Azərbaycanda 1 milyon 30 min nəfərin pensiyasının ödənişi plastik kartlarla həyata keçirilir

 

Azərbaycanda əmək pensiyalarının plastik kartlarla ödənilməsi prosesi müvəffəqiyyətlə tətbiq edilməkdədir. Bunun nəticəsidir ki, ötən dövrdə pensiyaların plastik kartlarla ödənişi sahəsində nəzərəçarpacaq irəliləyişə nail olunub və hazırda əmək pensiyası almaq hüququ olan vətəndaşların əksəriyyəti öz pensiyalarını mütərəqqi üsullarla əldə edirlər.

Artıq şəhərlərdə yaşayan pensiyaçıların 100 faizi üzrə pensiyalar plastik kartlarla ödənilir. 2008-ci ildə xüsusilə, kəndlərdə pensiyaların plastik kartlarla ödənişinin təmin olunması istiqamətində işlər davam etdirilib və son məlumata əsasən, artıq kəndlərdə 84 faiz üzrə pensiyalar plastik kartlarla ödənilir.

Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorundan aldığımız məlumata görə, ötən ilin oktyabr ayının statistikasına əsasən, Azərbaycanda ümumilikdə ödənişdə olan pensiyaların 87 faizi, yəni 960 min nəfərin pensiyasının ödənişi plastik kartlarla aparılırdısa, hazırda ödənişdə olan pensiyaların 93 faizi, yəni 1 milyon 30 min nəfərin pensiyasının ödənişi plastik kartlarla həyata keçirilir. Bu məqsədlə ümumilikdə 417, o cümlədən kənd və qəsəbələrdə 51 əlavə bankomat qurulmuşdur. Bu göstərici üzrə Azərbaycan bütün dünyada ən şəffaf praktikaya malik ölkələrdən biri hesab olunur.

Xatırladaq ki, əmək pensiyalarının mütərəqqi üsullarla ödənilməsi sisteminin daha da genişləndirilməsi mühüm məqsədlərdəndir və bu məsələ Prezident İlham Əliyevin 30 dekabr 2008-ci il tarxli sərəncamı ilə təsdiq edilən “2009– 2015-ci illərdə Azərbaycan Respublikasında sığorta- pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nda da yer alıb.

Proqrama əsasən, növbəti illər ərzində pensiyaların plastik kartlarla bankomatlar vasitəsilə ödənilməsi sisteminin daim təkmilləşdirilməsi davam etdirilərək, bankomat və pos-terminallarla təchizat gücləndiriləcək, ödənişlərdə çoxfunksiyalı çip kartlardan istifadə təmin olunacaq, ucqar kəndlərdə ödənişin mütərəqqi üsullarla aparılması üzrə müxtəlif ölkələrin təcrübəsi öyrənilərək tətbiq ediləcək.

 

 

Qəzənfər QASIMOV

 

Xalq qəzeti.-2009.-27 yanvar.-S.4.