Tələbatı cavablandıran
dərslik
Məlum olduğu kimi,
ölkənin iqtisadi qüdrətini təyin edən
bütün sahələrin inkişafı energetika sahəsinin
inkişafı ilə bağlıdır. Təsadüfi
deyildir ki, ulu öndərimiz, dünya miqyaslı siyasətçi
Heydər Əliyev respublikaya rəhbərlik etdiyi bütün
dövrlərdə energetika sahəsini diqqət mərkəzində
saxlamış və bu sahənin inkişafına xüsusi
fikir vermişdir. Çox sevindirici haldır ki, Heydər Əliyev
siyasi kursunu uğurla davam etdirən möhtərəm
Prezidentimiz İlham Əliyev də energetika sahəsinin
inkşafına xüsusi diqqət verir. Məhz bunun nəticəsidir
ki, suveren Azərbaycan Respublikası çox böyük templə
inkişaf edərək qısa müddətdə nəinki
respublikanın enerjiyə olan tələbatını təmin
etmiş, hətta enerji ixrac edən bir dövlətə
çevrilmişdir.
Qeyd etmək
lazımdır ki, dünya üzrə elektrik enerjisinə olan
tələbatın əsas hissəsi (70 faizə yaxın)
istilik elektrik stansiyalarında istehsal olunur. Bizim
respublikamızda isə bu rəqəm təxminən 90 faiz təşkil
edir və gələcək perspektivdə respublikanın enerji
artımının əsasən bu sahənin inkişafı
hesabına əldə edilməsi nəzərdə tutulur. Göründüyü
kimi, elektrik enerjisi istehsalını lazımi səviyyədə
saxlamaq və əhalinin kommunal rahatlığını təmin
edən istilik təchizatı sistemin işini təmin etmək
üçün istilik energetikası inkişaf etdirilməli və
istilik energetik qurğularının istismarı texniki, iqtisadi
və ekoloji cəhətdən düzgün, yəni
savadlı təşkil olunmalıdır. İstismarın
savadlı təşkili isə kadrların müvafiq sahədəki
bilik səviyyəsindən asılıdır. Bu kadrların
hazırlanması respublikanın ali texniki məktəblərində
həyata keçirilir və qeyd olunan sahədə ədəbiyyatların
olub- olmaması kadr hazırlığına əhəmiyyətli
dərəcədə təsir edir. Keçmiş SSRİ
dövründə bu sahədəki ədəbiyyatlar əsasən
rus dilində idi və Azərbaycan dilli kadrların
hazırlanmasında böyük çətinliklər
mövcud idi.
Çox sevindirici haldır ki, son zamanlar respublikamızda texnika sahəsində Azərbaycan dilində bir çox kitablar və dərs vəsaiti, o cümlədən dərsliklər çap olunmuşdur. İstilik energetikası sahəsində ən önəmli dərsliklərdən biri bu yaxınlarda çapdan çıxmış “Qazan qurğuları” kitabıdır. Kitabın müəllifi Azərbaycan Dövlət Neft Akademiyasının istilik energetikası kafedrasının müdiri, professor Kamal Abdullayevdir. Həmin kafedraya və problem laboratoriyaya 30 ildən artıq rəhbərlik edən, yeni elmi istiqamət yaradan, 50-dən çox elmlər namizədi və 4 elmlər doktoru yetişdirən, İngiltərədə və Rusiyada monoqrafiyaları çap olunan, 300-dən artıq elmi müqalənin və bir çox ixtiraların müəllifi olan əməkdar elm xadimi Kamal Abdullayev elmdə olduğu kimi, tədris sahəsinə də öz qiymətli töhfələrini verməkdə davam edir. Belə ki, son 10 ildə professor K.Abdullayev tərəfindən ali texniki məktəblər üçün ümumi həcmi 177 çap vərəqi olan 7 dərslik və onlarca dərs vəsaiti çap olunmuşdur. Yüksək elmi və pedaqoji səviyyədə yazılmış bu dərsliklər istilik energetikası sahəsində təhsil alan tələbələr üçün əvəzolunmaz mənbə olmaqla yanaşı, həm də energetika sahəsində çalışan mütəxəssislər üçün stolüstü kitaba çevrilmişdir.
“Qazan qurğuları” dərsliyi istilik energetik qurğuların ən vacib aqreqatı olan qazan qurğularına həsr olunmuşdur. Qazan qurğuları istilik elektrik stansiyalarının, eləcə də sənaye və isitmə qazanxanalarının əsas aqreqatı olmaqla onun texniki, iqtisadi və ekoloji cəhətdən işinin təşkili qeyd olunan müəssisələrin müvafiq göstəricilərinin əsasını təşkil edir.
Həcmi 46 çap vərəqi olan bu dərslikdə qazan qurğularının tətbiq edildiyi bütün sahələrdəki növləri əhatə olunmaqla, bu qurğuların konstruksiyalarının və onları təşkil edən istilik mübadilə səthlərinin xüsusiyyətləri, bu sahələrin daxilində və xaricində gedən proseslər geniş şərh olunmuş, qurğuda istifadə olunan yanacaqlar, yanma prosesi, yandırıcı quruluşların növləri və digər proseslərin xüsusiyyətləri barədə geniş məlumatlar verilmişdir.
Haqqında danışdığımız dərslikdə qazan qurğularına aid bütün məsələlər, demək olar ki, öz əksini tapmış və dərslik bütün parametrləri ilə müasir zəmanəmizin tələblərinə cavab verən, ali texniki məktəblər üçün çox əhəmiyyətli və dəyərli dəsrlikdir.
İstilik energetikası sahəsində ali texniki məktəblər üçün çox dəyərli dərsliklər çap etdirdiyinə görə respublikamızın energetika ictimaiyyəti adından Kamal müəllimə minnətdarlığımızı bildirməklə yanaşı, respublikamızın energetikasının inkişafı naminə ona yüksək nəaliyyətlər arzulayırıq. Arzu edirik ki, o, bu xeyirxah işini özünə xas olan gənclik həvəsi ilə bundan sonra da davam etdirsin.
H. FEYZİYEV,
Azərbaycan Memarlıq və
İnşaat
Universitetinin istilik
təchizatı və istilik texnikası
kafedrasının müdiri,
texnika
elmləri doktoru, əməkdar
müəllim, professor,
M.AĞAMALIYEV,
Azərbaycan Dövlət Neft
Akademiyasının istilik
energetikası kafedrasının
professoru,
texnika elmləri doktoru
Xalq qəzeti.-2009.-27 yanvar.-S.7.