Dünyada lider islahatçı dövlət

 

İrimiqyaslı islahatların böyük uğurla həyata keçirilməsi Azərbaycanı dünyanın ən islahatçı ölkəsi kimi tanıtmışdır

 

Artıq tarixə çevrilmiş 2008-ci il bir çox siyasi hadisələrlə yanaşı, həm də dünya tarixində maliyyə və iqtisadi böhran ili kimi də yaddaşda qalacaq. Məhz bu ildə dünyanı ağuşuna alan maliyyə böhranı əksər ölkələrə öz mənfi təsirini göstərmiş, bir sıra şirkətlər fəaliyyətini dayandırmışdır. Bu da həmin ölkələrin iqtisadi geriliyinə səbəb olmuşdur. Ancaq Azərbaycan üçün elə bir təhlükə yaranmamış, əksinə, 2008-ci il növbəti uğurlu illərdən biri olmuşdur.

Son illər Azərbaycanda aparılan uğurlu islahatlar ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyasını daha da sürətləndirmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında da qeyd edildi ki, ötən il dünya tarixində maliyyə və iqtisadi böhran ili kimi qalacaq. Ancaq ölkəmiz üçün iqtisadiyyatın inkişafında yeni mərhələ ili kimi yaddaşlara həkk olundu. Yola saldığımız ildə iqtisadiyyatımızın artımı 11 faizə yaxın olmuşdur. Ötən il beynəlxalq standartlara cavab verən çoxlu sayda yeni istehsal müəssisələri açılmış, iqtisadi qüdrətimiz artmış, həm dövlət investisiyaları, həm də özəl sektorun səmərəli fəaliyyəti nəticəsində böyük infrastruktur layihələr icra olunmuşdur.

Bununla yanaşı, əhalinin pul gəlirləri artmış, insanların həyat səviyyəsi xeyli yaxşılaşmışdır. Ötən illərlə müqayisədə əhalinin pul gəlirləri 36 faiz artmışdır. 2008-ci ilin yekunları müzakirə olunarkən məlum olmuşdur ki, yoxsulluğun səviyyəsi də aşağı düşüb. Müqayisə üçün qeyd edim ki, 2003-cü ildə Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faiz idi, ötən il isə bu rəqəm 13,2 faiz təşkil edib. Ötən il minimum əmək haqqı və minimum pensiyaların baza hissəsi 50 faiz artırılmış, orta əmək haqqı 335 dollara, orta pensiya isə 120 dollara çatmışdır. Nəzərdə tutulan sosial proqramlar uğurla icra olunub. Göründüyü kimi, dünyada maliyyə və iqtisadi böhran cərəyan etsə də, Azərbaycanda bunun təhlükəsi hiss olunmamışdır. Kənd təsərrüfatı, sənaye istehsalı enerji sahəsində əldə edilmiş uğurlar ölkəmizi həm siyasi, həm də iqtisadi cəhətdən daha da gücləndirmişdir.

Azərbaycanın bütün sahələr üzrə qazandığı uğurları neft amili ilə əlaqələndirməyə çalışan bəzi xəbislərə xatırlatmaq istərdim ki, dünya bazarlarında neftin qiyməti əvvəlki illərlə müqayisədə 4-5 dəfə aşağı düşmüşdür. Lakin, buna baxmayaraq 2009-cu ilin dövlət büdcəsi ötən ilə nisbətən artıqdır. Xatırladım ki, 2009-cu ilin dövlət büdcəsinin xərcləri 15,4 milyard dollar, icmal büdcə isə 18,4 milyard dollar təşkil edir. Söz yox ki, ölkəmizin iqtisadi qüdrətinin getdikcə artmasında neft amili böyük rol oynayır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyası möhtərəm Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyi təminatında əhəmiyyətli bir ölkəyə çevrilib.

