“Müəllimlik mənəvi qazancım, yüksək mükafatımdır”
Şükür Mahmudov kimya-biologiya təmayüllü respublika litseyində direktorun təmayül fənlər üzrə müavinidir. Deyir ki, hər peşənin öz gözəlliyi var, öz dünyası var. Soruşa bilərsiniz ki, niyə kimya-biologiya fənlərinə daha çox maraq göstərib, bu sahədə şərəfli müəllim peşəsini seçmişəm. Düzü, həkim olmaq istəmişəm. Lakin arzumu həyata keçirə bilmədim. Qəbul imtahanlarında aldığım qiymətlər qənaətbəxş olmadı. Sonralar anladım ki, müəllim olmaq daha müqəddəs işdir. Peşman deyiləm. Axı, həkimlər də həm orta, həm də ali məktəbdə təhsil alanda müəllimlərdən dərs alıb öyrənirlər, seçdiyi ixtisasa yiyələnirlər. Sevinirəm ki, bizim ailəni daha çox həkimlər ailəsi adlandırırlar. Çünki xanımım tibb bacısı, 3 qızım isə həkimdir. Oğlum ali təhsilli neftçidir.
Mahmudov Şükür Məhər oğlu 1946-cı ildə Qubadlı rayonunun Başarat sovetliyinin Nat kəndində anadan olmuşdur. 1969-cu ildə Gəncə Pedaqoji İnstitutunun biologiya fakültəsini əla qiymətlərlə bitirmiş və təyinatla öz doğma kəndinə göndərilmişdir. Üç illik pedaqoji fəaliyyətdən sonra Bakıya gəlmişdir. Azərbaycan Dövlət İdman və Bədən Tərbiyəsi Akademiyasının (o vaxtkı Azərbaycan Bədən Tərbiyəsi İnstitutunun) “Anatomiya və biotexnika” kafedrasında laborant, müəllim vəzifələrində çalışmışdır. Sonralar Azərbaycan Müəllimlər İnstitutunda “Biologiyanın tədrisi metodikası” kabinetinə metodist, 1976-cı ildə isə kabinet müdiri vəzifəsinə təyin edilmişdir. Burada işləyərkən təcrübəli pedaqoq-alimlərdən məktəb pedaqogikasının sirlərini öyrənmişdir. Onun bir metodist kimi formalaşmasında və püxtələşməsində o vaxtlar Maarif Nazirliyində işləyən, respublikanın “Əməkdar müəllimi” Əyyub İmaməliyevin əvəzsiz xidməti olmuşdur. Şükür müəllim onun rəhbərliyi altında bir sıra rayonlarda ezamiyyətdə olmuş, biologiya müəllimlərinə dəyərli metodiki göstərişlər vermiş və elmi konfranslar keçirmişdir.
Təcrübəli pedaqoq institutda işləməklə yanaşı, 1976-cı ildən saat hesabı ilə indi pedaqoji fəaliyyət göstərdiyi liseydə dərs deməyə başlamışdır. 1999-cu ilin sentyabr ayında isə əmək kitabçasına liseydə işləməsi barədə əmr yazılmışdır. Bütün pedaqoji və psixoloji üsullardan istifadə edən, öyrətdiyi fənn üzrə yeniliklərdən vaxtında xəbərdar olan Şükür müəllimin əsas məqsədi dərin bilik verməklə yanaşı, vətənə layiq vətəndaş yetişdirməkdir. Onun dərs dediyi şagirdlər təkcə respublikanın ali məktəblərində təhsil almırlar. Onların sorağı Moskvadan, Sankt-Peterburqdan, Kiyevdən, Minskdən, Odessadan və digər şəhərlərin ali məktəblərindən gəlir. Şükür müəllimi daha çox sevindirən isə onun şagirdlərinin əksəriyyətinin ali təhsilli müəllim və həkim işləmələridir. Axı, bu iki peşə Şükür müəllim üçün çox əzizdir.
Şükür müəllimin dərs dediyi şagirdlər dəfələrlə biologiya fənni üzrə keçirilən məktəb, rayon, şəhər və respublika olimpiadalarının qalibi adını qazanmışlar. Liseyin məzunları ali məktəblərə tələbə qəbulunda yüksək bal toplamağa müvəffəq olmuşlar. Hətta onlardan Prezident təqaüdünə layiq görüləni də var.
