Atasına layiqli oğul – Səməd Ağaoğlu
Görkəmli
yazıçı, jurnalist, mədəniyyət xadimi Əhməd
Ağaoğlunun övladı Səməd Ağaoğlunun
(1909-1981) bu yaxınlarda Bakıda çapdan
çıxmış ilk kitabı "Hekayələr,
memuarlar" adlanır. Türkiyədə çağdaş
memuar ədəbiyyatının və psixoloji nəsrin
görkəmli nümayəndələrindən biri kimi
tanınan Səməd Ağaoğlu 1909-cu il aprelin 23-də
Bakıda anadan olmuş, bir neçə aylıq körpə
olarkən Türkiyəyə köçmüşdür.
O, Türkiyədə
daim Azərbaycan, ata yurdu Qarabağ ab-havası içində
böyümüş, Azərbaycan türkü olduğunu
heç bir zaman unutmamışdır. Ailənin dostları
sırasında Azərbaycan əsilli insanlar
üstünlük təşkil edirdilər. İstər Səmədin,
istərsə də Ağaoğlu ailəsinin digər üzvlərinin
fikri inkişafında türkçülüyün kölgədə
qalan ideoloqlarından olan Əli bəy Hüseynzadə
mühüm rol oynamışdı. Ə.Hüseynzadə Əhməd
bəy Ağaoğlunun Malta sürgününə göndərildiyi
1919-1921-ci illərdə bu ailənin ən yaxın simsarı,
mənəvi dayağı olmuş, öz ideya dostunun
övladlarının təlim-tərbiyəsinə əlindən
gələn yardımı göstərmişdi. İlk gənclik
illərindən başlayaraq Səməd bəy atası vasitəsilə
Türkiyə siyasi və ədəbi elitasının bir
sıra parlaq simaları ilə ünsiyyət qurmaq imkanı
qazanmış, məktəbli ikən Atatürkün əlini
öpmək şərəfinə nail olmuşdu.
Türkçülüyün banilərindən olan Ziya
Gökalp, məşhur şair Mehmed Emin Yurdaqul, dövrün
baş nazirlərindən Rəcəb Pekər və Fəthi
Okyar, təhsil naziri Rəşid Qalib, "İctihad" dərgisinin
sahibi Abdulla Cövdət, yazıçı və ictimai xadim
Xalidə Ədib Adıvar, əski ittihadçılardan doktor
Nazim bəy, professor-general Esad paşa, ədəbiyyatşünas
və dövlət xadimi Fuad Köprülüzadə,
yazıçı Həmdullah Sübhi və b. böyük həyata
qədəm qoyduğu ərəfədə Səmədin istər
siyasətdə, istərsə də ədəbiyyatda müəllimləri
və yol göstərənləri olmuşlar.
O, ilk təhsilini
İstanbulda, Fevziyyə məktəbində
almışdı. Sonra ailənin ölkənin yeni paytaxtı
elan olunmuş Ankaraya köçməsi nəticəsində
Ankara liseyində oxumuşdu. Özünü ədəbiyyata,
bədii yaradıcılığa həsr etmək qərarına
gəlsə də, atasının təkidi ilə Ankara
Universitetinin hüquq fakültəsinin tələbəsi
olmuş (1926-1931) və ali təhsilini uğurla başa
çatdırmışdı. "İstəyimin əksinə
olaraq atam məni hüquq sahəsinə yönəldirdi... Mən
də Konstitusiya hüququnun əsasları müəlliminin -
"bu kəskin sözlü, tox gözlü, qəribə
şivəli professorun" tələbələri
sırasında yer aldım və həmin andan etibarən onun
yeni bir zabitə və hakimiyyətinin dairəsinə
düşdüm", - deyə, Səməd Ağaoğlu
sonralar xatırlayırdı.
Hüquq təhsili alsa
da, ədəbiyyata, bədii yaradıcılığa məhəbbət
onu heç zaman tərk etməmişdi. Hələ
universitetin birinci kursunda ikən tələbə
yoldaşları ilə birlikdə "Yalnız gənclik!"
adlı bir dərgi buraxmağa başlamışdılar.
Sonra gələcəyin görkəmli şairləri Behcet
Kamal Çağlar, Əhməd Mühip Dranas və Hifzi
Oğuz Bekata ilə birlikdə "Gənc türk ədəbiyyatı
birliyi" adlı cəmiyyət qurmuşdular. Gənclərin
xahişi ilə türk ədəbiyyatının canlı
klassiki, "milli şair" Mehmed Əmin Yurdaqul böyük
məmnunluq hissi ilə bu cəmiyyətin fəxri sədri vəzifəsini
öz üzərinə götürmüş, birliyin
toplantılarında iştirak edib gənclərə tövsiyələrini
vermişdi. Səməd Ağaoğlu həyatının
birinci mərhələsində daha çox publisist və tədqiqatçı
kimi çıxış etmiş, "Türkiyədə
kiçik sənət məsələləri" (1939),
"Türkiyədə iş hüququ tarixi" (1939),
"Türkiyənin iqtisadi təşkilatında iş
odaları, ticarət odaları və ticarət borsaları"
(1943), "Qüvveyi-milliyyə ruhu" (1944), "Türkiyədə
suçlu cocuqlar" (1947), "İki partiya arasında siyasi
fərqlər" (1947) kimi broşüra və kitablarını
çap etdirmişdi.
