Azərbaycan auditini beynəlxalq səviyyəyə yüksəltmək başlıca vəzifəmizdir

 

Müsahibimiz Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzovdur

 

— Bütün ölkəmiz, xalqımız üçün uğurlu olan 2008-ci il artıq tarixə çevrilmişdir. Ölkədə sosial-iqtisadi inkişaf proseslərini tədqiq edən və bu barədə ardıcıl olaraq dövri mətbuat səhifələrində mülahizələrini bildirən bir iqtisadçı-alim kimi, başa çatan ili siz necə xarakterizə edərsiniz?

— Haqlı olaraq qeyd etdiniz ki, bütün dünya maliyyə-iqtisadi böhran məngənəsində çırpınsa da, 2008-ci il dövlətimiz və xalqımız üçün daha bir uğur ili olmuş, həm iqtisadi və həm də siyasi baxımdan Azərbaycanın Qafqaz bölgəsindəki rolu daha da artmışdır. Fikrimi əsaslandırmaq üçün Nazirlər Kabinetinin 2008-ci ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin qanuni iftixar hissi ilə səsləndirdiyi bəzi faktları və rəqəmləri təkrarlamalı olacağam.

Əvvəla, başlıca fakt bundan ibarətdir ki, 2008-ci il dünya tarixinə maliyyə və iqtisadi böhran ili kimi düşsə də, Azərbaycan üçün növbəti uğurlu il olmuş, bu il üçün nəzərdə tutulmuş bütün proqramlar uğurla icra edilmişdir. İqtisadiyyatımız il ərzində təxminən 11 faiz, əhalinin pul gəlirləri 36 faiz artmışdır; yoxsulluğun səviyyəsi 2003-cü ildəki 49 faizdən 13,2 faizə düşmüşdür; son beş ilin başlıca sosial-iqtisadi inkişaf proqramı — Regionların inkişafına dair Dövlət Proqramı uğurla yerinə yetirilmişdir; son beş ildə ölkədə 766 min yeni iş yeri açılmışdır ki, bunların da 548 mini daimi iş yeridir, o cümlədən 2008-ci ildə 120 mindən çox yeni iş yeri açılmışdır; Azərbaycanın valyuta ehtiyatları 18 milyard dollardan artıq olmuşdur; Heydər Əliyevin neft strategiyası uğurlu həyata keçirilir: bu gün Azərbaycan neftini və qazını dünya bazarına çıxaran artıq 7 kəmər işləyir, bölgədə enerji siyasəti baxımından Azərbaycan misilsiz əhəmiyyət kəsb etmişdir; nəhayət, Dünya Bankı 2008-ci ilin yekunlarına görə Azərbaycanı ilin bir nömrəli islahatçı ölkəsi kimi tanımışdır: “Doing Business-2009” hesabatında Azərbaycan 181 ölkə arasında əvvəlki ildəki 97-ci yerdən 33-cü yerə qalxaraq, biznes mühitinin əlverişliliyi üzrə reytinqdə bu hesabatın bütün tarixi ərzində görünməmiş sıçrayışa nail olmuşdur. Azərbaycan ölkə reytinqinin tərtib olunduğu 10 meyardan 7-də öz mövqelərini xeyli dərəcədə yaxşılaşdırmışdır. Məsələn, əgər 2007-ci ildə ölkəmiz biznesə başlamaq meyarında 64-cü yerdə olmuşdursa, indiki hesabatda həmin nominasiya üzrə 13-cü yerə, işçilərin işə qəbulu və işdən azad edilməsi meyarı üzrə 80-ci yerdən 15-ci yerə, mülkiyyətin qeydiyyatı meyarı üzrə 56-cı yerdən 9-cu yerə, kreditlərin alınması nominasiyasında 26-cı yerdən 12-ci yerə yüksəlmişdir. Lakin ən ciddi irəliləyiş “İnvestorların müdafiəsi” bölməsi üzrə əldə olunmuşdur – ölkəmiz ötənilki 107-ci yerdən 18-ci pilləyə qalxmışdır!

