Ölkənin sosial-iqtisadi
inkişafı milli təhsilimizin tərəqqisinə
yeni stimul yaradır
Nailə RZAQULİYEVA: Dövlət
başçısının “Biz 2009-cu ili
planlaşdırdığımız kimi başa
vurmalıyıq” çağırışı paytaxt məktəblərinin
fəaliyyət devizinə çevrilib
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər
Kabinetinin 2008-ci ildə sosial-iqtisadi inkişafın
yekunlarına həsr olunmuş iclasında səsləndirilən
faktları və rəqəmləri, demək olar ki,
dünyanın hər yerində hamı eşitdi.
Dostlarımıza da, bədxahlarımıza da məlum oldu ki,
dünya tarixində maliyyə və iqtisadi böhran ili kimi
qalacaq 2008-ci il respublikamız üçün növbəti
uğurlu il olmuşdur. İclasın materialları ilə
tanış olarkən dərhal müqayisə
aparılmalı iki məqam yada düşür. Belə ki,
yeni əsrin ilk günlərində — ulu öndər Heydər
Əliyev müstəqil Azərbaycanın Avropa ailəsinə
inteqrasiyasını genişləndirmək üçün hərtərəfli
islahatlar aparanda xaricdəki və daxildəki bədxahlarımız
“tutarlı” bir arqumentlə çıxış edirdilər:
“Azərbaycanın sosial-iqtisadi inkişafı ancaq və ancaq
neftlə bağlıdır. Qeyri-neft sektoru bu ölkədə
heç zaman inkişaf etməyəcəkdir”. Bu gün —
2009-cu ilin əvvəlində isə regionun və postsovet
ölkələrinin politoloqları Azərbaycanın neft
sektorundan əldə edilən kapitalın qeyri-neft sektorunun
inkişafına yönəldilməsini, xüsusən, bu gəlirlərin
insan kapitalına çevrilməsindəki təcrübəsini
nümunə kimi qəbul edirlər. Yəni, son beş ildə
ölkədə həyata keçirilən sosial-iqtisadi tədbirlər
respublikamız haqqında olan fikirləri tamamilə dəyişdirib.
Nazirlər Kabinetinin bu il yanvarın 16-da keçirilmiş
geniş iclasında bu barədə ətraflı
danışıldı və əhatəli şəkildə
fikirlər söylənildi.
Neft sahəsindən əldə
edilən kapitalın qeyri-neft sektorunun inkişafına yönəldilməsinin
ən bariz nümunəsi Azərbaycan təhsilinin son beş
ildəki inkişafı, bu sahənin əldə etdiyi nailiyyət
və uğurlardır. Həmsöhbətimiz, Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin müdiri, respublikanın
əməkdar müəllimi Nailə Rzaquliyeva da qəzetimizə
verdiyi müsahibədə məhz bu məqamlardan söz
açdı.
— Nailə xanım, xeyli
müddət sırasında olduğunuz və artıq
üç ildir rəhbərlik etdiyiniz paytaxt təhsil sistemi
ölkənin sosial-iqtisadi inkişafından necə bəhrələnir?
— Gəlin, məsələni
bu şəkildə qoymayaq. Təkcə son beş ildə
deyil, ümumiyyətlə, ulu öndər Heydər Əliyevin
ikinci dəfə siyasi hakimiyyətə qayıtmasından
sonra ölkədə həyata keçirilən istənilən
tədbir bütövlükdə xalqımızın və
dövlətimizin inkişafına xidmət edibdir. Son beş
ildə isə bu tendensiya daha geniş miqyas alıb,
sosial-iqtisadi inkişaf prosesində daha böyük nailiyyətlərə
imza atılıbdır. Məhz ona görə də cəmiyyət
həyatının bütün sahələri kimi ölkənin
təhsil sistemi də əvvəlki illərə nisbətən
daha çox qayğı və diqqət görübdür. Yəni
söhbət təkcə bizim sistemin bəhrələnməsindən
getmir, bütövlükdə xalqımızın bəhrələnməsindən
gedir. O ki qaldı Nazirlər Kabinetinin qeyd etdiyiniz iclasına,
mən cənab Prezidentin həmin iclasdakı giriş nitqindən
bir sitat gətirmək istəyirəm. Bu sitatı elə sizin
qəzetdən oxuyaq: “Sosial sahədə, qeyd etdiyim kimi, 2009-cu
ildə də öz siyasətimizi davam etdirəcəyik. Son
beş il ərzində bu sahədə çox böyük
nailiyyətlər əldə edilibdir. Azərbaycanda təhsil,
səhiyyə, mədəniyyət, idman sahəsindəki
nailiyyətlər haqqında qürurla danışa bilərik.
