2008-ci il ölkəmizdə mədəniyyətin sürətli
inkişaf dövrü olmuşdur
Müstəqil Azərbaycan
Respublikası ulu öndər Heydər Əliyevin ölməz
ideyalarından güc alaraq sürətlə irəliləməkdədir.
Ümummilli liderin başladığı islahatlar Azərbaycanı
davamlı inkişaf yoluna çıxarmış, ölkəmiz
son illər bütün sahələrdə əsaslı
nailiyyətlər qazanmışdı.
Prezident İlham Əliyev
son beş ildə bu islahatları uğurla davam etdirdi, Azərbaycanı
bölgədə lider ölkəyə çevirdi. Azərbaycan
iqtisadi sahədə qazandığı nailiyyətlərlə
yanaşı təhsil, səhiyyə, mədəniyyət sahələrində
də böyük uğurlar əldə etdi. 2008-ci ildə isə
uğurlarımız daha çox oldu. Azərbaycanda mədəniyyət,
incəsənət və turizm sahəsində də əsaslı
tərəqqiyə nail olundu. Üç il bundan əvvəl
Mədəniyyət Nazirliyinin bazasında yaradılmış
Mədəniyyət və Turizm Nazirliyi dövlətimizin mədəniyyət
və turizm siyasətinin reallaşması istiqamətində
ötən il bir sıra əhəmiyyətli tədbirlər
həyata keçirmişdir.
2008-ci ildə incəsənət
sahəsi üzrə respublikamızda və onun
hüdudlarından kənarda 150-dən artıq dövlət əhəmiyyətli
və beynəlxalq tədbir keçirilmiş, dövlət
teatrlarında yeni tamaşalar hazırlanmış, Azərbaycan
incəsənət ustalarının dünyanın müxtəlif
ölkələrinə səfərləri təşkil
edilmiş, ölkə daxilində və xaricdə müxtəlif
tətbiqi sənət sərgiləri keçirilmişdir.
Möhtərəm
Prezidentimizin sərəncamlarına əsasən Ü.
Hacıbəyovun “Leyli və Məcnun” operasının 100, Q.
Qarayevin anadan olmasının 90, M. Müşfiqin anadan
olmasının 100, Mir Cəlalın anadan olmasının 100
illik yubiley tədbirləri əsl sənət bayramına
çevrilmiş, ədəbi irsə ehtiram nümunəsi
olmuşdur. Ü. Hacıbəyovun “Leyli və Məcnun” əsərinin,
Mir Cəlalın, Səttar Bəhlulzadənin 100 illik yubileylərinin
YUNESKO-nun tədbirlər planına daxil edilməsi və tədbirlərin
bu nüfuzlu təşkilatda Azərbaycan nümayəndə
heyətinin iştirakı ilə qeyd olunması Azərbaycan mədəniyyətinə
beynəlxalq miqyasda verilən yüksək qiymətdir və
beynəlxalq mədəni əməkdaşlıq sahəsində
aparılan işlərin uğurlu yekunudur.
Ukrayna, Belarus, Moldova, Səudiyyə
Ərəbistanı Krallığı kimi bir çox dövlətlərin
ölkəmizdə keçirilən mədəniyyəti
günləri, “Yaddan çıxmaz Qarabağ” mədəniyyət
aksiyası, Üzeyir musiqi günü, teatr mövsümlərinin
axtarışlarla zəngin yaradıcı mühiti, beynəlxalq
təsviri sənət sərgilərində milli əsərlərin
nümayişi Azərbaycanın incəsənət tarixinə
yeni səhifələr əlavə etmişdir.
Ötən il Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan
teatr sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci
il 19 fevral tarixli sərəncamına uyğun olaraq “Azərbaycan
teatrı 2008-2018-ci illərdə” Dövlət proqramı
hazırlanmışdır.