Heç şübhəsiz ki, bu cür ciddi irəliləyiş Prezident İlham Əliyevin möhkəm siyasi iradəsinin, ölkədə biznes mühitinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması üzrə dövlət başçısının hökumət qarşısında qoyduğu vəzifələrin uğurla həyata keçirilməsinin məntiqi nəticəsi olaraq meydana gəlmişdir. Bütün müstəqillik illərində Azərbaycana investisiya qoyuluşu 57 milyard dollar olmuşdur. Bunun 44 milyardı, yəni 77 faizi son beş il ərzində təmin edilmişdir. Təkcə 2007-ci ildə ölkə iqtisadiyyatına yönəldilmiş investisiyaların həcmi 6 milyard dollardan artıq olmuş və bunun da mühüm hissəsini daxili investisiyalar təşkil etmişdir. Eyni zamanda, cənab Prezidentin sözləri ilə desək, indi biz öz əməlimizlə, öz işimizlə nəhəng transmilli, dünya üçün böyük əhəmiyyət kəsb edən enerji, nəqliyyat layihələrini icra edirik.

Azərbaycan Respublikasının uzunmüddətli dövrdə dayanıqlı və tarazlı inkişafının təmin edilməsində sərmayələrin cəlb edilməsi xüsusi rol oynamışdır. Özəl sərmayələrin dəstəyinə nail olmaq əlverişli sərmayə mühitinin yaxşılaşdırılması, şəxsi mülkiyyətin qorunması və korporativ idarəetmənin təkmilləşdirilməsi, mülkiyyət formasından asılı olmayaraq, bütün sərmayədarlar üçün daha əlverişli rəqabət mühitinin yaradılması, sərmayə fəaliyyətinin normativ hüquqi bazasının daha da təkmilləşdirilməsi, sərmayə axınının qeyri-neft sektorunun və regionların inkişafına yönəldilməsi ölkə Prezidentinin iqtisadi siyasətində prioritet məsələlərdir. Həmçinin, Azərbaycan Respublikasının tranzit ölkə kimi potensialının gücləndirilməsinə, müasir texnologiyaların ölkəmizə gətirilməsinə və informasiya-telekommunikasiya sistemlərinin inkişafına xüsusi önəm verilir.

Bütün bunlar, yəni ölkənin iqtisadi inkişafının davamlı olması Prezident İlham Əliyevin iqtisadi siyasətinin təməl prinsipidir. Həm iqtisadi, həm də sosial istiqamətləri nəzərə alan Prezident strategiyası bu istiqamətlərin hər biri üzrə sinxron və əlaqələndirilmiş proqramlar həyata keçirməyi nəzərdə tutur. İnflyasiya tempinin məqbul səviyyədə saxlanması, valyuta bazarında sabit və proqnozlaşdırıla bilən vəziyyətin təmin edilməsi, valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə artırılması, dövlət idarəetmə sistemində struktur islahatlarının həyata keçirilməsi ölkəmizdə iqtisadi islahatların mühüm tərkib hissəsini təşkil edir. Dövlət başçımızın müdrik siyasəti sayəsində sürətlə artan neft və qaz gəlirlərindən həddən artıq asılılıq nəticəsində yarana biləcək iqtisadi qeyri-sabitlik təhdidinin qarşısının alınması məqsədilə iqtisadi siyasət iqtisadi çoxşaxəliliyin təşviqinə yönəldilmişdir. Məhz bunların nəticəsində sahibkarlıq fəaliyyətində mühüm inkişaf müşahidə olunmuş, iqtisadiyyatın liberallaşmasının dərinləşdirilməsi istiqamətində ciddi nailiyyətlər əldə edilmişdir. Eyni zamanda, iqtisadi artım əhalinin rifah səviyyəsinin artması üçün görülən konkret tədbirlər, struktur-texnoloji müasirləşmənin həyata keçirilməsi və ölkənin rəqabət üstünlükləri sayəsində təmin edilmişdir. Sosial-iqtisadi inkişafda yeni nailiyyətlərin əldə edilməsi həm də islahatların düşünülmüş şəkildə aparılması, şəffaflığın təmin edilməsi, iqtisadiyyatın müasirləşməsi, sosial dəyişikliklərin keçirilməsinə kompleks yanaşma zəminində baş vermişdir.

Bütün bunlar isə, heç şübhəsiz, ölkədə bazar infrastrukturlarının, o cümlədən bütün dünyada maliyyə nəzarətinin sivil forması kimi qəbul edilən auditor xidmətinin inkişafı üçün də yeni-yeni imkanlar açmışdır.

— Elə isə deyin görək, 2008-ci il konkret olaraq Auditorlar Palatasının fəaliyyətində nə ilə əlamətdar olmuşdur?

