Zamanla səsləşən
konstitusiya islahatları
Hər bir dövlətin
müstəqilliyini şərtləndirən, onu əbədiləşdirən
amillər, ilk növbədə, qanunların aliliyinin təminatından,
məhkəmə-hüquq islahatlarının həyata
keçirilməsi keyfiyyətindən, ədalət mühakiməsinin
beynəlxalq tələblərə
uyğunlaşdırılmasından asılıdır.
İnkişaf etmiş demokratik ölkələrin təcrübəsi
də göstərir ki, ictimai-siyasi həyatın bütün
sahələri üzrə hüquqi bazanın möhkəm təməllər
üzərində qurulması, ədalət mühakiməsi
prinsiplərinə ciddi şəkildə riayət olunması
həmin dövlətdə sabitliyin, vətəndaş həmrəyliyinin
və dinamik iqtisadi inkişafın başlıca təminatlarından
biridir.
Dövlət müstəqilliyini
əldə etdikdən sonra hüquqi dövlət və vətəndaş
cəmiyyəti quruculuğu yolunda inamlı addımlar atan Azərbaycan
Respublikasında cəmiyyətin təkamül sistemini,
dövlət idarəçilik mexanizmlərinin səmərəli
fəaliyyətini tənzimləyən qanunların müasirləşdirilməsi
və təkmilləşdirilməsi davamlı prosesə
çevrilmişdir. Ötən 15 ildə ölkənin
demokratikləşmə, insan hüquq və azadlıqlarının
təminatı sahəsində yüksək nailiyyətlər
qazanması bilavasitə vətəndaş cəmiyyəti
quruculuğuna hesablanmış məhkəmə-hüquq
islahatlarının respublikanın sosial-iqtisadi inkişaf
dinamikası ilə uzlaşdırılması nəticəsində
mümkün olmuşdur. Ümummilli lider Heydər Əliyevin
rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12
noyabrında ümumxalq səsverməsi - referendum yolu ilə qəbul
edilmiş müstəqil Azərbaycan Respublikasının ilk
Konstitusiyası dövlətimizin tarixində hakimiyyət
bölgüsü prinsipini, demokratik hüquqi və dünyəvi
dövlət quruculuğunun hüquqi əsaslarını,
insan hüquq və azadlıqlarının təmin
olunmasının bünövrəsini qoymuşdur.
Demokratiya, dövlət
suverenliyi, insan və vətəndaş hüquqlarının
prioriteti kimi hamılıqla qəbul edilmiş dəyərlər
Azərbaycan Konstitusiyasının təməl prinsiplərini
təşkil edir. Konstitusiyanın qəbulu cəmiyyət və
dövlət həyatında demokratik dəyişikliklərə
yol açmış, insan hüquq və
azadlıqlarının həyata keçirilməsinə əlverişli
şərait yaratmaqla, ictimai həyatın bütün sahələrinin
inkişafına təkan vermişdir.
Müstəqil Azərbaycanın
ilk milli Konstitusiyasının preambulasında dövlətin
müstəqilliyinin və suverenliyinin qorunması, hüquqi,
demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinə
nail olmaq kimi mühüm vəzifələr əsas niyyət
kimi bəyan edilir. Konstitusiyada Azərbaycanın demokratik yolla
inkişafının qaçılmaz olduğunu nəzərdə
tutan şərt dövlət hakimiyyətinin xalqa məxsus
olmasının birmənalı şəkildə təsbit
edilməsidir. Eyni zamanda, Konstitusiyada göstərilir ki, öz
müqəddəratını sərbəst və müstəqil
şəkildə müəyyənləşdirmək Azərbaycan
xalqının suveren hüququdur.
Konstitusiyada əksini
tapmış mühüm məsələlərdən biri də
xalqın hüquq və mənafeləri ilə bağlı hər
bir məsələnin referendum yolu ilə həllinin nəzərdə
tutulmasıdır. Konkret olaraq 3-cü maddədə göstərilir
ki, Azərbaycan Respublikası Konstitusiyasının qəbulu və
ona dəyişikliklər edilməsi, habelə Azərbaycan
Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi
məsələləri yalnız ümumxalq səsverməsi -
referendum yolu ilə həll oluna bilər.
Konstitusiyanın
qeyri-müəyyən müddətdə qüvvədə
olmasının nəzərdə tutulması, onu məzmun
sabitliyi ilə fərqlənən əsas normativ-hüquqi akt
kimi səciyyələndirsə də, zaman keçdikcə
ona müəyyən əlavə və dəyişikliklər
etmək zərurəti yaranır.
