Daşlara yazılan tarix

 

Rusiyanın birbaşa dəstəyi ilə əsrlərdən bəri xalqımızı hədəfə götürən ermənilər yalnız insanımıza qarşı soyqırımı həyata keçirməklə işlərini bitmiş saymayıblar. Bunu tarix açıq şəkildə göstərir. Onlar işğal etdikləri tarixi Azərbaycan torpaqlarında adamları bəşərin üzləşmədiyi ən dəhşətli üsullarla qətlə yetirəndən sonra həmin ərazilərdə tarixi və mədəni abidələrimizi yerlə yeksan ediblər. Bu barbarlığın arxasında həmin ərazilərdən Azərbaycan xalqının izini silmək siyasəti gizlənir. Belə ərazilərdən biri də Qərbi Azərbaycandır (indiki Ermənistan). Demək olar ki, bu ərazi Bütöv Azərbaycanın tarixi baxımından ən qədim, coğrafi mövqeyinə görə ən strateji, təbii mühitinə görə bənzərsiz bölgələrdəndir.

XIX əsrin sonlarında Türkiyə, İran, Rusiya və başqa ölkələrdən köçürülənlərin hesabına Qərbi Azərbaycanda ermənilər ümumi əhalinin 10 faizini təşkil edib. XX əsrin sonlarında isə bu ərazi öz aborigenlərindən - türklərdən son nəfərinədək təmizlənib. Demək olar ki, burada bir nəfər olsun yerli sakin qalmayıb və onların yerini yenə də xaricdən gətirilən ermənilər tutub. İndi isə ermənilər həmin ərazidə tarixi və mədəni abidələri, azərbaycanlıların həmin ərazinin aborigenləri olduğunu sübutlayan sənət nümunələrinin izini itirməklə məşğuldurlar. Hətta ermənilərin Cənubi Qafqazda, o cümlədən Qərbi Azərbaycan ərazisindəki tarixi türk abidələrinə sahib çıxması geniş vüsət alıb. Bir sözlə, ermənilər bizə məxsus olan tarixi sənət nümunələrini ya özününküləşdirir, ya da məhv edirlər. Görünür, buna görədir ki, orta yüzillər tarixi mənbələrin "məscid və minarələr" şəhəri kimi tanınan İrəvanda bu gün yalnız bir məscid qalır. İş o yerə çatıb ki, ermənilər həmin məscidin farslara məxsus olduğunu iddia edirlər. 25 il rusların keçə bilmədikləri İrəvan qalasının, möhtəşəm Sərdar Sarayının izi qalmayıb. Ermənilər rus himayəçilərinin dəstəyi ilə tarixi bu şəkildə yox edirlər.

Bu yazıda araşdırıcı Əziz Ələkbərlinin bələdçiliyi ilə Qərbi Azərbaycan torpaqlarında olan tarixi sənət nümunələri barədə qısa da olsa, məlumat vermək istərdik.

1832-ci ildə xaricilər tərəfindən 12 məscid qeydə alınıb. Təbii ki, əcnəbilər yalnız şəhərin mərkəzi hissəsində olan məscidləri qeydə ala bilərdilər.

 

Qarakilsə qayaüstü rəsmləri

 

Zəngəzur mahalının Qarakilsə (ötən əsrin 40-a illərində ad dəyişdirilərək, Sisyan edilib) rayonu ərazisində qayaüstü təsvirlər var.

Bu təsvirlər iki qrupa bölünür: Birincisi, eramızdan əvvəl V-IV minilliklərə, ikincisi isə e.ə. III-II minilliklərə aiddir. Qeyd edək ki, həmin təsvirlərdə bölgənin ozamankı heyvanat aləmi və ibtidai insanın ov alətləri və s. öz əksini tapıb.

Bütün Zəngəzur mahalı kimi, Qarakilsə ərazisi də qədimdən türk-oğuz qəbilələrininin ana yurdu olub, bura ermənilərin ilk kütləvi axını XIX əsrin əvvəllərində Rusiyanın bölgəni işğalından sonra başlayıb.