Bu sahədə sözün əsl mənasında,
böyük dönüş yarandı və artıq əldə
edilmiş nailiyyətlər əsasında biz növbəti
illərdə də bu siyasəti davam etdirməliyik. Yəni
son beş il ərzindəki uğurlar, nailiyyətlər
növbəti beş il üçün də həm əsasdır,
həm də örnəkdir”.
— Siz o sitatı oxuyanda mən
diqqət yetirdim, dövlət başçısının
qürurla söz açdığı siyahıda ilk sahə
təhsil sistemi oldu.
— Sonrakı sahələri
necə sıraladıq? Səhiyyə, mədəniyyət,
idman. Bilirsinizmi, hər bir fərd–həkim, mədəniyyət
işçisi, idman ustası və ya kim olursa-olsun, onun
inkişafı üçün təməl 6 yaşından —
müəllim qarşısında, məktəbdə
oturduğu günlərdən qoyulur. Ona görə də
dövlətin təhsil sisteminə daha böyük önəm
verməsi tamamilə təbiidir. Sivil ölkələrdə,
dünyəvi dövlətlərdə — mən çox
şadam ki, bu gün Azərbaycan həmin siyahıda ön
yerlərdən birindədir — həmişə belə olub və
olacaq.
Yadınızdadırmı, ötən il Dünya Bankı özünün illik hesabatında Azərbaycanı ən islahatçı ölkə adlandırmışdı? Bizim, yəni Azərbaycan təhsil sisteminin — mən bir qədər sonra sırf Bakı Şəhər Təhsil İdarəsi barədə danışacağam, amma bu məqamda söhbət bütövlükdə Azərbaycan təhsil sistemindən gedir — əldə etdiyi bütün nailiyyətlər məhz respublikada həyata keçirilən köklü islahatların nəticəsində mümkün olubdur. Həmin islahatlardan biri də təhsil müəssisələrinin maddi-texniki bazasının əsaslı şəkildə yeniləşdirilməsidir. Cənab Prezident ikinci dəfə dövlət başçısı seçiləndən sonra — ötən il oktyabrın 24-də keçirilən andiçmə mərasimində bu yeniləşməni xatırladaraq demişdi: “Son beş il ərzində Azərbaycanda 1600 yeni məktəb tikilibdir. Yüzlərlə məktəb təmir olunubdur. Bütövlükdə Azərbaycanda 4500 məktəb var. Yararsız vəziyyətdə olan məktəblər sökülüb, onların yerində ən müasir standartlara cavab verən məktəblər tikilibdir. Bütün məktəblərdə kompyuterləşmə prosesi aparılır və bütün məktəblər internetə qoşulur. Əgər beş il əvvəl hər 1000 şagirdə 1 kompyuter düşürdüsə, indi təxminən 30 şagirdə 1 kompyuter düşür. Bax, budur bizim gələcəyimiz”. Ona görə də, öndə adı çəkilməli məqamlar məhz bu şəkildə sıralanır. Bütövlükdə ölkənin inkişaf etdiyinə görə biz həmin uğurları qazana bilirik.
— Nailə xanım, siz Dünya Bankının Azərbaycanı ən islahatçı ölkə adlandırmasını yada saldınız. Elə sizin rəhbərlik etdiyiniz qurumun yaradılması da ölkəmizdə aparılan təhsil islahatlarının nəticəsidir.
