Ölkə gəncləri hərtərəfli dövlət
qayğısı ilə əhatə olunmuşdur
Azərbaycan
Respublikasının Dövlət Statistika Komitəsi bildirir
ki, ölkə əhalisinin 2,7 milyon nəfərini və ya 31
faizini təşkil edən gənclər dövlətin
qayğısını daim hiss edirlər. Son illər “Gənclər
siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul
edilmiş, “Azərbaycan gəncliyi Dövlət Proqramı” təsdiq
edilmişdir. Mütəmadi olaraq gənclərin
ümumrespublika forumları keçirilir və 2007-ci il “Gənclər
ili” elan edilmişdir.
Gənclərin
yarıdan bir qədər çoxu qadınlardır. Son 4 ildə
gənc analar tərəfindən doğulan uşaqların
sayı təxminən 19 faiz artmış və bütün
doğulan körpələrin 82,1 faizi gənc ailələrdə
dünyaya göz açmışdır.
2008-ci ildə ölkədə nikaha daxil olanların 75,9 faizini gənclər təşkil etmiş və son beş ildə nikah bağlayan gənclərin sayı 30 faiz artmışdır ki, bu da onların maddi vəziyyətinin yaxşılaşmasından və gəlirlərinin artmasından irəli gəlir. Eyni zamanda, ötən il boşananların 26,7 faizi gənclər olmuşdur.
Gənclərin sağlam həyat tərzi yaşamaları və idmanın müxtəlif növləri ilə məşğul olmaları üçün geniş şərait yaradılır, hər il yeni idman kompleksləri, stadionlar, üzgüçülük hovuzları və digər obyektlər tikilib istifadəyə verilir.
İdmançılarımız ötən il ərzində müxtəlif beynəlxalq yarışlarda ümumilikdə 550, o cümlədən 205 qızıl, 141 gümüş, 204 bürünc medal qazanmışlar. Ötən ilin ən böyük uğuru isə Çində keçirilmiş Yay Olimpiadasında əldə edilmişdir. Pekin Olimpiya Oyunlarında işmançılarımız 7 medala, Paralimpiya Oyunlarında isə 10 medala nail olmuşlar. İdmanda əldə olunan bütün nailiyyətlər məhz dövlətin bu sahəyə olan dəstəyi nəticəsində baş vermişdir.
Dövlət Statistika Komitəsi tərəfindən aparılan statistik müayinələrin nəticələrinə görə, bu gün gənclərin 92,4 faizi öz sağlamlığını yaxşı qiymətləndirir. Bununla belə, gənclərin 21,6 faizi siqaret çəkmək kimi zərərli vərdişlə hələ də vidalaşa bilmir və onların gün ərzində çəkdikləri siqaretlərin orta sayı 15 ədədə çatır.
Gənclərin təhsil səviyyəsi ilbəil artır. Cari tədris ilinin əvvəlinə Azərbaycanda 52,6 min tələbənin orta peşə təhsili aldığı 57 dövlət və 3 qeyri-dövlət orta ixtisas məktəbi və tələbələrinin sayı 135,8 min nəfər olan 34 dövlət və 14 qeyri-dövlət ali məktəbi fəaliyyət göstərir.
Son 5 ildə orta ixtisas təhsil müəssisələrində təqaüdün məbləği 8 dəfə, ali məktəblərdə isə bakalavr və magistrlərin təqaüdü müvafiq olaraq 11 və 12 dəfə artırılmışdır.
Xarici ölkələrin ali məktəblərində təhsil alan Azərbaycan gənclərinin sayı davamlı olaraq artır. Son 5 ildə xaricdə oxuyan tələbələrin sayı 56 faiz artmış və onların 59 faizi Bakı şəhərinin, 41 faizi isə digər regionlarının sakinləridir.
Elmi fəaliyyətlə maraqlanan gənclərin bir hissəsi aspiranturada öz təhsillərini davam etdirirlər. Cari ilin əvvəlinə aspiranturada təhsil alanların 83 faizini 30 yaşa qədər gənclər təşkil etmişdir.
Ölkənin elmi potensialında gənclərin sayı ilbəil artır və bu gün elmi müəssisələrdəki tədqiqatçıların 18 faizini məhz gənclər təşkil edir.
İqtisadiyyatda məşğul olan gənclərin sayı və cəmiyyətdəki rolu müntəzəm olaraq artır. 15-29 yaşda olan iqtisadi fəal gənclərin məşğulluq səviyyəsi 2003-cü ildəki 81 faizə qarşı 2008-ci ildə 89,5 faiz təşkil etmiş, müvafiq olaraq gənclər arasında işsizliyin səviyyəsi 19 faizdən 10,5 faizə enmişdir. Ölkədə gənclərin problemlərinin həllinə yönəldilmiş dövlət siyasətinin həyata keçirilməsi, yeni iş yerlərinin açılması və gənclərin iqtisadiyyata daha çox cəlb olunması ilə əlaqədar əvvəllər Azərbaycandan xarici dövlətlərə qazanc üçün getmiş gənclər Vətənə qayıtmağa, ölkədən gedənlərin sayı isə azalmağa başlamışdır.
Azərbaycanda narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi və idmanın sürətlə inkişafı nəticəsində gənclərin narkotiklərlə bağlı cinayətlərdə iştirakı xeyli azalmış və bu göstərici 2003-cü ildəki 25,1 faizdən 2008-ci ildə 23,5 faizə enmişdir.
T.ƏLİYEV
Xalq qəzeti.-2009.-31
yanvar.-S.7.