Gənclərə etimad böyükdür
Hər bir xalqın
tarixində onun borclu olduğu şəxsiyyətlər
vardır. Azərbaycan xalqı isə bu günü və
sabahı üçün ulu öndərimiz Heydər Əliyevə
borcludur. Ümummilli liderimiz həmişə xalqına
arxalanır, onun gəncliyinə böyük ümidlər bəsləyir,
dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi
gənclərin əlindədir. Həyatı boyu, respublikaya rəhbərliyinin
bütün dövrlərində o, sağlam, normal gəncliyin,
bu dövlətə sahib dura biləcək bir nəslin
yetişməsinə xidmət edirdi.
Ulu öndərimiz Azərbaycanın müstəqilliyini qabaqcadan görür, hələ sovetlər dönəmində, müstəqil Azərbaycan dövləti üçün kadr potensialının hazırlığı istiqamətində təzyiq və qadağalara baxmayaraq böyük işlər həyata keçirirdi. Onun ötən əsrin 70-ci illərində azərbaycanlı gənclərin SSRİ-nin ən nüfuzlu ali məktəblərində təhsil alması istiqamətində xidmətləri əvəzsizdir. 1993-cü ildə təkrar hakimiyyətə qayıdan böyük rəhbər vaxtilə ölkədən kənarda oxuyub gəlmiş həmin milli kadrların köməyinə, gücünə arxalanaraq parçalanmaq ərəfəsində olan xalqı, dövləti üzləşdiyi bəladan xilas etdi.
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə başçısı İlham Əliyev onun yarımçıq qalmış arzularını həyata keçirir, bünövrəsini qoyduğu ənənələri yaşadır. 2007-ci ilin “Gənclər ili” elan olunması, azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil almasını təmin etmək məqsədilə işlənib hazırlanmış Dövlət Proqramı, gənclərin ictimai həyatımızda artan rolu gəncliyə dövlət qayğısının təzahürüdür. “Xaricdə təhsil alan gənclərə qayğı göstərilməlidir” deməklə Prezident bu işin böyük əhəmiyyət kəsb etdiyini açıb göstərir, xaricdə təhsil sahəsindəki pərakəndəliyin aradan qaldırılması və bu sahəyə dövlət nəzarətinin gücləndirilməsini mühüm bir məsələ kimi qarşıya qoyur. O, yaxşı bilir ki, bu gün xarici ölkələrdə təhsil alan gənclər 5-10 il sonra respublika iqtisadiyyatının müxtəlif sahələrində bacarıqlı mütəxəsislər kimi çalışacaq, dövlətimizin qüdrətlənməsinə öz töhfələrini vərəcəklər.
Bu gün müharibə şəraitində yaşamasına baxmayaraq, Azərbaycan dövləti sürətlə inkişaf edir, iqtisadi göstəricilərə görə dünyada birincidir, regionda lider dövlətdir. İndi o, beynəlxalq layihələrdə nəinki iştirak edir, hətta onun diktə edəninə çevrilmişdir. Mürəkkəb geosiyasi şəraitdə yerləşən və yenicə müstəqilliyini əldə etmiş ölkəni idarə etmək dövlət rəhbərindən böyük səriştə tələb edir. Məhz ölkə başçısının apardığı uğurlu siyasət sayəsində respublikamız qüdrətli dövlətə çevrilməkdədir. Və bu baxımdan kadr potensialı, hər sahədə hazırlıqlı mütəxəssislərin olması da mühüm əhəmiyyət kəsb edir.
