1918-ci ilin mart soyqırımından 92 il ötür

 

Həmin vaxt erməni-bolşevik birləşmələrinin dinc azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı aktı Azərbaycan xalqının gözünü qırmaq, Bakını azərbaycanlılarsızlaşdırmaq məqsədini daşıyırdı

 

1918-ci mart soyqırımından 92 il ötür. Arxada qoyduğumuz hər bir il həmin müdhiş qətliamın, erməni-bolşevik birləşmələrinin dinc azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı aktının təfərrüatlarına dair yeni-yeni məlumatların, faktların öyrənilməsi ilə yadda qalır. Məlum olduğu kimi, 1918-ci ilin martından etibarən erməni-bolşevik birləşmələri Bakının azərbaycansızlaşdırılması istiqamətində çirkin və qanlı planlarını reallaşdırıblar. Lakin onların planları heç də Bakı ilə tamamlanmır, bütün Azərbaycanı əhatə edirdi. Belə ki, sözügedən müddətdə Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində azərbaycanlıların kütləvi şəkildə soyqırımı həyata keçirilib. Ermənilər tərəfindən bu torpaqlarda kütləvi qaydada dinc əhali qırılıb, kəndlər yandırılıb, milli mədəniyyət abidələri məhv edilib. Tarixi sənədlərdən də bəlli olduğu kimi, 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər tərəfindən 50 min azərbaycanlı qətlə yetirilib. Təkcə Bakıda 30 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb. Şamaxıda 58 kənd dağıdılıb, 7 min nəfər (1653 qadın, 965 uşaq) vəhşicəsinə öldürülüb. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə-yeksan olunub, yaş və cinsə məhəl qoymadan qətliam həyata keçirilib. Lakin bu dəhşətli hadisələr uzun illər öz layiqli qiymətini almayıb, əksinə, müxtəlif vasitələrlə ört-basdır edilib. Yalnız Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin o dəhşətli faciədən 80 il sonra, 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində 1918-ci ilin mart qırğınlarına siyasi qiymət verildi və xalqımıza qarşı törədilmiş bu qanlı qırğın haqqında müasir və gələcək nəsillərdə möhkəm milli yaddaşın formalaşdırılması, dünyada bu hadisələrə obyektiv siyasi qiymət verilməsi üçün hüquqi zəmin yaradıldı. Millət vəkilləri Aydın Mirzəzadə və Cəmil Həsənli, həmçinin, tarix elmləri doktoru, professor Musa Qasımlı ilə budəfəki söhbətimiz də məhz 1918-ci ilin mart hadisələri barədədir.

- Cəmil müəllim, bir tarixçi kimi necə hesab edirsiniz, 1918-ci ilin mart qırğınlarını “zəruri edən” hansı amillər idi?

Cəmil Həsənli: 1918-ci ildə baş verən mart qırğınları milli partiyaların sosial bazasının aradan qaldırılmasına hesablanmışdı. Yeri gəlmişkən, Stepan Şaumyanın “Azərbaycan qaragüruhu Bakını Azərbaycanın paytaxtı elan etmək istəyirdi. Biz onların əlindən bu imkanı aldıq və əvəzində onlara xarabalıqlar verdik” sözləri, əslində, mart hadisələrinin başlanmasının məqsəd və məramını açıqlayır. Xatırlatmaq yerinə düşər ki, 1917-ci ildə iki seçki- biri Bakı Soveitinə, digəri isə, Rusiya Məclisi-Müəssisanına-keçirilmişdi. Bakı Sovetinə keçirilən seçkilərdə o dövrdə Müsavat Partiyası səslərin 40 faizini almışdısa, bolşeviklər heç 5 faizini də almamışdı. Yaxud da Rusiya Məclisi-Müəssisanına keçirilən seçkilərdə milli partiya kimi siyasi səhnəyə çıxan Müsavat Partiyası 10 yer əldə etmişdisə, bolşeviklər cəmi 1 yer əldə edə bilmişdi. Bu qüvvələr nisbətindən xəbər verirdi və əslində, burada söhbət Müsavatdan getmirdi. Söhbət Azərbaycan milli ideologiyasından gedirdi və həmin dövrdə bu milli ideologiya Azərbaycan əhalisinə hakim kəsilmişdi. Əhalinin bütün təbəqəsi öz xilaslarını müstəqilliyə gedən milli ideologiyalarda axtarırdı. Bu qüvvələr nisbətini ortaya qoyanda yenə də Şaumyanın sözləri ilə desək, Rusiya üçün əhəmiyyətli olan Bakını bolşevik-daşnak birləşmələri “xilas etmək” fikrinə düşdülər və mart qırğınlarını törətməkdə də əsas məqsəd bu idi. Onu da deyim ki, əslində, qırğınlar bir qədər tez 1918-ci il yanvarın ortalarında törədilməli idi.

