Şəhidlərin xatirəsinə
ehtiram
Lənkəran Dövlət Universitetində 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirildi. Tədbirdən əvvəl pedaqoji kollektiv Lənkərandakı Şəhidlər Xiyabanına gedərək azadlıq, müstəqillik uğrunda canlarını qurban vermiş şəhidlərin məzarı önünə çiçəklər qoydular.
Sonra tədbir universitetdə fəaliyyət göstərən “Heydər Əliyev idarəçilik məktəbi”ndə davam etdirildi. Universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Asəf İsgəndərov tədbiri açaraq 20 Yanvar gününü Azərbaycan xalqının qəhrəmanlıq nümunəsi adlandırdı. Vətənin azadlığı uğrunda sinələrini sipər edən şəhidlər tariximizdə parlaq səhifə açdılar, milli azadlıq və müstəqillik üçün yol açdılar.
Universitetin prorektoru, filologiya elmləri namizədi Kamran Kazımov, müəllimlərdən tarix elmləri namizədi Rakif İbadov, pedaqoji elmlər namizədi Afiq Əliyev, tələbələrdən Anar Rəhimov, Mübarək Hacıyev və başqaları çıxış edərək, Qanlı Yanvar hadisələri barədə ürək sözlərini bildirdilər. Qədirbilən xalqımızın şəhidlərin xatirəsini daim əziz tutduqlarını söylədilər.
LDU-nun mətbuat xidmətindən aldığımız məlumata görə həmin gün universitetin kitabxanasında “Şəhdilər unudulmur” mövzusunda kitab sərgisi açılmışdır.
İ.ƏMƏNULLAYEV
Xalq qəzeti.-2009.-24 yanvar.-S.7.