Asayişin və sabitliyin keşiyində
Hər bir dövlətin
inkişafı sabitlikdən, ictimai asayişin qorunmasından
çox asılıdır. Azərbaycan Prezidenti cənab
İlham Əliyev də çıxışlarında bu məsələni
həmişə vurğulayıb: “Sabitlik olmayan ölkədə,
ictimai təhlükəsizlik olmayan bir ölkədə
heç vaxt heç bir inkişafdan, nə siyasi, nə də
iqtisadi inkişafdan söhbət gedə bilməz”. Ölkəmizdə
kriminogen durumun daim nəzarətdə olması, cinayətkarlığa
qarşı mübarizənin səmərəli təşkili
nəticəsində yaranan sabitlik hərtərəfli inkişafın
təmin olunmasına şərait yaradır.
Polis
orqanlarımızın ötənilki fəaliyyəti də
bunu təsdiqləyir. Məsələn, Binəqədi Rayon
Polis İdarəsinin 2008-ci ilin yekunu ilə əlaqədar
keçirilən əməliyyat müşavirəsində səslənən
fikir və faktlar cinayətkarlığa qarşı
mübarizə, ictimai təhlükəsizliyin təmin edilməsi
sahəsində görülmüş işləri daha
qabarıq formada nəzərə çarpdırır.
Ötən il Binəqədi
rayon ərazisində 1043 cinayət hadisəsi qeydə
alınmış, onlardan 905-nin açılması təmin
edilmişdir. Ağır və xüsusilə ağır cinayətlər
136 fakt qeydə alınmaqla keçən illə müqayisədə
10 fakt çoxalmışdır. 2007-ci illə müqayisədə
böyük ictimai təhlükə törətməyən
cinayətlərin sayı 41 fakt, şəxsiyyət əleyhinə
olan cinayətlərin sayı 17 fakt azalmışdır. Şəxsiyyət
əleyhinə olan cinayətlərin açılmasında 1,4
faiz yaxşılaşma müşahidə olunsa da, az
ağır və böyük ictimai təhlükə törətməyən
cinayətlərin açılması faizi müvafiq olaraq 5,3
və 1,2 faiz azalmışdır.
2008-ci il ərzində 2
ölümə sui-qəsd, 48 qəsdən
sağlamlığa az ağır zərər vurma, 1 zorlama, 4
seksual xarakterli zorakı hərəkətlər, 3
qaçaqmalçılıq, 30 fahişəliyə cəlb
etmə və əxlaqsız yuva saxlama və 6 insan alveri cinayətlərinin
açılması 100 faiz təmin olunmuşdur. 2007-ci ildə
döymə, dələduzluq kimi cinayətlərin baş verməsi
üstünlük təşkil etdiyi halda, ötən il
oğurluq cinayətlərinin dinamikasında artım
müşahidə edilmişdir.
Rayon polis idarəsinin rəisi, polis polkovniki Mehman Təhməzov çıxışında bildirdi ki, il ərzində keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 66 nəfərdən ibarət 25 cinayətkar qrup ifşa edilib məsuliyyətə cəlb olunmuşdur. Cinayət törədən şəxslərin 20-si Binəqədi, 9-u Bakı şəhərinin, 36-sı respublikanın ayrı-ayrı rayonlarının sakinləri, 1-i isə Gürcüstan Respublikası vətəndaşı olmuşdur ki, onların da 25 nəfəri əvvəllər məhkum olunmuş şəxslərdir. Cinayətkar qruplar rayon ərazisində 10 quldurluq, 5 soyğunçuluq, 6 narkotik vasitələrin qanunsuz satışı, 43 şəxsi əmlak oğurluğu, 5 dövlət və bələdiyyə əmlakı oğurluğu, 18 dələduzluq, 8 qanunsuz torpaq zəbtetmə, 2 xuliqanlıq, 1 avtomaşın qaçırılması, 1 qanunsuz odlu silah saxlama və 1 rəsmi sənədləri saxtalaşdırma — ümumilikdə 101 cinayət hadisəsi törətmişlər.
2008-ci il ərzində axtarışda olan cinayətkarların tutulması, itkin düşmüşlərin yerinin müəyyən edilməsi sahəsində müəyyən işlər görülmüşdür. Belə ki, hesabat dövründə 179 şəxs axtarışda olmuş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onlardan 130 nəfərinin, yəni 72,6 faizinin tutulması təmin edilmiş, keçmiş illərdən axtarışda olan 16 cinayətkarın yaxalanması təmin edilmişdir.