2002-ci il avqustun 24-də
keçirilmiş ümumxalq səsverməsi - referendumdan sonra
Azərbaycanın bütün sahələrdə dinamik
inkişaf etməsi, dövlətin iqtisadi siyasətində
sosial yönümlü məsələlərin prioritetə
çevrilməsi, habelə insan hüquq və
azadlıqlarının maksimum müdafiəsinə xidmət
edən təkmil qanunvericilik bazasının formalaşması
Konstitusiyaya zamanın tələbi ilə səsləşən
bir sıra əlavə və dəyişikliklərin edilməsini
zərurətə çevirmişdir. Son illərdə
demokratik inkişaf sahəsində əldə edilən
uğurlar Konstitusiyaya bir daha nəzər salmağı, onu
daha da təkmilləşdirməyi vacib məsləyə
çevirmişdir.
İctimai münasibətlərin
inkişafı, sosial, iqtisadi və siyasi şəraitin
xarakterində pozitiv dəyişikliklərin baş verməsi
Konstitusiyaya müvafiq dəyişiklik və əlavələrin
edilməsini zərurətə çevirir.
“Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Referendum Aktının ictimai müzakirəyə çıxarılması da məhz bu reallıqdan irəli gəlmişdir. Milli Məclisin qərarları və Konstitusiya Məhkəməsinin rəyi əsasında referenduma çıxarılmış bu əlavə və dəyişikliklər mahiyyətcə Konstitusiyanın daha da təkmilləşməsinə, insan və vətəndaş hüquq və azadlıqları ilə bağlı prinsipial əhəmiyyətli məsələlərin bu sənəddə daha dolğun ifadəsini tapmasına xidmət etməklə yanaşı, onun müddəalarının liberallığı, demokratik səciyyə daşıması ilə seçilir.
Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin mühüm bir qismi Azərbaycan dövlətinin insan və şəxsiyyət amilini yüksək tutaraq yeritdiyi sosial yönümlü siyasət strategiyasının daha dolğun, hərtərəfli ifadəsinə, vətəndaşların hüquq və azadlıqlarının genişləndirilməsinə, dövlətin sosial məsuliyyətinin artırılmasına xidmət edir. Məsələn, mövcud mətndə Konstitusiyanın 12-ci maddəsində qeyd olunur ki, “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir”. Referendum Aktı layihəsində isə bu maddənin “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir” formasında verilməsi nəzərdə tutulur.
Bazar iqtisadiyyatı yolu ilə inamla irəliləməsinə rəğmən, Azərbaycan dövlətinin yeritdiyi siyasətin ana axarında sosial yönümlü mələlərin prioritet təşkil etdiyi, “sosial dövlət” modelinə doğru inamlı addımların atıldığı Konstitusiyanın 15-ci maddəsinə təklif olunan dəyişiklik fonunda bir daha real təsdiqini tapır. Hazırkı mətndə həmin maddənin 2-ci hissəsində qeyd olunur ki, “Azərbaycan dövləti bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir”. Referendum Aktı layihəsində bu hissənin “Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir” formasında verilməsini haqlı olaraq daha məqsədəuyğun hesab edilmişdir.
Konstitusiyanın 17-ci maddəsinə təklif olunan əlavələr də özünün humanist mahiyyəti ilə diqqəti cəlb edir. Mövcud mətndə dövlətin uşaqların gələcəyi və himayəsi ilə bağlı üzərinə düşən vəzifələr müəyyən mənada ümumi şəkildə əksini tapmış olsa da yeni dövrün bir sıra reallıqları Konstitusiyanın yurisdiksiyasından kənarda qalmışdır. 17-ci maddəyə təklif olunan birinci mühüm əlavəyə görə “Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsi altındadırlar”. Bu əlavə müxtəlif səbəblərdən valideyn himayəsindən məhrum olmuş uşaqların dövlətin hərtərəfli qayğısı ilə himayə olunmasına daha etibarlı, ciddi təminat yaradır, dövlətin bu sahədə məsuliyyətini artırır. İkinci əlavəyə görə “Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır”. Belə bir müddəanın Konstitusiyada konkret şəkildə təsbit olunması uşaq hüquqlarının dövlət tərəfindən daha etibarlı müdafiəsinə xidmət etməklə, bu sahədə beynəlxalq konvensiya və sazişlərin də tələblərinə tam cavab verir. Təklif olunan üçüncü mühüm əlavədə göstərilir ki, “15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər”. Uşaq əməyinin respublikada getdikcə geniş yayıldığı, uşaqların fiziki istismara məruz qaldığı hazırkı şəraitdə belə bir müddəanın Konstitusiyada birmənalı təsbit olunması son dərəcə təqdirəlayiq haldır.