Mən bu günlərdə baş vermiş enerji böhranını və enerji qarşıdurmasını diqqətə çatdırmaq istərdim. Avropanın əksər ölkələri qışın soyuğunda enerji sarıdan ciddi korluq çəksələr də, Azərbaycanda bu qıtlıq hiss olunmur. Əksinə, bəzi ölkələr enerji təminatı ilə əlaqədar Azərbaycana üz tutublar. Biz dost ölkələrin enerji təhlükəsizliyi məsələlərinin həllində həmişə köməyimizi əsirgəməmişik və daim öz töhfəmizi vermişik. Belə amillər müstəqil dövlətimizi regionda çox əhəmiyyətli ölkəyə çevirmiş, enerji siyasəti baxımından Azərbaycanın əvəzolunmaz rolunu daha da gücləndirib.

Möhtərəm Prezidentimiz Nazirlər Kabinetinin 2008-ci ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasındakı çıxışında bu məsələ barəsində Azərbaycanın mövqeyini bildirərək dedi: “Azərbaycanın mövqeyi birmənalıdır — bizim üçün ilk növbədə milli maraqlarımız, Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunması əsasdır. Biz indi deyə bilərik ki, buna uğurla nail olmuşuq və növbəti illərdə enerji siyasətimiz həmişə olduğu kimi, əgər belə demək mümkündürsə, sülhməramlı olacaqdır. Biz enerji siyasətimizdən məharətlə istifadə edib daha çox dostlar qazanırıq. Azərbaycanın enerji siyasəti əməkdaşlığa, dostluğa yönəlibdir, bölgədə regional əməkdaşlığın güclənməsinə yönəlibdir. Budur bizim yanaşmamız, bizim siyasətimiz və geniş mənada enerji fəlsəfəmiz. Hesab edirəm ki, Azərbaycanın bu sahədəki uğurlu təcrübəsindən istifadə başqa yerlərdə də yaranmış böhranlı vəziyyətdən çıxış yolu tapmaq üçün yaxşı fürsət ola bilər... Enerji daşıyıcılarının həcminin şaxələndirilməsi istiqamətində biz qarşıda duran bütün vəzifələri uğurla icra etdik və bu gün Azərbaycan neftini və qazını dünya bazarlarına çıxaran 7 kəmər mövcuddur. Onların hamısı da işlək vəziyyətdədir, Azərbaycanın neftini və qazını müxtəlif istiqamətlərə nəql edir. Əlbəttə ki, enerji məsələləri bu gün dünyanın gündəliyində birinci yerdədir və Azərbaycan başda olmaqla enerji təhlükəsizliyini təmin edə bilən ölkələr növbəti illərdə özlərini rahat hiss edəcək və çox inamla irəliyə gedəcəkdir”.

IV Enerji Sammitinin Bakıda keçirilməsi heç də təsadüfi deyildi. 2008-ci ilin noyabrında keçirilmiş beynəlxalq əhəmiyyətli bu tədbirdə 21 ölkənin nümayəndələri və diplomatları iştirak edirdilər. Beynəlxalq enerji təhlükəsizliyi problemlərinə həsr olunmuş, əsasən Xəzər hövzəsində hasil edilən enerji daşıyıcılarının Qara dəniz, Baltik dənizi regionlarına və Mərkəzi Avropaya çatdırılması üçün Odessa-Brodı neft kəmərinin yaradılması və digər məsələlərin müzakirəsinin nəzərdə tutulduğu sammit Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuz sahibi olmasından xəbər verir. Sammitdə çıxış edən dövlətlərin başçıları, həmçinin digər dövlət nümayəndələri Azərbaycanın beynəlxalq aləmdəki mövqelərinin getdikcə möhkəmlənməsindən, iqtisadi qüdrətinin artmasından, dimlpomatik uğurlarından söhbət açmışlar.