- Nə üçün yanvarın ortalarında?

C.H: Çünki Rusiyanın Qafqaz cəbhəsi dağılmışdı və oradan fərarilik edib, geri dönən əsgər hissələri Tiflisə buraxılmadı. Nəticədə, onlar öz yollarını Bakıdan saldılar. Halbuki, onlar Qara dəniz sahilləri ilə də Rusiyaya gedə bilərdilər. Amma burada məqsəd vardı və qeyri-azərbaycanlı siyasi partiyalar həmin əsgərləri Bakıya dəvət edirdilər. Bunun da aşağıdakı səbəbləri vardı: Birincisi, onların içərisində çoxlu sayda silahlı ermənilər vardı. İkincisi isə o əsgərləri öz vətənlərində yaxşı tale gözləmirdi. Ona görə də, onları birtəhər Bakıda saxlayıb həmin işlərə cəlb etmək istəyirdilər. Nəhayət, üçünçüsü ən azından onların silahları mart qırğınlarına hazırlaşan qüvvələrə verilməli idi. 1918-ci ilin yanvarında həmin qırğınlar ona görə baş vermədi ki, sadəcə olaraq bolşevik-erməni birləşmələri yanvarda buna hazır deyildilər. Martda isə artıq onların əlində böyük sayda birləşmiş hərbi qüvvələr vardı və bu təxribatı törədib, soyqırıma strart verdilər.

- Aydın müəllim, həmin olayları həm də bolşevik-erməni birləşmələrinin Azərbaycan türkünə qarşı faşizm metodlarından istifadə etmək istəyi kimi də dəyərləndirmək olarmı? Yəni, nə olursa-olsun Azərbaycan türkünü məhv etmək...

Aydın Mirzəzadə: Dediklərinizdə həqiqət var. Şübhəsiz ki, mart qırğınları ona qədər baş verən hadisələrin məntiqi nəticəsi idi. Daha dəqiq desək, 1918-ci ilin martında azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması, əslində, azərbaycanlıların müstəqillik mübarizəsinə qarşı yaradılmış ən böyük səddlərdən biri idi. Gülüstan və Türkmənçay müqavilələrindən sonra Azərbaycan torpaqlarının parçalanması, burada süni surətdə ermənilərin yerləşdirilməsi, Azərbaycan ziyalılarının önə çıxmasına imkan verilməməsi, ilk növbədə azərbaycanlılara öz milli kökünü, tarixini unutdurmaq məqsədi daşıyırdı. Ancaq bununla belə, istənilən imperiyanın sonu olduğu kimi, 1917-ci il oktyabr çevrilişi ilə çar imperiyasının da süqutu start götürdü və həmin dövrdə indiki Azərbaycan ərazisində ziyalıların müstəqil Azərbaycan uğrunda mübarizəsi başladı. Əsas məqsəd tarixi Azərbaycan torpaqlarının gələcək Azərbaycan dövlətinin tərkibində saxlanması və azərbaycanlıların layiq olduqları hüquqlarının əldə edilməsi idi. Ancaq bununla belə, ona qədər ermənilər və onları dəstəkləyən müəyyən dairələr tərəfindən müstəqil Azərbaycan dövlətinin yaradılmasına qarşı maneələr, bir çox problemlər yaradılırdı. Bunların ən birincisi isə, ermənilərin istifadə etdikləri soyqırımı taktikası idi. Eyni zamanda, həmin dövrdə tarix özünün inkişafında bir mərhələdən başqa bir mərhələyə keçirdi. Çox təəssüf ki, bu mərhələdən-mərhələyə keçid insan qırğını, ilk növbədə azərbaycanlıların kütləvi surətdə qırğını ilə başa çatdı. Tarix sübut edib ki, ümumiyyətlə, bolşevik-kommunist ideologiyası, həmçinin, erməni millətçiləri heç bir zaman sivil yolla siyasi mübarizə apara bilmir. Yəni, siyasi mübarizədə məğlub olduğunu gördükdə bununla barışmaq əvəzinə kütləvi qırğınlar törətməyə üstünlük verir. Bütün bunları xatırlatmaqla yanaşı, bir daha qeyd etmək istəyirəm ki, 1918-ci ilin mart hadisələri, ilk növbədə bolşevik və ermənilərin mövcud olan problemlərə özünəməxsus şəkildə yanaşması idi və bu, sivil yanaşma deyildi. İkincisi isə, nə yolla olur-olsun regionu, Azərbaycan torpaqlarını Rusiyanın nəzarəti altında saxlamaq niyyəti idi. Aydın məsələdir ki, həmin dövrdə müstəqil erməni dövlətinin yaranması hələ bir ideya kimi qalırdı və bunun reallaşması bir o qədər mümkün görünmürdü. Lakin bununla belə, Bakı Rusiyanın nəzarəti altında qalmalı idi. Məsələn, həmin Şaumyan istənilən vəchlə Bakını azərbaycansızlaşdırmağa çalışırdı. Çünki Bakı strateji mövqedə idi. Bakının sənayə potensialı digər regionlara nisbətən kifayət qədər yüksək idi. Bu baxımdan, bunlar düşünülmüş, məqsədli surətdə edilmiş, Azərbaycan xalqının gözünü qırmaq, xalqı lidersizləşdirmək üçün atılan addımlardan biri idi.