2008-ci il ərzində 65 nəfər itkin düşmüş şəxsə axtarış elan edilmiş, onlardan 46 nəfərinin, yəni 70,7 faizinin yerinin müəyyən edilib tapılması təmin edilmişdir. Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 112 fakt aşkar edilmiş, onlardan 43 fakt narkotiklərin qanunsuz satışı, 69 fakt isə narkotik vasitələrin qanunsuz əldə saxlanması faktı ilə bağlı cinayətlər olmuşdur. Qeyd olunan faktlar üzrə məsuliyyətə cəlb olunmuş şəxslərdən ümumi çəkisi 11 kq.607 qram müxtəlif növ narkotik maddələr götürülmüşdür.
2008-ci ilin 9 ayı ərzində Binəqədi RPİ İŞ-nin müstəntiqləri tərəfindən icraata 585 cinayət işi qəbul edilmiş, 2007-ci ildən isə cari ilə 83 cinayət işi qalıq qalmışdır. Ümumilikdə, İŞ-nin müstəntiqlərinin icraatında olmuş 668 cinayət işindən 351-i üzrə ibtidai istintaq tamamlanmış, 35 cinayət işi istintaq və ya ərazi aidiyyəti üzrə göndərilmiş, 29 cinayət işi digər işlərlə birləşdirilmişdir. İstintaqı tamamlanmış 351 cinayət işindən 280-ni (315 şəxs barəsində) aidiyyəti üzrə məhkəməyə göndərilmiş, 71-nin isə icraatına CPM-nin müxtəlif maddələrinə əsasən xitam verilmişdir. İlin sonuna 170 cinayət işinin icraatı dayandırılmışdır. Hesabat dövründə ibtidai istintaqı yekunlaşdırılaraq məhkəmə aidiyyətinə göndərilmiş cinayət işlərindən heç biri prokuror və məhkəmələr tərəfindən əlavə araşdırmaya qaytarılmamışdır.
İŞ-nin müstəntiqləri cinayət işləri üzrə vətəndaşlara dəymiş 480 min 388 manat maddi ziyandan 345 min 116 manatın (71,8 faiz) ödətdirilməsini təmin etmişlər.
Müşavirədə M.Təhməzov bəzi polis bölmələrinin fəaliyyətinə ciddi iradlar tutdu, tənqidi qeydlərini bildirdi, o cümlədən, uğurlardan da danışdı: 4-cü polis bölməsinin əməkdaşları ötən dövr ərzində cinayətkarlığa qarşı mübarizədə fərqlənmişlər. Belə ki, il ərzində 4-cü PB-nin inzibati ərazisində 344 cinayət hadisəsi qeydə alınmış, onlardan 301-nin açılması təmin edilmiş, 36 cinayət hadisəsi bağlı qalmışdır. Bununla cinayətlərin açılması 89,3 faiz təşkil etmişdir. Naməlum şəraitdə baş vermiş 174 cinayət hadisəsindən 140-nın açılması təmin edilmiş, 33-ü bağlı qalmışdır. Cinayətlərin açılması 80,9 faiz təşkil etmişdir.
Bölmə üzrə qəsdən adam öldürmə, ölümə sui-qəsd, qəsdən sağlamlığa az ağır zərər vurma, seksual xarakterli zorakı hərəkətlər, mənimsəmə və israf etmə, soyğunçuluq, quldurluq, qaçaqmalçılıq və insan alveri ilə bağlı cinayətlərin açılması 100 faiz təmin edilmişdir.
Hesabat dövrü ərzində 4-cü PB-də 48 nəfər axtarışda olmuş, onlardan 36 nəfəri və ya 75 faizi tutularaq məhkəmə və istintaq orqanlarına təhvil verilmiş, keçmiş illərdən axtarışda olan 6 cinayətkarın tutulması təmin edilmişdir. Bölmənin şəxsi heyətinin keçirdikləri profilaktiki tədbirlər nəticəsində 3 tapança, 1 tüfəng və xeyli sursat aşkar edilərək götürülmüşdür. Bundan başqa dövlət yol polisi şöbəsi ilə keçirilmiş tədbir nəticəsində 1 ədəd AKM avtomatı götürülmüşdür.
Ötən il 6-cı PB-nin inzibati ərazisində 194 cinayət hadisəsi qeydə alınmış, 2007-ci illə müqayisədə cinayətlərin sayı 90 fakt və ya 31,69 faiz azalmışdır. Cinayət hadisələrinin azalmasına səbəb bölmə əməkdaşları tərəfindən profilaktiki tədbirlərin gücləndirilməsi və mütəmadi gecə gəzintilərinin təşkil edilməsi olmuşdur. Ötən il ərzində bölmə üzrə qeydə alınmış 194 cinayət hadisəsindən 184-nün açılması təmin edilmişdir. Rayon üzrə ən yüksək göstərici 6-cı PB-də qeydə alınmışdır.
