Ötən il əhaliyə 10,9 milyard manatlıq istehlak malları satılmışdır
Ötən ildə
ölkə iqtisadiyyatının bütün sahələri
kimi, ticarət və xidmət sektoru da dinamik inkişaf
etmişdir. Ticarət və xidmət şəbəkələrinin
genişlənməsi nəticəsində 2008-ci ildə bu sahələrin
göstəriciləri əhəmiyyətli dərəcədə
yüksəlmişdir.
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən aldığımız məlumatda deyilir ki, 2008-ci ildə ticarət şəbəkəsindən əhaliyə 10,9 milyard manatlıq və ya 2007-ci ildəkindən 17,1 faiz çox geniş çeşidli müxtəlif istehlak malları satılmışdır. İstehlak mallarının 7 milyard manatını ərzaq, 3,9 milyard manatını qeyri-ərzaq malları təşkil etmiş və onların satışı 2007-ci illə müqayisədə müvafiq olaraq 10,7 və 30 faiz artmışdır.
Ölkə üzrə pərakəndə əmtəə dövriyyəsinin 16 faizi hüquqi şəxslərin, 43,5 faizi mütəşəkkil təşkil olunmuş yarmarka və bazarlarda fəaliyyət göstərən fiziki şəxslərin, 40,5 faizi isə hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların hesabına formalaşmışdır.
İl ərzində əhaliyə 3,4 milyard manatlıq və ya 29,7 faiz çox pullu xidmət göstərilmişdir. Xidmətin 80,3 faizi hüquqi, 19,7 faizi fiziki şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə müvafiq olaraq 36,7 və 7,3 faiz çox pullu xidmət göstərilmişdir.
T.ƏLİYEV
Xalq qəzeti.-2009.-24 yanvar.-S.7.