— Sualınıza cavab verərkən bir məqamı xüsusi qeyd etməliyəm ki, ölkədə auditor xidmətinin təşkilindən və onun inkişafından danışarkən nədənsə çox vaxt konkret subyekt kimi Auditorlar Palatası təsəvvür olunur. Halbuki, belə deyil: mövcud qanunvericiliyə görə, Auditorlar Palatası ölkədə auditor xidmətinin dövlət tənzimlənməsini və inkişafını təşkil edən, mülkiyyətçilərin əmlak hüquqlarını, dövlətin, təsərrüfat subyektlərinin və auditorların mənafelərini müdafiə edən, nəhayət, öz fəaliyyətində qanunvericilik aktlarından və audit standartlarından irəli gələn tələblərə sərbəst auditorlar və auditor təşkilatları tərəfindən riayət olunmasına nəzarət edən müstəqil maliyyə orqanıdır. Yəni Auditorlar Palatası bilavasitə auditor xidmətləri göstərmir, bu işi Palatanın üzvü olan auditor təşkilatları və sərbəst auditorlar yerinə yetirirlər. Hazırda ölkədə 50 auditor təşkilatı və 41 sərbəst auditor fəaliyyət göstərir. Sahibkarlığın vüsətli tərəqqisi, bölgələrin sosial-iqtisadi inkişafı təkcə Bakı və Sumqayıt şəhərlərində deyil, respublikanın bütün bölgələrində auditor xidmətləri göstərmək üçün geniş imkanlar yaratmışdır. Ötən il göstərilmiş auditor xidmətlərinin həcmi 15 milyon 772 min manat təşkil etmişdir. Bu, Palatanın fəaliyyətə başladığı 1996-cı il ilə müqayisədə 23,9 dəfə, 2007-ci ilə nisbətən isə 26,5 faiz çoxdur. Orta müqavilə məbləği əvvəlki ilə nisbətən 22 faiz artaraq, 3770 manat təşkil etmiş, yerli auditorların göstərdikləri xidmətin xüsusi çəkisində artım hiss olunmağa başlamışdır. Sonuncu məqamı ona görə qeyd etməyi lazım bilirəm ki, Azərbaycan cəmiyyəti açıq bir cəmiyyət olduğu üçün, digər fəaliyyət növləri kimi, auditor fəaliyyətinə də burada heç bir maneə, ayrı-seçkilik yoxdur. Buna görə də dünyanın tanınmış auditor şirkətlərinin filial, yaxud nümayəndəlikləri Auditorlar Palatasının tamhüquqlu üzvləri kimi, Azərbaycanda da geniş fəaliyyət göstərirlər. Biz xarici şirkətlərin Azərbaycandakı fəaliyyətinə, sözün yaxşı mənasında, görüb-götürmək fürsəti, qabaqcıl dünya təcrübəsinin ölkəmizə gətirilməsi imkanı kimi baxırıq.

Qaldı konkret olaraq Auditorlar Palatasının özünün 2008-ci ildəki fəaliyyətinə, hər şeydən əvvəl, Palatanın Beynəlxalq Mühasiblər Federasiyasına (IFAC-a) tamhüquqlu üzv qəbul olunmasını qeyd etmək istəyərdim. Bu barədə 119 ölkədən 163 üzvü birləşdirən Beynəlxalq Mühasiblər Federasiyası İdarə Heyətinin 2008-ci il noyabrın 13-də Roma şəhərində keçirilən iclasında qərar qəbul olunub. IFAC-ın məqsədi bütün dünyada mühasib və auditorların peşə fəaliyyətinin gücləndirilməsi və dünya iqtisadiyyatının inkişafına kömək etməkdir. Auditorlar Palatası 2003-cü ildən həmin qurumda ölkəmizi assosiativ üzv qismində təmsil edirdi. IFAC-da assosiativ üzvlükdən tamhüquqlu üzvlüyə keçirilməsinin orta müddəti 13 il olduğu halda, Azərbaycan üçün cəmi beş il kifayət etdi. Bu da, ilk növbədə, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə uğurla həyata keçirilən islahatlarla, ümumi iqtisadi inkişafın artım tempinin və dünya iqtisadi sistemində Azərbaycanın imicinin durmadan yüksəlməsi ilə izah olunur. Fikrimcə, Palatanın IFAC-a tamhüquqlu üzv qəbul olunması ölkədə beynəlxalq maliyyə hesabatı, mühasibat uçotu və audit standartlarının tətbiqi, maliyyə şəffaflığının artırılması və korrupsiyaya qarşı mübarizə istiqamətində qarşıda duran vəzifələrin icrasında önəmli rol oynayacaqdır. Peşə baxımından isə IFAC-a üzvlük Azərbaycan auditorları üçün beynəlxalq tribunaya çıxışın əldə olunması, Azərbaycan auditinin beynəlxalq standartlara cavab verməsinin təsdiqi deməkdir.

