Bakıətrafı qəsəbələrin sosial-iqtisadi problemləri həll edilir

 

Azərbaycan son illər iqtisadi artım üzrə dünyada lider dövlətə çevrilmişdir. Ötən ildə də iqtisadiyyatın bütün sahələrində irimiqyaslı islahatların sistemli və düşünülmüş şəkildə davam etdirilməsi respublikamızı dünyanın ən islahatçı ölkəsi kimi tanıtmışdır. Belə inkişaf, dinamika ölkəmizin şəhər, rayon və qəsəbələrinin simasını əsaslı şəkildə dəyişmiş, insanların rifah halını yaxşılaşdırmışdır. Belə yaşayış sahələrindən biri də Suraxanı rayonunun Hövsan qəsəbəsidir. Son illər həyata keçirilən bir sıra tədbirlər nəticəsində qəsəbədə əsaslı irəliləyişə nail olunmuşdur. Bu barədə qəsəbə nümayəndəliyinin yaxın günlərdə keçirilən hesabat yığıncağında ətraflı danışılmışdır.

Qəsəbə üzrə nümayəndə A.Əliyev çıxışında göstərmişdir ki, ötən il Hövsan kəndində yerləşən 118 saylı məktəbin qazanxanası əsaslı təmir edilmişdir. Qəsəbənin köhnə elektrik xətləri yeniləşdirilmişdir. Hövsan kəndinin kanalizasiya xəttinin təzələnməsi məqsədilə yeni layihə hazırlanmışdır. 30 saylı Suraxanı birinci Dairə Seçki Komissiyasının yeni binası istifadəyə verilmişdir. 1 saylı Zeytun sovxozunun yataqxanasında məskunlaşmış 18 qaçqın ailəsi üçün su xətti çəkilmişdir...

Qəsəbə nümayəndəsi yaşayış sahəsində problemlərin mövcudluğuna da toxunmuşdur. Qeyd etmişdir ki, bütün məktəblərdə əlavə tədris korpuslarının tikilməsinə ciddi ehtiyac duyulur. Qəsəbənin bəzi yollarının asfaltlanması bu yaşayış sahəsinə yeni su kəmərinin çəkilməsi, elektrik şəbəkəsinin yenidən qurulması s. həllini gözləyən məsələlərdəndir.

İclasda Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Əhməd Talıbov iştirak etmiş, qəsəbə sakinlərinin üzləşdikləri çətinliklərin tez bir zamanda aradan qaldırılacağına əminliyini bildirmişdir.

Rayonun Əmircan qəsəbəsində ötən ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş hesabat iclası keçirilmişdir. İclasda qəsəbə üzrə nümayəndə Hacıbala Eyvazov çıxış edərək 2008-ci ildə görülən işlər barədə ətraflı məlumat vermişdir. H.Eyvazov vurğulamışdır ki, ötən il qəsəbədə sosial-iqtisadi problemlərin həlli istiqamətində geniş miqyaslı tədbirlər həyata keçirilmişdir. Qəsəbə ərazisində sayğaclaşdırma işi aparılmış, bəzi küçələrdə köhnə elektrik naqilləri yenilərilə əvəz edilmişdir. Su təchizatının yaxşılaşdırılması məqsədilə köhnə qəbirstanlığın yanındakı su nasosxanasında əsaslı təmir işləri görülmüşdür. Cəfər Cabbarlı, Vaqif, Nizami digər küçələrdə yaşayan sakinlərin qaz təminatı ilə bağlı problemlər aradan qaldırılmışdır. Tofiq Bayram, 1 May, Üzeyir Hacıbəyov küçələrində kanalizasiya xətlərində təmir işləri sürətləndirilmişdir. Məişət tullantılarının daşınması, zibil meydançalarının tikilməsi, parkların təmiz saxlanılması məsələləri diqqətdə saxlanılmışdır.

İclasda qəsəbə nümayəndəsi həlli vacib problemlərə toxunmuş, çətinliklərin aradan qaldırılması ilə bağlı təkliflərini vermişdir.

Rayon icra hakimiyyəti başçısının birinci müavini Hüseyn Həsənov iclasda qaldırılan məsələlərlə bağlı fikirlərini bildirmişdir.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.-2009.-29 yanvar.-S.5.