“Humanizm və xeyirxahlıq missiyası” kitabının müzakirəsi olub

 

Dünən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, hüquq elmləri namizədi Əli Eyvazovun ideya müəllifi olduğu "Humanizm və xeyirxahlıq missiyası" kitabının müzakirəsi keçirilib. Kitabda zaman etibarı ilə çox qısa müddətdə millət və dövlət maraqları baxımından strateji əhəmiyyət daşıyan bir sıra layihələri gerçəkləşdirən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın həyata keçirdiyi işlərdən söhbət açılır. Fond tərəfindən milli mədəniyyətimizə, tariximizə, adət-ənənələrimizə və s. göstərilən qayğıdan bəhs edilir.

Tədbirdə həmçinin Bakıda fəaliyyət göstərən ilk İctimai Hüquqi-İnformasiya Mərkəzinin 2 illik fəaliyyəti barədə də məlumat verilib. Mərkəzin fəaliyyəti yüksək qiymətləndirilib. Qeyd edək ki, Mərkəz Prezident İlham Əliyevin 2006-cı il 28 dekabr tarixli "Azərbaycan Respublikasında İnsan Hüquqlarının müdafiəsinə dair fəaliyyət planının təsdiq edilməsi" haqqında sərəncamına əsasən, 2007-ci il 28 fevral tarixində C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının nəzdində yaradılıb.

Qeyd edək ki, Mərkəzdən Rusiya Federasiyasında yaradılmış unikal və geniş əhatəli qanunvericilik bazasına daxil olmaq mümkündür. Sözü-gedən arxiv sənədləri yalnız Moskva və Sankt-Peterburqun aparıcı arxiv və kitabxanalarında saxlanılır. Sənədlər (qanunlar, fərmanlar, sərəncamlar) XVII-XXI əsrləri əhatə edir. Sənədlərin bir çoxunun 8 əsli artıq nadir (raritet) nüsxələr hesab olunur. Bazada Zaqafqaziyaya, Bakı, İrəvan və s. quberniyalara aid maraqlı və mütəxəssislər üçün əhəmiyyətli olan sənədlər mövcuddur.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev, yazıçı Natiq Rəsulzadə, professor, Beynəlxalq Elmlər Akademiyası və Təhlükəsizlik, Müdafiə və Qanunvericilik Problemləri üzrə Rusiya Akademiyasının üzvü, "Humay", "Qızıl qələm" mükafatları laureatı Həsən Quliyev, Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vasili İstratov və başqaları iştirak ediblər.

 

 

Xəzər.- 2009.- 7 fevral.- S. 2.