Loru mahalının Soyuqbulaq kəndi yaxınlığında, Armudlu və Qaçaqqınları dərələrində də e.ə. dövrə aid olan qayaüstü təsvirlər var.

 

Nüvədi-Qarqadaşı kitabələri

 

Qərbi Azərbaycanda ən qədim tarixi abidələr sırasında Zəngəzur mahalının Meğri rayonunun Nüvədi kəndinin Qarqadaşı dağında olan daş kitabələri də var. Qafqazın ən qədim sakinləri olan Qarqar türklərinə aid bu kitabələr e.ə. I minilliyin yadigarıdır.

1985-ci ildə Nüvədi kənd sakini, tədqiqatçı Həmzə Vəli tərəfındən aşkar edilmiş bu kitabələr bir neçə daşdan ibarətdir. Onlardan ən böyüyünün uzunluğu 1 metr, eni 70 sm, ən kiçiyinin uzunluğu 40 sm, eni 32 sm-dir. Möhkəm bazalt daşlar üzərində göytürk hərfləri ilə yazılmış yazıların eni 2-3 mm, dərinliyi isə 3-4 mm-dir.

Kitabələrdəki yazılar Orxan-Yenisey yazıları ilə eynidir. Tarixinə görə isə bu kitabələr Orxan-Yeniseydən qat-qat qədimdir. Daha doğrusu, bu kitabələri Orxan-Yeniseyin əcdadı da hesab etmək olar.

Onu da bildirək ki, tarixin yaddaqalan kəsiyindən 1991-ci ilə qədər bu kənddə türklər yaşayıb. 1991-ci ildə isə bu kəndi ermənilər işğal edib.

 

Urud qalası, qəbirüstü abidələr

 

Ümumiyyətlə, Qərbi Azərbaycanda yaşı yüzlərlə əsr öncəyə gedən hər cür tarixi sənət nümunələrinə rast gəlmək mümkündür. Burada saysız qalalar, məbədlər, qəbirüstü abidələr, tağlı körpülər və s. tarixi memarlıq nümunələri məhz tarixə şahidlik edir.

Zəngəzur mahalının Qarakilsə rayonunun Urud kəndində böyük türk qalası var. Hündür sıldırım qayanın üzərində yerləşən qala üç tərəfdən Bazarçay çayının dərin dərəsi, bir tərəfdən divarla əhatələnib. Yerli əhalinin bildirdiyinə görə, qalanın zirvəsindən çaya gizli yol var imiş.

Qeyd edək ki, Urud qalasının adı tarixi mənbələrdə 450-ci il hadisələrindən bəhs edilərkən çəkilir. 1968-ci ildə isə ermənilər Urudun adını dəyişərək Vorotan, qalanın adını isə Vorotaberq ediblər. 1988-ci il işğalına qədər bu kənddə bir nəfər erməni yaşamayıb.

Kəndin qəbiristanlığında çoxlu qəbirüstü sənduqələr, qoç heykəlləri qeydə alınıb. Orada XV-XVIII yüzillərə aid yüzə qədər belə abidə aşkarlanıb. Həmin abidənin birinin üstündə ərəb dilində mərhumun Məhəmməd Peyğəmbərlə bir yerdə namaz qıldığı barədə məlumat var.

Yuxarıda göstərilənlər Qərbi Azərbaycanda azərbaycanlılara məxsus olan tarixi mədəniyyət abidələrinin bəlkə də mində biri deyil. Ona görə də bu maddi-mədəniyyət nümunələrinin bu gün dünya ictimaiyyətinə erməni abidəsi kimi təqdim olunmasının heç bir elmi əsası yoxdur. Sadəcə, işğal faktından istifadə edən ermənilər həmin ərazilərdə olan Azərbaycan xalqının tarixi sənət əsərləri ilə istədikləri kimi davranırlar. Yer üzündən silir və özününküləşdirirlər...

 

 

Elşad EYVAZLI

 

Xəzər.- 2009.- 7 fevral.- S. 14.