Bibiheybət neftçilərinin növbəti
uğuru
Yola
saldığımız 2008-ci ildə sosial-iqtisadi sahədə
uğurlarımız daha da artmış, ölkəmizin
inkişaf dinamikası bir qədər də sürətlənmişdir.
İl ölkə iqtisadiyyatının lokomotivi sayılan neft
sənayesi üçün daha əlamətdar olmuşdur. Belə
ki, ötən il Azərbaycanda 44,5 milyon ton neft hasil
olunmuşdur ki, bu da ölkəmizin neft sənayesi
üçün yeni rekord göstərici sayılır. Bundan
əlavə, il ərzində ölkədə rekord səviyyədə
— 22,8 milyard kubmetr təbii qaz istehsal olunmuşdur ki, bunun da
16,3 milyard kubmetrini əmtəəlik qaz təşkil edir. Bütün
bunlar isə neft-qaz sənayesinin inkişafına göstərilən
dövlət qayğısının, eləcə də Azərbaycanın
yeni neft strategiyasının uğurla
reallaşdırılmasının məntiqi nəticəsidir.
Bu uğurların qazanılmasında “Azneft” İstehsalat Birliyinin qabaqcıl müəssisələrindən sayılan “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin də xüsusi payı var. Təkcə belə bir faktı qeyd etmək yetərlidir ki, ölkənin bu qocaman neftçıxarma idarəsinin kollektivi 2008-ci ilin hasilat tapşırıqlarını vaxtından bir ay əvvəl yerinə yetirmişdir ki, bu da “Azneft” İstehsalat Birliyi üzrə ən yaxşı göstəricilərdən sayılır. Bütövlükdə isə ötən il adı çəkilən idarənin bütün texniki-iqtisadi göstəriciləri uğurlu olmuşdur.
Son illər neft və qaz hasilatı tapşırıqlarına bir qayda olaraq vaxtından əvvəl və artıqlaması ilə ilə əməl edən Bibiheybət neftçiləri yola saldığımız 2008-ci ildə daha bir uğura imza atmışlar. Belə ki, ötən il “qara qızıl” ustaları nəzərdə tutulmuş 110 min 540 ton əvəzinə 127 min 287 ton neft çıxararaq proqnoz tapşırığını 109,7 faiz yerinə yetirmişlər. Ötən il həmçinin 120 min 719,1 ton neft təhvil verən Bibiheybət neftçiləri planı 109,7 faiz yerinə yetirməyə müvəffəq olmuşlar.
“Bibiheybətneft” NQÇİ-nin kollektivi 2008-ci ildə qaz hasilatı tapşırıqlarına da artıqlaması ilə əməl etmişlər. Belə ki, hesabat dövründə idarə üzrə nəzərdə tutulmuş 12 milyon 580 min kubmetr əvəzinə 14 milyon 159 min kubmetr qaz hasil olunmuşdur ki, bu da proqnoz tapşırığın 112,6 faizi deməkdir. Bundan əlavə, ötən il ölkənin qazpaylayıcı şəbəkəsinə 11 milyon 414 min kubmetr “mavi yanacaq” təhvil verən neftçilər planı 116,1 faiz yerinə yetirmişlər. Bütövlükdə isə idarənin tabeliyində olan beş sexin hamısı qazın hasilatı və təhvili planına artıqlaması ilə əməl etmişlər.
“Bibiheybət” neft yatağının sənaye üsulu ilə işlənməsinə başlanmasından 160 il ötməsinə baxmayaraq, mütəxəssislər hesab edirlər ki, burada çıxarılması mümkün olan ehtiyatlar hələ çoxdur. Təqribi hesablamalara görə, hasilatın tempi bugünkü səviyyədə davam etsə, “Bibiheybət” yatağından indən belə hələ 70 il də neft çıxarmaq mümkün olacaqdır. Məhz bu səbəbdəndir ki, son illər burada qazma işləri xeyli intensivləşib. Təkcə onu demək kifayətdir ki, 2008-ci ildə “Bibiheybət” yatağında əvvəlcədən proqnozlaşdırılmış 9 əvəzinə 13 quyu qazılıb istismara daxil edilmiş, bunun da iqtisadi səmərəsi yüksək olmuşdur. Belə ki, il ərzində qazmadan alınan yeni quyulardan 4769 ton neft alınmış və bu göstərici üzrə plana 105,2 əməl edilmişdir.
