19 yanvarda televiziyanın
enerji bloku niyə partladılmışdı?
1990-cı ilin
faciəli yanvar günlərinin ən dəhşətli məqamlarından
biri televiziyanın enerji blokunun partladılması idi. Məlumat üçün
bildirək ki, ən operativ informasiya vasitəsi olan televiziya və radionun fasiləsiz fəaliyyəti
məhz enerji blokunun işindən asılıdır. Enerji bloku işləmirsə, deməli, televiziya da, radio da susuz
dəyirmana dönəcək.
1990-cı il yanvar ayının 19-da axşam
enerji mənbəyi olan blokun partladılmasından
məqsəd də, fövqəladə vəziyyət
elan olunmadan, bir neçə saat sonra sovet
qoşunlarının Bakını
zəbt etməsinə
haqq qazandırmaq, xalqı informasiya blokadasında saxlamaq idi. Həmin hadisə zamanı televiziyanın montaj otağında “Xəbərlər”
proqramını efirə
hazırlayan o vaxtkı
baş redaktor müavini Telman Qafarovla söhbətdə
həmin günləri
xatırladıq.
— Telman müəllim, bildiyimizə
görə, siz həmin o partlayış axşamı televiziyanı
tərk edib getməyən bir neçə nəfərdən
biri olmusunuz. Rəhbərlik nəyə
görə işçiləri
oradan uzaqlaşdırmağa
çalışmışdı? Bəs siz hansı
səbəbdən orada
qaldınız?
— Bu məsələlərə,
demək olar, tam aydınlıq gətirilib.
Aradan 19 il keçib. Həyatdan gedənlərin dalınca
danışmaq istəmirəm.
Allah günahlarını bağışlasın.
Nə isə... Teleradio işçiləri
günorta saatlarında
dəstə-dəstə, tələsik
televiziyanın giriş
qapısından çıxanda
mən, Alı Mustafayev, Nadir Abdullayev və operator Ələşrəf
Maratlı şəhərdə
ayrı-ayrı vətəndaşlardan
müsahibələr götürüb
işə qayıdırdıq.
Bir neçə nəfərin təlaşla
“hara gedirsiniz, qayıdın, idarədə
heç kəs yoxdur” — deməsindən bir şey başa
düşmədik. Sonra
məlum oldu ki, işçilər məhz respublika rəhbərliyinin, Ə.Vəzirovun
göstərişi ilə
televiziyadan evə buraxılıb. İkinci mərtəbədəki montaj
otağına gəldik.
Tələsirdik, saat
8-də “Xəbərlər” efirə çıxmalı
idi.
— Müsahibələri
kimlərdən götürmüşdünüz?
Mövzu nə idi?
— Əsas
mövzu Qorbaçovun
Azərbaycana qarşı
düşmənçilik mövqeyi,
bir də Ə.Vəzirovun və respublikanın digər rəhbərlərinin o günlərdəki
antixalq mövqeyinin tənqidi idi. Son günlərdə Vəzirov
televiziya rəhbərliyinə
tapşırmışdı ki, məni tənqid
etsinlər, amma təhqirə yol verməsinlər. Müsahibə
verənlərin ağzından
od püskürürdü,
bəzən təhqiramiz
ifadələr də işlədilirdi. Biz montaj
zamanı çox dərinə gedib hər sözü “qayçılamırdıq”. Saat
7-də məni telefona
çağırdılar. Telefonda
dedilər: “Telman, sən hələ ordasan? Yaşca səndən böyük bir şəxs kimi, həmyerlin kimi, xahiş edirəm, tələb edirəm, bu dəqiqə düş aşağı, özü
də arxa qapıdan yox, əsas qapıdan — hovuz tərəfdən çıx”.
— Danışan
kim idi?
— İldırım
Kəngərlinski, sədr
müavini idi. İkimiz də əslən
— Yanınızda
kimlər vardı?
––“Günün
ekranı” proqramının
aparıcı əməkdaşları
Alı Mustafayev, Nadir Abdullayev, montaj sexinin rəhbəri Rafiq Qasımov, bir də baş
rejissor Vasif Babayev bir yerdə
idik. Məni yenə telefona çağırdılar. Danışan
rəhbərlərimizdən biri idi. Hökmlə
danışdı. “Tez
ol oradan get” — dedi. Rədd cavabı verdim, “gözlə, yaxandan medal asacaqlar” — deyib telefonu qapadı.
Axşam 8-ə 20 dəqiqə
işləmiş boğuq
bir gurultunun eşidilməyi ilə montaj otağının, bütövlükdə, binanın
zülmətə qərq
olması bir oldu. Kim isə dilləndi: “ Partlatdılar,
demişdilər də...”
Kibrit yandırıb
aşağı qaçdıq.
Arxa qapıdan həyətə çıxanda
gözlərimizə inanmadıq.
