Suraxanı rayonu qəsəbələrinin uğurları
Bu il yanvarın 16-da
Nazirlər Kabinetinin 2008-ci ildə sosial-iqtisadi inkişafın
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında ölkə Prezidenti İlham Əliyev
Azərbaycanın son beş ildə qazandığı uğurları
yüksək qiymətləndirmiş, dinamik inkişafın
daha da sürətləndirilməsi üçün
qarşıya konkret vəzifələr qoymuşdur. Bununla əlaqədar
hazırda respublikanın hər yerində ötən il
görülən işlərə nəzər salınır,
dövlət başçısının adı çəkilən
iclasda verdiyi tövsiyə və tapşırıqlar əsil
fəaliyyət proqramı kimi qəbul edilir... Suraxanı
rayonunun Yeni Suraxanı qəsəbəsində ötən
ilin yekunlarına dair keçirilmiş hesabat
yığıncağında da bu barədə geniş
danışılmış, görülmüş işlərə
qiymət verilmiş, qarşıda duran vəzifələr müzakirə
edilmişdir. Tədbiri giriş sözü ilə açan
rayon icra hakimiyyəti başçısının birinci
müavini Hüseyn Həsənov bildirmişdir ki, 2008-ci ildə
bütün ölkədə olduğu kimi, Suraxanı rayonunda
da sosial-iqtisadi həyatın bütün sahələrində
uğurlu göstəricilər əldə edilmiş, geniş
miqyaslı tikinti-quruculuq, abadlıq işləri
görülmüşdür. Yeni Suraxanı qəsəbə
nümayəndəsi Vahid Daniyev demişdir ki, hesabat
dövründə bu yaşayış sahəsində təmizlik
və sanitariya işləri diqqət mərkəzində
saxlanılmış, abadlıq işlərinə xüsusi
fikir verilmişdir.
Natiq daha sonra vurğulamışdır ki, ötən il qəsəbədə 29 min 550 kvadratmetr əraziyə asfalt döşənmiş, su təchizatının yaxşılaşdırılması məqsədilə tədbirlər həyata keçirilmiş, 716 poqonometr yeni qaz xətti çəkilmiş, elektrik enerjisi ilə bağlı yaranan çətinliklər aradan qaldırılmışdır.
Qəsəbə icra nümayəndəsi dövlət başçısının məlum sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətlənməsinə dair Dövlət Proqramı”nda Suraxanı rayonu, eləcə də onun qəsəbələri üzrə nəzərdə tutulmuş tədbirlərin ötən il uğurla reallaşdırıldığını diqqətə çatdırdı. Bununla yanaşı natiq göstərdi ki, görülən işlərlə yanaşı, qəsəbədə həllini tapmayan bir sıra problemlər də mövcuddur. Həmin problemlər sırasına daxil olan V.Xəlilov küçəsində, Bakı— aeroport yolunun sol tərəf yaşayış massivində kanalizasiya xətlərinin çəkilməsi, mədən ərazisindəki transformatorların Dövlət Neft Şirkətinin balansından çıxarılaraq “Bakıelektrikşəbəkə”yə verilməsi, məişət tullantılarının daşınması üçün əlavə konteynerlərin alınması və s. işlər 2009-cu ildə həyata keçiriləcəkdir.
Bülbülə qəsəbəsində də ötən ilin sosial-iqtisadi yekunlarına dair hesabat yığıncağı keçirilmişdir. Qəsəbə icra nümayəndəsi Elçin Seyfullayev məruzə ilə çıxış etmişdir. O, göstərmişdir ki, ötən il qəsəbənin S.Əliyev küçəsi “A” yaşayış sahəsinə 500 metr məsafədə kanalizasiya xətti, “Böyükşor” qazpaylayıcı məntəqəsindən 5 kilometr məsafədə yeni qaz kəməri çəkilmiş, Bülbülə qəsəbəsi üçün müasir tipli yeni poliklinikanın, 844 yerlik orta məktəbin, 120 yerlik uşaq bağçasının, “A” yaşayış sahəsində və S.Bəhlulzadə küçəsində poçt şöbələrinin tikintisi tamamlanmışdır.
Qəsəbədə abadlıq-quruculuq işlərilə yanaşı, aztəminatlı və imtiyazlı ailələrin sosial müdafiəsinin gücləndirilməsinə, pensiya və müavinətlərin vaxtında çatdırılmasına, ünvanlı sosial yardımların təqdim edilməsinə, gənclərin idmana marağının daha da yaxşılaşdırılmasına, şəhid ailələri, Qarabağ, “20 Yanvar” əlilləri və veteranlarına sosial qayğının artırılmasına diqqət yetirilmişdir.
Qəsəbə nümayəndəsi həmçinin vurğulamışdır ki, nümayəndəlik bu il də daha intensiv işlər görmək əzmindədir. Tikinti-quruculuq tədbirlərinin genişləndirilməsinə, sakinlərin rifah halının yaxşılaşdırılmasına diqqət artırılacaqdır.
Yığıncaqda Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Əhməd Talıbov iştirak etmişdir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.-2009.-27
yanvar.-S.6.