“Azərbaycanın
başlıca problemi Qarabağ uğrunda gedən müharibədir”
– sabiq nazir
Tofiq Qasımovun
26 il öncə Litva qəzetinə verdiyi müsahibə: “Təcavüzkara qarşı
hər hansı bir iqtisadi və
yaxud siyasi sanksiyanı tətbiq etməyi təklif edirəm”
Azərbaycan Respublikasının
sabiq xarici işlər naziri Tofiq Qasımov 1992-ci ilin iyul ayında
Bakı beynəlxalq hava limanında Litva jurnalisti Tomas Srebalyusa müsahibə verib. Sabiq nazirin anadan
olmasının qarşıdan
gələn 80 illik yubileyi münasibətilə,
onun indiyədək Azərbaycanda dərc olunmamış sözügedən
nadir müsahibəsini
oxucuların diqqətinə
təqdim edirik:
Təyyarədən Bakının ətrafları
mazutlu sularla dolu çala-çuxurlardan
ibarət toz-torpaqlı
yolları xatırladır.
Azərbaycanın ekoloji
problemləri çoxdur.
Demək olar ki, bütün ölkələrin ekoloji çətinlikləri vardır.
Ələlxüsus,“qardaş
xalqların” beynəlmiləl
inkubatorunda bəslənmiş
hansı ölkənin
oxşar problemləri
yoxdur ki? Xalqlar azadlığa qurtulmaq istərkən çoxlu sayda siyasi problemlər də meydana gəlir. Azərbaycan Respublikasının Xarici işlər naziri Tofiq Qasımovla məhz elə bu barədə söhbət etdi:
– Azərbaycanda ən
vacib problem – Dağlıq Qarabağ uğrunda gedən müharibədir. Bu müharibəyə tezliklə
son qoymaq lazımdır. Amma qarşı tərəf bununla razılaşmaq istəmir. Ən böyük çətinlik
ondan ibarətdir ki, beynəlxalq təşkilatlarda müqavilələr
imzalanarkən konsensusa
gəlmək lazımdır.
Bu prinsip kiçik dövlətlərin,
o cümlədən Azərbaycanın
da maraq və mənafeyinə uyğundur. Lakin, qanlı müharibə qurtarmaq bilmirsə və insan itkiləri
davam edirsə, deməli, konsensus kömək etmir. Deyək ki, hamı ümumi razılığa gəlib
bir qərar qəbul etmək istəyir. Ermənilərsə
bu zaman özlərinin veto hüququndan istifadə edərək qərarın
qəbul edilməsinin
qarşısını alırlar.
Hadisələr göstərir
ki, təcavüzkar tərəf və yaxud yaranmış vəziyyət üçün
bu və ya digər dərəcədə
məsuliyyət daşımalı
qüvvələr çox
təsadüfi hallarda
günahlarını etiraf
edirlər və tək-tük hallarda onlara qarşı hər hansı bir sanksiyanın tətbiq olunması ilə razılaşırlar.
Odur ki, beynəlxalq forumlarda nəzərə çarpan
müsbət nəticələr
əldə olunmur.
Helsinki və
Roma sülh konfranslarında
iştirak edən zaman Bosniya və
Herseqovina münaqişəsini
yoluna qoymaq üçün tətbiq
olunmuş 50+1 konsensus
formulasından istifadə
etməyi təklif etdim. Bu, digər
tərəfi beynəlxalq
təşkilatların qərar
və göstərişlərini
yerinə yetirməyə
məcbur edərdi. Başlanğıcda təcavüzkara
qarşı hər hansı bir iqtisadi və yaxud siyasi sanksiyanı
tətbiq etməyi təklif edirəm. BMT-nin arsenalında bunun üçün nəzərdə tutulmuş
müxtəlif sanksiyalar
mövcuddur. Axı, müharibə gedən zaman razılaşmalar və müqavilələr
boş yerdən əmələ gəlmir və yaxud göydən
düşmür.
Düşünürəm
ki, belə münaqişələri həll
edərkən onların
tam yoluna qoyulmasına mane törədən tərəfə
lazımi qədər
təzyiq göstərmək
lazımdır.
II Dünya müharibəsindən
sonrakı dövrün
tarixi göstərir ki, heç bir müharibə müsbət nəticələrə
gətirib çıxarmır.
