Görkəmli pedaqoq, istedadlı alim, qayğıkeş ana

 

Akademik Zərifə xanım Əliyevanın vəfatından 25 il ötür

 

Görkəmli pedaqoq. İstedadlı alim. Bacarıqlı həkim. Tanınmış ictimai xadim. Bu titulları xalqı verib ona. Canından artıq sevdiyi Azərbaycan xalqı. Bu gün onun, böyük insan və vətənpərvər şəxsiyyət Zərifə xanım Əliyevanın vəfatından 25 il ötür.

Azərbaycan xalqı tərəfindən böyük ehtiramla yad edilən Zərifə xanım Əliyeva neçə-neçə ailəyə səadət bəxş edib, insanlara həyat eşqi verib, onların qəlbində işıqlı sabaha inam yaradıb. Zərifə xanım zülmətə qərq olan gözlərə nur verib, köməksizlərə həmdəm, qəlbinisgillilərə sirdaş olub.

Atası - böyük siyasi və elm xadimi, Azərbaycanın fəxri olan Əziz Məmmədkərim oğlu Əliyevin təbabət yolunu sevə-sevə davam edirdi Zərifə xanım. Yiyələndiyi həkimlik ixtisasının vurğunu idi. O, deyirdi ki, həkim hansı ölkədə yaşayırsa, yaşasın, “Hippokrat andı”na sadiq qalmalıdır. Bu and həkimlərin həyatında və iş fəaliyyətində ali qanuna çevrilməlidir.

Zərifə xanım Əliyeva ömrü boyu səmərəli və zəhmətsevər fəaliyyətində həkimlik ixtisasının parlaq mənəvi dəyəri olan “Hippokrat andı”na böyük sədaqət nümayiş etdirdi. Bütün bilik və gücünü, istedad və bacarığını  insanların sağlamlığının qorunmasına və yaxşılaşmasına sərf etdi, saysız-hesabsız müalicələri ilə göz xəstəliklərinin qarşısını almağa səy göstərdi. Harada olursa-olsun, cəmiyyətin xeyrinə ləyaqətlə, vicdanla çalışdı. Vətəndaşlara tibbi yardım göstərmək üçün hər zaman hazır, sağlamlığını itirmiş insanlara qarşı diqqətli və qayğıkeş oldu. Həkim sirrini qorudu. Daima öz tibbi biliklərini təkmilləşdirdi.

“Elm ancaq xoşniyyətli insanların əlində olanda fayda verir” deyənlər yanılmayıblar. Akademik Zərifə xanım Əliyevanın müəllifi olduğu “Yüksək əqidə: həkimlik etikası, həkimin ürəyinin və fikirlərinin paklığı” kitabında dərin təfəkkürlü düşüncə və tövsiyələri nəinki həkimlər hər bir insan üçün həyat dərsliyidir. Zərifə xanım yazır: “... Xəstəyə düzgün münasibət həkim sənətinin əsas mahiyyətlərindəndir. Həkimin fəaliyyətinin əsasını xəstənin həkimə inamı, onların arasında sıx əlaqənin yaranması, biri-birini yaxşı başa düşməsi təşkil edir. Həkim çox səbirli olmalıdır. O, xəstənin daxili aləminə girib, onu başa düşməsi üçün “Şəhrizadın uzun-uzadı nağılını”  dinləməyi bacarmalıdır. Həkimin ehtiyatsızlıqla söylədiyi fikir xəstəyə olduqca zərərli təsir göstərir”.

Zərifə xanım tövsiyə edirdi ki, həkim xəstə ilə hörmətlə, ehtiyatla, mehribanlıqla, hər sözü fikirləşə-fikirləşə davranmalıdır. Ən təhlükəlisi və dəhşətlisi odur ki, əyninə ağ xalat geyinmiş həkim soyuqqanlı olsun. Həkim insanlardan özünü ayırmamalı, özünü sevən, laqeyd adam olmamalıdır...

Görkəmli alim N.Puçkovskaya xatirələrində yazır ki, həmkarları və dostları Zərifə xanımın insanlara necə xeyirxahlıqla yanaşdığının dəfələrlə şahidi olmuşdular. Onlar Zərifə Əliyevanın fəal təşkilatçısı olduğu oftalmoloqların qurultaylarının birində nümayəndələrdən  birinin ayağının sındığını və onun müalicəsinə Zərifə xanımın necə can yandırdığını yaxşı xatırlayırlar. O, hər gün xəstəxanaya gəlir, xəstənin halına qəlbən yanır, hətta lazım olan şeyləri öz evindən gətirirdi ki, müalicəyə xeyri dəysin. Zərifə xanımın xəstəyə baş çəkməsinin bir, iki gün deyil, bütün müalicə müddətində davam etdiyini görən həmkarları indi də o hadisəni kövrəkliklə xatırlayırlar.

