Avropa dəhşətli
qasırğanın nəticələrini
aradan qaldırır
Fransanın cənub-şərqində
və İspaniyanın şimalında yerli hakimiyyət
orqanları yanvarın 24-də Atlantik okeanı sahillərindən
Korsikaya qədər böyük bir ərazini əhatə
etmiş güclü qasırğa nəticəsində
dağılmış yolların, binaların və elektrik xətlərinin
təmirinə başlayıb.
Mütəxəssislərin
sözlərinə görə, bu, son bir neçə onillik ərzində
regionda baş vermiş ən dəhşətli təbii fəlakətdir.
Küləyin sürəti saniyədə 54 metr olub. Qərb mətbuatının
verdiyi məlumata görə, fəlakət nəticəsində
həlak olanların sayı 24 nəfərə çatıb.
Onlardan 4-ü Barselona yaxınlığındakı
Sant-Boy-de-Lobreqat şəhərindəki idman zalının
damının uçması zamanı həlak olan
uşaqlardır.
Şəhər meri
artıq baş vermiş insan itkisi ilə əlaqədar
üç günlük matəm elan edib. Onun sözlərinə
görə, qəfil fəlakət bütün şəhər
sakinlərini şoka salıb. İspaniyanın baş naziri
Xose Luis Sanatero ölənlərin ailələrinə
başsağlığı verib. Mer bildirib ki, uşaqlar idman
zalına beysbol oynamaq üçün toplaşıblar. Lakin
qəfil yağış və güclü külək
onları tamaşaçı salonunun damı altında gizlənməyə
məcbur edib. Bu zaman külək damı və divarın bir
hissəsini uşaqların üstünə aşırıb.
Qasırğa Aralıq
dənizinin şərqinə, İtaliyaya tərəf çəkildikdən
sonra Fransa və İspaniyanın təmir briqadaları elektrik
xətləri, telefon şəbəkələri və dəmir
yollarının bərpasına başlayıb. Dəymiş zərərin
və dağılmış xətlərin dəqiq mənzərəsini
müəyyən etmək üçün 12 vertolyot cəlb
edilib.
Fəlakətin
böyüklüyünü nəzərə alaraq Almaniya,
İngiltərə və Portuqaliya da fransız və ispan təmirçilərinə
kömək göndərib. Min nəfərdən çox təmirçinin
çalışmasına baxmayaraq, Paris və Tuluza
arasında dəmiryol əlaqəsini bərpa etmək
mümkün olmayıb. Bir çox digər istiqamətlərdə
də qatarların hərəkəti dayandırılıb.
Fransa hökuməti sərnişinləri dəmir yolu xidmətindən
imtina etməyə çağırıb və bir çox
reyslərə əlavə avtobuslar göndərib. Fransanın
cənubundakı Landa və Jironda departamentlərindəki
meşələrdə külək ağacları
kökündən çıxarıb. Bazar günü
axşam ölkə başçısı Nikolya Sarkozi fəlakət
zonasına gəlib.
İspaniyanın elektrik kompaniyası isə bildirib ki, ölkənin şimalında 17 magistral elektrik xətti tamamilə sıradan çıxıb. Qalisiya və Kataloniyada on minlərlə insan işıqsız qalıb. İspaniya — Fransa sərhədindən keçən marşrutlar istisna olmaqla digər istiqamətlərdə qatarların və təyyarələrin hərəkəti bərpa edilib. Bir çox sahələrdə, eləcə də Bendorm kurort şəhəri yaxınlığındakı Alikante əyalətində bərpa işlərinə ordu hissələri cəlb edilib. İşıq dirəklərinin aşması nəticəsində baş vermiş meşə yanğınları ilə mübarizədə də onların gücündən istifadə olunub.
İtaliyada güclü yağışlardan sonra baş vermiş torpaq sürüşməsi nəticəsində isə 3 nəfər həlak olub.
Paşa ƏMİRCANOV
Xalq qəzeti.-2009.-27
yanvar.-S.6.