Elə götürək
Amerikanın Vyetnamla və yaxud SSRİ-nin Əfqanıstanla apamış olduqları müharibələri. Bu müharibələrdə basqın
etmiş tərəflər
uduzdular. Xalqları diz çökdürmək
asan deyil. Xalqı onun müqavimət göstərdiyi
bir şeyi etməyə məcbur etmək qeyri-mümkündür.
Buna görə də, Qarabağ müharibəsi də mənasız müharibədir.
Dağlıq Qarabağın
“Respublika” elan edilməsi
barədə qərar
qəbul etmiş Ermənistan Ali Soveti məgər bilmirmi ki, Azərbaycan
əhalsinin böyük
qismi bu diyarın hətta muxtar vilayət adlandırılmasının tərəfdarı
deyil? Axı, orada hansı respublika yaratmaq barədə söhbət
gedə bilər? Bu, doğrudan da gülməlidir. Ermənistanın bu qərarı aranı daha da qızışdırır.
Bütün ümüdimüz
beynəlxalq ictimaiyyətin
digər tərəfə
təsir göstərə
bilməsi ilə bağlıdır. Deyirik ki, qarşı tərəf ATƏM-in (1 yanvar 1995-ci ildən bəri ATƏT adlanır.
– M.H.) heç olmazsa
10 prinsipinə əməl
etsin. Ermənistan Azərbaycanla münasibətlərdə
həmin prinsiplərdən
altısını pozur.
Təəsüf ki, barışıq barədə
yalnız boş-boş
söhbətlər aparılır,
ancaq, real addımlar atılmır. Bizim 360 min qaçqınımız
var. Onların 100 minini bir təhər
yerbəyer etmişik.
Qalır 260 mini. Bunların da 160 mini Qarabağdan və ona bitişik
ətraf rayonlardandır.
Hamısı da Bakıda cəmləniblər.
Çoxusu hər gün Prezident Aparatının qarşısına
gəlir, mənim yanıma da gəlir və tələb edirlər ki, bu münaqişə
tezliklə yoluna qoyulsun ki, doğma
torpaqlarına qayıda
bilsinlər. Qaçqınlar
Respublikada qeyri-sabitlik
yaradırlar.
– Rusiya ilə olan münasibətləriniz
necədir?
– Deməzdim ki,
pisdir. Demək olar ki, münasibətlər
zahirən normal görünür. Diplomatik
əlaqələrimizdə nizamlanmamış yeganə
məsələ ondan
ibarətdir ki, Rusiya ilə olan dövlət sərhəddimizdə Azərbaycan
tərəfdən durmuş
Rusiya sərhəd qoşunları barədə
ümumi razılığımız
yoxdur. Belə ki, rus qoşunlarının
Respublikamızda qalma şərtləri və onların Azərbaycandan çıxarılma müddəti
haqqında müqaviləmiz
yoxdur. Hərbçilərin
özləri deyirlər
ki, sentyabr ayına kimi çıxıb gedəcəklər.
Amma, bu yalnız söz-söhbətdir.
Hər şey üçün danışıqlar
aparmaq və müvafiq sənədlər
qəbul edib imzalamaq lazımdır.
– Azərbaycanda Rusiyanın
nə qədər hərbi qüvvəsi vardır?
– Dəqiq deyə
bilmərəm. Amma kifayət qədər çoxdur. Rusiyadan hərbi xidmətə təzə çağırılmış
əsgərləri Respublikamıza
buraxmadıq, öz gənclərimizi də rus ordusuna səfərbər
etməyə qoymadıq.
Odur ki, buradakı rus ordusunda faktiki olaraq yalnız zabitlər və silahlar qalıb. Sıravi əsgərlərsə
demək olar ki, qalmayıblar. Bəzi xüsusi təyinatlı hissələr,
məsələn, desant
hissələri artıq
Azərbaycandan çıxıblar.
– Strateji əhəmiyyətli
silah bazalarınız
varmı?
– Vardır. Lakin
bu hissələrdə
çalışa bilən
hərbi kadrlar az qalıb. Ona görə də, o silahları işə buraxmaq çətin olardı.
– Rusiya qarşısında qoyduğunuz
qadağaya baxmayaraq, Litvada olduğu kimi burada da
ərazinizə əlavə
hərbi qüvvələr
yeritmək halları olubmu?
– Axı, onlar bunu necə edə bilərlər ki? Hələlik belə addımlar atmırlar. Ola bilsin ki, gələcəkdə
bunu etmək istədilər. Lakin mən buna şübhə
edirəm. Axı, Litvadan fərqli olaraq bizim ordumuz
var. Pis və ya yaxşı,
amma hər halda ordumuz var.