Fransız yazıçısı Onere de Balzak fəlsəfi kəlamlarının birində dəyərli sualına özü cavab verir: “Ən böyük zinət nədir? Mən deyərdim ki, gözəl qəlbli olmaq”. Zərifə xanımın qəlbi sözün əsl mənasında gözəlliklər kainatı idi. Uzun illər akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında xadimə işləmiş, yeddi uşaqla həyat yoldaşını itirib taleyin ağır çətinliklərinə tuş gəlmiş Məleykə Sadıqova Zərifə xanımla bağlı söhbətində bu görkəmli şəxsiyyət-xanımın əsl bacı doğmalığı ilə yanaşaraq ona, balalarına etdiyi yaxşılıqlardan, ailəsinə dəfələrlə öz əmək haqları, geyim, məişət təlabatları ilə maddi və mənəvi dəstəyindən, ərə getmiş qızının mənzillə təmin olunmasına, o biri övladlarının problemlərinin həllinə necə köməkliklər göstərməsindən həsrət və sevgi ilə bəhs edir.

Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkimi, Zərifə xanımın uşaqlıq rəfiqəsi Alimə xanım Əliyeva danışır: “Sentyabr ayının 1-i mənim doğum günüm olduğu üçün hər il həmin tarixdə evimiz çox qonaqlı-qaralı olardı. Bütün ziyafətlərdə Zərifə xanım və bacıları da iştirak edərdilər. Hamımız pianoda çalıb-oxuyar, rəqs edərək ailədə şənlik yaradardıq. Biz də onların mərasimlərində iştirak edərdik. Ailəvi o qədər yaxın və mehriban idik ki, məclis gec qurtaranda bir-birimizin evində qalardıq. İyul, avqust aylarında dincəlmək üçün ailəvi kurortlara gedər və çox maraqlı yay istirahəti keçirərdik. Zərifə xanım görüşlərimizin birində mənə kiçik bir qutu verib dedi: “Alimə, mən orta məktəbi bitirəndə anam mənə qədim bir qol saatı bağışlamışdı. Gör səni nə qədər çox istəyirəm ki, bu saatı məndən yadigar saxlamaq üçün sənə verirəm”.

Mən həmin saatı indi də əziz bir əmanət kimi saxlayır və qoruyuram.

... Böyük şəxsiyyət olan Heydər Əliyev Zərifə xanımla evlənməyə qadağa qoyulan bir dövrdə, Onun polad iradəsi hər şeyə qalib gəldi. Sözündən, istəyindən dönmədi. Onların sevgisi çox saf, qarşılıqlı və müqəddəs bir sevgi idi. Zərifə xanım ömrünün axırına qədər həyat yoldaşına ləyaqətli ömür-gün yoldaşı, arxa-dayaq oldu. Bu nəcib, xanım-xatın qadın ailəsini, balalarını çox sevirdi...

... Zərifə xanım Azərbaycan tibb elminin tarixində, onun şöhrətlənməsində ləyaqətli yer tutmuş görkəmli alim və mütəxəssislərdən biri idi. Dünya tibb elminə yeni nailiyyətlər bəxş edib akademik adına yüksələn Zərifə xanım Əliyeva dəyərli ziyalı və alim kimi respublikamızın hüdudlarından kənarda da yaxşı tanınmışdı. Onunla birlikdə elmi iş aparanlar onun nailiyyətlərindən, yüksək mədəniyyətindən, nəcib xüsusiyyətlərindən iftixarla danışırdılar”.

Tibb elmləri doktoru, professor Nurəddin Hümbətov Zərifə xanımı kövrək xatirələrlə yada salıb deyir: “Zərifə xanımla   mən   uzun   illər   Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda bir yerdə   işləmişik.   O,   göz   xəstəlikləri - oftalmologiya kafedrasında, mən isə daxili xəstəliklər kafedrasında.  O, bir  alim, bir xanım, bir həkim, bir pedaqoq kimi hamı tərəfindən sevilirdi. Mən yalnız onun insani keyfiyyətləri, sadəliyi barədə danışmaq istəyirəm. Baxmayaraq, Zərifə xanım böyük alim, respublika rəhbərinin həyat yoldaşı idi, o, özünü işdə, cəmiyyətdə çox sadə aparırdı. İstər böyüklə, istər kiçiklə davranışında çox səmimi idi. Bir həmkar, iş yoldaşı kimi  mənim xətrimi çox istəyirdi. Biz eyni ildə doktorluq müdafiəsi etmiş, eyni ildə də professor adı almışıq. İnstitutun böyük elmi şurasında doktorluq işimiz müzakirə olunandan sonra sənədləri Moskvaya göndərmək lazım idi. O vaxt Bakıda Ali Attestasiya Komissiyası yox idi. İclasdan sonra məni yanına çağırıb dedi ki, Nurəddin, sən sənədlərini hazırla, ver mənə, mən sənin də elmi işini öz sənədlərimlə bərabər göndərim.

