Ermənistanı qismən azad ölkə adlandırmaq gülüncdür
Helsinki Vətəndaş Assambleyasının Vanadzor
ofisinin rəhbəri Artur Sakuntsa “Freedom House”un
hesabatının hakimiyyətin sifarişi ilə
hazırlandığını bildirib
“Freedom House” beynəlxalq
hüquq-müdafiə təşkilatının bu
yaxınlarda yaydığı hesabat hər yerdə qeyri-ciddi
qarşılanıb. Ekspertlərin qənaətinə görə,
bu təşkilatın hər il yaydığı hesabat
heç bir ölkə tərəfindən səmimi qəbul
edilmir. Çünki hesabatda əks olunan “faktlar” reallıqdan
çox uzaq olur. Qeyd olunub ki, bu təşkilatın nümayəndələri
“faktları” gördüklərinə əsasən yox,
eşitdiklərinə əsasən toplayırlar. Ona görə
də “Freedom House” əksər ölkələr tərəfindən
qeyri-ciddi, sifarişlə hesabat hazırlayan təşkilat
kimi qəbul edilir.
“Freedom House”nin bu yaxınlarda yaydığı hesabat, hətta, Ermənistanda da qeyri-səmimi qarşılanıb. Baxmayaraq ki, bu hesabatda Ermənistan qismən azad ölkələr sırasına daxil edilib, yerli ekspertlər bunu cəfəngiyyat, gülüş doğuran “sənəd” adlandırıblar. Ermənistan Ümumxalq Konqresinin koordinatoru Suren Surenyants bu hesabatın hakimiyyətin sifarişi ilə hazırlandığını deyib. Onun fikrincə, dünyanın tanınmış, nüfuzlu beynəlxalq təşkilatları Ermənistanda demokratiyadan əsər-əlamət olmadığını bildirdikləri, beynəlxalq qurumlar qarşısında götürdüyü öhdəliklərin heç birini yerinə yetirməyən dövlət hesab etdikləri, hətta, bu ölkənin beynəlxalq aləmdən təcrid olunması ərəfəsində olduğu bir vaxtda “Freedom House”nin cəfəngiyyatla dolu hesabatı gülünc doğurur. S. Surenyants deyib ki, Ermənistan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin üzvləri bu qurumun qış sessiyasında iştirakdan imtina ediblər. Bunu onunla əsaslandırıblar ki, Ermənistan 2001-ci ildə Avropa Şurasına üzvlüyə daxil olarkən müəyyən öhdəliklər götürüb. Həmin vaxtdan 7 il ötsə də, hələ də bu öhdəliklərin heç biri yerinə yetirilməyib. Bundan başqa təşkilatın insan haqlarının müdafiəsi ilə əlaqədar apardığı monitorinqin nəticələri utandırıcı vəziyyətdədir. Ona görə də qış sessiyasında iştirakdan imtina ediblər.
S. Surenyants deyib ki, Ermənistandakı totalitar rejimin açıq-aydın hiss olunduğu bir vəziyyətdə “Freedom House”nin özünü meydana atıb ölkəmizi qismən azad ölkə adlandırması beynəlxalq qurumlara olan inamı heçə endirib. Bu hesabat Ermənistanda cəfəngiyyatla dolu cızma-qara adlandırılıb və “Freedom House”nin nümayəndələrinin ölkəyə buraxılmaması qərara alınıb.
“Freedom House”un hesabatına münasibət bildirən Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakuntsa da diqqətə çatdırıb ki, Ermənistanda antidemokratik əhval-ruhiyyənin hökm sürdüyü, insanların siyasi əqidələrinə görə təqib olunduğu, azad mətbuata, fikir azadlığına məhdudiyyətlər qoyulduğu, süni əngəllər yaradıldığı bir vaxtda adını beynəlxalq hüquq-müdafiə təşkilatı qoyan bir qurumun bütün bunları görməzliyə vurub kimlərinsə sifarişini yerinə yetirməsi beynəlxalq hüququn normalarına qarşı hörmətsizlikdir. A. Sakuntsa Ermənistanda insan hüquq və azadlıqlarının qorunması istiqamətində heç bir iş görülmədiyinə, demokratiyanın inkişafına əhəmiyyət verilmədiyinə və köhnə sovet rejimindən hələ də əl çəkə bilməməsinə görə tanınmış beynəlxalq qurumların qınaq hədəfinə çevrildiyi bir vaxtda “Freedom House” öz yalanları ilə xalqı aldatmağa çalışır.
