Timsahın göz yaşları,
yaxud, əsl soyqırımını ermənilər törədib
Bu günə qədər öldürülmüş
ermənilərdən ibarət hər hansı bir toplu məzarlığı
üzə çıxarmayan bir xalqın yalanlarını həqiqət
kimi qəbul edən dünyanın azərbaycanlıların və
türklərin ermənilər tərəfindən
soyqırımına məruz qalmasını əyani şəkildə
sübut edən kütləvi məzarlıqları görməzdən
gəlməsi böyük ədalətsizlikdir
Məlum olduğu kimi, ermənilər
hər il 24 aprel tarixini qondarma “erməni soyqırımı”
günü kimi qeyd edirlər. Bu saxta tarix barədə bir
çox dünya ölkələrində təbliğat aparan
mənfur qonşularımız iddia edirlər ki, guya 1915-ci ildə
ermənilərə qarşı Konstantinopoldan (İstanbuldan)
başlayan qətliamlar sonradan bütün Türkiyə boyu
geniş miqyas alıb. Bu barədə bir qədər sonra
geniş məlumat verəcəyik. Amma, ilk olaraq, istərdik
ki, “soyqırımı” sözünün etimologiyasına, bu
sözün mənasına aydınlıq gətirək. Beləliklə,
soyqırımı mürəkkəb siyasi-hüquqi
faktdır və əksər ekspertlərin qənaətinə
görə, bu fakta birmənalı yanaşma, səhv istiqamətlərə
gətirib çıxara bilər. Yəni,
soyqırımına yalnız cinayət və ya hüquq
pozuntusu kimi baxılması, böyük ədalətsizlik
olar. Bu səbəbdən də, soyqırımına hüquq
və siyasətin sintezi aspektindən baxmaq lazımdır.
Ümumiyyətlə, genosid termini ilk dəfə 1944-cü ildə
polyak alimi Rafael van Plinkinin “İşğal olunmuş Avropada
ox qaydaları” əsərində işlədilib. Burada
göstərilir ki, bir qrupun və ya etnosun məhv edilməsi
genosiddir. Onu da vurğulamaq yerinə düşər ki, “geno”
yunan sözüdür, mənası irq, tayfa, “sid” isə
latın sözüdür, mənası öldürmək deməkdir.
“Soyqırımı” beynəlxalq hüquqi termininin mahiyyəti
isə 1948-ci ildə ilk dəfə BMT-nin İnsan
hüquqları komitəsinin qəbul etdiyi 264 saylı
Konvensiyaya uyğun olaraq müəyyən edilib. Həmin
Konvensiyaya görə, bu anlayış bir dövlət, bir
siyasi qurum, hərbi təşkilatın bir milləti,
xalqı, etnik qrupu qəsdən, bilərəkdən irqi, dini,
milli mənsubiyyətinə görə məhvə məhkum
etməsini ifadə edir. Məhz bu məqamları nəzərə
alsaq, söyləyə bilərik ki, azərbaycanlıların
etnik təmizləməyə, deportasiyaya və soyqırımına
məruz qalmasının 200 illik tarixi var. Erməni kilsəsinin
fitvası ilə, ermənilərin, konkret olaraq erməni terror
təşkilatlarının - Daşnaksütyun, ASALA və digər
təşkilatların iştirakı ilə azərbaycanılara
qarşı etnik təmizləmə, deportasiya və soyqırımı
həyata keçirilib. Bir zamanlar çar Rusiyası və
İngiltərə hökuməti, daha sonra isə Sovet
hökuməti onların ilhamvericiləri olub. Bütün
bunların hamısı arxiv sənədləri ilə təsdiq
olunub...