Bu gün Azərbaycan gəncləri böyük bir qüvvə kimi həyatımızın bütün sahələrinə nüfuz edir, onlara inam və etimad artır. Hər il fevral ayının 2-si Gənclər günü kimi qeyd olunur. Ulu öndərimiz tərəfindən belə bir günün təsis olunması da Azərbaycan gəncliyinə müstəqil Azərbaycan dövlətinin diqqət və qayğısının təzahürüdür. On bir il əvvəl, 1998-ci ilin oktyabrında Azərbaycan gənclərinin xaricdə təhsilinə kömək etmək məqsədilə fəaliyyətə başlamağımıza da əsas səbəb gənclərimizin sərbəst, müstəqil fəaliyyət göstərməsi üçün yaradılan şərait oldu. Biz bu şəraitdən yararlanaraq gənc soydaşlarımızın dünyanın ən nüfuzlu ali təhsil müəssisələrində oxumasını təmin etmək üçün yollar arayıb axtardıq, ölkəmizdə fəaliyyət göstərən xarici səfirliklərlə əlaqələr qurduq, onların vasitəsilə dünya təhsil sistemi haqqında kifayət qədər bilgi əldə etdik, ali məktəbələrə qəbul şərtləri, mütərəqqi təhsil proqramlarını mənimsədik. Sonra dünyanın ən nüfuzlu təhsil müəssisələri ilə birgə əməkdaşlığa dair müqavilələr bağlandı. İndi biz dünyanın 70 ölkəsinin 104 ali təhsil müəssisəsinə tələbə göndərir, onların orada rahat yaşaması və oxumasını təmin edirik. ABŞ, Böyük Britaniya və Avropanın digər ölkələrində azərbaycanlı şagirdlər orta məktəb proqramına əsasən dövlət orta məktəblərində təhsillərini davam etdirir, ailələrdə yaşaya bilirlər. Universitetlər, kolleclərdə təhsil, xaricdə hazırlıq proqramı, magistraturaya hazırlıq proqramı (Pre-Master), magistratura, xaricdə dil kursları fəaliyyətimizin bir hissəsidir. Bu çərçivədə uşaqlar Amerika və Böyük Britaniyada ingilis dilini, Almaniyada isə alman dilini mükəmməl şəkildə öyrənmək imkanı əldə edirlər. Bundan əlavə 8-15 yaşında olan uşaqlar Böyük Britaniyada yay məşğələləri, 8-20 yaşında uşaq və yeniyetmələr İsveçrədə yay məktəblərində ingilis, fransız və ya alman dillərini mənimsəyə bilərlər.
Orta məktəbi bitirən hər bir şəxs müstəqil həyata qədəm qoyur, müstəqil düşünür, getdikcə qüdrətlənən dövlətin qurucularından birinə çevrilir, müasir dünyamızın tələblərinə uyğunlaşan Azərbaycan cəmiyyətinin üzvü olur. Onun bu şəraitdə necə düşünəcəyi, necə hərəkət edəcəyi, hansı mövqedə dayanacağı mürəkkəb, eyni zamanda, taleyüklü məsələdir. Gənclərin cəmiyyətdə öz yerini müəyyənləşdirməsi isə onların müstəqil həyata hazırlığından çox asılıdır. Bu mənada ən böyük məsuliyyət orta məktəblərin üzərinə düşür. Yeniyetmələrin bu günün tələbləri səviyyəsində, eyni zamanda, vətənpərvərlik ruhunda formlaşması işi daim nəzarətdə saxlanmalı, təhsil, təlim-tərbiyənin keyfiyyətinin yüksəldilməsi üçün xüsusi fəaliyyət proqramı işlənib hazırlanmalıdır. Məktəblərdə əsasən yuxarı sinif şagirdləri ilə keçirilən tədbirlər milli ideologiyanın onların siyasi təfəkkürünün, dünyagörüşlərinin formalaşmasına təsir etməlidir.
Bəzən deyirlər ki, xarici ölkələrdə təhsil alan gənclər milli ruhdan uzaq düşürlər. Bu, heç də belə deyildir. Əgər uşaq, yeniyetmə və gəncin təlim və tərbiyəsi sağlam əsaslar üzərində qurulursa, ondakı vətənpərvərlik hisslərini heç nə ilə öldürmək olmaz. XIX - XX əsrlərdə dünyanın müxtəlif yerlərində təhsil alıb istər vətənində, istərsə də onun hüdudlarından kənarda Azərbaycan üçün çalışan, hətta bu yolda həyatını qurban verən soydaşlarımız azmı olub? Xaricdə təhsil gənclərimizi dünyada gedən proseslərdən daha çevik baş çıxarmağa, qətiyyətli olmağa hazırlayır. Bu gün həyatın ayrı-ayrı sahələrində uğurla çalışan gənclər arasında xaricdə təhsil alanların çoxluq təşkil etməsi də bunu sübut edir.
Bugünün gəncliyi sabahkı inkişafımızın təminatçısıdır. Taleyimizi məhz bu gün formalaşan normal, savadlı gənclərə etibar etməliyik. Hər bir dövlət məmuru tutduğu vəzifədən asılı olmayaraq əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilməsinə çalışmalıdır. Respublikamızın ictimai-siyasi həyatında layiqli yer tutan gənclərimiz isə dövlət başçısının ətrafında sıx birləşərək bu sarsılmaz birliyin əbədi olmasına xidmət etməlidir.
Kənan CƏLİLOV,
AKİ İnter şirkətinin direktoru,
Kembric Universitetinin
tələbəsi
Xalq qazeti.-2009.-31 yanvar.-S.5.