- Hər halda dediklərinizdən də belə aydın oldu ki, bu faciə mütləq baş verməli idi...

A.M: Çox təəssüf ki, tarixi yenidən yazmaq mümkün deyil. Nə baş veribsə, artıq tarixdə qalıb. Tarixi öyrənməkdə məqsəd bir də belə hadisələrin baş verməsinin qarşısını almaqdır.

- Musa müəllim, həmin hadisələri araşdıran bir tarixçi alim kimi sizin də fikirlərinizi bilmək maraqlı olardı...

Musa Qasımlı: 1918-ci ilin martı ümumi prosesin kulminasiya nöqtəsi idi. Əsas sual odur ki, azərbaycanlılara qarşı ermənilər tərəfindən həyata keçirilən soyqırımının fəlsəfəsinin arxasında nə dayanıb? Bunun təşkilati, ideoloji əsasları və nəticəsi var. İdeoloji əsas ən əvvəl çar Rusiyasının isti dənizlərə çıxmaq istəyindən başlanır. Çar Rusiyasının öz istəyini həyata keçirmək üçün əlində bir alətə ehtiyacı vardı. Bu etibarlı alət mütləq Şərq xalqlarının arasından seçilməli idi. Səbəb isə, uyğunlaşma və regionun nəbzini tez tutmaqdan ibarət idi. Bu isə, ancaq ermənilər ola bilərdi. İkinci mərhələdə isə, konkret olaraq təşkilatlanma məsələsi prioritet kimi qəbul edildi. 1828-ci ildə Azərbaycan əraziləri İranla çar Rusiyası arasında bölüşdürüldükdən sonra Şimali Azərbaycana müxtəlif xalqların nümayəndələri köçürülməyə başladı. Onların arasında almanlar, ruslar, hətta müəyyən miqdarda polyaklar da vardı. Əsasən isə, ermənilər Azərbaycan torpaqlarında məskunlaşdırıldı. Çarizmin yerləşdirmə siyasətindən sonra onların sayı 1 milyon 300 min nəfərə çatdı. Bu, arxiv sənədlərində də var. Təşkilatlanma mərhələsi çarizmin xüsusi xidmət orqanları, jandarm idarələri tərəfindən həyata keçirildi. Maraqlıdır ki, köçürülən ermənilər azərbaycanlıların yaşadığı münbit torpaqlarda yerləşdirilirdi. Yerləşdirmənin ardından isə azərbaycanlıların hesabına ermənilərin varlandırılması prosesinə başlanıldı. Bu isə, sosial milli ziddiyyətlərin kəskinləşməsinə yol açdı. Beləliklə də, ideoloji “əsaslar” pulla üst-üstə toplanaraq silahlı dəstələrə, terror qruplarına çevrilməyə başladı. Ermənilər öz ideologiyalarını özləri hazırlamayıblar, sadəcə, çar Rusiyasının ortaya qoyduğu sənədi icra ediblər. Nəticələr isə göz önündədir: qırğınlar, kütləvi qətliamlar və deportasiyalar. 1828-ci ildən 1918-ci il Oktyabr inqilabına qədər olan müddəti ideoloji təbliğat və yerləşim mərhələsinə şamil etmək olar. Ən kritik anlarda inqilab dövründə azərbaycanlıların kütləvi qırılması prosesinə start verildi. ABŞ arxivlərində işləyərkən maraqlı bir kitaba rast gəldim. Orada 1905-ci ildə baş verən qırğınlar haqda bəhs olunurdu. Kitab Londonda nəşr olunub. Bir şəkil veriblər və altından yazıblar: “Tatarların öldürdüyü ermənilər”. Maraqlı burasıdır ki, şəkildəki meyitlərin hamısı kəfənə bürünmüşdü. Amma bu faktdır ki, ermənilər ölülərini kəfənə bükmürlər. Demək bu, ictimai rəyi çaşdırmaq üçün