— Bəli, belədir. Ancaq bu barədə əvvəlki müsahibələrimizdə söz açdığımıza görə indi daha çox bir məsələni qabartmaq istəyirəm. Ölkədə islahatların aparılmasına start verən və bu prosesi daim diqqət mərkəzində saxlayan liderin demokratik təfəkkürlü, sivil dünya görüşlü olduğuna görə bütün qurumlarda iş prinsipi daha çox demokratik xarakter alır. Bakı Şəhəri üzrə Təhsil İdarəsi də məhz paytaxtın təlim-tərbiyə müəssisələrində demokratik idarəetmənin təkmilləşdirilməsinə xidmət edir.
— Məsələn, bu dediklərinizi həyata keçirmək üçün neyləyirsiniz?
— Əvvəla, əksmərkəzləşdirmə prosesini daha da dərinləşdirdik. Yəni, məktəblərin özünüidarəetməsinə geniş imkan verdik. Bilirsinizmi, təlim, tərbiyə, tədris prosesi özlüyündə elə yaradıcı bir sahədir. Burada tərbiyəçiyə şablon vermək, müəllimin fəaliyyətini çərçivəyə salmaq, direktorların və onün müavinlərinin fəaliyyətini eyni şəkildə qurmaq qətiyyən yolverilməzdir. Bu gün dünyanın ən inkişaf etmiş ölkələrinin təhsil təcrübəsi var. Həmin ölkələrin təhsil sisteminin əldə etdiyi nailiyyətlərin təməlində məhz bu amil — sərbəstlik, müstəqillik, özünüidarəetmə prinsipləri — yəni demokratik idarəetmə meyarları durur. Odur ki, biz paytaxt məktəblərində bu tendensiyanın təməlini qoyduq və müsbət nəticəsini gördük.
İkinci, yeni idarəetmə mexanizmləri tətbiq olunmaqla yanaşı, həm də nəzarət işi gücləndirildi. Unutmaq olmaz ki, bizim cəmiyyət 70 il totalitar rejimdə yaşamış insanlardan ibarətdir. Ona görə də 90-cı illərin əvvəllərində postsovet məkanının hər yerində birdən-birə demokratiya verilmiş insanlar necə xaos və anarxiya yaratmışdılar. Heydər Əliyev kimi siyasətçilər insanlara demokratiya verməklə yanaşı, cəmiyyətin axarına nəzarəti də gücləndirdilər və bu axar düzgün məcraya yönəldildi. Odur ki, biz təhsil müəssisələrində yeni idarəetmə mexanizmlərini tətbiq etməklə yanaşı nəzarət işini də gücləndirdik.
Üçüncü, inkişaf etmiş ölkələrin hamısında hər bir təhsil müəssisəsinin öz nizamnaməsi mövcuddur. Özünü bütün dünyada doğrultmuş bu təcrübənin Bakı məktəblərində də tətbiqi fəaliyyətin düzgün istiqamətləndirilməsinə səbəb oldu. Mövcud nizamnamələrə yenidən baxıldı və əlavələr edildi. Yeni açılan məktəblərin nizamnamələri isə Bakı Şəhəri üzrə Təhsil İdarəsində təsdiq edildi. Bunu söyləyərkən bir məsələni də qeyd etmək zərurəti var. Belə ki, məktəbin kollektivi nizamnamə tərtib edibsə və həmin sənəd təsdiq edilibsə, bu o demək deyil ki, həmin məktəb öz fəaliyyətində tamamilə sərbəst buraxılır. Qətiyyən belə deyil. Əksinə, nizamnamənin təsdiq edilməsi məktəb kollektivlərinin məsuliyyətini daha da artırır. Çünki biz nizamnamənin təsdiq edilməsindən sonra məktəblərin məhz həmin sənəd əsasında fəaliyyət göstərməsinə nəzarət edirik. Qətiyyətlə deyə bilərəm ki, bu nəzarət Azərbaycan dövlətinin, xüsusən milli təhsilimizin yorulmaz təəssübkeşi olan cənab İlham Əliyevin qarşıya qoyduğu əsas məqsədə — təhsilin keyfiyyətinin daha da yaxşılaşdırılmasına xidmət edir.