Ötənilki çox mühüm tədbirlərimizdən biri Azərbaycan İqtisadçılar İttifaqı ilə birlikdə təşkil etdiyimiz “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizədə nəzarətin rolu” mövzusunda ikigünlük beynəlxalq elmi-praktik konfrans olmuşdur. Azərbaycan Respublikasından, Türkiyə, Rusiya, Ukrayna, Polşa, Qazaxıstan, Gürcüstan, Estoniya, Moldova və Latviyadan 50-dək dövlət qurumunun, elmi tədqiqat və təhsil müəssisəsinin, audit və mühasibatlıq üzrə peşə birliklərinin təmsil olunduğu bu konfrans demokratik hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu sahəsində ölkəmizin əldə etdiyi nailiyyətlər, dövlət idarəetməsi sistemində şəffaflıq prinsipinin qorunması, maliyyə intizamının gücləndirilməsi, o cümlədən sosial-iqtisadi islahatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində tədbirlərin genişləndirilməsi işinə dəyərli töhfə olmuşdur. Konfransda giriş nitqi söyləyən Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ölkədə auditor xidmətinin inkişafı, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində Auditorlar Palatasının fəaliyyətini yüksək qiymətləndirməsi hamımızın qəlbini iftixar hissi ilə doldurmuşdur.

Azərbaycanda sosial-iqtisadi inkişafın fəxrlə İlham Əliyev mərhələsi adlandırdığımız indiki mərhələsinin ilk beş ilində auditor xidməti ilə əlaqədar 39 hüquqi akt, o cümlədən 9 qanun qəbul edilib. Onlardan 2-si - “Auditorların peşə məsuliyyətinin icbari sığortası” və “Daxili audit haqqında” qanunlar MDB məkanında analoqu olmayan qanunvericilik aktlarıdır. Ümumilikdə isə, 1994-2008-ci illərdə ölkədə auditlə bağlı 160-dan artıq hüquqi sənəd qəbul edilmişdir. Yeri gəlmişkən, ötən ilin noyabrında biz Avropa Daxili Audit İnstitutları Konfederasiyasının Berlin şəhərində keçirilən illik konfransında iştirak zamanı Azərbaycanın audit qanunvericiliyi barədə nümayəndələrə məlumat verərkən avropalı həmkarlarımız da “Daxili audit haqqında” Azərbaycan Respublikasının Qanununu, bütövlükdə milli audit qanunvericiliyimizi yüksək qiymətləndirdilər, bu sahədə Azərbaycandan çox şey öyrənməyin mümkün olduğunu bildirdilər.

Son illərin çox mühüm dövlət sənədləri olan “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər)”, “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” və onun icrası üzrə Fəaliyyət Planı (2007-2011-ci illər), “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”, habelə Azərbaycan Prezidentinin son illərdə imzaladığı silsilə fərman və sərəncamlar dövlət siyasətində cənab İlham Əliyevin şəffaflıq amilinə verdiyi yüksək önəmin konkret təzahürüdür. Bu sənədlərdə maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsi, təkmil nəzarət mexanizminin tətbiqi və bütövlükdə maliyyə intizamının möhkəmləndirilməsi ölkədə sosial-iqtisadi inkişafın sürətləndirilməsinin mühüm istiqaməti kimi təsbit olunmuşdur. Bu da bizi işimizə yeni keyfiyyət prizmasından baxmağa sövq etmiş, Palata səviyyəsində də auditin qanunvericilik və normativ hüquqi bazasının təkmilləşdirilməsi üzrə işlər davam etdirilmişdir. İlk öncə, ölkədə auditor fəaliyyətinin ana qanunu olan “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər edilməsi haqqında qanun layihəsinin hazırlanması üzrə müvafiq tədbirlərin həyata keçirilməsini, Auditorlar Palatası tərəfindən normativ hüquqi aktların hazırlanması və onların layihələrinin ictimai müzakirəsinin təşkil edilməsini, rəy alınması üçün Auditorlar Palatasına daxil olmuş normativ hüquqi sənədlərin ekspertizasının aparılmasını və maliyyə nəzarəti üzrə normativ aktların hazırlanmasında iştirakımızı qeyd edərdim. Ötən il qəbul etdiyimiz və bu ildən tətbiqini nəzərdə tutduğumuz “Azərbaycan Respublikasında auditor xidmətinin keyfiyyətinə nəzarət üzrə Əsasnamə” Palata əməkdaşlarının və üzvlərinin birgə işinin bəhrəsi sayıla bilər. Müvafiq dünya təcrübəsi, o cümlədən Avropa Birliyinin 8-ci Direktivinin tələbləri nəzərə alınmaqla hazırlanmış bu sənəd həm də “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”da Auditorlar Palatası üçün müəyyən edilmiş vəzifənin icrası istiqamətində gördüyümüz mühüm işlərdən biridir.