2008-ci ildə idarə üzrə yüksək nailiyyətlərin qazanılmasında təşkilati-texniki tədbirlərin böyük rolu olmuşdur. Məlumat üçün bildiririk ki, hazırda “Bibiheybətneft” NQÇİ-nin istismar fonduna 789 quyu daxildir. Həmin quyulardan 637-si neft verir. İşlək fonda daxil olan quyuların 596-sı dərinlik nasosu, 31-i isə elektrik dalma nasosu ilə istismar edilir. Bundan əlavə, idarənin balansında 162 fəaliyyətsiz quyu vardır ki, son zamanlar onların da işlək fonda qaytarılması üçün lazımi tədbirlər görülür. Ötən il fəaliyyətsiz fonda aid olan 24 quyu istismara daxil edilmiş və onlardan 2200 ton əvəzinə 3085 ton əlavə neft alınmışdır.
Bütün bunlarla yanaşı, idarə üzrə neft və qaz hasilatının sabit saxlanması üçün digər zəruri tədbirlər də uğurla reallaşdırılır. Bu məqsədlə geoloji-texniki tədbirlərin, eləcə də cari və əsaslı təmir işlərinin vaxtında və keyfiyyətlə aparılmasına böyük diqqət yetirilir. Son zamanlar quyuların neftvermə əmsalının artırılması məqsədilə həyata keçirilən geoloji-texniki tədbirlər böyük iqtisadi səmərə ilə müşayiət olunur. Ötən il “Bibiheybətneft” NQÇİ üzrə 860 əvəzinə 918 belə tədbir həyata keçirilmişdir ki, bunun da hesabına əvvəlcədən proqnozlaşdırılan 24300 ton əvəzinə 27701 ton neft çıxarılmış, bu göstərici üzrə tapşırığa 114,4 faiz əməl edilmişdir. Bundan əlavə, yataqdakı 29 məhsuldar layda təzyiqin saxlanması üçün ötən il laylara 450 min kubmetr su vurulmuş və bunun hesabına 13500 ton əvəzinə 14840 ton əlavə neft alınmışdır. Quyuların sabit, ahəngdar rejimdə işləməsini təmin etmək üçün idarənin təmir briqadaları da böyük əzmkarlıq göstərirlər. Ötən il idarə üzrə 8309 cari təmir işi həyata keçirilmişdir. Eyni zamanda, hesabat dövrü ərzində mədənlərdə 197 əvəzinə 205 əsaslı təmir işi aparılmış, bunun da hesabına 19488 ton əlavə neft çıxarılmışdır.
Göründüyü kimi, idarənin 2008-ci il üzrə bütün texniki-iqtisadi göstəriciləri son dərəcə uğurlu olmuşdur. Bu uğurlar da öz növbəsində kollektiv üzvlərinin əmək şəraitinin və maddi rifah halının getdikcə yaxşılaşdırılmasına imkan yaradır. Elə son zamanlar sosial sferada görülmüş işlər də bunu təsdiqləyir. “Bibiheybətneft” NQÇİ-nin rəisi Fərhad Əsgərov dedi: — Son illər möhtərəm Prezidentimiz İlham Əliyev neftçilər qarşısında bir sıra təxirəsalınmaz vəzifələr qoymuşdur. Bu vəzifələr isə, əsasən neft və qaz hasilatının artırılması, həmçinin Dövlət Neft Şirkəti tərəfindən bir sıra infrastruktur layihələrinin reallaşdırılması, bütövlükdə isə ölkəmizin sosial-iqtisadi inkişafına mühüm töhfələr verməkdən ibarətdir. Bütün bunlar neftçilərin məsuliyyətini birə-beş artırır. Dövlət Neft Şirkəti və “Azneft” İstehsalat Birliyi rəhbərliklərinin daimi diqqət və qayğısını hiss edən neftçilərimiz hasilat tapşırıqlarını vaxtında yerinə yetirmək üçün səylə çalışırlar. Elə illik tapşırıqlara vaxtından bir ay əvvəl edilməsi də məhz göstərilən diqqət və qayğının nəticəsidir. Onu da deyim ki, son illər neftçilərə göstərilən dövlət qayğısı getdikcə gücləndirilir. İdarəmizin kollektivi də bu qayğını hər an hiss edir. Təkcə onu demək kifayətdir ki, ötən il kollektivimizin 9 üzvü yeni mənzillə təmin olunmuşdur. İl ərzində 842 nəfər işçiyə 362 min 778 manat məbləğində maddi yardım göstərilmişdir.