hazırlanan və tamamilə yalan olan informasiyalardır. Mən I Dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasətini araşdırdığım üçün bəzi məqamlara rast gəlmişəm. Erməni terror dəstələri Anadoluda hazırlanıb. Nəzərə alsaq ki, həmin dövrdə sözügedən ərazi Rusiyanın nəzarəti altında olub, rus konsulları tərəfindən cəza dəstələrinin hazırlanması elə də çətinlik törətməməli idi. Tiflisdə Qriboyedov küçəsində erməni komitəsi yerləşirdi. Bütün planlar orada hazırlanırdı. Bakıda isə keçmiş “Torqovı” küçəsi ilə Qoqol küçəsinin kəsişməsində erməni mərkəzi fəaliyyət göstərirdi. Azərbaycan Dövlət Tarix Arxivində də bu barədə sənədlər mövcuddur ki, Azərbaycanda yaşayan ermənilər bu mərkəzə nə qədər pullar köçürüblər. Qətliamı həyata keçirən terror dəstələri məhz həmin maliyyə vəsaiti hesabına hazırlanırdı. Burada ən əsas məqamlardan biri də terrorun coğrafiyasıdır. Adətən, ermənilərin həyata keçirdiyi soyqırımları Şimali Azərbaycanla məhdudlaşdırırıq. Amma, bu coğrafiya bir ucu Anadolu, bir ucu Cənubi Azərbaycan olmaqla böyük bir ərazini əhatə edib. Hətta deyərdim ki, Cənubi Azərbaycanda törədilən qətllər kütləviliyinə görə xüsusilə seçilirdi. Kütləviliyinə görə digər ən böyük qətllər isə İrəvan quberniyasında və Borçalıda həyata keçirilib. İngilis mənbələrində də qeyd olunur ki, Rusiyada bolşeviklərin hakimiyyətə gəlişindən 1918-ci ilin martına qədər olan dövr ərzində İrəvan quberniyasında 199 Azərbaycan kəndi yerlə-yeksan olunub. Əhalisi isə 135 min nəfər olub. İngilis arxivlərində qeyd olunur ki, 1918-20-ci illər arasında 250 müsəlman kəndi İrəvan quberniyasında yerlə-yeksan olunub. Bu, təkzibolunmaz faktlardır. ABŞ arxivlərində işləyərkən maraqlı bir siyahı ilə tanış oldum. Həmin siyahıda 1918-ci ildə Qars müsəlmanlarının ermənilərin həyata keçirdiyi qətliama etiraz əlaməti olaraq ABŞ prezidenti V.Vilsona müraciəti qeyd edilmişdi. Sənədin üstündə əvvəlcə qeyd olunub ki, istifadəsinə icazə verilmir, amma sonradan həmin o qeydin üstündən xətt çəkilib. Gürcü və rus mənbələrində hətta daşnak hökumətinə aid sənədlər yer alır ki, İrəvan quberniyasında azərbaycanlılara qarşı hansı üsulla soyqırımı həyata keçirilib. Hətta qeyd olunur ki, Zəngəzur quberniyasının bir kəndindən götürülən ərzaq məhsulları ilə ölkənin əhalisini aclıqdan qurtarmaq mümkündür. Bir daşnak polis sahə rəisi yazır ki, mən kəndə girəndə ulaşan sahibsiz itləri gördüm. İnsanlar hamısı qaçmışdı. Daşnak yazır ki, “bu itləri müsəlmanların olduğu üçün quyular qazıb diri-diri basdırmaq lazımdır. Mən elə də etdim”. Bakıda törədilən mart qırğını isə zirvə nöqtəsi sayılır. Bu qətliamların törədilməsində, Bakı faciəsinin baş verməsində əsas iki məqsəd vardı: birinci, Azərbaycanın istiqlalına gedən yolun kəsilməsi; ikinci, Bakını və Abşeronu türklərdən təmizləmək.