Ruslar isə ərazimizdə hələ
ki, dava etmək istəmirlər.
Bir zaman öncə biz Rusiyanın Azərbaycanda yerləşdirilmiş hərbi
hissələrini öz
yurisdiksiyamıza keçirmişik
və onların buradakı bütün əmlakını da öz mülkiyyətimiz elan etməşik. O vaxt ki, Rusiya
hərbi hissələrini
öz tabeliyinə qaytarmaq məsələsini
qoydu, onda biz həmin hissələri ya yubatmadan ərazimizdən çıxarmaq, ya da Azərbaycanın ixtiyarına vermək tələbini irəli sürdük. O zaman, Rusiya izah etməyə
başladı ki, bəs, elə olan halda Azərbaycanın
sərhədlərini heç
kim qorumayacaq. Cavabında dedik ki, onun sizə
dəxli yoxdur. Sizin işiniz Azərbaycandan çıxmaqdır.
Bundan sonra ruslar danışıqlara
başladılar. Biz belə bir tələb
irəli sürdük
ki, sərhədlərimizi
qoruyanlar bizə qulaq asmalı və bizim göstərişləri
yerinə yetirməlidirlər.
Əgər belə olmazsa, onda həmin
hərbçilərə sərhədləri
necə etibar etmək olar axı?! Həmçinin, Rusiya tərəfinə onların buradakı hərbçilərini müqavilə
əsasında xidmətə
götürməyi təklif
etmişik. Maaşlarını
verərdik, olardılar
muzdlu ordu hərbçiləri. Ordu
yalnız Azərbaycan
rəhbərliyinin əmrlərini
yerinə yetirməlidir.
Bu problemi heç bir keçid variantı olmadan radikal surətdə həll etməyə çalışırıq.
– Rusiya ilə iqtisadi əlaqələriniz
nə yerdədir?
– İqtisadi əlaqələr
barədə müqavilə
imzalamışıq, amma,
faydası yoxdur. Belə ki, müqavilə
pis işləyir. Bu, iqtisadi amillərlə
yox, Rusiya tərəfindən bizə
edilən siyasi təzyiqlərlə bağlıdır.
Hərçənd ki,
onların bizdən apardıqları mallar, bizim onlardan gətirdiyimiz mallardan qat-qat çoxdur. Bir sıra zavodlarımız
vardır ki, onlar Sovet dönəmində
Rusiyanın iqtisadi tələblərini təmin
etmək üçün
tikilmişdi və xammalı da oradan alırdılar. Onda hər şey
mərkəzləşdirilmişdi. İndisə görünür
ki, Rusiya rəhbərliyi hər şeyə nəzarət edə bilmir.
Ukrayna və
Belarus ilə iqtisadi əlaqələr saxlayırıq
və bu əlaqələr nisbətən
normal xarakter daşıyır.
Bir müddət
əvvəl Rusiyanın
səfiri məni məlumatlandırdı ki,
yaxın zamanda biz bütün iqtisadi məsələlər
üzrə danışıqları
müstəqil dövlətlər
kimi aparacağıq. Axı, necə olmasa da Rusiya
bizdən 70% neft məhsulları idxal edir.
Biz heç zaman iqtisadi əlaqələr üzrə
çoxtərəfli sazişlərdə
iştirak etməyə
hazırlaşmırıq. Odur ki, yalnız
ikitərəfli müqavilələrə
imza atacağıq.
– Azərbaycan MDB-yə
daxil olmağa hazırlaşırmı?
– Xalq Cəbhəsi
həmişə bunun
əksinə olub. Lakin müxtəlif fikirlər eşidilir. Həmin fikirləri keçmiş kommunistlər
yayırlar. Hazırda
bizdə MDB tərəfdarı
olan qüvvələr
də vardır. Amma onların həlledici gücü yoxdur. Biz MDB müqaviləsini ratifikasiya
etməmişik və
zənn edirəm ki, etməyəcəyik də.
Tomas Srebalyus
Litva dilindən
tərcümə etdi:
Mahir HƏMZƏYEV, Litva
Ədəbi Tərcüməçilər
İttifaqının üzvü
Qeyd: Müsahibənin
çap olunduğu mənbə: Vilnüs, Litva Respublikası Ali Sovetinin mətbu
orqanı – dövlət
qəzeti “Lietuvos aidas”
gündəliyi, 06 avqust
1992-ci il, ¹ 152, səh.
5.
Xural.-
2018.- 10 aprel.