Ataxan PAŞAYEV: 26 Bakı
komissarlarının bədnam fəaliyyəti ilə
bağlı arxiv sənədləri
açıqlanmışdır
Artıq
Bakının mərkəzindəki “Sahil” bağında 26
Bakı komissarının məzarı yoxdur. Adları Azərbaycanın
XX əsr tarixində qara ləkə kimi qalmış
komissarların cəsədləri Bakı Şəhər
İcra Hakimiyyətinin qərarı ilə şəhər qəbiristanlığına
köçürülmüşdür. 26 komissarın
1920-ci il sentyabrın 10-da dəfn edildiyi məzarlıq
Azərbaycan Milli Elmlər Akademiyası və respublika Səhiyyə
Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya
Birliyinin aparıcı mütəxəssislərinin
iştirakı ilə açılmışdır. Məhkəmə-tibbi-
kriminalistik tədqiqatların nəticələrinə görə,
məzarlıqda aşkar edilmiş skelet sümükləri kişi cinsindən olan 23 şəxsə məxsusdur.
Onlardan 11-nin yaş həddi 20-29, 10-nun yaş həddi
30-39, 2-nin yaş həddi isə 40-dan yuxarıdır. Skelet sümüklərində aşkar edilmiş
çoxsaylı xəsarətlər həmin şəxslərin
odlu silahla qətlə yetirildiyini sübut edir. Cəsədlər
bu il yanvarın 26-da müsəlman, xristian
və yəhudi din xadimlərinin iştirakı ilə
müvafiq dini ayinlər icra olunmaqla şəhər qəbristanlığında
dəfn edilmişdir.
Hazırda məzarlıqda aparılmış ekspertizanın nəticələri ilə bağlı Milli Elmlər Akademiyası, Səhiyyə Nazirliyi və Milli Arxiv İdarəsi tərəfindən geniş və hərtərəfli elmi tədqiqat işlərinin aparılmasına başlanmışdır. Beləliklə, sovet hakimiyyəti illərində Azərbaycan tarixinin müvafiq dövrünün saxtalaşdırılmış bir çox məsələlərinin yenidən araşdırılmasına və doğru-düzgün işıqlandırılmasına imkan yaranmışdır.
Məsələ ilə bağlı Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi, tarix elmləri doktoru Ataxan Paşayevin fikirlərini öyrəndik.
— Ataxan müəllim, Bakı ŞİH-nin 26-ların məzarının köçürülməsi haqqındakı qərarı, zənnimizcə, çoxdan gözlənilən addım idi...
—Bilirsinizmi, şəhərin mərkəzində qəbiristanlığın saxlanması dünyanın heç bir yerində, heç bir dövlət tərəfindən məqsədəuyğun hesab olunmur. 26 Bakı komissarının vaxtilə şəhərin mərkəzində salınmış məzarı sadəcə olaraq köçürülüb və bu köçürmə prosesinə Azərbaycanın müvafiq idarələri tərəfindən humanistcəsinə yanaşılıb. Baxmayaraq ki, ermənilər XX əsr boyunca hazırda Ermənistan adlanan Qərbi Azərbaycan torpaqlarında yaşamış azərbaycanlılara qarşı misli görünməmiş deportasiya, soyqırım siyasəti həyata keçiriblər. Həmin ərazilərdəki məscidlərimiz, qəbiristanlıqlarımız ermənilər tərəfindən yerlə-yeksan edilib. Eləcə də 26 Bakı komissarının başçısı olmuş Stepan Şaumyanın rəhbərliyi və birbaşa göstərişi ilə Azərbaycanın paytaxtı Bakı şəhərində və bir sıra rayonlarda yerli əhaliyə qarşı kütləvi qırğınlar törədilib. Bunun müqabilində əksəriyyəti ermənilərdən ibarət olan komissarlara qarşı olduqca humanist, sivil münasibət göstərilib. Eyni zamanda, köçürülmə prosesinə bütün dini icmaların nümayəndələri cəlb edildi, yenidən dəfn olunma mərasimi müvafiq dini ayinlərin icrası şəraitində həyata keçirildi.
Məlum olduğu kimi, Bakı şəhəri günbəgün inkişaf edir, böyüyür, ona görə də şəhərin mərkəzi hissəsində belə bir qəbiristanlığın saxlanması məqsədəuyğun deyil. Bu, nə birinci, nə də axırıncı köçürmədir. Belə köçürmələr tarixdə həmişə olub.
— Artıq ictimaiyyətimiz 26-ların bədnam fəaliyyəti ilə bağlı bir çox həqiqətləri bilir. Daha dürüstünü siz bilirsiniz. 26-ların Bakıda hakimiyyətə gətirilməsi və hakimiyyətdən salınması hansı tarixi şəraitdə baş verirdi?