Neft və qaz hasilatı tapşırıqlarına əməl olunması iş şəraitinin günün tələbləri səviyyəsində qurulmasından çox asılıdır. Məhz buna görədir ki, son zamanlar bu istiqamətdə böyük işlər görülür, sosial infrastruktur əsaslı şəkildə yaxşılaşdırılır. 2008-ci ildə idarəmizin bütün istehsalat və yardımçı sahələrində əsaslı təmir və yenidənqurma işləri aparılmışdır ki, bu da neftçilərimizin əmək şəraitinin xeyli yaxşılaşmasına səbəb olmuşdur. Belə ki, ötən il idarəmizin inzibati binasında əsaslı təmir işləri başa çatdırılmış, 4 və 5 saylı neft və qazçıxarma sexləri üçün yeni inzibati binalar tikilib istifadəyə verilmişdir. Bundan əlavə, elmi-tədqiqat və istehsalat işləri sexinin 1 saylı kompressor stansiyasının binasının dam örtüyü təmir olunmuş, 4 saylı neft-qazçıxarma sexinin nasosxanası üçün yeni bina tikilmişdir. Hazırda isə idarənin həyətində qırmızı guşə və yardımçı otaqların tikintisi başa çatmaq üzrədir. Bununla yanaşı, 4 saylı mədənin ərazisində quyuların yeraltı təmiri və xüsusi texnika sexinin işçiləri üçün 40 nəfərlik binanın tikintisi davam etdirilir. Sosial sahədə digər işlər də həyata keçirilir ki, bu da “Bibiheybətneft” NQÇİ-də infrastrukturun tamamilə yeniləşdirilməsinə imkan yaradacaq...
İdarə rəisi Bibiheybət ərazisində ekoloji vəziyyətin yaxşılaşdırılması ilə bağlı tədbirlərin də uğurla reallaşdırıldığını bildirdi. Qeyd etdi ki, 2006-2010-cu illər üçün nəzərdə tutulmuş kompleks tədbirlər planının icrası məqsədilə ötən müddətdə xeyli iş görülmüş, bu məqsədlə təqdim olunmuş layihə tapşırıqları qrafikə uyğun hazırlanmışdır. Ötən müddətdə ərazidəki zərərli tullantılar Binəqədi təmizləmə zavoduna daşınmış, il ərzində 19300 ton təhlükəli tullantı Qaradağ sement zavoduna təhvil verilmişdir. Ötən il quyuların istismarı nəticəsində lay sularının əraziyə axıdılmasının qarşısı tamamilə alınmış, 174 hektar sahədə rekultivasiya işləri aparılmış, burada 35 min ağac əkilmişdir. Bundan əlavə, Bibiheybət buxtasının ekoloji vəziyyətinin sağlamlaşdırılması və möhtərəm Prezidentimizin məlum sərəncamı ilə burada Neft Muzeyinin yaradılması məqsədilə 365 quyu ləğv edilmişdir. Hazırda ekoloji vəziyyətin yaxşılaşdırılması ilə bağlı tədbirlər davam etdirilir...
2009-cu ildə ölkənin qocaman neft-qazçıxarma müəssisəsi sayılan “Bibiheybətneft” NQÇİ-nin kollektivini daha məsul və təxirəsalınmaz vəzifələr gözləyir. Dövlət qayğısından ruhlanan Bibiheybət neftçiləri etimadı doğrultmağa çalışacaq, neft və qaz hasilatına dair tapşırıqların yerinə yetirilməsi üçün bütün imkanları səfərbər edəcəklər.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.-2009.-31 yanvar.-S.5.