Teatr sənətinin müxtəlif janrları üzrə yüksək bədii dəyərli tamaşaların hazırlanması, habelə istedadlı gənclərin üzə çıxarılması, onların bədii yaradıcılıq axtarışlarının dəstəklənməsi, yaradıcı potensialın aşkarlanması məqsədilə yeni layihə icra olunmuşdur. Bu layihəyə əsasən gənc rejissorlara Bakıda və bölgə teatrlarında tamaşalar hazırlamaq şansı verilmişdir. Respublikada gedən teatr prosesini canlandırmaq və yaradıcı kollektivlərin bədii axtarışlarına yardım etmək məqsədilə bir sıra teatrlara dövlət sifarişi yolu ilə 20 tamaşanın hazırlanması həvalə edilmişdir.
Ölkə başçısının teatr sənətinə xüsusi münasibətinin təzahürü kimi iki aparıcı teatrda çalışanların əmək haqqının 100 faiz, daha dörd teatrın əməkdaşlarının əmək haqqının isə 25 faiz artırılmasını xüsusi vurğulamaq istərdim. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə il ərzində 101 nəfər mədəniyyət və incəsənət xadimi müxtəlif fəxri adlarla təltif olunmuşdur.
Hazırda Azərbaycan dünya mədəniyyətinə uğurla inteqrasiya olunur. 2008-ci ildə Almaniyada Azərbaycan İlinin keçirilməsi ölkəmizin unikal mədəniyyətinin tanıdılması yolunda atılan uğurlu addımdır.
2007-ci ildə start götürən və 2008-ci ildə də davam etdirilən Azərbaycan musiqisi festivalı layihəsinin məqsədi və qayəsi Azərbaycan xalq musiqisinin, bəstəkar yaradıcılığının, ifaçılıq sənətinin yüksək səviyyədə təbliği və Azərbaycanın bütün bölgələrini əhatə edən vahid musiqi məkanının reallığa çevrilməsidir.
Xalq yaradıcılığının inkişafını, mədəniyyət müəssisələrinin işinin daha da səmərəli təşkil olunmasını, özfəaliyyət teatr kollektivlərinə gənc nəslin cəlb edilməsini, bölgələrdə əhalinin teatr sənətinə marağının artırılmasını təmin etmək məqsədilə 2008-ci ilin 24 mart – 26 aprel tarixlərində xalq teatrlarının I Ümumrespublika baxış-müsabiqəsi keçirilmişdir. Respublika Aşıqlarının V qurultayının yüksək səviyyədə təşkili də mədəni həyatda baş verən əhəmiyyətli hadisələrdən biri olmuşdur.
Ötən il kitabxana-informasiya sahəsinin inkişafına da xüsusi diqqət yetirmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” 2007-ci il 20 aprel tarixli sərəncamının icrasına uyğun olaraq nazirlik tərəfindən hazırlanan “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” ölkə başçısının 6 oktyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş, bir sıra şəhər və rayon kitabxanaları kompyuter avadanlığı və digər informasiya texnologiyaları ilə təmin edilmişdir. Nazirliyin təşəbbüsü ilə 2008-ci ildə Bakı şəhərində M. Seyidzadə adına Mərkəzi Şəhər Uşaq Kitabxanasında ”Kitabxana-kitab mağazası” pilot layihəsi həyata keçirilməyə başlanmışdır.
2008-ci ildə muzey fondlarının uçotu, mühafizəsi, komplektləşdirilməsi, ekspozisiyalarının təkmilləşdirilməsi və yenidən qurulması, maddi-texniki bazalarının möhkəmləndirilməsi, onlara əməli və metodiki kömək göstərilməsi istiqamətində bir sıra işlər görülmüşdür. İl ərzində 12 yeni muzey yaradılmışdır. Onlardan 2-si Qobustan və Xızı rayonlarının tarix-diyarşünaslıq muzeyləri, 10-u isə Ağdam, Füzuli, Hacıqabul, İsmayıllı, Xızı, Tovuz, Qazax, Siyəzən, Qobustan rayon mərkəzlərində və Lökbatan qəsəbəsində yaradılan Heydər Əliyev muzeyləridir.