Dördüncü, məlum məsələdir ki, təhsilin keyfiyyətinin müasir standartlar səviyyəsinə qaldırılmasında məktəblə, müəllimlə, pedaqoji kollektivlə yanaşı valideynlər də mühüm rol oynayırlar. Bu, dünya təhsil təcrübəsində özünü çoxdan sübut etmiş faktdır. Elə ulu öndər Heydər Əliyev də bizim sahə barədə danışarkən məktəbin valideynlərlə daha sıx əlaqədə işləməsi zərurətini dönə-dönə xatırladırdı. Odur ki, biz təhsil müəssisələrinin idarə edilməsində, məktəblərin fəaliyyətinin düzgün istiqamətləndirilməsində valideyn komitələrinin həyata keçirə biləcəyi tədbirlərə böyük önəm verdik. Bu komitələr ənənəvilikdən çıxarılaraq çevik, istənilən məsələyə dərhal və obyektiv münasibət bildirən, reaksiya verən ictimai quruma çevrildi. Üstəlik, Valideyn-Müəllim Assosiasiyaları da yaradıldı (bu qurumların bir çoxu əvvəllər də mövcud olsa da əslində elə bir fəaliyyətləri yox idi) və həmin assosiasiyaların imkanlarını ümumi işin, yəni təhsil və tərbiyə prosesinin təkmilləşdirilməsinə istiqamətləndirə bildik.
Qeyd etdiyim bütün bu yenilikləri reallaşdırmaq, onları səmərəli etmək üçün müxtəlif bölgələr üzrə məktəb rəhbərləri üçün treninqlər təşkil etdik. “İdarəetmə funksiyalarının yeni məzmun və formaları”, “Məktəbdaxili rəhbərlik və nəzarətin səmərəli təşkili”, “Məktəb pedaqoji şurasının funksiyaları və onun işinin təşkili” mövzularında təşkil edilən treninqlər bütün məktəb rəhbərləri tərəfindən maraqla qarşılandı və hamı üçün səmərəli oldu.
— Mütəxəssislər sizin idarənin başqa bir uğurunu da tez-tez yada salırlar. Bu, müəllimlərin və təhsil müəssisələrinin rəhbər kadrlarının işə qəbul edilməsi zamanı tətbiq edilən mexanizmlərin yeniləşdirilməsindən ibarətdir.
— İndi mən və ya idarəmizin məsul işçilərindən hansısa desə ki, paytaxt məktəblərində çalışan bütün pedaqoji kadrlar aydan arı, sudan durudur, yəqin ki, biz səmimi olmarıq, siz də inanmazsınız. Çünki iş olan yerdə nöqsan da olur. Əsas məsələ həmin nöqsanların aşkara çıxarılması və aradan qaldırılmasıdır. Ona görə də biz kadrların keyfiyyət tərkibinin yaxşılaşdırılması, öz işinin öhdəsindən gələ bilməyən, hələ də köhnə metodlarla işləməyə üstünlük verən təhsil müəssisələri rəhbərlərinin gənc, enerjili, savadlı və islahata, yeniliyə meyilliliyi ilə seçilən kadrlarla əvəz olunmasını təmin etdik. Bu əvəzləmələr kor-koranə edilmədi. Elə məktəb rəhbərləri var idi ki, bugünkü islahatlarla, yeniliklərlə ayaqlaşa bilməsə də ötən illərdə kifayət qədər səmərəli pedaqoji xidmətləri olmuşdur. Belə adamları “sən daha pedaqoji işə yaramırsan” — deyə tamamilə kənarlaşdırmaq heç bir ölçü-biçiyə düz gəlməzdi. Ancaq elə kadrlar da var idi ki, onlar mütləq, birbaşa tutduğu vəzifədən kənarlaşdırılmalı idi. Biz bunu Azərbaycan təhsili, paytaxtın pedaqoji sisteminin təəssübkeşliyi naminə etdik.
