Keşlə qəsəbəsində
hesabat yığıncağı
keçirilmişdir
Yola
saldığımız 2008-ci il Azərbaycan üçün
sürətli inkişaf və tərəqqi dövrü
olmuşdur. Məhz ötən il ölkəmizdə bir
sıra iri infrastruktur layihələri
reallaşdırılmış, Azərbaycanın iqtisadi
qüdrəti və beynəlxalq nüfuzu xeyli
artmışdır. Ölkəmizin regional, tarazlı
inkişafı istiqamətində görülmüş
işlər nəticəsində şəhər, qəsəbə
və kəndlərimizin siması daha da dəyişmiş,
gözəlləşmişdir. Yanvarın 16-da Nazirlər
Kabinetinin 2008-ci ildə sosial-iqtisadi inkişafın yekunlarına
və qarşıda duran vəzifələrə həsr
olunmuş iclasında ölkə Prezidenti cənab İlham Əliyev
Azərbaycanın son illər qazandığı
uğurları yüksək qiymətləndirmiş, dinamik
inkişafın daha da sürətləndirilməsi
üçün qarşıya yeni vəzifələr
qoymuşdur. Hazırda ölkənin hər yerində 2008-ci ilə
yekun vurulur, dövlət başçısının məlum
iclasda verdiyi tövsiyə və tapşırıqlar əsl fəaliyyət
proqramı kimi qəbul edilərək növbəti — 2009-cu
ildə görüləcək işlərin konkret istiqamətləri
müəyyənləşdirilir...
Dünən Nizami
rayonunun Keşlə qəsəbəsində 2008-ci ilin
yekunlarına dair keçirilmiş hesabat
yığıncağında da bu barədə geniş
danışıldı, görülmüş işlərə
qiymət verildi, qarşıda duran vəzifələr
müzakirə olundu. Tədbiri giriş sözü ilə
açan Nizami Rayon İcra Hakimiyyətinin
başçısı Mehbalı Əliyev bildirdi ki,
ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi
mühüm inkişaf strategiyasının, əsaslı
islahatlar kursunun hazırda ölkə Prezidenti cənab
İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi
Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri
sırasına çıxarmış, regionda lider dövlətə
çevirmişdir. Qeyd olundu ki, ölkədə həyata
keçirilən məqsədyönlü inkişaf
strategiyası nəticəsində dövlətimizin iqtisadi
qüdrəti xeyli artmış, gələcək
uğurlarımızın təməli qoyulmuşdur. Ötən
il bütün ölkədə olduğu kimi, paytaxtın
Nizami rayonunda da uğurlu nəticələr əldə
edildiyini, sosial-iqtisadi inkişaf səviyyəsinin orta respublika
göstəricisindən xeyli yüksək olduğunu
vurğulayan M.Əliyev qazanılmış bütün bu
nailiyyətləri Prezident İlham Əliyevin ölkədə
həyata keçirdiyi islahatların məntiqi nəticəsi
kimi dəyərləndirdi. Natiq Nizami rayonunun, eləcə də
paytaxtın ən iri yaşayış sahələrindən
olan Keşlədə də son illər mühüm işlərin
görüldüyünü və qəsəbənin
simasının əsaslı şəkildə
yaxşılaşdığını, eləcə də
sakinlərin üzləşdikləri problemlərin xeyli hissəsinin
aradan qaldırıldığını diqqətə
çatdırdı.