Azərbaycanın sürətli iqtisadi inkişaf yoluna qədəm qoymasında, bölgədə lider dövlətə çevrilməsində və Avropanın enerji təhlükəsizliyi təminatında əhəmiyyətli dövlətə çevrilməsində Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti yüksək qiymətləndirilmişdir. Məsələn, Amerika Birləşmiş Ştatlarının energetika naziri Samuel Bodman öz çıxışında demişdir: “Fikrimcə, hazırkı enerji sammiti Azərbaycanın neft ehtiyatlarını dünya bazarlarına nəqlini mümkün etmiş ”Əsrin müqaviləsi"nin nizamlanmasından etibarən başlayan faydalı nəticələrin ən yenisidir. Bu müqavilə regionun nəhəng enerji resurslarının uğurlu formada istehlakçıların və hasilatçıların faydası üçün işlənilməsi, hasilatı və çatdırılması istiqamətində ilk addım oldu. Ümidvaram ki, iqtisadi böhrana baxmayaraq, bu cür uğurlar davam edəcəkdir".

Göründüyü kimi, dünyanın inkişaf etmiş ölkələrinin nümayəndələri də maliyyə və iqtisadi böhranın Azərbaycan üçün hər hansı bir təhlükə yaratmayacağını əminliklə bildirirlər. 2008-ci ildə nəzərdə tutulmuş layihələrin uğurla həyata keçirilməsi də ölkəmizin lider dövlətlər sırasına qoşulmasından xəbər verir.

Nazirlər Kabinetinin iclasında əsas diqqət çəkən məqamlardan biri də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində aparılan danışıqlar barəsində verilən məlumat olmuşdur. Qeyd edək ki, əvvəlki illərlə müqayisədə 2008-ci ildə nüfuzlu beynəlxalq qurumlar bu sahədə öz münasibətlərini daha açıq şəkildə bildirmişlər. Hər şeydən əvvəl ötən il BMT Baş Məclisində Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı böyük səsçoxluğu ilə qətnamə qəbul olunmuşdur. ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri, ABŞ rəsmiləri Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü prinsipləri əsasında həllini açıq şəkildə bəyan etmişdir.

Nəhayət, 14 ildən sonra ilk dəfə olaraq məhz 2008-ci ildə münaqişənin sülh yolu ilə nizamlanması istiqamətində sənəd imzalanmışdır. Moskvada üç dövlətin — Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin imzaladıqları birgə bəyannamə dövlət başçımızın xarici siyasətdə qazandığı uğurları bir daha təsdiqlədi. Çünki bəyannamənin müddəaları Azərbaycan Prezidenti İlham Əliyevin münaqişənin nizamlanmasında irəli sürdüyü təkliflərlə üst-üstə düşürdü. Moskva Bəyannaməsi möhtərəm Prezidentimizin mövqelərini dəstəkləyən əhəmiyyətli bir sənəd oldu. Artıq beynəlxalq ictimaiyyət Ermənistanı işğalçı dövlət kimi tanıyır. Növbəti il bu istiqamətdə görüləcək işlər daha da intensivləşəcək.

2009-cu ildə qarşıya qoyulmuş işlərin icrasında daha qətiyyətli olmaq tələb olunur. Çünki maliyyə və iqtisadi böhran özünü daha qabarıq şəkildə büruzə verir. Söz yox ki, bu, Azərbaycanda hiss olunmur. Əksinə, ölkəmizdə bütün sahələr üzrə bolluq yaranmış, istehlak qiymətləri aşağı düşmüşdür. İnsanların həyat səviyyəsi getdikcə daha da yaxşılaşır. Dövlət başçımız da 2009-cu ildə nəzərdə tutulan işlərin icrasını bir tələb kimi qarşıya qoyaraq bildirmişdir ki, 2009-cu ildə bütün nəzərdə tutulmuş vəzifələr icra edilməli və həmişə olduğu kimi ilk növbədə diqqət mərkəzində Azərbaycan vətəndaşları olmalıdır.

İnanırıq ki, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 2009-cu ildə də öz liderlik mövqeyini qoruyub saxlayacaq.

 

 

Mirkazım KAZIMOV,

 Milli Məclisin deputatı 

 

Xalq qəzeti.-2009.-27 yanvar.-S.3.