A. Sakuntsa hesab edir ki, hansı
ölkədə siyasi
məhbus varsa, o ölkədə demokratiyadan, azadlıqdan, sərbəstlikdən danışmaq
absurddur. Ermənistanda
bu məsələ hazırda çox aktualdır. Yəni Ermənistanda siyasi məhbusların sayı getdikcə artır. Ümumiyyətlə, 1998-ci ildə
Ermənistanda dövlət
çevrilişi yolu ilə hakimiyyətə gələn qüvvələr
hələ də öz diktatorluğunu davam etdirirlər. Onun fikrincə, ötən ilin dekabrında keçirilən
prezident seçkiləri
öz antidemokratikliyinə,
qeyri-şəffaflığına
və zorakılığına
görə dünyanın
diqqət mərkəzində
olmuşdur. Prezident seçkilərini izləmiş
beynəlxalq müşahidəçilərin
heç biri müsbət rəy söyləməmişdir. Qeyd olunmuşdur
ki, hakimiyyət nümayəndələri seçkiyə
kobud müdaxildə etmiş, seçicilərin
öz iradələrini
sərbəst ifadə
etməyə şərait
yaratmamış, onları
zorla hakimiyyətin namizədinə səs verməyə məcbur etmiş, müxalifətdən
olan namizədlərin
seçki qərargahları
odlu silahlardan atəşə tutulmuş, yandırılmış,
viran edilmişdir. Müxalifəti dəstəkləyənlər
müxtəlif bəhanələrlə
həbs olunaraq işgəncələrə məruz
qalmış, təhqir
olunmuş və hələ də həbsxanada saxlanılırlar.
Belə bir ölkədə hansı demokratiyadan, azadlıqdan danışmaq olar? A. Sakuntsa “Freedom House”un bu
hesabatını boşboğazlıq
adlandırmış, ağır
məğlubiyyətə uğramış
idmançının qolunu
zorla havaya qaldırıb onu qalib elan edən
vicdansız, rüşvətxor
hakimə bənzədib.
Onun qənaətinə
görə, Ermənistan
bütün sahələrdə
acınacaqlı məğlubiyyətə
uğrayan, Rusiyanın
boyunduruğundan hələ
də xilas ola bilməyən, müstəmləkədə olan
dövlətdir. Bəzi beynəlxalq
təşkilatlar korrupsioner
hakimiyyətin sifarişi
ilə hazırladıqları
belə yalanlarla dolu hesabatlarla heç kimi “Ermənistanın qismən
azad ölkə olmasına” inandıra bilməyəcəklər. Əksinə,
həmin beynəlxalq təşkilatlar özlərini
sifarişlə işləyən,
öz maddi maraqları naminə qaraya ağ deyən qurum kimi tanıdır. Artıq Ermənistanda “Freedom House”u
belə qurumlardan biri kimi tanıyırlar.
Müstəqil politoloq
Abram Arakelyan da “Freedom
House”un hesabatını
“uşaq başı aldadan oyuncağa” bənzədib. O qeyd edib ki, 3 milyona
yaxın əhalisi olan Ermənistanın 1,5 milyon sakini ədalətsizlikdən,
diktatorluqdan aclıq və səfalətdən
xilas olmaq üçün baş götürüb xarici ölkələrə gediblər.
İşsizliyin, antidemokratiyanın, zülmün, zülmətin
hökmranlıq etdiyi
bir ölkəni — Ermənistanı qismən
azad ölkə adlandıran beynəlxalq quruma adamın yazığı gəlir.
Kimlərinsə çirkli pulları
hesabına hamının
gözü qarşısında
yalan söyləyənlərə
yalnız “rəzil” sözü yaraşır.
Ona görə də “Freedom
House” adlı təşkilat
Ermənistanda tanınmamalı
və bu təşkilatın nümayəndələri
Ermənistana buraxılmamalıdır.
Onun fikrincə, belə totalitar bir ölkəni
qismən azad ölkə adlandırmaq həm yerli sakinlərə, həm də beynəlxalq ictimaiyyətə qarşı
hörmətsizlikdir.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.-2009.-30 yanvar.-S.6.