- Tarix dərs çıxarmaq üçün olsa da, uzun zaman biz dərs çıxara bilmədik. Hər halda sonrakı dövrlərdə, xüsusilə də 1988-ci ildən sonrakı hadisələr, həmçinin, 1990-cı ilin 20 yanvar faciəsi, 1992-ci ilin Xocalı faciəsi baş verdi...

C.H. 1918-ci ilin mart hadisələri tarixdə baş verən çox az hadisələrdəndir ki, bundan çox ciddi dərslər çıxarılmalıdır. Həm siyasi, həm tarixi, həm də mənəvi dərslər çıxarılmalıdır. Bu hadisə azərbaycanlıların taleyində o qədər acılı rol oynadı ki, hətta sovetləşmənin baş verməsinə baxmayaraq, uzun müddət azərbaycanlıların siyasi proseslərdə iştirakı, sovet işinə bu və ya digər dərəcədə münasibəti ilə bağlı həlledici, müəyyənedici amilə çevrilmiş oldu. Bizim əlimizdə çox nadir sənədlər var. Belə ki, zəif olmasına, kadr çatışmazlığına, yeni qurulmasına baxmayaraq, Azərbaycan Demokratik Cümhuriyyəti çox nadir bir iş gördü. Bu, hələ Bakı azad edilməzdən əvvəl Bakıda baş vermiş mart hadisələrinin təhqiq edilməsindən və bu məqsədlə istintaq komissiyasının yaradılmasından ibarət oldu. Azərbaycan Xalq Cümhuriyyətinin bu istiqamətdəki ikinci ağıllı addımı isə həmin istintaqa əsasən milliyyətcə qeyri-azərbaycanlıların (yəhudilər, ruslar, polyaklar və digərləri-C.H) cəlb edilməsi idi. Mən deyərdim ki, bu adamlar son dərəcə vicdanla təhqiqat işi apardılar və lazımi materialları topladılar. Həmin dövrdə hökumət sənədlərin toplanması, istintaqın aparılması, insanların hansı şəraitdə qətlə yetirildiyinin müəyyənləşdirilməsi, onlara dəyən əmlak ziyanlarının dəqiqləşdirilməsi və istintaq materiallarının yekunlaşdırılaraq dünyanın dörd dilində nəşr edilməsinə dair qərar verdi. Bu qərarın qəbulunu zəruri edən isə ermənilərin növbəti çirkin oyunları idi. Belə ki, ermənilər Cənubi Qafqazda törətdikləri əməlləri çox asanlıqla müsəlmanların üzərinə atırdılar və dünyaya belə təqdim edirdilər ki, guya xristian ermənilər burada vəhşi müsəlmanlar tərəfindən qətlə yetirilirlər. Qeyd edim ki, tək Bakıda yox, 1918-ci ilin yazında milli və dini münaqişə zəminində Cənubi Qafqazda baş verən bütün münaqişəli halların təhqiqi nəticəsində aparılan istintaq zamanı nadir sənədlər toplanıb və onların əvəzi yoxdur. Bu sənədlərin əldə edilməsi ilə əvvəla baş verən hadisələrdə dövləti cinayətin törədildiyi aşkarlanıb.

- Dövləti cinayət deyəndə nəyi nəzərdə tutursunuz?