— 26-ların rəhbəri olmuş Stepan Şaumyan Leninin ən yaxın silahdaşlarından idi və Bakı Xalq Komissarları Sovetinə birbaşa onun tərəfindən göndərilmişdi. Bu komissarlar 1918-ci ilin aprel-iyul aylarında Azərbaycanda sovet hakimiyyətini bərqərar etməli idilər. Lakin onların bədnam hakimiyyəti uzun sürmədi. 1918-ci ilin iyulunda seçkidə bolşeviklər, eser-menşevik və daşnaklara uduzdular. İkincilər Bakıda yeni hakimiyyət orqanı kimi Sentrokaspi diktaturasını yaratdılar. Onun yaranmasına ingilislər və fransızlar da kömək etdilər. Bu hakimiyyət Bakı Sovetinin rəhbərlərini — Şaumyanı, Əzizbəyovu, Fioletovu və s. həbs etdi.
Bu dövrdə, eyni zamanda, Qafqaz İslam Ordusu da Bakı istiqamətində irəliləyirdi. Artıq Kürdəmirə qədər gəlib çatmışdılar. Sentyabr ayının ortalarına yaxın Sentrokaspi hökuməti dağılmaq üzrə idi. Ancaq istər Bakı Sovetində, istərsə də Sentrokaspi hökumətində daşnaklar üstünlük təşkil edirdilər. Faktiki olaraq Azərbaycanda hakimiyyət onların əlində idi. Və onlar ingilis ordusunu Bakıya dəvət etdilər. Qafqaz İslam Ordusu Bakıya yaxınlaşanda isə ingilislər faktiki olaraq qaçmaqda idilər. Belə qarışıq bir vaxtda bolşeviklər 26-ların həbsxanadan qaçırılmasını təşkil etməyə müvəffəq oldular. Sonra 26-lar gəmi ilə Həştərxana göndərildilər. Lakin gəmidə olan ingilis zabitləri istiqaməti dəyişib onu Krasnovodska yönəldirlər. Burada isə ingilislər yerli Orta Asiya ağqvardiyaçıları ilə birgə onları həbs edərək güllələyirlər. Bundan sonra Leninin rəhbərliyi ilə Rusiya Kommunist (bolşevik) Partiyasında 26-ların taleyi ilə bağlı ciddi narahatlıqlar yaşanır. Bakı Fəhlə Konfransı 20 mart 1919-cu ildə 26-ların ölümü ilə əlaqədar tətil keçirmək çağırışı ilə çıxış edir. Rusiyanın xalq xarici işlər komissarı Çiçerin 1919-cu il aprelin 21-də Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə radioqram göndərir. Həmin il sentyabrın 20-də Rusiya K (b) P Qafqaz Vilayət Komitəsi və Bakı kommunist təşkilatları 26 Bakı komissarının ölümünün bir illiyi ilə əlaqədar vərəqələr yayır. Nəhayət, 20 dekabrda Türküstan Cəbhəsi İnqilab Şurasının üzvü V.Kuybışev Rusiya K(b)P MK-ya və Ümumrusiya MİK-in Rəyasət Heyətinə komissarların öldürüldüyü yerin tapılması haqqında teleqram göndərir, onların indiki Türkmənistanda, Perevalnaya və Ağcaqum stansiyaları arasında dəfn olunduğunu bildirir.
—Bəs onların Bakıda dəfn olunması barədə qərar necə qəbul edilir?
— 1920-ci il iyunun 13-də Bakı Soveti 26 komissarın cəsədlərinin Bakıya köçürülməsi xahişi ilə Leninə müraciət edir. 8 iyun 1920-ci ildə isə Ümumrusiya MİK Rəyasət Heyəti “26 Bakı komissarının cəsədlərinin köçürülməsi və dəfni haqqında” qərar qəbul edir. MİK eyni zamanda, cəsədlərin Bakıya köçürülməsi və orada dəfn olunması ilə bağlı bütün təşkilati işləri və xərcləri öz üzərinə götürdüyünü bildirir. Həmin il avqustun 30-da MİK Rəyasət Heyətinin katibi A.Yenukidze Bakı Sovetinin sədrinə daha bir teleqram göndərir və bildirir ki, cəsədlərin köçürülməsi Orconikidzenin rəhbərliyi ilə Bakıda Şərq xalqlarının qurultayı keçirilən günlərdə həyata keçirilsin. Nəhayət, 10 sentyabr 1920-ci ildə 26-ların cəsədləri Sahil bağında dəfn olunur. Dəfn mərasimi təntənəli şəkildə təşkil olunur, Bakı müəssisələrində çalışan insanlar Petrov meydanına axışır, elə bu vaxt 26-ların cəsədlərini gətirən gəmi sahilə yan alır. Silahlardan yaylım atəşləri açılır. Matəm musiqisinin müşayiəti ilə cəsədlər əvvəlcə Şaumyan, arxasınca Zevin, Əzizbəyov, Fioletov və digərləri olmaqla meydana gətirilərək dəfn edilir.