Konstitusiyaya əlavə və dəyişikliklərin digər qismi isə respublikamızın hazırkı inkişaf tempinə adekvat olaraq insan hüquq və azadlıqlarının müdafiəsi mexanizmlərinin daha da təkmilləşdirilməsinə xidmət edir. 25-ci maddəyə təklif olunan əlavələr də hamının qanun qarşısında bərabərliyi prinsipinin daha dolğun, hərtərəfli ifadəsinə etibarlı hüquqi zəmanət yaradır. Mövcud mətnə görə “Hamı qanun və məhkəmə qarşısında bərabərdir; Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır; Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır”. Bu maddəyə təklif olunan birinci mütərəqqi əlavəyə görə “Heç kəsə yuxarıda göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və imtiyazların verilməsindən imtina oluna bilməz”. Eləcə də digər əlavədə göstərilir ki, “Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir”. Azərbaycan demokratik dəyərləri inkişafında prioritet kimi qəbul edən hüquqi və dünyəvi dövlət olduğundan, hər iki əlavənin Konstitusiyada əksini tapması tamamilə məntiqidir.
Referendum Aktı layihəsində məhkəmə hakimiyyətin daha səmərəli həyata keçirilməsinə xidmət edən bir sıra mühüm müddəalar da əksini tapmışdır. 125-ci maddəyə təklif edilən əlavəyə görə “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir”. 129-cu maddəyə təklif olunan əlavələrə görə isə “Məhkəmə qərarlarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur; Məhkəmə qərarı əsaslandırılmalı və sübuta yetirilmiş olmalıdır”. Nəzərdə tutulan əlavə məhkəmə qərarlarının təsir gücünün və səmərəliliyinin daha yüksək səviyyədə təminatına, məhkəmə qərarlarının icrası sahəsində bəzi problemli məqamların tamamilə aradan qaldırılmasına xidmət edir. Bundan başqa, 130-cu və 131-ci maddələrə təklif edilən əlavələrlə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin qərarlarının dərc edilməsi Konstitusiyada əksini tapacaqdır.
Konstitusiyanın icra hakimiyyəti ilə bağlı hissəsinə təklif olunan əlavə və dəyişikliklər isə Azərbaycan dövlətinin hazırkı inkişafı, habelə iqtisadi və demokratik islahatlar mərhələsində xalqın yüksək təfəkkürü və formalaşmış müasir siyasi mədəniyyəti fonunda tamamilə aktual səslənir. Konstitusiyanın 101-ci maddəsinə təklif edilən əlavə və dəyişikliklər hər bir vətəndaşın seçki hüququnun daha etibarlı təminatına xidmət edəcəkdir. Söhbət bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılmasından gedir. Ümumiyyətlə, prezidentlik müddətinin konkret müddəa ilə Konstitusiyada əksini tapması müasir dövrdə demokratik dəyər və ideallar, habelə insanların azad seçim hüququ baxımından o qədər də aktual səslənmir. Deputatlara və bələdiyyə üzvlərinə belə məhdudiyyət qoyulmadığı halda, xalqın daha böyük qisminin öz taleyini etibar etdiyi Prezident üçün belə yasağın nəzərdə tutulması demokratik dəyərlərlə bir araya sığmır. Üstəlik, prezidentlik müddətinin artırılması ilə bağlı hazırda bütün dünyada xoş niyyətli təşəbbüslər səslənir. Xatırladaq ki, demokratiyanın beşiyi sayılan bir çox Avropa ölkələrində də bu müddət 7 ildir.
Bundan başqa 101-ci maddənin V hissəsinə təklif edilən əlavədə müharibə şəraitində yaşayan, torpaqlarının 20 faizi işğal altında olan Azərbaycan üçün bu son dərəcə mühüm və aktualdır. Referendum Aktı layihəsində həmin maddənin V hissəsinin bu redaksiyada ifadə edilməsi təklif olunur: “Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir”.
Bütün bunlar bir daha təsdiqləyir ki, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər mütərəqqi xarakter daşımaqla, ölkədə qanunçuluğun, hüquq qaydalarının daha da möhkəmləndirilməsinə, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına xidmət edir. Konstitusiya Məhkəməsinin 2008-ci il dekabrın 24-də keçirilmiş iclasında Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikasının Konstitusiyasında əlavələr və dəyişikliklər edilməsi haqqında təkliflərinə verilmiş yekun rəy də bunu bir daha təsdiqləyir: “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə göndərilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2008-ci il 19 dekabr tarixli 745-IIIQR saylı qərarı ilə təqdim olunmuş Referendum Aktı layihəsində göstərilən təkliflər xalq hakimiyyəti və dövlətin əsaslarına dair Azərbaycan Respublikasının Konstitusiyasının ümumi müddəaları ilə ziddiyyət yaratmadığından və 155-ci maddəsinin tələblərinə uyğun olduğundan, ümumxalq səsverməsinə - referenduma çıxarıla bilər". İnanırıq ki, martın 18-də keçiriləcək referendum ölkənin demokratik, hüquqi inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoyacaqdır və həyata keçirilən Konstitusiya islahatları ölkədə vətəndaş cəmiyyəti quruculuğu prosesini daha da sürətləndirəcəkdir.
Ələddin CƏFƏROV,
Yasamal Rayon Məhkəməsinin
sədri, Məhkəmə - Hüquq
Şurasının üzvü
Xalq qəzeti.-2009.-28 yanvar.-S.3.