Abidələrin və mədəniyyət qoruqlarının mühafizəsi və bərpası nazirliyin fəaliyyətində xüsusi yer tutmuş, bununla əlaqədar bir sıra mühüm sənədlər, layihələr hazırlanmışdır. Bakı şəhəri Əzizbəyov rayonunun Qala qəsəbəsindəki məscidin (XVII əsr), Quba rayonunun I Nügədi kəndindəki məscidin, Bərdə rayonundakı XIV əsr Bərdə türbəsinin, Salyan rayonundakı “Cümə” məscidinin, Balakən şəhərindəki Minarəli məscidin, Zaqatala şəhərindəki Qala divarlarının və Şəki şəhərindəki Nakam adına kitabxananın, adı Dünya Mədəni İrs Siyahısında olan Qobustan Milli Tarix-Bədii Qoruğunun inzibati binasının, Qax rayonundakı Həsənxan qalasının, həmçinin Şəki şəhərindəki Şəkixanovların evinin, “Gələrsən-görərsən” qalasının bərpa və tikinti sənədləri üzərində çalışmalar başa çatdırılmışdır.
2008-ci ildə Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi ilə “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət tarix-memarlıq qoruq-muzeyində hər həftənin çərşənbə günlərində keçirilən “Muğam axşamları” ictimaiyyətin, tamaşaçıların böyük marağına səbəb olmuşdur.
Yola saldığımız ildə kino istehsalı üzrə dövlət studiyaları və müstəqil prodüser mərkəzlərində filmlər üzərində işlər davam etmişdir. “A.S.V.A. PROFİ” prodüser mərkəzi tərəfindən istehsal edilmiş “Hökmdarın taleyi” ikiseriyalı bədii filminin nümayişləri keçirilmişdir. “Azərbaycanfilm” kinostudiyasında istehsal edilmiş “Qala”, “Günaydın mələyim”, “Ritm” prodüser mərkəzinin “40-cı qapı” filmləri çəkilib təhvil verilmişdir. “Azərbaycanfilm”də daha iki film - “Ehram” telekanalı” və “İstanbul reysi” bədii filmləri üzərində iş aparılır. “Bizim kino” prodüser mərkəzində istehsala buraxılan “Cavad xan” ikiseriyalı bədii filminə baxış keçirilmişdir. “Sınaq-film” prodüser mərkəzində çəkilən “Kuklalar” və “Ölüm növbəsi” bədii filmlərinin istehsalı yekunlaşmaq üzrədir.
“Dua”, “Həqiqətin özü”, “Cabbar Qaryağdıoğlu”, “Mehdi Hüseynzadə” və “Prezident” sənədli filmlərinin çəkilişi başa çatdırılmışdır.
“Yaddaş” studiyasında “Azərbaycan tarixi” tammetrajlı sənədli filminin istehsalı tamamlanmışdır. İstehsalata daha iki tammetrajlı sənədli film buraxılıb: “Həyat sən nə qəribəsən” və “Azərbaycan mədəniyyəti”.
“Ratio-TV” prodüser mərkəzi tərəfindən istehsal edilmiş “Qanadlarıma sığal çək”, “Dərviş” prodüser mərkəzinin “Düyün” və Gənc film istehsalçıları assosiasiyası tərəfindən çəkilmiş “Yalançılar” qısametrajlı bədii filmlər qəbul edilmişdir.
Heydər Əliyev Fondu ilə birgə layihə çərçivəsində müxtəlif illərdə çəkilən cizgi filmlərindən ibarət “Bir nağıl söylə mənə” toplusunun təqdimatı keçirilmişdir.
Nazirliyin gənclərlə iş proqramı çərçivəsində kino yaradıcılığına cavan kadrları cəlb etmək məqsədilə növbəti “Bu meydan, bu ekran” kino layihələri müsabiqəsi keçirilmişdir.