— Korrupsiyaya qarşı mübarizə sahəsində səlahiyyətli dövlət orqanları, qeyri-hökumət təşkilatları və KİV-lərlə birgə işiniz barədə nə deyə bilərsiniz?

— Prezident İlham /Əliyevin 2007-ci il 28 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”da korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra önəmli tədbirlərin həyata keçirilməsi konkret vəzifə kimi qarşıya qoyulmuşdur. 2007-2011-ci illər ərzində həyata keçirilməli olan həmin tədbirlər sırasında dövlət orqanlarının fəaliyyətində şəffaflığın, hesabatlılığın və məsuliyyətin artırılması, dövlət əmlakının düzgün idarə olunması, antikorrupsiya mədəniyyətinin formalaşdırılması, korrupsiyaya qarşı mübarizə sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi, hüquq-mühafizə orqanlarının və məhkəmələrin fəaliyyətinin müasir tələblərə uyğun qurulması, iqtisadi və sosial sahədə inkişafa mane olan amillərin aradan qaldırılması və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi ilə yanaşı, korrupsiyaya qarşı mübarizədə səlahiyyətli orqanların fəaliyyətinin əlaqələndirilməsi və vətəndaş cəmiyyəti təsisatları ilə əməkdaşlığın genişləndirilməsi də mühüm vəzifə kimi qarşıya qoyulmuşdur. Bizim bu sahədə müəyyən təşəbbüslərimiz olub və müəyyən təcrübəmiz də vardır. Belə ki, auditorlarımız mövcud qanunvericiliyə əsasən öz hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektlərinin auditor yoxlaması ilə yanaşı, həm də səlahiyyətli dövlət orqanlarının qərarına əsasən, yaxud onların sifarişi ilə müəyyən yoxlamalar aparırlar. Məsələn, ötən il Azərbaycan Respublikası Prokurorluğunun, müxtəlif instansiya məhkəmələrinin və digər təşkilatların sifarişi ilə 10-dək auditor yoxlaması aparılmışdır. Eyni zamanda, bizim Milli Təhlükəsizlik, Daxili İşlər, Ədliyyə nazirlikləri və digər orqanlarla də işgüzar münasibətlərimiz vardır, 2003-cü ildə Vergilər Nazirliyi ilə isə hətta Partnyorluq sazişi imzalamışıq və əməkdaşlıq əlaqələrimizin miqyaslarını hər vasitə ilə genişləndiririk.

Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanında qanunvericiliyə əsasən məcburi auditdən keçməli olan təsərrüfat subyektlərində maliyyə şəffaflığını artırmaq, dövlət büdcəsinə və büdcədənkənar fondlara vergi və ayırmaların müvafiq hesabatlarda düzgün əks etdirilməsini təmin etmək məqsədilə zəruri tədbirlərin görülməsi Vergilər Nazirliyinə və Auditorlar Palatasına bir vəzifə olaraq tapşırılmışdır. Bu vəzifə “Milli Strategiya”nın həyata keçirilməsi üzrə Fəaliyyət Planında da xüsusi qeyd olunmuşdur və bu da təsadüfi deyildir. Qanunvericiliyə uyğun olaraq, məcburi auditin obyekti sayılan təsərrüfat subyektlərinin auditdən keçməsi iqtisadi demokratiyanın mühüm təzahürlərindən biridir. Auditdən yayınma isə korrupsiyaya şərait yaradan halların mövcudluğu, bilavasitə korrupsiya halları, çirkli pulların yuyulması və digər neqativ hallar deməkdir. Təəssüflə olsa da, qeyd etməliyəm ki, bu sahədə respublikamızda vəziyyət heç də ürəkaçan deyildir. Aparılan ardıcıl, məqsədyönlü işlərə baxmayaraq, məsələn, ötən il məcburi auditin obyekti olan 26.046 təsərrüfat subyektindən cəmi 2.388-i və ya 9,2 faizi auditor yoxlamasından keçmişdir. Bunun müqabilində Vergilər Nazirliyi yerli vergi orqanlarına məcburi auditdən keçməklə əlaqədar müvafiq göstəriş vermişdir. Auditorlar Palatası isə auditdən yayınma hallarının qarşısını almaqla əlaqədar cərimənin tətbiqi ilə bağlı İnzibati Xətalar Məcəlləsinə müvafiq maddə əlavə edilməsi barədə təklif vermiş və həmin təklif hazırda aidiyyatı orqanlarda baxılmaqdadır. Ümid edirik ki, müvafiq qanunvericilik aktlarının təkmilləşdirilməsi auditdən yayınma hallarının qarşısını almaqda təsirli vasitə olacaqdır.