Birinci katibin ömür - gün yoldaşının mənə qardaşlıq qayğısı göstərməsi ürəyimi dağa döndərdi. Tez sənədlərimi hazırlayıb, Zərifə xanıma  təqdim etdim. Heç ay yarım keçməmiş, Moskvadan xəbər gəldi ki, sənədlər təsdiq olunub. Milli Elmlər Akademiyasındakı mötəbər mərasimdə akademik Topçubaşov doktorluq diplomlarını Zərifə xanıma və mənə təqdim etdi.

Kondisioner zavodunda da Zərifə xanımla bərabər çalışmışıq. Yaratdığı laboratoriyada o, oftalmologiya, mən isə daxili xəstəliklər üzrə elmi iş aparırdıq. Zavodun işçiləri, fəhlələri ilə elə mülayim, elə məlahətli davranırdı ki, çox adam bilmirdi Zərifə xanım kimin qızı, kimin yoldaşıdır...

Zavodda vəzifəsindən, işindən asılı olmayaraq, hamı ilə birinci o salamlaşar, hal - əhval tutardı.  Problemləri,  ehtiyacı  olanlara heç  zaman biganə  qalmazdı.  Onları məmnuniyyətlə qəbul edər, dinləyər, məsləhətlər verər, imkan daxilində kömək edərdi”.

1978-ci ildə “Azərbaycanfilm” kinostudiyasında “Babək” bədii filminin çəkilişlərinə başlanılır. Film mürəkkəb, iki seriyalı olduğundan onun ərsəyə gəlməsinə böyük vəsait tələb olunur. Filmdə çoxlu sayda süvarilərin iştirak edəcəyi kütləvi səhnələrin də çəkilməsi planlaşdırılır. Bütün bu irimiqyaslı işləri həll etmək üçün bədii filmin “Mosfilm” kinostudiyası ilə birgə çəkilməsi barədə qərar qəbul olunur. Filmə quruluşçu rejissor isə bir sıra maraqlı işlərin, o cümlədən, böyük əsk-səda yaratmış “Bir cənub şəhərində” bədii filminin rejissoru olan Eldar Quliyev təyin olunur. Filmin ərsəyə gəlməsi, əsasən maliyyə, texniki və nəqliyyat təminatı kimi məsələlərin həlli üçün yüksəkvəzifəli məmurlardan biri kurator kimi bu işə cəlb edilir. Vicdanlı, təmiz adam olan bu şəxs filimin çəkilişində ilk gündən əlindən gələn köməyi etməyə çalışır. Ancaq o, yaradıcılıq işlərinə də müdaxilə etdiyindən mübahisəli fikirlər meydana çıxır.

Beləcə, aradan bir il keçdikdən sonra Moskvada filmin son variantına baxış keçirilir. Bundan sonra, Azad Şərifov, Eldar Quliyev və “Mosfilm” kinostudiyasının baş direktoru N.Sizov filmi Ulu öndər Heydər Əliyevə nümayiş etdirmək qərarına gəlir. Bu məqamda filmə təhkim olunmuş “kurator”la  münasibətlər tamamilə korlanır. Kifayət qədər narahatçılıq yaranır.

İş elə gətirir ki, Azad Şərifov Moskvadan Bakıya Zərifə xanımla təyyarədə birgə uçmalı olur. Zərifə xanım yolda Şərifovdan film haqqında ətraflı məlumat alaraq, ona baxmaq istəyində olduğu günü bildirəndən sonra, gözlənilməz bir sual verir: “Film artıq hazırdır, ancaq nə üçünsə sizin əhvalınız yaxşı deyil. Nəsə problemlər var?”

Zərifə xanımı çoxdan tanıdığından Azad Şərifov hər şeyi olduğu kimi danışır və narahatçılığının səbəbini ona açıqlayır. O da öz növbəsində gülümsəyərək, “Hər şey qaydasında olacaq.  Heydər Əliyev Eldar Quliyevin bir rejissor kimi peşəkar səviyyəsinə bələddir, sizə isə öz təcrübəli əməkdaşı kimi inanır” -  deyə bildirir.