C.H. Söhbət ondan gedir ki, həmin dövrdə Bakıda hakimiyyətdə bolşeviklərlə erməni milli partiyaları, daşnaklar təmsil olunurdu və mart qırğınlarını da məhz həmin hakimiyyət törədib. Bu mənada 1918-ci ilin mart soyqırımı həm də dövləti cinayətdir. İkinci məqam ondan ibarətdir ki, insanlar daha əzablı formada qətlə yetiriliblər. Məsələn, insanı sadəcə olaraq bir güllə atmaqla da qətlə yetirmək olar, yanan tonqalın içərisinə diri-diri atmaq da olar. 1918-ci ilin qanlı olaylarında məhz ikinci hala üstünlük verilib. Məsələn, doğuş ərəfəsində olan qadınların qarnının yırtılması və körpə əlinin yırtılmış qarından bayıra çıxması. Bu dəhşətli, tükürpədici faktlar istintaq materiallarında öz əksini tapıb. Birinci qırğınlardan sonra birinci Dövlət Dumasında çıxış edən İsmayılxan Ziyadxanov “ağalar bizə rəhminiz gəlsin, biz yarılmış hamilə qadın qarınlarından bayıra çıxıb yellənən uşaq əllərini görürük” deyib. Və əgər xronoloji cəhətdən bunu davam etdirsək eyni mənzərəni Xocalıda da görürük. Yəni, zaman dəyişir, amma erməniçiliyin mahiyyəti dəyişmir. Siz burada faşizm siyasəti terminini işlətdiniz. Mən isə demək istəyirəm ki, ermənilərin əməlləri öz qəddarlığına və vəhşiliyinə görə faşizmi dəfələrlə geridə qoyur. Tarixdən bəlli olduğu kimi, faşistlərin işğal etdiyi bütün ərazilərdə dinc əhali yaşayıb. Amma ermənilər tərəfindən işğal olunmuş bir kənd tapmaq mümkün deyil ki, işğaldan sonra orada yerli əhali yaşasın. Çünki erməniçiliyin mahiyyəti faşizmdən də betərdi. 1918-ci ilin mart soyqırımına dair istintaq materiallarında əks olunan, həmçinin, Xocalıdakı dəhşətli soyqırımından sonra lentə alınan kadrlardan da bəlli olduğu kimi, diri-diri insanların belinə qaynayan samovarın bağlanması, öldürülmüş insanların cəsədləri üzərində intiqam məqamlarının həyata keçirilməsi belə deməyə əsas verir. Biz bu vəhşiliyin olmasına dair faktları bütün dünyaya göstərməklə yanaşı, deməliyik ki, dünən bu vəhşilik türkə qarşı baş verirdi, bu gün azərbaycanlıya qarşı baş verir, sabah gürcüyə qarşı, daha sonra isə rusa və digər millətlərə qarşı baş verəcək. Bizim mədəni adlandırdığımız dünyada əgər Xocalı soyqırımı baş verirsə və bu faciə mahiyyət etibarı ilə 1906-cı ilin, 1918-ci ilin davamıdırsa, deməli artıq bu ermənilərdə bir ənənəyə çevrilib. Bax bu psixoloji məqamı bütün dünyaya açıb göstərməliyik ki, təbliğatı baxımdan erməni toruna düşən dünya birliyi məsələnin əsl mahiyyətini bilsin. Nəhayət, biz tarixdən dərslər götürməliyik.