Audit dövlətin və mülkiyyətçilərin, deməli, bütövlükdə cəmiyyətin mənafeyinə xidmət edir, cəmiyyətin maraqlarını qoruyur. Bu mənada, auditor yoxlamaları qarşılıqlı surətdə həm yoxlanılanlar və həm də yoxlamanın nəticəsi olan maliyyə məlumatlarından istifadə edənlər üçün faydalıdır. Məhz bu cəhəti nəzərə alaraq, hələ 2005-ci ildə biz dövlət və icra hakimiyyəti orqanlarının, sahibkarlıq qurumlarının, QHT-lərin, KİV-lərin və auditorların nümayəndələrinin təmsil olunduğu Məşvərət Məclisi yaratmışıq, ölkədə auditor xidmətinin aktual məsələləri barədə, şəffaflığın təmin edilməsi ilə bağlı bu və ya digər problemin həlli üzrə birgə müzakirələr aparırıq. Bu müzakirələrin bir qismi də korrupsiyaya qarşı mübarizədə səlahiyyətlər bölgüsünün müəyyənləşdirilməsinə aid olur.

— Bəs Auditorlar Palatasının beynəlxalq əlaqələri, qabaqcıl audit təcrübəsinin öyrənilib ölkəmizdə tətbiqi üzrə fəaliyyəti barədə nə demək olar?

— Bu məsələ qloballaşan dünya şəraitində xüsusi aktuallıq kəsb edir. Azərbaycan Respublikası Auditorlar Palatasının fəaliyyətə başlamasının 10 illiyi ilə əlaqədar cənab İlham Əliyevin Auditorlar Palatasının kollektivinə və üzvlərinə ünvanladığı 2006-cı il 4 aprel tarixli məktubda qeyd olunur ki, Azərbaycanın bir sıra transmilli layihələrin reallaşmasında fəal iştirakı, xarici investisiyaların ölkəmizə axını, birgə müəssisələrin uğurlu fəaliyyəti auditor xidmətinin iqtisadi proseslərdə rolunu və əhəmiyyətini daha da artırmışdır. Eyni zamanda, dövlətimizin başçısı vurğulamışdır ki, “Azərbaycan Respublikasının iqtisadiyyatı inkişaf etdikcə və onun dünya təsərrüfat sisteminə inteqrasiyası gücləndikcə iqtisadi-maliyyə münasibətlərində şəffaflığın təmin olunmasında, iqtisadi cinayətkarlığa və korrupsiyaya qarşı mübarizədə auditin imkanlarından daha geniş istifadə etmək zərurəti yaranır. Bunun üçün müstəqil maliyyə nəzarəti sahəsində mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatın xüsusiyyətlərini nəzərə almaqla ölkəmizdə tətbiqini genişləndirmək çox vacibdir”.

Ümumiyyətlə, Auditorlar Palatası audit sahəsində inkişaf etmiş qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsi və tətbiq edilməsi, eləcə də beynəlxalq audit praktikası əsasında respublikada auditin keyfiyyətinin yüksəldilməsini təmin etmək məqsədilə müvafiq tədbirlər sistemi hazırlayıb həyata keçirir. Xarici ölkələrin audit təcrübəsinin öyrənilməsi Azərbaycanda auditor xidmətinin inkişafına və keyfiyyətinin yüksəldilməsinə zəmin yaradacaq, eləcə də auditor xidmətinin qanunvericilik bazasının daha da təkmilləşdirilməsinə istiqamət verəcək. Bununla əlaqədar Azərbaycan Respublikası Auditorlar Palatası beynəlxalq audit praktikası əsasında auditin keyfiyyətinin yüksəldilməsinə dair geniş tədbirlər planı hazırlamışdır və həmin planı mərhələlər üzrə həyata keçirir. İndiyədək 14 xarici ölkənin audit qurumları ilə əməkdaşlıq haqqında saziş bağlamışıq. Lap son dövrlərdə Polşanın, Latviyanın, Litvanın, Qazaxıstanın və Slovakiyanın auditorlar palatası, Kanadanın Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası, Fransanın Peşəkar Mühasiblər və Ekspertlər Birliyi və Milli Auditorlar Birliyi, Böyük Britaniyanın Andlı Sertifikatlı Mühasiblər Assosiasiyası (ACCA), eləcə də Samara Regional Peşəkar Mühasiblər İnstitutu ilə əməkdaşlıq haqqında niyyət protokolları imzalanmışdır. Beynəlxalq audit və mühasibat qurumları tərəfindən təşkil olunan konfranslarda, forumlarda, simpoziumlarda və digər tədbirlərdə Palata təmsilçilərinin iştirakı, habelə xarici audit qurumları təmsilçilərinin Auditorlar Palatasına səfərlərinin təşkili qarşılıqlı təcrübə mübadiləsinə xidmət edir.