Şükür müəllimdən dərsin hansı təlim metodları ilə keçirilməsini və onların tətbiqi yollarını soruşduq:
— Dərsin mənimsənilməsində, öyrənilməsində daha müasir tədris metodikasına və üsullarına üstünlük veririk. Çalışırıq dərsdə vaxtı elə bölək ki, hər bir şagird fəallıq göstərsin, sərbəst düşüncə sahibi olsun, müstəqil fikir yürütsün. Daha konkret desək, dərsdə interaktiv təlim metodlarından daha çox istifadə edirik. İnteraktiv təlim müəllim və şagirdin qarşılıqlı əlaqəsi, ünsiyyət prosesidir. Bu zaman müəllim tərəfindən problem qoyulur, onun həll olunması prosesində şagirdlər aktiv, tədqiqatçı mövqeyi tuturlar. Müəllim tərəfindən şagirdlər üçün yeni olan biliklərin müstəqil olaraq əldə edilməsi, mənimsənilməsinə şərait yaradılır. Müəllimin əsas vəzifəsi şagirdlərə yol göstərmək, istiqamət vermək, qarşıya müəyyən çətinlik çıxarsa, onlara yardımçı olmaq, ən başlıcası isə öyrənməyi öyrətməkdir".
Öyrənirik ki, interaktiv təlim metodları rəngarəngdir. Bu metodların tətbiqi müəllimdən daha yaradıcı pedaqoji ustalıq tələb edir. Müəllim insert metodundan istifadə edəndə səmərəli mütaliə və təfəkkürün inkişafı üçün qeydetmə sistemindən istifadə edir. Beyin həmləsində şagirdlərin tamamilə fikir sərbəstliyinə nail olur. Dərsin əvvəllərində müəllim tərəfindən mövzuların elan edilməsi istiqamətlənmiş mühazirə deməkdir. Klaser metodundan istifadə edərkən hər hansı bir mövzu və ya fikrin mümkün qədər açılmasına, şagirdlərin geniş, sərbəst düşünməsinə şərait yaradılır. Müəllim sinfi qruplara bölür, tədris zamanı zehni prosesləri əyaniləşdirmək üçün qrafik göstəricilərə də üstünlük verilir. Konseptual cədvəl, T-sxemlər, semantik əlamətlərin təhlili Benn dioqramı, iki hissəli gündəlik, Karusel strategiyası metodlarından istifadə etməklə dərsin keyfiyyəti xeyli artır.
Şükür müəllim biologiya fənninin tədrisinin yaxşılaşdırılmasına, qabaqcıl biologiya müəllimlərinin iş təcrübəsinin öyrənilib yayılmasına aid “Azərbaycan müəllimi” və “Kimya, biologiyanın tədrisi, metodikası” jurnalında məqalələr dərc etdirib. O, liseydə tədris edilən biologiya fənninin proqramını yazıb. Bununla yanaşı, orta, ümumtəhsil məktəbləri üçün hazırlanmış biologiya proqramının müəlliflərindən biridir. X-XI siniflər üçün “Ümumi biologiya” dərsliyinin araya-ərsəyə gəlməsində Şükür müəllim az zəhmət çəkməyib. O, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının üzvüdür. Şükür müəllim 1992-1993 və 1999-cu illərdə qəbul imtahanlarının suallarını tərtib edənlərdən biri olub. Abituriyentlərə kömək məqsədi ilə biologiya fənnindən çap olunmuş, “1201" kitabının müəlliflərindən biri də məhz Şükür müəllimdir. Qabaqcıl pedaqoq, təcrübəli müəllim uzun illər Təhsil Nazirliyinin biologiya fənni üzrə elmi-metodik şurasının üzvü olub, öhdəsinə düşən işi layiqincə yerinə yetirib. Nazirlik tərəfindən onun qabaqcıl iş təcrübəsinin respublika orta ümumtəhsil məktəblərində yayılması tövsiyə edilib.
Əlbəttə, uzun illər çəkilən zəhmət yüksək pedaqoji fəaliyyət, təşkilatçılıq bacarığı, zəngin elmi yaradıcı iş diqqətdən kənarda qala bilməzdi. Elə buna görə də Şükür müəllim postsovet məkanında “Qabaqcıl maarif xadimi” döş nişanı ilə, “Əməkdə fərqlənməyə gorə” medalı ilə təltif edilib. Daha önəmlisi, 2008-ci ilin “Beynəlxalq Müəllimlər Günü” Şükür müəllim üçün ikiqat bayram oldu. Həm öz peşə bayramını, həm də layiq görüldüyü müstəqil respublikanın “Əməkdar müəllim” fəxri adının sevincini yaşadı.
Şükür müəllim deyir: “Dövlətin əməyimə görə verdiyi yüksək qiymətdən qürur hissi keçirirəm. Müəllimlik isə mənəvi qazancım, yüksək mükafatımdır”.
Qismət ALIŞOĞLU
Xalq qəzeti.-2009.-30 yanvar.-S.7.