Amma maraqlıdır ki, bu gün məzarlıqdan 26 deyil, 23 cəsəd çıxarılıb. Eyni zamanda öndə Şaumyanın cəsədinin aparılması barədə məlumatlar verilmiş olsa da, keçən əsrin 90-cı illərində onun güllələnənlər arasında olmadığı və s. barədə mətbuatda yazılar verilirdi.
26 Bakı komissarının tərkibində faktiki olaraq iki nəfər azərbaycanlı olub: Məşədi Əzizbəyov və Mirhəsən Vəzirov. Onların da elə bir məsul vəzifələri olmayıb. Qalanlar əsasən ermənilərdən, ruslardan, gürcülərdən və yəhudilərdən ibarət olub. Şaumyanın rəhbərlik etdiyi Bakı Xalq Komissarları Sovetinin ölkədə kütləvi qırğınlar törətməsi çox ağır cinayət idi. Şaumyan, əslində Leninin adından sui-istifadə edib. Onu Lenin Zaqafqaziya işləri üzrə komissar göndərmişdi. O da Bakıda hakimiyyəti ələ keçirdikdən sonra Bakı, Quba, Şamaxı, Göyçay, Salyanda və başqa yerlərdə azərbaycanlılara qanlı divan tutmuşdu.
Lenin onu Bakıya ilk növbədə Azərbaycan neftinə sahibliyi qoruyub saxlamaq üçün göndərmişdi. Ona görə də Şaumyan ilk növbədə neft sənayesinin milliləşdirilməsi haqqında dekret verdi, Azərbaycan neftini Rusiyaya istiqamətləndirdi. Daxili siyasətdə isə o, əlinə imkan keçmişkən öz erməni xislətini büruzə verdi. O vaxt ictimai-siyasi vəziyyət belə idi ki, müharibədən çıxmış sovet Rusiyasının Qafqazda olan qoşun hissələri geri qayıdırdı. Bu qoşunların arasında çoxlu erməni alayları, diviziyaları vardı. Şaumyan onları öz tərəfinə cəlb etdi. Eyni zamanda, müharibədən qayıdan rus əsgərlərindən silahları pulla alırdı. Və bütün bu silahlardan yerli əhaliyə — azərbaycanlılara qarşı soyqırımı törədilməsində istifadə olunurdu.
Çox zaman sual olunur: yəni azərbaycanlılar 1918-ci ildə bu qədər əlsiz-ayaqsız, gücsüz idi ki, ermənilər belə böyük faciələr törədə bildilər? Axı 1905-1907-ci illərdə də ermənilər azərbaycanlılara qarşı baş qaldırmışdılar. Ancaq böyük faciələr törətməyə müvəffəq olmamışdılar. Onlara layiqincə cavab verilmişdi.
Məsələ bundadır ki, çar Rusiyası dövründə azərbaycanlıları əsgər götürmürdülər, onlar ancaq hərbi mükəlləfiyyət əvəzində vergi ödəyirdilər. Ermənilər isə orduya cəlb edilirdilər. Beləliklə, Şaumyan və onun ətrafında olanlar bu vəziyyətdən məharətlə istifadə etdilər. Eyni zamanda, Bakı Sovetində, demək olar ki, azərbaycanlı yox idi və hadisələrə təsir etmək imkanı da yox idi. Şaumyan isə Leninə teleqramlar göndərərək izah edirdi ki, yerli müsəlmanlar Bakıda hakimiyyəti ələ keçirsələr, bütün digər millətləri qıracaqlar. Ona görə də onlara hakimiyyət vermək olmaz. Şaumyan 31 mart Bakı qırğınlarına haqq qazandıraraq Leninə yazırdı ki, doğrudur, çox adam qırılıb, ancaq istədiyimizə nail olmuşuq, yəni hakimiyyəti ələ keçirmişik. Qubaya, Şamaxıya göndərdiyi hərbi hissələrin törətdiyi vəhşiliklər də onun əsl simasını göstərir. Yəni erməni hansı partiya adı altında gizlənsə də erməni olaraq qalır. 1907-ci ildə Yelizavetpol (Gəncə) qubernatoru Qafqaz canişininə yazırdı ki, ermənilər kütləvi surətdə Sosial-Demokrat Partiyasına daxil olsalar da, onlar birinci növbədə ermənidir. Yəni onlar hər şeydən əvvəl erməniliyə, erməni ideyasına xidmət edirlər. Şaumyan da Leninin yanında nə qədər etibar qazanmışdısa, bütün bunlardan sui- istifadə edərək erməni siyasətini həyata keçirirdi. Vaxtilə ruslar tərəfindən Qafqaza köçürülmüş ermənilər sovet hökumətinin yaranmasından məharətlə istifadə etdilər. Tarixən vətənsiz olan ermənilər bütün dünyada özlərinə yuva axtarırdılar. Və bu yuvanı tarixi Azərbaycan torpaqlarında tapdılar. Eyni zamanda, azərbaycanlılardan fərqli olaraq ermənilər və gürcülər siyasi fəallıq göstərirdilər. 1918-ci ilin mayında cəmi 9,5 min kvadrat kilometr ərazisi olan Ermənistan sonrakı illərdə ərazilərini daha da genişləndirə bildi. Təbii ki, Azərbaycan torpaqları hesabına.
