ABŞ-ın Yaxın Şərqdəki nümayəndəsi
İsrailin özünümüdafiə hüququnu
tanıdığını bildirib
Qəzzada atəşkəs yenidən pozulub. Artıq bir neçə gündür ki, İsrail tərəfi ərazisinə Qəzzadan “Kasam” raketlərinin atıldığını bəhanə edərək sektora aviasiya zərbələri endirilməsini bərpa edib. Aviazərbələr yanvarın 28-dən 29-a keçən gecə də davam edib. Zərbələr əsasən Qəzzanın cənubuna endirilib. İsrail ordusunun nümayəndələri bildiriblər ki, silah istehsalı müəssisəsini atəşə tutublar. Bu barədə “Peuters” agentliyi xəbər verib.
Aviazərbələr nəticəsində silah zavoduna ciddi zərər dəyib. Ancaq verilən məlumatlara görə, ətraf ərazilərdə fələstinlilər zərər çəkməyib. Eyni zamanda, Misir-Qəzza sərhədindəki Rafiah rayonunda Fələstin qaçaqmalçılarının istifadə etdiyi tunellər də bombardman edilib. İsrail hərbi komandanlığı qeyd edib ki, atəşkəsə baxmayaraq, ordu hissələri Qəzzadaki “terror bazaları”na zərbələr endirməkdə davam edəcək. Hərbçilərin sözlərinə görə, məqsəd İsrail ərazisinə raket-mina atəşlərini dayandırmaq və Qəzzaya silah qaçaqmalçılığının qarşısını almaqdır.
İsrail tərəfi iddia edib ki, yanvarın 29-da səhər saatlarında ölkə ərazisinə iki əldəqayırma “Kasam” raketi atılıb. Siderat şəhərinə düşən raket zərbələri nəticəsində xəsarət alan olmayıb. Cənubi Neqeva rayonuna atılmış daha bir raket zərbəsindən də heç kəs zərər çəkməyib.
Xatırladaq ki, yanvarın 28-i gecə də İsrailin hərbi hava qüvvələri Misir-Qəzza sərhədindəki Filadelfiya dəhlizi adlandırılan ərazidə yerləşən bir neçə tuneli bombalayıb. Nəticədə tunellər dağılaraq istifadəyə yararsız vəziyyətə düşüb. Təl-Əviv hərbçilərinin sözlərinə görə, bu, yanvarın 27-də “Kisufim” keçid-nəzarət məntəqəsində baş vermiş terrora cavabdır. Həmin hadisə nəticəsində bir İsrail hərbçisi həlak olmuş, üç əsgər isə yaralanmışdı. Hərbi komandanlıq qeyd edib ki, Fələstin ərazisindəki terrorçular atəşkəs rejiminə əməl etmədikcə onların mövqelərinin atəşə tutulması davam etdiriləcək.
İsrailin Baş naziri Uhud Olmert isə ABŞ-ın Yaxın Şərq üzrə yeni xüsusi elçisi Corc Mitçellə görüşdə bəyan edib ki, 2006-cı ildə Qəzza ərazisində oğurlanmış vətəndaşı Qilad Şatilin taleyi ilə bağlı məsələ həllini tapmayınca Qəzzanın sərhəd terminallarının daimi əsasda işləməsinə imkan verilməyəcək. “Şatil evinə qayıtdıqdan sonra keçidlər fəaliyyətə başlaya bilər” — deyə Olmert bildirib.
Baş nazirin sözlərinə görə, atəşin dayandırılması silahlı qruplaşmaların sakitliyi bərpa etməsindən və Cənubi Neqeva ərazilərinə “Kasam” və “Qrad” yağdırılmasına son qoyulandan sonra mümkündür. Olmert ABŞ nümayəndəsinə Qəzzaya humanitar yüklərin çatdırılmasında heç maneçilik yaradılmayacağını da söyləyib.
İsrail Baş nazirinin dəftərxanasından bildirilib ki, “Mittçell heç bir mənfi münasibət ifadə etməyib və hər hansı təzyiq göstərməyib”. Ölkə Prezidenti Şimon Peres, müdafiə naziri Ehud Barak, xarici işlər naziri Tsini Livni və Baş nazir Olmetrə görüşlərdən sonra mətbuat konfransı keçirən Mitçell bəyan edib ki, ABŞ yəhudi dövlətinin təhlükəsizliyinin qarantı kimi çıxış edir, İsrailin özünü müdafiə etmək və təhlükəsizliyinin təminatı üçün istənilən addımı atmaq hüququnu tanıyır.
ABŞ diplomatı İsrail rəsmiləri ilə Qəzza sektoru sərhədlərində sabitlik və atəşkəs yaradılması, eləcə də “HƏMAS”ın terrorçuluq fəaliyyətinə tamamilə son qoyulması kimi məsələləri də müzakirə etdiyini bildirib.
Paşa ƏMİRCANOV
Xalq qəzeti.-2009.-31 yanvar.-S.6.