Nizami Rayon İcra
Hakimiyyəti başçısının Keşlə qəsəbəsi
üzrə nümayəndəsi Vidadi Bayramov 2008-ci ildə
görülmüş işlər barədə geniş
hesabat məruzəsi ilə çıxış etdi. Natiq
bildirdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən sosial-iqtisadi islahatların
uğurlu nəticələri abadlıq-quruculuq işlərinin
geniş vüsət almasına səbəb olmuşdur. Dövlət
başçısının regionlarda həyata keçirdiyi
görüşlər zamanı ölkə əhalisinin sosial
vəziyyətinin daha da yaxşılaşdırılması,
iqtisadiyyatın inkişaf etdirilməsi, elm, təhsil, səhiyyə,
mədəniyyət və digər sahələrdə
inkişafın təmin olunmasına dair verdiyi tövsiyə və
tapşırıqlar yerlərdə əsl fəaliyyət
proqramına çevrilmişdir. Qeyd olundu ki, Prezident İlham Əliyevin
imzaladığı mühüm fərman və sərəncamlardan
irəli gələn vəzifələrin həlli istiqamətində
həyata keçirilən tədbirlər ölkəmizin
sosial-iqtisadi inkişafının xeyli sürətlənməsinə,
əhalinin güzəranının əhəmiyyətli dərəcədə
yaxşılaşmasına səbəb olmuşdur.
Qəsəbə icra
nümayəndəsi dövlət
başçısının məlum sərəncamı ilə
təsdiq edilmiş “Bakı şəhərinin qəsəbələrinin
sosial-iqtisadi inkişafının sürətlənməsinə
dair Dövlət Proqramı”nda Nizami rayonunun Keşlə qəsəbəsi
üzrə nəzərdə tutulmuş tədbirlərin
2008-ci ildə uğurla
reallaşdırıldığını diqqətə
çatdırdı. Bildirdi ki, ötən il proqram çərçivəsində
qəsəbədə 4600 nömrə tutumu olan ATS və yeni
poçt binası tikilib istifadəyə verilmiş, rayonun hər
yerində olduğu kimi, Keşlədə də abadlıq-quruculuq
işləri davam etdirilmişdir. Qeyd edildi ki, yola
saldığımız 2008-ci ildə poçt və rabitə
müəssisələri tərəfindən əhaliyə 18
min manatlıq xidmət göstərilmişdir ki, bu da əvvəlki
ilə nisbətən üç dəfə çoxdur.
V.Bayramov son illər qəsəbədə Dövlət Proqramına əsasən, eləcə də Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni məktəblərin tikintisi, tədris müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması və informasiya-kommunikasiya texnologiyaları ilə təminatı sahəsində mühüm işlər görüldüyünü diqqətə çatdırdı. Qeyd olundu ki, qəsəbədəki 201 saylı orta məktəb üçün 640 şagird yerlik yeni korpus və Avropa standartlarına uyğun stadion, 227 saylı orta məktəb üçün isə 200 şagird yerlik yeni korpus, Heydər Əliyev prospektində isə 1296 şagird yerlik yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Qəsəbə nümayəndəsi onu da qeyd etdi ki, Dövlət Proqramına uyğun olaraq Keşlədəki 32 saylı Birləşmiş Şəhər Xəstəxanası əsaslı təmir edilmiş, dünya standartlarına uyğun müasir avadanlıqlarla təmin edilmiş, buradakı uşaq poliklinikası bərpa edilərək sakinlərin istifadəsinə verilmişdir.
Keşlənin “mavi yanacaq”la təchizatının yaxşılaşdırılması ilə bağlı görülmüş işlərdən bəhs edən V.Bayramov bildirdi ki, ötən il 201 saylı orta məktəbə, qəsəbə nümayəndələrinin yeni inzibati binasına və “Xeyir-şər” evinə, eləcə də M.Abdullayev, Maarif, K.Əfkari, M.Ağayev, P.Fərzəliyev və digər küçələrinə yeni qaz xətləri çəkilmiş, müasir siyirtmə və şkaflar istifadəyə verilmiş, bir sıra təmir-bərpa işləri aparılmışdır. 2008-ci ildə istehlakçılara verilmiş qazın haqqı tam yığılmışdır. Son zamanlar rayon icra hakimiyyəti rəhbərliyinin köməyi və qayğısı nəticəsində qəsəbənin elektrik enerjisi ilə təminatı da normal vəziyyətə gətirilmiş, ayrı-ayrı yerlərdə yeni transformator məntəqələri quraşdırılmış, hava xətləri dəyişdirilmiş və ya təmir olunmuşdur.