A.M. 1918-ci ildə ermənilər o yerdə qırğınlar törədə bildilər ki, Azərbaycan milli dövlətçiliyinin yaranma prosesi həmin yerləri hələ tam şəkildə özünün təsiri altına ala bilməmişdi. Bakıda vəziyyət çox gərgin idi. Bolşeviklərin müəyyən qədər təsiri vardı. Rusiyadan gəlmə xeyli fəhlə qüvvəsi vardı ki, bolşeviklər onları milli zəmində öz tərəflərinə çəkməyə çalışırdılar. Erməni millətçi təşkilatları və erməni hərbi birləşmələri Bakıda geniş fəaliyyət göstərirdilər. Ona görə də, Bakıda, Şamaxıda və Qubada bu hadisələr baş verdi. Sonradan Azərbaycan Demokratik Cümhuriyyəti oranı da artıq öz təsiri altına aldı və 114 min kv.km ərazidə Azərbaycan dövlətçiliyi quruldu. Bir məqamı xüsusi olaraq qeyd etməyi vacib bilirəm. Bu yaxınlarda internet saytlarının birində bir erməni tədqiqatçısının maraqlı bir yazısını oxudum. Azərbaycanlılar tərəfindən ünvanlanan “niyə 1933-cü ilə qədər Azərbaycan Kommunist Partiyasının rəhbərləri bir qayda olaraq qeyri-azərbaycanlılar olurdu” suala həmin erməni aşağıdakı cavabı vermişdi: “Ona görə ki, həmin dövrdə azərbaycanlılar Kommunist Partiyasının üzvü olmağa meyilli deyildilər. Başqa millətlər partiyanın üzvü olduqlarına görə onları da rəhbər təyin edirdilər”. Yəni, belə çıxır ki, bolşeviklər və erməni millətçiləri Azərbaycanı idarə etməyə və burada öz ideologiyalarına rəhbərlik etməyə meyilli olublar. Başqa bir məqam isə 1918-ci ilin mart soyqırımlarının təhqiqatı ilə bağlıdır. Məsələn, bu yaxınlarda mən oxudum ki, Azərbaycan Demokratik Cümhuriyyəti dövründə həmin faciənin araşdırılması ilə bağlı təhqiqat komissiyası yaradılıb. Azərbaycanda 1920-ci ildə sovet hakimiyyəti qurulduqdan sonra bu təhqiqat materialı aşağıdakı bir cümlə ilə bağlanır: “Bu məsələnin araşdırılması xalqlar arasında milli zəmində qarşıdurma yarada biləcəyinə görə iş bağlansın”. Görürsünüzmü, erməni millətçiləri tərəfindən minlərlə azərbaycanlı çox vəhşicəsinə qətlə yetirilir, ancaq bu işi öyrənmək, araşdırmaq və həqiqətin zəfər çalmasını təmin etmək əvəzinə o dövrdə mövcud olan sovet hakimiyyəti bunun tədqiqinin millətlər arasında qarşıdurma yaradacağı bəhanəsi ilə bağlayır. Həmin dövrdə rəsmi hakimiyyətin bu məsələnin tədqiq edilməsinin, tarix və bədii kitablarda bu barədə məlumat verilməsinin qarşısını almasına baxmayaraq, cəmiyyət içərisində yaddaşdan-yaddaşa ötürülərək bunlar hamısı gələcək nəsillərə çatdırılırdı. Eyni zamanda, indiki müstəqillik dövründə bu məsələlərin dərindən öyrənilməsinə başlanılıb. Bu cür tarixi hadisələrin öyrənilməsi cəmiyyəti daha qüvvətli edir, cəmiyyəti həm tarixini bilməklə, həm də bugünkü gücünə bələd olmaqla qarşısında duran məsələlərin həllinə daha yaxşı istiqamətləndirə bilir.

- Ümummilli lider Heydər Əliyevin o dəhşətli faciədən 80 il sonra, 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində 1918-ci ilin mart qırğınlarına siyasi qiymət verildi və xalqımıza qarşı törədilmiş bu qanlı qırğın haqqında müasir və gələcək nəsillərdə möhkəm milli yaddaşın formalaşdırılması, dünyada bu hadisələrə obyektiv siyasi qiymət verilməsi üçün hüquqi zəmin yaradıldı...

C.H. Hesab edirəm ki, bu Fərmanla 31 martın Azərbaycanlıların soyqırımı günü kimi tanınması müstəsna əhəmiyyətə malikdir. Bu sənəd tarixi gerçəkliyi tamamilə özündə əks etdirir və bunun işığında çox işlər görmək lazımdır. Həmin Fərman müxtəlif idarələrin qarşısında çox böyük vəzifələr qoyur. Bu vəzifələrin bir hissəsi həyata keçirilib, digər hissəsinin reallaşması istiqamətində isə biz öz fəaliyyətimizi gücləndirməliyik.

