Daha bir güləşçimiz Avropa
çempionu oldu
Bakıda keçirilən Avropa çempionatında dünən
sərbəst güləşçilərin
mübarizəsinə yekun
vurulub. Yarışların ikinci günü
çəkisi 60 kq,
74 kq və 96 kq olan güləşçilər
xalça üzərinə
çıxıblar. Bu
çəkilərdə Azərbaycanı
Hacı Əliyev, Çamsulvara Çamsulvarayev
və Xetaq Qazyumov təmsil ediblər. Yığmamızın
heyəti açıqlanarkən,
qitə birinciliyində
60 kq çəki dərəcəsində Avropa
çempionu Zəlimxan
Hüseynovun mübarizə
aparacağı bildirilsə
də, o, son anda Hacı Əliyevlə əvəzlənib.
60 kq çəki dərəcəsində döşəyə
çıxacaq Hacı
Əliyev 1/8 final mərhələsindən
mübarizəyə başlayıb. O, ilk görüşdə
almaniyalı Tim Sleyçerlə
güləşib. İlk hissədə
idmançımız fəallıq
nümayiş etdirsə
də, xal ala bilməyib. Hissənin sonunda püşk
atılıb və rəqib fənd işlədib. Düzgün fənd almaniyalının
fasiləyə qalib kimi yollanmasını təmin edib. Lakin bundan sonra özünə
gələn Əliyev
rəqibə bu idman növündən “dərs” keçməyə
başlayıb. Belə
ki, ikinci hissədə 3:0 hesabı
ilə qələbə
qazanan pəhləvanımız
növbəti hissədə
1 xal geri düşsə də, sonradan 2 xal qazanaraq növbəti mərhələyə vəsiqə
qazanıb.
Həmyerlimiz növbəti mərhələdə Andrey Perpelita (Moldova) ilə güləşib. İlk hissədə 4:2 hesabı ilə irəlidə olan pəhləvanımız sonda 4:5 hesabı ilə uduzub. O, ikinci hissədə hesabı bərabərləşdirsə də, bu uğurun davamını gətirə bilməyib. Üçüncü hissədə qələbə qazanan rəqib yarımfinala yüksəlib.
74 kq çəkidə yarışan yığmamızın liderlərindən biri - Çamsulvara Çamsulvarayev Avropa çempionatında qızıl medala iddialı sayılırdı. Güləş üslubu ilə xüsusi rəğbət qazanan idmançımız güclülərin yer aldığı yarımqrupda mübarizə aparıb. Təmsilçimiz birinci döyüşdə Ukrayna millisinin şərəfini qoruyan gürcü Giya Çixladzeni sınağa çəkib. Rəqibin zəif nöqtələrini tapdıqdan sonra özünün şah fəndlərini işlədən dağıstanlı legionerimiz ilk hissədə 5:0 hesabı ilə qələbə qazanıb. İkinci hissədə də üstünlük onun tərəfində olub. Çamsulvarayev bu dəfə Ukrayna təmsilçisinə 2:1 hesabı ilə qalib gəlib. Təəssüf ki, həmyerlimiz növbəti mərhələdə məğlub olaraq qızıl medal şansını itirib. Amma o, təsəlliverici görüşdə alman güləşciyə qalib gələrək ölkəmizə bürünc medal qazandırıb.
96 kq çəkidə yarışan Xetaq Qazyumov isə titulunu qorumaq üçün döşəyə çıxıb. Son Avropa çempionatında bütün rəqiblərinə başağrısı olan güləşçimiz ötən il dünya kubokunun qızıl medalını da qazanıb. Sevindirici haldır ki, o, 2010-cu ilin ilk mötəbər turnirinə də uğurla başlayıb. Əvvəlcə Pekin-2008-in bürünc mükafatçısı İmants Lagodskisi (Latviya) yarışdan kənarlaşdırıb. Birinci hissədə 5:0 hesabı ilə rəqibinə qalib gələn Qazyumov ikinci hissədə Lagodskisi 4:0 hesabı ilə məğlub edib. İkinci qarşılaşmada həmyerlimiz Radoslav Baranla (Polşa) qurşaq tutub və parlaq qələbə qazanaraq finala vəsiqə əldə edib. Güləşçimiz finalda gürcü idmançısına qalib gələrək Avropa çempionu olub. Beləliklə, iki günün nəticəsinə əsasən, güləşçilərimiz 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.
Yeni Azərbaycan.- 2010.- 15 aprel.- S.8.