
qabaqcıl maliyyə qurumu olan Dünya Bankı Azərbaycanı
ötən ilin yekunlarına görə ilin bir nömrəli
islahatçı ölkəsi kimi tanıyırsa və bunu bəyan
edirsə, bu, göstərir ki, uğurlarımızın təməlində
bizim siyasətimiz, düzgün xəttimiz və Azərbaycanda
gedən müsbət proseslər gedir.
Prezident İlham Əliyev
nitqində ölkənin maliyyə sektorundakı, bank sistemindəki
mövcud vəziyyətə də toxunmuşdur. Dövlət
başçımız sözügedən sahədə vəziyyətin
normal olduğunu bildirmişdir. “...Bizi o sevindirməlidir ki,
burada vəziyyət həmişə olduğu kimi
yaxşı olsun. Ona görə maliyyə və bank sektorunda
görülən tədbirlər və Milli Bank tərəfindən
aparılmış çox ciddi və ağıllı siyasət
çox yüksək qiymətə layiqdir. Bu, davam etdirilməlidir.
Maliyyə-bank sektoru iqtisadiyyatın əsasıdır”.
İclasda göstərilmişdir
ki, həyata keçirilən iqtisadi islahatlar nəticəsində
ölkə dünyada liderlik mövqeyinə çıxmış
və özünü artıq yeni bir keyfiyyətdə - lider
islahatçı dövlət kimi tanıtmışdır. Nəhayət,
bu nəticə dünyada dərinləşən iqtisadi və
maliyyə böhranı şəraitində əldə
olunmuşdur. Mürəkkəb xarici risklər şəraitində
milli iqtisadiyyatımız ötən il yüksək
dayanıqlılıq və sabitlik nümayiş
etdirmişdir. Bəli, bu uğur son beş ildə Prezident
İlham Əliyevin rəhbərliyi altında
reallaşdırılan, dərin milli maraqlara əsaslanan, hərtərəfli
düşünülmüş iqtisadi strategiyanın və
iqtisadi siyasətin məntiqi nəticəsidir.
İclasda Milli Bankın idarə heyətinin sədri Elman Rüstəmov bildirmişdir ki, qlobal iqtisadi böhran şəraitində milli iqtisadiyyat nəinki öz tarazlığını qorumuş, hətta qeyri-neft sektoru tarixdə ən yüksək - 16 faizə qədər artım sürəti nümayiş etdirmişdir. Ölkədə illik inflyasiya 2007-ci ilə nisbətən səngiməyə doğru getmişdir. Ötən ilin birinci yarısında bəzi beynəlxalq təşkilatlar ölkədə inflyasiyanın 25-27 faiz səviyyəsində olacağını proqnozlaşdırırdılar. Qlobal amillərin, o cümlədən daxili siyasətin nəticəsində inflyasiya səviyyəsi proqnozlaşdırılan səviyyədən aşağı — 20 faiz olmuşdur. 2008-ci ilə olan inflyasiya isə təxminən 16 faiz səviyyəsindədir. Bu, bizə inflyasiya nəticələrinə nikbinliklə baxmağa imkan verir. Hesablamalara görə, bu il inflyasiyanın birrəqəmli səviyyəsinə nail olmaq realdır... Milli valyutanın məzənnəsi aparıcı valyutalara nisbətən sabit qalmışdır, manat dollara nisbətdə dəyərini 5 faizdən çox, avroya nisbətdə isə 9 faizdən çox möhkəmləndirmişdir...
Bir çox ölkələrdən fərqli olaraq, Azərbaycanın xarici maliyyə mövqeyi daha da yaxşılaşmışdır. 2007-ci illə müqayisədə ölkənin ödəmə balansının profisiti 2 dəfə artmış, ilkin qiymətləndirməyə görə 18 milyard ABŞ dolları təşkil etmişdir. Halbuki bir çox qonşu ölkələr ödəmə və xarici ticarət balansının kəskin pisləşməsi və ölkədən əhəmiyyətli kapital axını ilə üzləşmişdir.
Ən ümumi makroiqtisadi göstərici olan adambaşına düşən ümumi daxili məhsulun həcminə və Beynəlxalq Valyuta Fondunun qiymətləndirmələrinə görə, manatın paritet qiymətlərində bu rəqəm 10 min ABŞ dolları səviyyəsinə çatmışdır.