Erməni iddialarını Qərbdə mövcud olan mənbələr
də yalanlayır
Beləliklə,
saxtakarlıq və ikiüzlülük qanlarına hopmuş
ermənilər tarixlərinə qanlı yazılmış ləkələri
təmizləmək əvəzinə başqalarının
tarixinə də ləkə yaxmağa
çalışırlar. Ermənilərin qondarma
iddialarına görə, guya 1915-ci ilin mart ayından
başlayaraq may ayına qədər Türkiyənin
paytaxtı da daxil olmaqla, ölkənin bir çox bölgələrində
onların intellektual, dini, siyasi və iqtisadi elitasının
nümayəndələri qətlə yetirilib. Əslində
isə, ermənilərin bu iddialarının heç bir əsasının
olmadığını, heç bir tarixi fakta əsaslanmadığını
sübuta yetirən kifayət qədər mənbə var. Bu
gün qondarma “erməni soyqırımı” iddialarına dəstək
verən Qərbin özündə də bununla bağlı
yazılı mənbələr yetərincədir. Məsələn,
o zaman İngiltərədə nəşr olunan “Times” qəzeti
məlumat verib ki, 1914-cü ilədək Osmanlı dövlətinin
ərazisində yaşayan ermənilərin sayı heç 1
milyon 300 min nəfərə çatmırdı. Belə olan
halda bir il sonra Osmanlı Türkiyəsində guya 1 milyon 500
min erməninin öldürülməsi “faktı” haradan
qaynaqlanır?! Və yaxud başqa məqama diqqət yetirək.
Bu gün ermənilərin guya onların
“soyqırımı”na fərman verilməsi kimi yozduqları
Osmanlı dövlətinin daxili işlər naziri Tələt
Paşanın 1915-ci il 24 aprel tarixli sərəncamının
da əsl mahiyyəti Qərb mənbələrində tam təsbit
olunub. İlk nüsxəsi ABŞ və Fransa səfirliklərinə
göndərilmiş həmin sərəncamda qeyd edilir ki,
müharibə gedən ərazilərdə ermənilərin təhlükəsizliyini
təmin etmək üçün onlar həmin ərazilərdən
çıxarılsınlar. Bax, bu gün ermənilər əslində
onların xilasına yönəlmiş həmin humanist
addımı üzdəniraq “soyqırımı” kimi təqdim
edirlər. Uydurma “soyqırımı qurbanları”nın
sayı ilə bağlı erməni mənbələrinin
biri-biri ilə ziddiyyət təşkil edən məlumatları
isə bu toplumun saxtakarlığının və
yalanının hüdudsuzluğunu göstərir. Daha
doğrusu, erməni mənbələri ilk dövrlərdə
guya 1915-ci il aprelin 24-də 300 min erməninin qətlə
yetirildiyini iddia edirdi. Sonra bu rəqəm 500 min, son nəticədə
isə 1,5 milyon nəfər kimi göstərilib. Bütün
bunlar isə onu deməyə əsas verir ki, əslində, 24
aprel ermənilərin özləri tərəfindən
uydurulan bir mifdir və 1915-ci ildə baş verən hadisələrin
əsl mahiyyəti o zamanlar da, indi də Qərb dövlətlərinin
siyasi dairələrinə yaxşı məlumdur. Sadəcə
olaraq, bu gün dünyanın söz sahibləri olan beynəlxalq
güclər ermənilərdən Türkiyəyə
qarşı təzyiq vasitəsi kimi istifadə edir. Başda
Birləşmiş Ştatlar olmaqla, dünyanın bir
çox dövlətləri məhz öz maraqlarının
diqtəsi üçün bu saxtalaşdırılmış
tarixə həyat verirlər. Bu günə qədər
öldürülmüş ermənilərdən ibarət hər
hansı bir toplu məzarlığı üzə
çıxarmayan bir xalqın yalanlarını həqiqət
kimi qəbul edən dünyanın azərbaycanlıların və
türklərin ermənilər tərəfindən
soyqırımına məruz qalmasını əyani şəkildə
sübut edən kütləvi məzarlıqları görməzdən
gəlməsi böyük ədalətsizlikdir, bəşəriyyətin
gələcəyi üçün bəladır. Yəni,
bütün proseslərə ikili standartlardan yanaşmağa
üstünlük verən Qərb ölkələri
aşağıdakı həqiqəti qəbul etmək
zorundadırlar. Yaşadığımız regionda da
soyqırımı həyata keçirilib, həm də dəfələrlə.
Amma bu soyqırımını türklər ermənilərə
qarşı deyil, ermənilər azərbaycanlılara və
türklərə qarşı törədiblər. XX əsrdə
ermənilərin azərbaycanlılara qarşı mərhələli
və məqsədli şəkildə törətdikləri
soyqırımları artıq sənədlərlə və əyani
dəlillərlə sübuta yetirilməkdədir...