Bu məqamda bir məsələni də xüsusilə qeyd etmək istərdim. Paytaxtın təhsil müəssisələrində yeniliklərlə ayaqlaşa bilməyən və zamanın tələblərinə cavab verməyən rəhbər kadrlar gələcəkdə də yeniləri ilə əvəzlənəcəkdir. Ona görə də biz artıq iki ildir ki, kadrların daha səmərəli yerləşdirilməsi məqsədiylə “Rəhbər təhsil işçiləri bankı” yaratmışıq. Həmin bankda təhsil işçilərimizin yaşı, təhsili, təcrübəsi, nailiyyətləri, dərs yükü, peşəkarlığı, elmi səviyyəsi, eyni zamanda, kollektivdə və cəmiyyətdə nüfuzu da daxil olmaqla bütün məlumatları cəmləşdirilibdir. İstənilən kadr əvəzlənməsi zamanı həmin banka müraciət etdiyimizə görə məktəblərdə yeni pedaqoji işçilərin qəbulunda yol verilən subyektivliyə və xoşagəlməz hallara son qoyulubdur. Eyni zamanda, adı çəkilən bankın zənginləşdirilməsi istiqamətində də işləri davam etdiririk.
— “Rəhbər təhsil işçiləri bankı”nın təkcə məktəblərin rəhbər işçilərinin təyin edilməsi üçün yaradıldığı barədə fikirlər də səslənir.
— Qətiyyən elə deyil. Söhbət məktəblərdə pedaqoji işçilərin qəbulundan gedirsə, deməli həmin fikir tamamilə yanlışdır. Qeyd edilən bank heç bir əsas olmadan yaradılan süni vakansiyaların qarşısını alır. Məktəbə yeni müəllim götürülərkən öyrənilir ki, bu təhsil müəssisəsində həmin ixtisas üzrə müəllimlərin orta dərs yükü şərti şəkildə qəbul edilmiş 18 saat həddindən azdır, ya çox. Yəni məktəbdə müəllim ola-ola yeni müəllimin götürülməsinin qarşısı alınır. Bu isə nəticədə şəhərin ayrı-ayrı əraziləri üzrə fərqli müəllim sıxlığının aradan qaldırılmasına kömək edir. Çox təəssüf ki, son zamanlara qədər şəhərin müxtəlif rayonlarında bu məsələ bir problem olaraq qalırdı. Bir məktəbdə, tutaq ki, xarici dil müəllimi çatışmır, şəhərin o biri rayonundakı məktəbdə isə xarici dil müəllimləri 5-6 saat dərs yükü ilə işləyir. Biz belə anormallıqların qarşısını aldıq.
— Ondan başqa Bakı məktəblərində ibtidai siniflərdə “yığma saatlarla” işləyən müəllimlər də çox idi.
— Bəli, var idi və indi də
var. Biz həmin məsələnin həlli istiqamətində
müəyyən addımlar atdıq və bu şəkildə
işləyən müəllimlərin sayının xeyli
azaldılmasına nail ola bildik. Məsələn, yeni açılan məktəblərə
“yığma saatlar” hesabına işləyən müəllimlərin
köçürülməsini təmin etdik. Nəticədə bir çox məktəblərimizdə
ibtidai sinif müəllimlərinin sıxlığı
azaldı, kadr çatışmayan məktəblərin isə
nisbətən səriştəli və peşəkar kadrlarla
təminatı yaxşılaşdı. Onu
da qeyd edim ki, bu üsul təkcə ibtidai sinif müəllimlərinin
yerləşdirilməsində yox, həm də digər ixtisas
müəllimlərinin də dərslə təminatında tətbiq
edilir. Mövcud potensialdan səmərəli
istifadəyə üstünlük verməklə
lazımsız sıxlığa son qoya biləcəyik. Bu zaman bir təbii amil də bizə kömək edəcəkdir.