E.Rüstəmov həmçinin qeyd etmişdir ki, ölkə qlobal maliyyə-iqtisadi böhranını kifayət qədər hazırlıqlı qarşılamışdır. Beynəlxalq təşkilatların fikrincə, Azərbaycan iqtisadiyyatı böhrana davamlı ölkələrin aparıcı qrupundadır. Uğurla həyata keçirilən neft strategiyasından əldə edilən gəlirlər hesabına ölkənin etibarlı təhlükəsizlik “yastığı” formalaşmışdır. Bu “yastıq” ortamüddətli dövrdə ölkənin büdcə-valyuta sabitliyinin təmin edilməsi üçün yetərli səviyyədədir.
Ölkənin strateji valyuta ehtiyatları 18 milyard ABŞ dollarından
artıqdır. Bu, dövlət
borcundan 3 dəfədən
çox, özəl sektorun da borcu
nəzərə alınmaqla,
məcmu xarici borcdan 2 dəfədən çoxdur. Ehtiyatlar qeyri-neft sektorunun əmtəə və xidmət idxalını 27
ay ərzində maliyyələşdimək
üçün kifayət
edir. Toplanmış ehtiyatlar hesabına ölkə ən kritik qlobal şəraitdə
belə yaxın illər ərzində öz maliyyə ehtiyaclarını fasiləsiz
ödəmək iqtidarındadır.
Milli Bankın
idarə heyətinin sədri çıxışında
maraqlı bir məqama da toxunmuşdur: “Bəzən
belə bir fikir yürüdülür
ki, milli iqtisadiyyatımızın nümayiş
etdirdiyi sabitlik onun qlobal iqtisadiyyata
nisbətən zəif
inteqrasiyası ilə
əlaqədardır. Fikrimizcə,
bu fikir yanlışdır. Ölkə
qlobal iqtisadiyyata kifayət qədər sıx inteqrasiya olunur. Məsələn, ölkənin xarici ticarət dövriyyəsi
ÜDM-in 90 faizini təşkil
edir. Ölkənin başlıca ixrac məhsulu olan neftin bir barrelinin
qiymətinin 10 dolları
həcmində tərəddüd
etməsi ilə onun dəyəri 2,2 milyard ABŞ dollarıdır.
Bu, olduqca yüksək
inteqrasiya səviyyəsidir.
Milli iqtisadiyyatımızın
gücü onun zəif inteqrasiyasında deyil, potensialında və güclü tərəflərindədir”.
Azərbaycanın bank sektoru
ötən ildə iki ciddi amillə
üzləşmişdir. Bunların
hər ikisi xarici aləmdən gəlmişdir. Birincisi, dünya maliyyə bazarlarında, ümumiyyətlə,
pul bazarının birdən yoxa çıxmasıdır. Yəni,
ilin birinci yarısında pul bazarında kifayət qədər təklif var idi və
Azərbaycan bankları
bundan əhəmiyyətli
dərəcədə istifadə
edirdilər. Birdən-birə
bu bazar dayandı. İkincisi, təbii ki, biz psixoloji inteqrasiyadan, informasiya inteqrasiyasından
danışmalıyıq. Azərbaycan
vahid dünya informasiya məkanındadır.
Dünyada maliyyə nəhənglərində baş
verən hadisələr,
onların müflisləşməsi,
dövlət tərəfindən
onların milliləşdirilməsi,
təbii ki, Azərbaycanın maliyyə
sektoruna, əmanətçilərə,
bankların kreditorlarına
və sahiblərinə
də mənfi təsir göstərmişdir.
Azərbaycan Prezidenti
İlham Əliyev yekun nitqində bank sektorundakı vəziyyətdən
danışarkən valyuta
ehtiyatlarının saxlanılması
məsələsinə də
toxundu. Dövlət başçısı dedi:
“Burada bəzi təkliflər irəli sürüldü. Biz bu barədə əvvəllər
də danışmışdıq,
mən müvafiq göstərişlər vermişdim.
Hesab edirəm ki, yaxın zamanlarda biz bu təkliflərin bir neçəsini icra etməliyik. Bu məsələ,
- Azərbaycanın valyuta
ehtiyatlarının bir
hissəsini Azərbaycan
banklarında yerləşdirmək
məsələsi artıq
müzakirə olunur. Əlbəttə, biz çalışırıq
ki, Neft Fondunun aktivlərini maksimum əmniyyətlə
saxlayaq və buna nail olmuşuq. Burada həm etibarlılıq, həm də, əlbəttə ki, o vəsaitin idarə olunmasından əldə edilmiş gəlir də vacib rol oynayır.