Məruzəçi qəsəbənin içməli su ilə təchizatının əsaslı şəkildə yaxşılaşdırılması və kanalizasiya şəbəkəsinin işinin yenidən qurulması istiqamətində də mühüm tədbirlərin həyata keçirildiyini, eləcə də məişət tullantılarının vaxtlı-vaxtında daşınmasının təmin olunduğunu da diqqətə çatdırdı. Qəsəbədəki yolların təmiri istiqamətində xeyli iş görüldüyünü bildirən V. Bayramov dedi ki, ötən il rayonun daxili imkanları hesabına A.Mirzəyev, M.Ağayev, N.Abdullayev, K.Əfkari, Yenikənd, İ.Həbibov, Y.Səfərov, I və II Köndələn küçələrinə ümumilikdə 50 min kvadratmetr asfalt örtüyü salınmışdır. Qeyd olundu ki, abadlıq-quruculuq və təmizlik işlərini daim diqqət mərkəzində saxlayan Nizami Rayon İcra Hakimiyyətinin başçısı Mehbalı Əliyevin yaxından köməyi ilə bütün bu işlərin görülməsi üçün lazımi texnika, maşın və mexanizmlər alınmışdır.
2008-ci ildə qəsəbə nümayəndəliyi üçün yeni üçmərtəbəli inzibati bina tikilib istifadəyə verilmiş, qəsəbə nümayəndəliyinin nəzdində təsərrüfat hesablı sahə yaradılmışdır. Yeni qurum qısa müddətdə məişət tullantılarının vaxtında daşınması, həmçinin əhalidən və kommersiya obyektlərindən göstərilən xidmətə görə pul vəsaitlərinin yığılması sahəsində böyük uğurlara imza atmışdır.
Natiq ölkə Prezidenti İlham Əliyevin yeni iş yerlərinin yaradılması ilə bağlı qarşıya qoyduğu vəzifənin yerinə yetirilməsi üçün Keşlədə məqsədyönlü tədbirlərin həyata keçirildiyini, 2008-ci ildə qəsəbədə fəaliyyət göstərən istehsal və xidmət sahələrində 966 nəfərin işlə təmin olunduğunu bildirdi. V.Bayramov qəsəbənin abadlaşdırılması, sakinlərin üzləşdikləri problemlərin vaxtında aradan qaldırılması istiqamətində görülən işlərə görə keşləlilərin minnətdarlığını rayon rəhbərliyinə çatdırdı.
Məruzə ətrafında çıxış edən 201 saylı məktəbin direktoru Süsən Salmanova, NZS yaşayış sahəsindəki 11 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Katib Məmmədov, Keşlə bələdiyyəsi sədrinin müavini Ələmdar Bafadarov və qəsəbə məscidinin axundu Hacı Əbdülhəsən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən geniş miqyaslı abadlıq-quruculuq işlərindən, sakinlərin rifah halının yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən razılıqla söhbət açdılar. Belə bir fikir ifadə olundu ki, keşləlilər ötənilki Prezident seçkilərində böyük seçici fəallığı göstərərək Heydər Əliyev siyasi kursuna səs verdikləri kimi, martın 18-də keçiriləcək referendumda da yekdilliklə iştirak edəcəklər.
Tədbirə yekun vuran Nizami Rayon İcra Hakimiyyətinin başçısı M.Əliyev 2008-ci ildə Keşlə qəsəbəsində görülmüş işləri qənaətbəxş hesab etməklə yanaşı, burada həlli vacib probelmlərin də olduğunu önə çəkdi. Bütün problemlərin hesabat yığıncağının qərar layihəsində əks olunduğunu və onların aradan qaldırılması üçün imkanların səfərbər ediləcəyini bildirdi.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.-2009.-24 yanvar.-S.6.