Gülüstan və Türkmənçay müqavilələrinə
qədər Cənubi Qafqazda bir nəfər də olsun erməni
yaşamayıb
Təbii ki, ermənilərin
azərbaycanlılara və türklərə qarşı
törətdikləri dəhşətli soyqırımlardan
danışarkən bir faktı da xüsusi olaraq xatırlatmaq
vacibdir. Bu da ermənilərin bu bölgədə məskunlaşması
ilə bağlıdır. Tarixi mənbələr və əldə
olunmuş əyani materiallar da sübut edir ki, XIX əsrin əvvəllərinə
qədər Cənubi Qafqaz regionunda ermənilər
yaşamayıb. Onların bu regionla
tanışlığı 1813-cü ilə təsadüf
edir. Belə ki, 1813-cü ildə Rusiya ilə İran arasında
imzalanmış müqavilə ilə Azərbaycan
torpaqları bu iki dövlət arasında faktiki olaraq
bölünüb və bilavasitə çar Rusiyasının
səyləri və diqtəsi ilə ermənilər İran və
Türkiyə ərazisindən Azərbaycan torpaqlarına
köçürülməyə başlanıb. Konkret olaraq,
ermənilərin köçürülməsi ilk olaraq İrəvan
quberniyası ərazisində baş tutub, oraya
Naxçıvan qəzasının ərazisi, Zəngəzur
qəzasının, Qarabağ xanlığının ərazisi
daxil idi. Hətta 1828-ci ildə Türkmənçay sülh
müqaviləsi imzalandıqdan sonra 1829-cu ilin 21 martında bu ərazidə
erməni vilayəti yaradılıb. Bu hadisələr isə
ona gətirib çıxarıb ki, həmin ərazilərdə
ermənilərin sayı 1 milyon 300 minə
çatdırılıb. Baxmayaraq ki, Gülüstan sülh
müqaviləsinə qədər bu ərazidə 1 nəfər
də olsun erməni yaşamayıb. Sonrakı illərdə
yenə də çar Rusiyasının həyata keçirdiyi
siyasətə uyğun olaraq, ermənilər Azərbaycanın
digər bölgələrində də məskunlaşdırılmağa
başlanıb. Acınacaqlısı isə odur ki, çar
hökuməti ermənilər yerləşdirilən Azərbaycan
kəndlərinin əsl sahiblərini başqa bölgələrə
deportasiya edib. Bütöv bir əsri yeni
Azərbaycanlılar etnik və milli mənsubiyyətinə
görə, ermənilər tərəfindən
soyqırımına məruz qalıb
Tarixi sənədlərdən
də bəlli olduğu kimi, ermənilər 1905-1907-ci illərin
kütləvi qətliamlarından sonra 1918-ci ildə
böyük miqyasda qırğınlar həyata keçiriblər.
Bu dövrdə baş verən böyük siyasi hadisələr
isə nəinki bu qırğınları yubadıb, əksinə,
prosesləri daha da sürətləndirib. 1917-ci ilin
fevralında çar Rusiyası dağılıb, həmin
ilin oktyabrında bolşeviklər hərbi çevriliş edərək
hakimiyyəti ələ keçiriblər. Bu zaman dekabrın
16-da Bakı Sovetində sədr olan Stepan Şaumyan Leninin əmri
ilə Qafqazda fövqəladə və səlahiyyətli
komissar təyin olunub və ona 500 min rubl pul ayrılıb.
Yanvar ayında isə yenə Leninin imzası ilə Bakı
Sovetinə 30 milyon 800 min rubl, 5 000 tüfəng, 2 aeroplan və
2 zirehli maşın ayrılıb. Onu da qeyd edək ki, 1917-ci
il dekabrın 18-də imzalanmış Ərzincan müqaviləsinə
görə, rus ordusu Şərqi Anadoludan çəkilməli
və Rusiyaya qayıtmalı idi. Lakin bu razılaşma sona qədər
icra olunmayıb. Ağır fəsadlarını isə yenə
də Azərbaycan xalqı çəkib. Anadoludan qayıdan
rus qoşunlarının tərkibində Türkiyəyə
qarşı vuruşan erməni hərbi birləşmələri,
onların 5000 əsgəri Bakıya gəlib. Tarixçilərin
qənaətinə görə, bolşevik hökumətinin
ayırdığı 5000 tüfəng də məhz
Bakıya yerləşdirilən erməni hərbçilərinə
verilib. Bu hərbi qüvvələr azərbaycanlıların
qətlə yetirilməsinə, soyqırımına məruz
qalmasına yönəldilib.