Bizim banklarımız,
yəni özəl banklarımız bu yaxınlarda 1 milyard dollar məbləğində kredit
resurslarını qaytarmışlar
və bu proses davam edir.
Bank sektoru hər bir ölkənin iqtisadiyyatının inkişafında
çox mühüm rol oynayır. Düzdür, bizim dövlət investisiya layihələrimiz, investisiya
proqramımız çox
böyükdür və
milyardlarla vəsaitlə
ölçülür, ancaq
bununla bərabər,
bank sektorundan verilən
kreditlərin, xüsusilə
iqtisadiyyatın real sektoruna
verilən kredit resurslarının da çox böyük əhəmiyyəti var. Ona
görə baxmaq lazımdır, mən hesab edirəm ki, xaricdə saxlanılan valyuta ehtiyatlarımızdan biz müəyyən
həcmdə ən əmniyyətli, ən etibarlı yerli banklara yerləşdirə
bilərik. Ancaq o şərtlə ki, bu vəsait yalnız iqtisadiyyatın
real sektoruna yönəldilsin
və bu vəsaitin xərclənməsində
dövlət nəzarəti
həddindən artıq
güclü olsun. Burada həm Milli Bank, həm də Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və lazım olarsa digər dövlət qurumları xüsusilə ölkəyə
gətiriləcək resursların
idarə olunmasına nəinki nəzarət etməli, onlar qərarların qəbul olunmasında iştirak etməlidirlər. Ona görə ki, bir tərəfdən, bu vəsaitdən səmərəli istifadə
olunsun, digər tərəfdən, bu vəsait iqtisadiyyatın bizə - dövlətə
lazım olan sahələrinə yönəldilsin”.
Dövlət başçımız
həmçinin qeyd etdi ki, Azərbaycan
xarici investorlar üçün cəlbedici
ölkə kimi öz əhəmiyyətini
saxlayır, bəlkə
də, daha da artırır və xarici investorlar onlara maraqlı olan sahələrə vəsaiti
yönəldirlər. Dövlət
investisiya xərcləri
daha çox infrastruktura — yollara, elektrik stansiyalarına, qazlaşdırmaya, su xətləri, məktəblər,
xəstəxanalar və
mədəniyyət, idman
obyektlərinin tikintisinə
yönəldilir. Bank sektoru
da 2009-cu ildə xüsusilə ilk növbədə
real iqtisadiyyata o resursları
verməlidir. Özəl
banklar öz maliyyə resurslarından istədiyi kimi istifadə edə bilər. Onların bəziləri daha çox ticarət əməliyyatlarına üstünlük
verir. Yəni, müəyyən ticarət
əməliyyatlarının kreditləşməsi ilə
məşğuldur. Bu, onların
öz işidir, amma əgər dövlət vəsaiti orada yerləşdirəcəksə,
əlbəttə ki, burada çox ciddi nəzarət və bir daha
qeyd etmək istəyirəm, dövlət
qurumlarının həlledici
sözü olmalıdır.
Dövlət başçımız
iclasda məcburi köçkünlərin yaşayış
səviyyəsinin yaxşılaşdırılması
və məşğulluğunun
artırılmasından, Dövlət
İnvestisiya Şirkətinin
səmərəli fəaliyyətindən,
sahibkarlığa göstərilən
qayğıdan, ərzaq
təhlükəsizliyi ilə
bağlı əldə
edilən uğurlardan
da ətraflı bəhs etmişdir.
Azərbaycan Prezidenti
İlham Əliyev iclasda demişdir: “Elə etməliyik ki, növbəti illərdə də xalqın etimadını doğruldaq, Azərbaycanın
qarşısında duran
bütün məsələləri
uğurla həll edək. Azərbaycanı daha da gücləndirək,
bölgədə və
dünyada mövqelərimizi
möhkəmləndirək, iqtisadi sahədə daha ciddi nailiyyətlərə
çataq, bütün
sosial məsələləri
həll edək və beləliklə, ölkəmizi uğurla irəliyə aparaq”.
Vaqif BAYRAMOV
Xalq qəzeti.-2009.-24
yanvar.-S.1.