— Qəbirlərin köçürülməsi zamanı 26 deyil, 23 cəsədin tapılmasını necə izah etmək olar?
— Bəli, məzarlığın köçürülməsi ilə bağlı məlumatda bildirilir ki, 23 cəsəd aşkarlanıb. Faktiki olaraq 3 cəsəd tapılmayıb. Amma bilinmir ki, tapılmayan məhz kimlərin cəsədidir. Məhkəmə-tibbi-kriminalistik tədqiqatların nəticəsində göstərilir ki, 2 nəfərin yaş həddi 40-dan yuxarıdır. 26-ların siyahısı ilə müqayisə etdikdə yaşın nəzərə alsaq yəqin ki, bu 2 nəfər Əzizbəyov və Tatevos Amirovdur (Arsen Amiryanın qardaşı).
Bir məsələni də qeyd edə bilərəm: 1918-19-cu illərdə Azərbaycanın Tiflisdəki nümayəndəliyinə belə bir məlumat gəlib ki, guya Şaumyan Hindistandadır. Sonra akademik Ziya Bünyadovun da bu məsələ ilə bağlı yazısı olmuşdu. Amma bütün bunlar söz-söhbət olaraq qaldı.
Əslində 1920-cı il sentyabrın 10-da 26-ların dəfni ilə bağlı məlumatda bildirilirdi ki, dəfn zamanı qəbirlərə 26 tabut basdırılıb. Ola bilsin ki, tabutlardan 3-nün içi boş olub. Sadəcə, ümumi sayı 26-ya çatdırmaq üçün belə edə bilərdilər.
— Ataxan müəllim, müstəqillik illərində çoxlu arxiv sənədləri açılıb elmi ictimaiyyətin istifadəsinə verildi və saxtalaşdırılmış tariximizin bir çox həqiqətləri üzə çıxdı. 26-larla bağlı sənədlərin öyrənilməsi sahəsində vəziyyət necədir?
— Azərbaycanın Milli Arixv İdarəsində 26-larla bağlı kifayət qədər arxiv materialları qorunub saxlanıb və onlardan işlənməmiş heç bir sənəd qalmayıb. Onların hər birinin şəxsiyyəti, fəaliyyəti hərtərəfli öyrənilib. Amma tariximizin bu dövrü ilə bağlı doğru-düzgün məlumatlar ictimaiyyətə çatdırılmayıb. İndi bizim vəzifəmiz bütün həqiqətləri olduğu kimi xalqa çatdırmaq, uzun illər bütə çevirdiyimiz bu insanların əsl simasını açmaqdır. Biz onların adlarını əbədiləşdirmişik, xatirələrinə abidələr, heykəllər ucaltmışıq. Bəs onlar Azərbaycana nə veriblər? Əslində, zülm və məşəqqətdən başqa heç nə! Bakıda hakimiyyəti ələ keçirmiş bolşevik, eser, menşevik və daşnaklardan ibarət qruplar bütün güclərini Azərbaycan xalqına qarşı mübarizəyə yönəltmişdilər. Beləliklə, saxtalaşdırılmış tariximizin paxırını təmizləməliyik.
Mən özüm 1988-ci ildən bu dövrlə bağlı araşdırmalar aparıram. 2001-ci ildə çıxmış “Açılmamış səhifələrin izi ilə” kitabımın üçdə iki hissəsi bu mövzuya həsr olunub. Burada Bakıda törədilmiş 1918-ci il mart faciəsi (11 min insan həlak olub), Şamaxı (20 mindən çox insan öldürülüb), Zəngəzur, Quba qırğınları, Qarabağ bölgəsində erməni vəhşilikləri və s. haqqında ətraflı məlumat verilir.
Müsahibəni qələmə
aldı:
Paşa ƏMİRCANOV
Xalq qəzeti.-2009.-29 yanvar.-S.5.