S.Ağaoğlu Strasburq
Universitetindəki on altı aylıq magistratura kursundan diplomsuz,
lakin "Strasburq xatirələri" kitabının əlyazması
ilə qayıtdı. Kitab ilk dəfə 1944-cü ildə
çap olunsa da, orada hekayələrin qələmə
alındığı ötən əsrin 30-cu illərinin
ab-havası duyulmaqdadır. Bu illərdə Səməd
mükəmməl bildiyi fransız dili vasitəsi ilə rus və
Qərbi Avropa ədəbiyyatı klassiklərinin
yaradıcılığı ilə yaxından tanış
olmuşdu. S.Ağaoğlu böyük rus
yazıçısı F.M.Dostoyevskiyə
heyranlığını heç zaman gizlətməmişdi.
Onun ömür yolunu, şəxsiyyətini, əsərlərini
diqqətlə öyrənmiş, rus klassikinin üz tutduğu
mövzuları və qəhrəmanları türk cəmiyyətində
axtarıb tapmağa, eyni psixoloji gərginliklə,
inandırıcılıqla təsvir etməyə
çalışmışdı. İlk hekayələrindən
yazıçı gördüyü hadisələri və
tanıdığı əsərləri ədəbiyyata gətirməyə
üstünlük verirdi. "Strasburq xatirələri"nin,
eləcə də sonrakı illərdə çap edilən
"Böyük ailə", "Məhəlləyə
dönüş", "Öyrətmən Qafur",
"Hücrədəki adam", "Onlardan bəziləri"
və digər bədii əsərlərinin əksər qəhrəmanları
müəllifin şəxsən tanıdığı,
ünsiyyət qurduğu, gənclik həyatının kədərli
və xoşbəxt anlarını birlikdə keçirdiyi tələbə
dostlarıdır, məhəllə adamları, dustaq
yoldaşları və başqalarıdır.
Tərtibçi -
professor Vilayət Quliyev kitaba yazdığı ön sözdə
yazıçının Türkiyə nəsrindəki rolu barədə
yazır: "Ümumiyyətlə, çağdaş türk
nəsrində ilk dəfə Səməd Ağaoğlu öz
ədəbi istedadı və fitri müşahidəçilik
qabiliyyəti sayəsində bədiiliklə memuar ədəbiyyatının
ünsürlərini sintez etmiş, bir sıra orijinal,
yaddaqalan nəsr nümunələri yaratmışdır. Onun
müxtəlif illərdə qələmə
aldığı "Atamdan xatirələr" (1940),
"Atamın dostları" (1957), "Tanış üzlər"
(1965), "Dostum Menderes" (1967), "Mərmərədə
bir ada" (1972), "İlk mərhələ" (1978),
"Həyat bir macəradır" (1981) kimi kitabları
müasir Türkiyədə memuar janrının örnək əsərləri
sayılır və bu gün də çox az kitab oxunan
Türkiyədə diqqəti çəkirlər".
"Atamın
dostları" və "Tanış üzlər"
kitablarında Səməd Ağaoğlu heç bir ad çəkmədən
haqqında bəhs etdiyi şəxsiyyətlərin elə dəqiq,
aydın portretini yaradır ki, Türkiyənin ədəbi və
siyasi həyatına müəyyən qədər bələdliyi
olan hər bir oxucu çox da çətinlik çəkmədən
söhbətin kimdən getdiyini başa düşür. Təbii
ki, bu da müəllifdən güclü müşahidə
qabiliyyəti, ümumiləşdirmə bacarığı,
dövrün hadisə və insanlarına dərin bələdlik
tələb edir.
Fikrimizcə, bu il ədəbi
ictimaiyyətimiz görkəmli yazıçı, ictimai-siyasi
xadim Səməd Ağaoğlunun 100 illik yubileyini mütləq
keçirməlidir.
Kitaba
yazıçının "Strasburq xatirələri",
"Züryət", "Öyrətmən Qafur",
"Böyük ailə", "Hücrədəki
adam", "Atamın dostları", "Qatırın
ölümü", "Həyat bir macəradır" kitablarından
ayrı-ayrı hissələr daxil edilmişdir.
Kitabın redaktoru Asif
Rüstəmlidir.
Xəzər.- 2009.- 7 fevral.- S. 17.