Beləliklə, 1918-ci il
martın 24-də Şaumyanın
başçılığı ilə azərbaycanlılara
qarşı başlanmış soyqırımı bir
neçə gün davam edib. Erməni daşnak-bolşevik hərbi
birləşmələri Şamaxını işğal etdikdən
sonra Quba qəzasında da azərbaycanlıların
soyqırımına başlayıb. Yeri gəlmişkən,
qeyd edək ki, Qubada baş vermiş soyqırımını
təsdiq edən ən tutarlı faktlardan biri də rayonda
aşkarlanmış kütləvi məzarlıqdır.
Tükürpədici faktlar
sübut edir ki, 1918-ci ilin ilk aylarından Quba qəzasında
müsəlman əhalisinə qarşı həyata
keçirilən qırğınları faciə
adlandırmaq vəhşiliklərin mahiyyətini tam
açmır. Minlərlə insanın, dinc əhalinin,
qadınların, uşaqların və qocaların əzab və
işgəncə ilə qətlə yetirilməsi dəhşətli
və ağlasığmaz bir hadisə idi. Tarixçilərin
də qeyd etdikləri kimi, 1918-ci ildə mart
soyqırımının həyata keçirilməsi sırf
siyasi və milli maraqlara xidmət edib. Qırğınlarda erməni
daşnak qüvvələri ilə yanaşı bolşevik əsgərləri
də iştirak edib. Bu qırğınların əsas məqsədi
Quba qəzasında da müsəlman əhalisini məhv edərək
erməni idarəçiliyinə nail olmaqdan ibarət idi.
Çünki Sovet rejiminə rəhbərlik edən
Şaumyan Cənubi Qafqazda Böyük Ermənistan dövləti
yaratmaq üçün bütün imkanlarını işə
salmışdı. Onun daha bir gizli məqsədi vardı: Azərbaycan
deyilən dövlət qurumu yaranmasın. Buna görə də,
bütün üsullara əl atırdı. Qırğına
başlamaq və Şaumyanın niyyətini həyata
keçirmək üçün milli münaqişə ən
gözəl bəhanə idi. Erməni daşnak qüvvələri
dünyanın hər yerinə ermənilərin guya müsəlmanlar
tərəfindən
sıxışdırıldığı barədə
teleqramlar göndərir, iddia edirdilər ki, Qubada müsəlmanlar
milli ədavət və qırğın törədir, erməni
və rus kəndlərini dağıdır, kilsələrə
od vurub yandırırlar.
Erməni daşnak qüvvələri
bolşeviklərin köməyi ilə Quba qəzasında
üç dəfə qırğın törədiblər.
Təbii ki, bu qırğınlar təkcə Şamaxı və
Quba ilə tamamlanmayıb. Soyqırımın masştabı
getdikcə daha da genişlənib və Azərbaycanın
bütün bölgələrini əhatə edib. Hətta Cənubi
Azərbaycanda 150 min nəfər, təkcə Urmiya şəhərində
10 min nəfər qətlə yetirilib. Ermənilər daxil
olduqları bütün yaşayış məskənlərini
dağıdıb, mədəni, ictimai obyektlərin
hamısını tamamilə məhv edib. Həmin dövrdə
Şamaxının 75 kəndi, Qubanın 122 kəndi, Zəngəzurun
115 kəndi ermənilər tərəfindən tamamilə məhv
edilib, Azərbaycan ərazisində 700 min nəfər
soyqırımına məruz qalıb. Azərbaycan Xalq
Cümhuriyyəti tərəfindən yaradılmış
Fövqəladə Təhqiqat Komissiyasının
açıqladığı rəqəmlərə görə,
həmin hadisələr zamanı təkcə Bakıda 12 min nəfərdən
artıq azərbaycanlı qətlə yetirilib. Başqa mənbələrdə
isə bu rəqəmin daha da artıq olduğu göstərilir.
Məsələn, “Azərbaycan” qəzetinin həmin dövrlərdə
işıq üzü görən saylarında mart hadisələri
zamanı Bakı və ətraf kəndlərdə 30 mindən
artıq azərbaycanlının qətlə yetirildiyi qeyd
olunur. Ermənilərin öz nümayəndələrindən
biri isə qeyd edir ki, “biz Bakıda 25 min nəfəri qətlə
yetirmişik”.
1918-ci ildən sonrakı soyqırımları...
