ABŞ-ın yeni seçilmiş prezidenti qondarma erməni soyqırımını tanımayacaq

 

Ermənistanın Siyasi İqtisad İnstitutunun direktoru Andranik Tevanyan bu qənaətdədir

 

Ermənistanın tanınmış politoloqu, Siyasi İqtisad İnstitutunun direktoru Andranik Tevanyan yerli kütləvi informasiya vasitələrinə müsahibə verərkən Türkiyə-Ermənistan münasibətlərinə də toxunub. Politoloq deyib ki, son vaxtlar iki ölkə arasında əlaqələr qurulur, sərhədlərin açılması istiqamətində maraqlar artır. Onun qənaətinə görə, 2008-ci ildə Ermənistanda yadda qalan ən böyük siyasi hadisə Türkiyə Prezidentinin bu ölkəyə səfəri olub.

A.Tevanyan jurnalistlərin “Türkiyə ilə Ermənistan arasındakı sərhədlər açılarsa, bundan ən çox hansı ölkə qazanacaq” – sualına fikirləşmədən “Təbii ki, Türkiyə” cavabını verib. Politoloq deyib ki, Ermənistanda ümumi daxili məhsul istehsalı yoxdur. Ona görə Türkiyədə istehsal olunan müxtəlif çeşidli mallar erməni sahibkarları, həmçinin biznesmenləri tərəfindən alınıb burada baha qiymətə çatılacaq. Bu, Türkiyənin iqtisadi qüdrətini daha da artıracaq. O, bu məsələnin siyasi tərəfinə aydınlıq gətirərək deyib ki, iki ölkə arasındakı sərhədlər açılandan sonra Ermənistan rəhbərliyi türklərin erməni soyqırımı törətməsi iddiasından tədricən əl çəkəcək. Əks təqdirdə Türkiyə tərəfi əlaqələri dayandırar. Bu da Ermənistana sərf etmir.

Politoloq son hadisələrə qiymət verərkən Ermənistan rəhbərliyinin acizliyini, diplomatik uğursuzluğunu xüsusi vurğulayıb. Bildirib ki, Ermənistan rəhbərliyi ölkədə yaranmış aclıq qıtlığı qismən olsa Türkiyə ilə sərhədləri açmaq hesabına aradan qaldırmaq istəyir. Ona görə Ermənistanı Türkiyənin qarşısında boynubükük dayanmış aciz uşağa bənzədib.

A.Tevanyan son vaxtlar qondarma erməni soyqırımının tanınması barədə fikirlərin səsləndirilmədiyini diqqətə çatdırıb. O, əminliklə bildirib ki, ABŞ-ın yeni seçilmiş Prezidenti Barak Obama da erməni soyqırımını tanımayacağını bəyan edəcək. Onun hərəkətlərindən bunun açıq sezildiyini deyən politoloq ABŞ-da fəaliyyət göstərən güclü erməni lobbisinin bu sahədə fəaliyyətini dayandırdığını diqqətə çatdırıb. A.Tevanyan ümumiyyətlə, ABŞ-da erməni soyqırımının tanınmasının dövlət səviyyəsində qarşısının alındığını deyib ötən il bu məsələnin Konqresin müzakirəsinə çıxarılmasına sabiq Prezident Corc Buş sabiq dövlət katibi Kondaliza Raysın da razılıq verməməsini xatırladıb. Bundan başqa həmin sənədə imza atan bir neçə konqresmenin sonradan öz imzalarından imtina etmələri Azərbaycan-Amerika münasibətlərinin getdikcə yaxşılaşması da erməni soyqırımının ABŞ-da qəbul edilməməsinə öz təsirini göstərmişdir. Erməni politoloqu etiraf edib ki, son illər ABŞ Ermənistanla müqayisədə Azərbaycanla əməkdaşlığa daha çox maraq göstərir. O, amerikalı diplomatların erməni soyqırımını qəbul etməmələri ucbatından Ermənistana iki il səfir təyin edilmədiyini jurnalistlərin diqqətinə çatdırıb. Qeyd edib ki, ABŞ-ın Ermənistandakı indiki səfiri fəaliyyətə başladığı vaxtdan bu günə qədər hələ soyqırım barəsində söhbət açmayıb.

A.Tevanyan ABŞ-ın yeni seçilmiş Prezidenti Barak Obamanın Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşdırılmasının tərəfdarı olduğunu bildirib. Ona görə hesab edir ki, onun erməni soyqırımı məsələsinə qayıtması inandırıcı görünmür. Çünki yeni seçilmiş Prezident deyib ki, bu məsələnin qabardılması iki ölkə arasındakı münasibətləri korlaya bilər. O, Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşdırılmasının tərəfdarıdır.

Politoloq beynəlxalq qurumların Ermənistana qarşı münasibətlərində soyuqluq yarandığını bildirib. Onun fikrincə, son hadisələrin gedişi göstərir ki, Ermənistanın beynəlxalq aləmdəki mövqeləri xeyli zəifləyib, nüfuzu heçə enib. Bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycan tərəfinin mövqelərinə daha çox üstünlük verilir. Politoloq bunu Ermənistan diplomatiyasının iflası kimi qiymətləndirib. O, gələcəkdə Ermənistanı daha ağır fəlakətlərin gözlədiyini deyib.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti .-2009.-28 yanvar.-S.6.