Enerji blokunun qapıları, avadanlıqların
hissələri, daş-kəsək
əraziyə səpələnmişdi.
Blok hələ tüstülənirdi.
Orda-burda kiçik alov görünür, qığılcımlar ətrafa
səpələnirdi. “Bəlkə
içəridə qalan,
xəsarət alan var? ”— deyib içəri
atıldıq. Qabaqda mən, Rafiq Qasımov, bir də Alı Mustafayev idi. İçəridən harayımıza
səs verən olmadı. Texniki işçilərdən biri
gəlib dedi ki, içəridə heç kim qala bilməz, bir az əvvəl
rus əsgərləri
blokda işləyənlərin
hamısını buradan
qovdular. Çox keçmədi ki, əsgərlər bizi də oradan qovub küçəyə
çıxartdılar. Montaj
otağına qayıdıb
lentlərimizi götürməyə
də imkan vermədilər.
— Ertəsi
gün yanvarın
20-si idi...
— Mən
Bülbülə qəsəbəsində
yaşayırdım. Səhər
öz maşınımla
evdən çıxıb
aeroport yoluna çatanda gecə necə dəhşətlər
törədildiyi mənə
bəlli oldu. Yollar qana boyanmışdı,
minik və yük maşınları
əzik-üzük edilmişdi,
qan gölməçələrinin
yanına qərənfillər
qoyulmuşdu. İnsan
seli Mərkəzi Komitəyə tərəf
üz tutmuşdu. Ara yollardan keçib
televiziyaya çatdım.
Axşam partladılmış
enerji blokunun qabağında çoxlu yüksək rütbəli
hərbçilər, rəhbər
mülki şəxslər
toplaşmışdı. Saat
9-da baş mühəndis
Rəhim Dərafərin
və bir neçə mütəxəssis
təmirə başladılar.
— Həmin
gün Teleradio Komitəsində, deyilənə
görə, dramatik hadisələr baş verib ...
— Saat
10-da bir neçə nəfər qarşı tərəfdə — hovuzun yanında söhbət edirdik. Xalq şairi
Bəxtiyar Vahabzadə
də gəldi. Gözündən qan damırdı, hirsindən
əlləri əsir,
dili söz tutmurdu. Elə bu vaxt televiziya
və radioya nəzarət edən
general Ovçinnikov mühafizəçilərinin
əhatəsində bizə
yaxınlaşıb əmr
etdi ki, bir yerə toplaşmayın,
ərazini tərk edin. Bunu deməyi
ilə Bəxtiyar Vahabzadənin ona tərəf atılıb üzünə tüpürməyi,
üstəlik “svoloç!”
deməyi indi də gözümün qabağındadır. Bircə
anda generalın mühafizəçiləri avtomatlarına
güllə yeridib üstümüzə tuşladılar.
Elə bu vaxt möcüzə baş verdi. Alı Mustafayev generala yaxınlaşıb
şirin Qazax ləhcəsində, “tovariş
general, on deputat, narodnıy
poet” — dedi. General da, mühafizəçilər də
qəzəblə bizdən
uzaqlaşdılar...
— Enerji blokunun təmiri nə vaxt başa
çatdı?
— Təxminən
2 gün sonra təmir başa çatdı, televiziya fəaliyyətə başladı.
“Fəaliyyət” deyəndə
ki, ancaq generallar Ovçininkov və Dubinyakın əmrləri, xalqı sakitliyə çağıran
müraciətləri verilirdi.
Özləri yazıb,
özləri də oxuyurdular. Yollara səpələnmiş qərənfilləri,
şəhid məzarlarını
çəkmək, efirə
vermək mümkün
deyildi. General lentlərə
baxandan sonra qərarını verdi. Məsələn, mən həmin günlərin birində şəxsən
tanıdığım şəhid
Zahid Əliyevin ailəsini və məzarını çəkib
efirə vermək istəyəndə Ovçinnikov
al qərənfillərə qərq olmuş məzarı görüb,
sanki, gürzə ilanla rastlaşıbmış
kimi bağırdı:
“snyat” (çıxarılsın!)
Höcətləşməm onunla bitdi ki,
məni avtomat qundağı ilə itələyib otaqdan çıxardılar.
— Ümidiniz
nəyə idi? Dövranın belə qalmayacağına inamınız
vardımı?
— İnanın,
bizi yaşadan ümid idi, inam idi. Bilirdik
ki, Azərbaycan gec-tez müstəqil olacaq, şəhidlərimizin
arzuları gerçəkləşəcək.
Şükürlər olsun
ki, indi o günləri yaşayırıq.
Allah cəmi şəhidlərimizə
rəhmət eləsin!
Söhbəti yazdı:
Tahir AYDINOĞLU
Xalq qəzeti.-2009.-24 yanvar.-S.4.