2008-ci ildə istehlakçılara 28 milyard manatlıq sənaye məhsulu göndərilmişdir

 

Ölkə iqtisadiyyatının davamlı olmasında əhəmiyyətli rolu olan sənaye kompleksi dinamik inkişaf edir. Təsadüfi deyil ki, on ildən artıq dövrdə ardıcıl olaraq müşahidə olunan artım 2008-ci ildə də davam etmiş, ümumilikdə ölkə sənayesində 6 faizlik inkişafa nail olunmuş, son beş ildə isə sənayenin real həcmi 2,5 dəfə artmışdır.

Neft və qaz hasilatı sənayesində birgə fəaliyyətlə bağlı dünyanın inkişaf etmiş ölkələrini təmsil edən iri şirkətlərlə bağlanan müqavilələr neft və qaz sənayesinin sürətlə inkişaf etməsinə təkan vermişdir. Azərbaycan tarixində neft və qazın hasilatı rekord səviyyəyə çatmış, eyni zamanda, sənayenin digər sahələri üzrə də irəliləyişlər əldə edilmiş, yeni müəssisələr istifadəyə verilmişdir. 2008-ci ildə ölkədə 28.052 milyon manatlıq sənaye məhsulu istehsal edilmişdir.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən aldığımız məlumatda deyilir ki, ötən il əvvəlki illə müqayisədə neft hasilatı 4,6 faiz, qaz hasilatı 50,4 faiz, digər faydalı qazıntıların hasilatı isə 22,6 faiz artmışdır. Hasil olunmuş əmtəəlik xam neftin həcmi 44,5 milyon ton, qazın hasilatı isə 16,3 milyard kubmetr təşkil etmişdir.

Rezin plastik kütlə məmulatlarının istehsalı sahəsində 17,6 faiz, kimya sənayesində 34,2 faiz, maşın avadanlıqların istehsalında 7,9 faiz, dəri, dəridən məmulatlar ayaqqabı istehsalında 27,2 faiz, metallurgiya sənayesi hazır metal məmulatlarının istehsalında 23,3 faiz, neftin emalında isə 8,4 faiz səviyyəsində artım müşahidə olunmuşdur.

2008-ci ildə istehsalın 93,8 faizi malların, 6,2 faizi isə sənaye xarakterli xidmətlərin payına düşmüş, sənaye məhsulunun 18,8 faizi dövlət müəssisələrində, 81,2 faizi isə özəl bölmədə istehsal edilərək müvafiq olaraq 5,1 6,2 faiz çoxalmışdır.

İl ərzində sənaye məhsulu istehlakçılarına 28 milyard manatlıq məhsul göndərilmiş 2009-cu ilin əvvəlinə sənaye müəssisələrinin anbarlarında əvvəlki dövrlərdən qalan qalıqlar da nəzərə alınmaqla 213 milyon manatlıq dekabr ayının 1-i ilə müqayisədə 28,5 milyon manat az hazır məhsul ehtiyatı olmuşdur.

 

 

T.ƏLİYEV

 

Xalq qəzeti.-2009.-27 yanvar.-S.4.