2008-ci ilin bir sıra tədbirləri müasir Azərbaycan ədəbiyyatının inkişafına və beynəlxalq miqyasda təbliğinə xidmət etmişdir. Görkəmli yazıçı Mir Cəlalın 100 illiyi münasibətilə “Silinməz izlər” seriyasından böyük sənətkara həsr olunmuş “Göylər adamı”, Mikayıl Müşfiqin 3 cildliyi, Qara Qarayevin not kitabları, “Poeziya günü” almanaxı, Ü. Hacıbəyov “Leyli və Məcnun” not kitabı, “Mədəniyyət” kataloqu çap edilmişdir. Nazirlik tərəfindən “Heydər Əliyev və mədəniyyət” üçcildliyinin, “Prezident İlham Əliyev və mədəniyyət” ikicildliyinin nəşri uğurla başa çatdırılmışdır. Azərbaycan kitabının VI İskəndəriyyə Beynəlxalq Kitab Sərgi-Yarmarkasında, Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən beynəlxalq kitab sərgisində və Yunanıstanın Saloniki şəhərində keçirilən V Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirakı təmin edilmişdir.
Çoxtərəfli əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsinin xarici mədəniyyət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu nəzərə alaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2008-ci il Birləşmiş Millətlər Təşkilatı, YUNESKO, Dünya Turizm Təşkilatı, Avropa Şurası, Avropa İttifaqı, İslam Konfransı Təşkilatı, İSESKO, MDB, TÜRKSOY, Demokratiya və iqtisadi inkişaf naminə – GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və s. beynəlxalq təşkilatlarla mədəniyyət və turizm sahəsində çoxtərəfli əməkdaşlığın təşkil edilməsi, mədəniyyət və turizm sahələrində mövcud proqramlara qoşulma, beynəlxalq tədbirlərdə fəal iştirakın təmin edilməsi, həmçinin yeni təklif və layihələrin hazırlanması, əməkdaşlığa dair sənədlərin imzalanması istiqamətində səmərəli fəaliyyət həyata keçirilmişdir.
2008-ci ilin sonunda ilk dəfə Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakı şəhərində keçirilən konfransı mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi sahəsində xüsusi mərhələ olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəstəyi və şəxsi iştirakı konfransın yüksək səviyyədə təşkil olunmasına, həmçinin beynəlxalq miqyasda dövlətlər və təşkilatlar arasında səmərəli münasibətlərin inkişafına və əməkdaşlığın möhkəmlənməsinə əvəzolunmaz töhfə vermişdir. 48 ölkənin, 14 beynəlxalq təşkilatın və qeyri-hökumət təşkilatlarının 250 nəfərlik nümayəndə heyəti ilə təmsil olunduğu bu konfrans çərçivəsində mədəniyyətlərarası dialoqa dair Bakı prosesinin əsası qoyulmuşdur.
Azərbaycan Respublikası Prezidentinin mədəniyyət və turizm obyektlərinin layihələndirilməsi, inşası, bərpası, təmiri və yenidən qurulması işinə göstərdiyi yüksək diqqət və qayğı sayəsində ötən il bu sahədə mühüm tədbirlər həyata keçirilmiş, bir sıra yeni mədəniyyət obyektləri tikilib istifadəyə verilmiş və yaxud əsaslı şəkildə təmir olunmuşdur. Bu obyektlər sırasında Heydər Əliyev Sarayının əsaslı təmirdən sonra, Azərbaycan Dövlət Film Fondu və Muğam Evinin isə yeni binalarının istifadəyə verilməsini xüsusilə qeyd etmək lazımdır.
Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın tikintisi davam etdirilmişdir.
Mədəniyyət və turizm sahəsində baş verən bütün yeniliklər və əldə olunmuş nəticələr heç şübhəsiz ki, dövlət tərəfindən göstərilən maliyyə dəstəyi nəticəsində mümkün olmuşdur. Ötən illə müqayisədə mədəniyyət və turizmin inkişafına dövlət tərəfindən ayrılan vəsaitlər böyük fərqlərlə artırılmışdır.
2009-cu il Bakı İslam mədəniyyətinin paytaxtı elan olunmuşdur. İnanırıq ki, bu beynəlxalq mədəniyyət layihəsi mədəniyyətlərarası dialoqu daha da inkişaf etdirməklə yanaşı, dünyada Azərbaycanın mövqelərinin möhkəmlənməsinə böyük təkan verəcəkdir.
İntiqam HÜMBƏTOV,
Mədəniyyət və Turizm
Nazirliyinin mətbuat katibi
Xalq qəzeti.-2009.-31 yanvar.- S.7.