Belə ki, son 7-8 ildə birinci sinifə gələn
uşaqların sayı ya azalır, ya da elə bir artım
olmurdu. Yeni dərs ilində isə birincilərin
sayı 2006-cı ildəkinə nisbətən 1573 nəfər
artıbdır. Bu isə yeni siniflərin
açılması nəticəsində, “yığma saatlar”
hesabına işləyən müəllimlərin azalması
deməkdir. Bundan başqa həm dövlətin,
həm də Heydər Əliyev Fondunun xətti ilə inşa
edilən məktəblər istifadəyə verildikcə bu
problem də öz həllini tapacaqdır. Yeri
gəlmişkən, mən bir məsələni də qeyd
edim. Nədənsə, siz bu barədə
sual vermirsiniz. Bizim fəaliyyət sahəmizin
mühüm tərkib hissələrindən biri də məktəbəqədər
təhsil müssisələridir. Belə tərbiyə
və təhsil müəssisələrinin ixtisaslı
kadrlarla təmin edilməsi daha vacib məsələlərdəndir.
Yenə də təəssüflə deyirəm
ki, həmin müəssisələrə işçi
götürülərkən çoxsaylı nöqsanlara yol
verilmişdi. İndi həmin nöqsanlar
tamamilə aradan qaldırılıb. Qeyri-pedaqoji
və qeyri-ixtisas təhsillilərin bu sahəyə işə
qəbul edilməsinə birdəfəlik son qoyulub. Əvvəllər işə qəbul edilmiş belə
kadrlar isə yenidənhazırlanma təhsilinə cəlb
ediliblər.
— Nailə xanım, təbii
ki, dövlət başçımız “Biz neft sahəsindən
əldə edilən kapitalı insan kapitalına çevirəcəyik”
— deyəndə ilk növbədə təhsil sisteminin
müasir elmi-texniki nailiyyətlərlə
ayaqlaşmasını, sonra isə cəmiyyətin
inkişafı üçün gərəkli olan kadrların
hazırlanmasını nəzərdə tuturdu.
— Ümumiyyətlə, mən
kütləvi informasiya vasitələrinin suallarını
cavablandırarkən bu məsələyə xüsusi önəm
verirəm. Çünki cənab Prezidentin də
dediyi kimi, elə dövlətlər var ki, heç bir təbii
sərvəti olmadığı halda, məhz yüksək
intellektual səviyyəli kadrlar hesabına çox
böyük inkişafa nail olublar. “Bütün
inkişafın təməli orta məktəbdə qoyulur”, —
deyənlər isə tamamilə haqlıdırlar. Ona görə də Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin rəhbərliyi gənc nəslin
daha intellektual səviyyədə böyüməsi
üçün müvafiq layihələr
hazırlamış və reallaşdırmışdır.
Yeni pedaqoji texnologiyaların və
innovasiyaların pedaqoji prosesə tətbiqi işi təkmilləşdirilmiş,
müəllimlərin yaradıcı fəaliyyəti bu səmtə
istiqamətləndirilmişdir. İnteraktiv
təlim metodu ilə işləyən müəllimlərin
qabaqcıl təcrübəsi ümumiləşdirilərək
paytaxtın bütün məktəblərində
yayılmışdır. Paytaxtın
bütün məktəblərində kompyuterləşdirmə
işləri başa çatdırılmışdır.
Bakı məktəblərinin 23-də internet,
308-də isə lokal şəbəkə fəaliyyət
göstərir. Nəsimi rayonundakı 23
nömrəli məktəbdə həyata keçirilən
“elektron məktəb” layihəsi uğurla sınaqdan
çıxmışdır. Hazırda
paytaxtın bütün məktəblərinin internet şəbəkəsinə
qoşulması istiqamətində tədbirlər həyata
keçirilir. Ancaq tədrisin səmərəliliyini
təkcə informasiya-kommunikasiya texnologiyalarının
geniş şəkildə tətbiqinin ümidinə buraxmaq da
mümkün deyil. Biz hələlik
biologiya, fizika, Azərbaycan tarixi və kimya fənnlərini
elektron dərsliklər vasitəsilə aparırıq.