Qeyd etmək lazımdır
ki, azərbaycanlıların ermənilər və onların
havadarları tərəfindən qətlə yetirilməsi,
soyqırımına məruz qalması sonrakı dövrlərdə
də davam edib. 1920-ci ilin may ayından 1921-ci ilin noyabrına qədər
Azərbaycanda ermənilər tərəfindən 48 min nəfər
qətlə yetirilib.1930-cu illərə də diqqət yetirsək
görərik ki, bolşevik hökuməti tərəfindən
müxtəlif repressiyalar adı altında xalqımız
soyqırımına məruz qalıb. Bu proses 1941-1945-ci illər
II Dünya müharibəsində də davam edib. Həmin
müharibədə Azərbaycandan 700 min nəfər
iştirak edib. Onların yarısı geri qayıtmayıb.
Müharibəyə gedənlərin 70-80 faizi rus dilini bilmirdi.
O zaman orduda olan ermənilər, rus şovinistləri əmri
yerinə yetirməmək bəhanəsi adı altında azərbaycanlıları
güllələyirdilər. Belə olan halda Azərbaycanın
rəhbəri Mircəfər Bağırov vəziyyətə
müdaxilə edib və milli diviziyalar təşkil olunub. Azərbaycanlılar
sübut etdi ki, digər xalqlardan da döyüşkəndirlər
və müharibədə qəhrəmanlıqlarla bunu təsdiqlədilər.
Qeyd edək ki,
xalqımıza qarşı soyqırımlar törədən
mənfur qonşularımız öz çirkin niyyətlərini
reallaşdırmaq üçün istənilən məqamdan
yararlanmağa çalışıblar. Bu istiqamətdə
növbəti addım ötən əsrin 60-cı illərində
atılıb. Belə ki, 1960-cı illərdə Ermənistan
Azərbaycana qarşı ərazi iddiaları ilə
çıxış edib. Eyni zamanda, 1977-ci ildə SSRİ
Konstitusiyası hazırlanarkən ermənilər bundan istifadə
edərək öz çirkin məqsədlərinə nail
olmağa çalışsalar da, Ulu öndər Heydər Əliyev
buna imkan verməyib.
1988-ci ildən isə mənfur
qonşularımız yenidən fəallaşmağa
başlayıb. SSRİ rəhbərliyinin
razılığı ilə Ermənistan Azərbaycana
qarşı ərazi iddiaları irəli sürdü,
işğalçılıq siyasətinə start verdi və
bu gün həmin təcavüzün nəticələri davam
etməkdədir.
Soyqırımına obyektiv siyasi-hüquqi qiyməti Ulu
öndərimiz verdi...
Təəssüflə qeyd
etməliyik ki, əlimizdə bu qədər tutarlı dəlillərin,
canlı şahidlərin, real faktların olmasına baxmayaraq,
xalqımızın başına gətirilən bu müsibətlərə
uzun illər lazımi siyasi-hüquqi qiymət verilməyib.
Yalnız Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə
ölkəmizdə yenidən hakimiyyətə gəlməsindən
sonra bu hadisələrin araşdırılmasına
başlandı. Ulu öndərin 1998-ci il mart ayının
26-da imzaladığı “Azərbaycanlıların
soyqırımı haqqında” Fərmana əsasən, 31 mart
tarixi, azərbaycanlıların soyqırımı
günü kimi qeyd olunur. Bu, gələcək nəsillərin
həmin tarixi hadisələri unutmaması, keçmişimizin
xatırlanması üçün çox mühüm bir sənəddir.
Ulu öndərin imzaladığı Fərmanla məhz 31 mart
tarixinin azərbaycanlıların soyqırımı
günü kimi qeyd edilməsi heç də təsadüfi
deyil. Çünki bunun həm hüquqi, həm də tarixi əsasları
var. Məhz bu iki məqam həmin Fərmanın
imzalanmasına zəmin yaratdı. Azərbaycan dövləti
müstəqillik qazandıqdan sonra öz tarixinə müraciət
etməyə, tarixini araşdırmağa, tarixdə olan qara ləkələri
ayırd etməyə haqq qazandı. Bu baxımdan əlbəttə
ki, imzalanan Fərmanın böyük əhəmiyyəti var.
Soyqırımına görə, ermənilərin məsuliyyətə
cəlb edilməsinin vaxtı çatıb...