Ertəsi gün səhər “Mosfilm”in baş direktoru Sizov da Bakıya təşrif buyurur. Axşam film “Qoskino”nun zalında nümayiş olunur. Filmə baxmağa gələn Heydər Əliyev Sizovla çox mehribancasına görüşür, ona bu işdə iştirak etdiyinə görə təşəkkürünü bildirir. Filmin nümayişindən dərhal sonra “kurator” birinci söz alaraq çəkiliş zamanı onun təklif və məsləhətlərinin nəzərə alınmadığı haqda narazılığını bildirir. Ümummilli lider Heydər Əliyev onun bu həyəcanlı çıxışını şərh etmədən orada iştirak edənlərin fikrini dinlədikdən sonra, filmin rejissoruna gördüyü işə görə öz minnətdarlığını bildirir. Sonda o, “Mosfilm”in baş direktoruna da təşəkkür edərək, gələcəkdə də bu əməkdaşlığın davam etdirilməsini arzulayır.

Zalı tərk edərkən yanlarından keçən Zərifə xanım ani olaraq Azada və Eldara tərəf baxıb gülümsəyir. O, sanki bu hərəkəti ilə “Nə oldu, siz isə qorxurdunuz?” demək istəyir.

Keçmiş SSRİ-nin tanınmış oftalmoloqlarından biri M.Krasnov Zərifə xanımın hətta xəstə olduğu günlərdə belə necə qüvvətli ruha malik olmasından yazır: “1984-cü ildə tibb işçiləri günü qeyd olunurdu. Zərifə xanım həmin dövrdə dəhşətli xəstəliyi ilə mübarizə aparırdı və onun müalicəsi mümkün olmayan xəstəliyə tutulduğunu az adam bilirdi. Mən Rəyasət heyətində əyləşmişdim. Birdən onun zalda ən çox sevdiyi bir professor həmkarı ilə (o da istedadlı bir qadın idi) yanaşı oturduğunu gördüm. Hər ikisi deyib-gülür, bir-birilə ünsiyyətdən zövq alırdılar. Zərifə xanımda bu güc, həyat eşqi hardan idi?!”.

15 aprel, 1985-ci il. Vətənimizə qürbətdən gələn kədərli xəbər milyonlarla qəlbi göynətdi. Acı göz yaşları yanaqlara və ürəklərə axdı. Nəzərlər Moskvaya dikildi. Azərbaycan xalqının sevimli alim qızı, türk dünyasının ləyaqətli övladı Zərifə Əziz qızı Əliyeva əbədiyyət qazanaraq həyatla vidalaşdı. Sonsuz insan axınına məruz qalan Novodeviçye məzarlığı hələ belə izdihamlı dəfn mərasimi görməmişdi...

 Müstəqil yurdunun azad torpağına qovuşan Zərifə xanım Əliyeva indi məzarı üstündəki əzəmətli abidəsi ilə hər gün neçə-neçə insanı salamlayır. Doğrudur, o uzun ömür yaşamasa da, “Həyat illərin sayı ilə deyil, insanın fəaliyyəti ilə ölçülür” - deyiblər. Zərifə xanımın yaşadığı hər bir gün kiçik həyat qədər dəyərli oldu. Yaşaya bilmədiyi hər bir səadət isə onun ruhuna şirin bir töhfəyə çevrilməkdə davam edir.

Zərifə xanım Əliyeva unudulmaz, nümunəvi bir şəxsiyyət ömrü yaşadı. Yaşadı və bundan sonra da yaşayacaq.

... Zaman sürətlə ötüb keçir. Odur ki, həyatımızın hər bir anının dəyərini ilahi töhfə kimi dərindən düşünməyi və qiymətləndirməyi bacarmalıyıq. Bacarmalıyıq həm də ona görə ki, insan və zaman məkanında müvəqqəti ömrü yaşamaq üçün bu gün hər birimiz “Tanrı qonağı”yıq. Görün, böyük rus yazarı Vissarion Belinskinin sözləri dünyanın hər bir “qonağı” üçün nə qədər düşündürücüdür: “Dülgər olacağıq, çilingər olacağıq, fabrik sahibi olacağıq, ancaq insan ola biləcəyikmi? - Bax, budur məsələ!”

 

 

Reyhan Mirzəzadə

 

Yeni Azərbaycan.- 2010.- 15 aprel.- S.4.