— Bir qədər əvvəldə Siz “Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” və “Daxili audit haqqında” Azərbaycan Respublikası qanunlarını MDB məkanında analoqu olmayan qanunvericilik aktı kimi dəyərləndirdiniz. Həmin qanunların layihələrinin hazırlanmasında, Milli Məclisdə qəbul olunmasında və tətbiqində Auditorlar Palatasının xidməti nədər ibarətdir?

— Hər iki sənədin layihəsi Auditorlar Palatasının əməkdaşları və üzvləri tərəfindən, qabaqcıl dünya təcrübəsi öyrənilməklə hazırlansa da, onun Milli Məclisin müzakirəsinə çıxarılması və qəbul edilməsi bilavasitə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qanunvericilik təşəbbüsünün və millət vəkillərinin bu işə sayğılı, işgüzar münasibətinin nəticəsidir.

“Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” Qanunun qəbulunun hansı zərurətdən irəli gəldiyi sənədin elə adından bəllidir: yəni auditorlar və auditor təşkilatları öz vəzifələrini qanunvericilikdə və peşə standartları ilə nəzərdə tutulmuş qaydada yerinə yetirməyə görə hüquqi məsuliyyət daşıyırlar. Qanun imkan verir ki, audit nəticəsində sahibkara dəyə bilən hər hansı bir ziyan icbari sığorta vasitəsilə ödənilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 sentyabr tarixli 151 nömrəli qərarı ilə auditorların peşə məsuliyyətinin icbari sığortası üzrə baza sığorta tarifləri (auditor fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün sığorta məbləğinin 1 faizi, hüquqi şəxslər üçün isə 1,5 faizi) müəyyən edilmişdir.

“Daxili audit haqqında” Qanuna gəldikdə isə, onun 13-cü maddəsi ilə daxili auditin özünütənzimləməsi daxili auditorların ictimai birliyinə həvalə edilmişdir. Bu ictimai birlik isə düz 10 il əvvəl Auditorlar Palatasının müraciətinə əsasən mənzil-qərargahı ABŞ-da yerləşən beynəlxalq Daxili Auditorlar İnstitutunun MDB ərazisində yaradılmış ilk bölməsi olan “Audit-Azərbaycan” İctimai Birliyidir. Ötən müddət ərzində bu birlik yetərincə təşkilatlanmış, daxili auditor peşəsinin təbliği və inkişafı üzrə nüfuzlu milli quruma çevrilmiş, keçən ilin yanvarından isə institut statusu almışdır — indi birlik rəsmən Azərbaycan Daxili Auditorlar İnstitutu (ADAİ) adlanır. “Daxili audit haqqında” Qanunun tətbiqi üzrə dövlət başçısının 2007-ci il 29 iyun tarixli fərmanının icrası məqsədilə Auditorlar Palatası Azərbaycan Daxili Auditorlar İnstitutu ilə birlikdə “Daxili auditin əsasları” adlı kurs təşkil etmiş, müxtəlif idarə və müəssisələr üçün sertifikatlı daxili auditorların hazırlanmasına başlamışdır. İndiyə qədər 8 kurs keçirilmiş və bu kursları bitirən 110 nəfər daxili auditor sertifikatı almışdır. Həmçinin, Auditorlar Palatası əməkdaşlarının və ADAİ üzvlərinin qüvvəsi ilə 20 çap vərəqi həcmində “Daxili audit” adlı dərs vəsaiti hazırlanaraq, Təhsil Nazirliyinin qrifi ilə nəşr etdirilmişdir. Bundan əvvəl isə Palata Şurasının qərarı ilə “Daxili audit: Qanunvericilik və normativ sənədlər” toplusu, habelə beynəlxalq Daxili Auditorlar İnstitutunun rəsmi icazəsi ilə “Daxili auditin peşə təcrübəsi üzrə beynəlxalq standartlar”ın Azərbaycan dilində tərcüməsi nəşr edilərək, ADAİ-nin üzvlərinə pulsuz olaraq paylanmışdır. Bundan əlavə, “Müəssisə və təşkilatlarda daxili audit xidmətinin təşkili üzrə nümunəvi proqram” da işlənib hazırlanmışdır. Auditorlar Palatası tərəfindən ölkədə daxili auditin təbliğinə, daxili auditor peşəsinin inkişafına bu qədər diqqət yetirilməsinin isə bir əsas səbəbi var: müəssisə və təşkilatlarda idarəetmənin səmərəli təşkilinə yardım edən daxili audit nəticə etibarilə kənar (müstəqil) auditor yoxlamalarının özülü hesab olunur və bu missiyanı yerinə yetirir.