Yuxarıda sadalanan
bütün faktlar bir daha təsdiq edir ki, ermənilər bir əsr
boyu mərhələli şəkildə azərbaycanlılara
qarşı soyqırımı aktını həyata
keçiriblər. Təbii ki, bütün cinayətlər cəzasız
qalmadığı kimi, bu addımlar da öz layiqli cəzasını
almalıdır. Yuxarıda da qeyd etdiyimiz kimi, beynəlxalq
hüquqda bu məsələ kifayət qədər aydın təsbit
olunub. Belə ki, 1948-ci ildə BMT tərəfindən qəbul
edilmiş “Genosid cinayətinin qarşısının alınması
və cəzalandırılması” haqqında Konvensiyada
göstərilir ki, bütün dövlətlər
soyqırımı aktlarının törədilməsinin
qarşısını almalıdırlar. Çünki,
Konvensiyanın da preampulasında yazıldığı kimi,
genosid tarix boyu bəşəriyyətə ağır bəlalar
gətirib. Ona görə də, soyqırımına görə,
məsuliyyət universal xarakter daşıyır. Digər tərəfdən,
aktual olan məsələ odur ki, soyqırımını
törətmiş cinayətkarlar, vəzifəli şəxs
olsa belə, bu onlara məsuliyyətdən yayınmağa
imkan yaratmır. Konvensiya imkan verir ki, məhz, həmin vəzifəli
şəxslər beynəlxalq cinayət məsuliyyətinə
cəlb olunsunlar. Konvesiyanın digər müddəasına
görə, soyqırımı törətmiş cinayətkarlara
siyasi sığınacaq verilməsi məsələsi aktual
olmur. Ona görə də, genosid törətmiş və ya təhrik
etmiş beynəlxalq cinayətkarların ekstradisiyası
mümkün olan məsələdir. Başqa mühüm
müddəa isə müddətlə bağlıdır. Bəzən
belə fikirlər səsləndirilir ki, müəyyən
müddət ötdükdən sonra cinayət faktının
araşdırılması aktuallığını itirir və
bağlanır. Amma Konvensiyanın müddəalarına görə,
soyqırımı aktının araşdırılmasına
müddət tətbiq edilmir. Bu məsələ eyni zamanda,
1968-ci ildə BMT tərəfindən qəbul edilmiş
“Müddətin genosid və hərbi cinayətlərə tətbiq
edilməməsi” haqqında Konvensiyada da öz əksini
tapıb. Burada əks olunduğu kimi, soyqırımı cinayətini
törətmiş cinayətkarlar müddət tətbiq edilmədən
məsuliyyətə cəlb edilə bilərlər. Həmin
cinayətkarların cəzalandırılması məsələsi
isə bir neçə yolla həyata keçirilə bilir:
- Birincisi, bu, BMT səviyyəsində
olmalıdır - Yaxın keçmişə nəzər salsaq,
görərik ki, Ruanda da törədilmiş cinayət
soyqırımı kimi qiymətləndirilib və ilk dəfə
olaraq, şəhərin meri məsuliyyətə cəlb
edilib. Bu proses müvəqqəti beynəlxalq məhkəmə,
Ruanda tribunal məhkəməsinin qurulması ilə həyata
keçirilib. Bu tribunal məhkəməsi isə, qısa
müddət ərzində cinayəti araşdırıb və
cinayətkarları məsuliyyətə cəlb edib.
- İkincisi, bu cür cinayətlərin
araşdırılması qarışıq məhkəmələrin
qurulması ilə həyata keçirilir. Bu təcrübədən
son illər ərzində geniş istifadə olunmağa
başlanılıb. Burada dövlət özü BMT-yə
müraciət edir, sonra həmin ölkənin ərazisində
bir və ya bir neçə beynəlxalq ekspertin
iştirakı ilə məhkəmələr keçirilir. Azərbaycanda
da bu cür qarışıq məhkəmələrin
keçirilməsi mümkündür. Deməli, istənilən
halda əldəki faktlar rəhbər tutularaq ermənilərin
cəzalandırılması üçün hüquqi baza
mövcuddur. Sadəcə, beynəlxalq ictimaiyyətin
gözündəki rəngli eynəyini çıxarması və
tarixə yenidən nəzər salması kifayətdir.
“Yeni Azərbaycan”ın Analitik
Qrupu
Yeni Azərbaycan.- 2010.- 24 aprel.- S.9.