Ötən dövr ərzində 7-ci PB-də 37 cinayətkar axtarışda olmuş, onlardan 26 nəfərinin tutulması təmin edilmişdir. Axtarışda olanların tutulması 70,2 faiz olmuş, 11 nəfər isə axtarışda qalmışdır. Bu müddət ərzində keçmiş illərdən axtarışda olan 4 təqsirləndirilən şəxsin tutulması təmin edilmişdir. Həmçinin bölmə üzrə 12 itkin düşmüş şəxsdən 8-nin tapılması təmin edilmiş, 4 nəfər axtarışda qalmışdır. Narkomaniyaya qarşı mübarizə sahəsində 7-ci PB-nin əməkdaşları tərəfindən 15 cinayət faktı aşkar edilmiş, bunlardan 4 fakt narkotik vasitələrin satışı ilə əlaqədar olmuşdur.
Binəqədi RPİ Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin əməkdaşları tərəfindən 2008-ci il ərzində 19 min 690 vətəndaşa şəxsiyyət vəsiqəsi verilmişdir. Onlardan 375 nəfəri 16 yaşına çatmış vətəndaşlar olmuşdur. Bundan başqa, rayon ərazisində yaşayan 5 min 372 vətəndaş yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Ötən il cəzaçəkmə yerlərindən azadlığa buraxılmış 23 nəfər yaşayış yeri üzrə qeydiyyata alınaraq, şəxsiyyət vəsiqələri ilə təmin edilmişdir. Vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı 26 min 323 manat, vətəndaşların qeydiyyatı ilə bağlı isə 6 min 899 manat dövlət rüsumunun ödənilməsi təmin edilmişdir. Bu müddət ərzində rayon ərazisində müvəqqəti qeydiyyata alınan 2296 nəfər əcnəbi vətəndaşa müvafiq qeydiyyat vəsiqələri verilmiş və 22 min 815 manat dövlət rüsumu ödənilmişdir.
Hesabat dövründə digər xidmət sahələri əməkdaşları ilə birlikdə keçirilmiş yoxlamalar nəticəsində qeydiyyat qaydalarını pozduqlarına görə 1216 nəfərə protokol tərtib edilmişdir. Onlardan 61 nəfərə xəbərdarlıq, 1155 nəfərə isə şəxsiyyət vəsiqəsini və ümumvətəndaş pasportlarını itirdiklərinə görə protokol tərtib edilmişdir.
Ötən il rayon ərazisində 143 yol-nəqliyyat hadisəsi qeydə alınmış, 24 nəfər ölmüş, 182 nəfər yaralanmışdır. Baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində əvvəlki ilə nisbətən hadisələrin sayı 38, ölənlərin sayı 14, xəsarət alanların sayı isə 42 nəfər azalmışdır.
DİN-in “Ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üzrə kompleks tədbirlər planının icrası haqqında” 60 nömrəli göstərişinin icrası ilə əlaqədar xüsusi nəzarət postu yaradılmış, il ərzində 427 sürücü inzibati məsuliyyətə cəlb edilmişdir. Bundan başqa hərəkətin təkmilləşdirilməsi məqsədilə rayonun küçə və yolları müayinə edilmiş, aşkar olunmuş çatışmazlıqlar barədə Baş Dövlət Yol Polisi İdarəsi və rayon icra hakimiyyətinə müvafiq müraciətlər göndərilmişdir.
“Əhalidə qeyri-qanuni saxlanılan silah və sursatların yığılması haqqında” Prezident fərmanının tələblərinin yerinə yetirilməsi sahəsində Binəqədi RPİ-nin əməkdaşları tərəfindən 11 ədəd silah və xeyli döyüş sursatı aşkar edilib təhvil verilmişdir.
...Əməliyyat müşavirəsi özünətənqid şəraitində keçdi, uğurlardan, nöqsanlardan danışıldı. Ümumi fikir bu oldu ki, hər bir vətəndaş məsuliyyətini artırmalı, üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə ciddi çalışmalıdır. Yol verilmiş nöqsanlar qarşıdakı dövrdə təkrarlanmamalıdır.
Telman ƏLİYEV
Xalq qəzeti.-2009.-24 yanvar.-S.4.