Ona görə də yazılı dərsliklərə hələ
ehtiyac böyükdür və həmin ehtiyacın tamamilə
ödənilməsi təhsilin səmərəliliyini və
keyfiyyətini artırır.Bütün bu tədbirlərin nəticəsidir
ki, son iki ildə Bakı məktəblərinin məzunları
arasında ali məktəblərə qəbul
olunanların sayı 893 nəfər artmışdır.
İki il üçün bu, kiçik
göstərici deyil. Ancaq təkcə ali məktəblərə
qəbul olan məzunlarımızın sayı deyil, bir
çox başqa göstəricilər də kifayət qədər
artmışdır. Məsələn, 2006-cı ilin məzunları
arasında 600-dən çox bal toplayan
abituriyentlər 452 nəfər idisə, 2008-ci ildə bu
göstərici 702 nəfər olmuşdur. Bu, bizim müəllimlərimizin
və pedaqoji işçilərimizin il
boyu davam edən gərgin əməyinin nəticəsidir. Çox şadam ki, dövlət bizim əməyimizi
həmişə yüksək qiymətləndirir və öz
qayğısını əsirgəmir.
— Elə növbəti
sualı da bu istiqamətdə vermək istəyirdik.
— Bəli, məktəbin fəaliyyətini
şərtləndirən, bilavasitə təhsilin keyfiyyətinə
təsir edən amillərdən biri müəllim əməyinin
stimullaşdırılması, qabaqcıl təcrübənin
öyrənilərək yayılmasıdır. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına
uyğun olaraq keçirilən “Ən yaxşı ümumtəhsil
məktəbi” və “Ən yaxşı müəllim”
müsabiqələrində məktəblərimizin və
müəllimlərimizin əldə etdiyi nəticələr
ürəkaçan olmuşdur. Belə ki, müəllimlərimizin
42 nəfəri ölkənin 100 ən yaxşı müəllimi,
14 məktəbimiz isə 50 ən yaxşı ümumtəhsil
məktəbi sırasına daxil olmuşdur. Bundan başqa,
son beş ildə digər sahələrin əməkdaşları
kimi pedaqoji işçilərin də sosial problemlərinin həll
edilməsi istiqamətində dövlətin həyata
keçirdiyi tədbirlər müəllimlərimiz tərəfindən
yüksək qiymətləndirilir. Elə bayaq
sizin qeyd etdiyiniz tədbirdə — Nazirlər Kabinetinin 16 yanvar
tarixli geniş iclasında da qeyd edilmişdir ki, 2008-ci ildə
əhalinin rifahının
yaxşılaşdırılması, büdcədən maliyyələşən
təşkilatlarda çalışan işçilərin əmək
haqlarının artırılması üçün ölkə
Prezidenti tərəfindən bir sıra sərəncamlar
imzalanmışdır. Bu sərəncamlarla
elm, təhsil, səhiyyə, mədəniyyət və
başqa bir çox sahələrdə
çalışanların aylıq əmək haqları orta
hesabla 50 faiz artmışdır. Biz bu
qayğıdan məmnunuq.
— Nəhayət, sonda demək
istədikləriniz...
— Bizim fəaliyyətimizin səmərəli
qurulmasına yaradılan imkanlara görə Təhsil
Nazirliyinin rəhbərliyinə və paytaxtın icra
orqanlarına öz minnətdarlığımızı
bildiririk.Oxucularınıza isə Azərbaycanın daha firavan
sabahının qurulmasında fəal iştirak
arzulayırıq.
— Maraqlı söhbətə
görə təşəkkür edirik!
Müsahibəni qələmə aldı:
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.-2009.-28 yanvar.-S.4.