— Vahid müəllim, söhbətimizin sonunda istərdik ki, bir qədər də 2009-cu ildə Palata tərəfindən auditor xidmətinin təşkili və tənzimlənməsi sahəsində görüləcək işlərdən bəhs edəsiniz...

— Məmnuniyyətlə. Təbii ki, bu il də, ilk növbədə, auditor xidmətinin qanunvericilik və normativ hüquqi bazasının təkmilləşdirilməsi istiqamətində işlərimizi davam etdirəcəyik. Dünya Bankının mütəxəssisləri və digər əlaqədar qurumlarla məsləhətləşmələrimiz əsasında auditor xidməti haqqında yeni qanunun hazırlanması qənaətinə gəlmişik. Yeni qanunun qəbulu və tətbiqi üzrə müvafiq tədbirlərin görülməsi, Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında “Korporativ və büdcə sektorunda hesabatlılıq” layihəsinə uyğun olaraq, Auditorlar Palatasının islahatı üzrə tədbirlərin həyata keçirilm\əsi, xarici ölkələrin peşəkar audit qurumları ilə əməkdaşlıq üzrə sazişlərin və niyyət protokollarının imzalanması ilə bağlı təşkilati tədbirlərin həyata keçirilməsi, o cümlədən 10 il əvvəl Moskvada imzalanmış “Azərbaycan Respublikasının Auditorlar Palatası və Rusiya Federasiyasının Auditorlar Kollegiyası arasında əməkdaşlıq haqqında saziş”ə əlavə və dəyişikliklərin, Azərbaycan Respublikasının Auditorlar Palatası və Rumıniyanın Maliyyə Auditorları Palatası arasında, Azərbaycan və Almaniyanın daxili auditorlar institutları arasında əməkdaşlıq haqqında niyyət protokollarının imzalanması nəzərdə tutulur.

Hazırda beynəlxalq audit standartlarının Azərbaycan dilinə tərcüməsi üzərində gərgin iş gedir. IFAC-ın rəsmi icazəsi ilə biz bu standartlar toplusunu, habelə Peşəkar Mühasiblərin Etika Məcəlləsini ilin ikinci yarısında nəşr etməyi və 2009-cu il yanvarın 1-dən tətbiqinə başlamağı planlaşdırırıq. 2001-ci ildə Təhsil Nazirliyinin qrifi ilə çap etdirdiyimiz ali məktəblər üçün “Audit” dərs vəsaitinin II nəşri, “Audit: Qanunvericilik və sənədlər” toplusunun V cildinin və “Sahəvi auditlərin aparılmasına dair proqramlar”ın III nəşrini həyata keçirəcəyik. “Daxili auditin peşə təcrübəsi üzrə beynəlxalq standartlar”a dair şərhlərin Azərbaycan dilinə tərcüməsinin nəşri də bu il üçün nəzərdə tutulub. Bundan əlavə, Azərbaycan Daxili Auditorlar İnstitutunun 10 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans da keçiriləcəkdir. Qısaca bu qədər. Görüləcək işlər barədə daha geniş şəkildə isə onlar görüldükdən sonra bəhs etmək daha düzgün olardı. Fikrimi möhtərəm Prezidentimiz İlham Əliyevin sözləri ilə bitirmək istəyirəm: “Azərbaycan Respublikasının iqtisadiyyatı inkişaf etdikcə və onun dünya təsərrüfat sisteminə inteqrasiyası gücləndikcə... auditin imkanlarından daha geniş istifadə etmək zərurəti yaranır”. Azərbaycan auditorları bu zərurəti yaxşı dərk edir və var qüvvələrini qarşıda duran vəzifələrin icrasına yönəltməyi özlərinin vətəndaşlıq və peşə borcu hesab edirlər.

 

 

Müsahibəni apardı:

Qüdrət PİRİYEV

 

Xalq qəzeti.-2009.-24 yanvar.-S.5.