A.M. 1991-ci ildə müstəqilliyimizin bərpa edilməsi və 1993-cü ilin 15 iyununda Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıtması Azərbaycanda sovet dövrü və ona qədər olan dövrün tarixinin öyrənilməsi üçün geniş imkanlar açdı. Ulu öndər həmin vaxt keçirdiyi müşavirələrdən birində XIX əsr Azərbaycan tarixinin dərindən öyrənilməsi ilə bağlı müvafiq tapşırıqlar verdi. Ümummilli lider Heydər Əliyev çox gözəl başa düşürdü ki, Azərbaycanın tarixində bu qətliamların, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımların dərindən öyrənilməsi və onların tarix elminin araşdırdığı aktual bir mövzuya çevrilməsinin ölkəmizin bu günü və sabahı üçün böyük əhəmiyyəti var. Həmin o, 1998-ci il Fərmanında təkcə 1918-ci ilin 31 mart soyqırımı ilə bağlı deyil, digər soyqırımları ilə bağlı da məsələlər öz əksini tapıb. Onu da qeyd etmək yerinə düşər ki, həmin dövrdə Azərbaycan cəmiyyətinin çox az bir hissəsi 31 mart soyqırımı ilə bağlı məlumatlı idi. Məhz Ulu öndər Heydər Əliyevin imzaladığı Fərmandan sonra 1918-ci ilin mart soyqırımı geniş araşdırma mövzusu olmağa, ictimaiyyətə çatdırılmağa başlandı. Şübhəsiz ki, ötən dövr ərzində tarixçilərimiz, tədqiqatçılarımız məsələ ilə bağlı cəmiyyəti daha çox məlumatlandıra bildilər. Biz nə qədər çox bu məlumatları öyrəniriksə, nə qədər çox faktları bir daha ortaya qoya biliriksə, erməni millətçiləri ilə ideoloji mübarizəmizdə daha qüvvətli oluruq. Bizim fəaliyyətimiz qarşı tərəfi ciddi şəkildə narahat etməyə başlayıb. Belə ki, ilk illər erməni elmi dairələri bu məsələlərə ümumiyyətlə heç bir reaksiya verməməyə çalışırdılar. Lakin hazırda onlar artıq müdafiə olunmağa, bu məsələlərə dair yalançı dəlillər bazası yaratmağa çalışırlar. Amma söhbət məhz yalançı “dəlillərdən” getdiyi üçün ortaya heç nə qoya bilmirlər. 1918-ci ilin martında Bakıda soyqırımı olub və bu, erməni millətçiləri və bolşeviklər tərəfindən törədilib. Stepan Şaumyanın azərbaycanlılara qarşı nifrət ruhunda etdiyi çıxışlar və bəyanatlar tarixdə var və qalacaq. Quba soyqırımı, Şamaxı soyqırımı ilə bağlı yarımçıq da olsa o dövrdə aparılmış istintaq materialları var. Hesab edirəm ki, bunların hamısını daha dərindən öyrənməliyik, indiki nəsillərə daha çox öyrətməliyik və eyni zamanda, 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımına dair faktları artıq beynəlxalq ictimaiyyətə də çıxarmağın vaxtıdır.

M.Q.Ümummilli liderimiz Heydər Əliyevin imzaladığı Fərman 31 mart tarixinin Azərbaycanlıların soyqırımı günü kimi rəsmi qeyd edilməsinə şərait yaratdı, dövlətin iradəsini ortaya qoydu, xalqa bir yol göstərdi. Həmin sənədin imzalamasından sonra Azərbaycanda bu sahədə sistemli araşdırmalar başlanıb. Böyük işlər görülür, kitablar çap olunur, müxtəlif dillərdə yayılır, tədbirlər keçirilir, televiziya verilişləri hazırlanır və s. Çox yaxşı haldır ki, indi Prezidentimiz İlham Əliyev tərəfindən həmin xətt davam etdirilir. Azərbaycanlılara qarşı törədilmiş soyqırımlarının tanıdılması istiqamətində böyük işlər aparılır. Bu sahədə xüsusən, Heydər Əliyev Fondunun xidmətlərini qeyd etmək lazımdır. Heydər Əliyev Fondunun gördüyü işlər, eyni zamanda, digər fondlar, yaradıcı ictimai təşkilatlar, QHT-lər üçün bir nümunədir. Bizim hər birimiz törədilmiş soyqırımı aktlarından ibrət dərsi almalıyıq, daim dövlətimizin güclü olmasına çalışmalıyıq. Çalışmalıyıq ki, Azərbaycan dövləti bütün sahələrdə-iqtisadiyyat, siyasət, hərbi, mənəvi-psixoloji və digər sahələrdə qüdrətli olsun. Yəni, nə qədər Azərbaycan xalqı var, nə qədər Azərbaycan torpaqları işğaldadır, nə qədər Azərbaycana qarşı təhdidlər var, bu işlər davam etdirilməlidir.

 

 

Nadir AZƏRİ

 

Yeni Azərbaycan.- 2010.- 1 aprel.-S.4.