Mənəviyyat tariximizin örnəyi
Yaranışdan bütün
bəşər övladına məxsus ali bir duyğu
doğulub köksümüzün altında, göyərib,
boy göstərir. Zaman keçdikcə daha da əlvanlaşan,
daha da müqəddəsləşən, hiss və
düşüncələrimizə hakim kəsilən o
duyğu ən dar məqamlarda ən yaxın köməkçimizə
çevrilir. Həyatdan əlimizi üzəndə o duyğu əlimizdən
tutur, inamımızı, istinadgahımızı itirəndə
o duyğu bizim üçün inanma, istinadgaha çevrilir. Nə
vaxtsa o duyğunu Sevgi adlandırırıq. Mental
yaddaşımız Leyli və Məcnun, Əsli və Kərəm,
Yusif və Züleyxa, Tahir və Zöhrə, İlham və Fərizə
misalında ilahi sevginin mükəmməl nümunələrini
xatırlayır. Ulu öndərimiz Heydər Əliyev öz
ömür-gün yoldaşı, mərhum akademik Zərifə
xanım Əliyevaya olan sonsuz sevgisi və bu sevginin etirafi ilə
mənəviyyat tariximizdə bütöv nəsillərə
örnək ola biləcək bir sevgi rəvayəti də
yaratdı.
Təməlində həqiqətin
olduğu bu rəvayətin bir qütbündə xalqın
böyük oğlu Heydər Əliyev dayanırsa, digər
qütbündə Azərbaycan qadınlığının
mücəssəməsi Zərifə Əliyeva dururdu. Onun
parlaq həyatı hadisələr və mənalarla zəngindir.
Məni isə ən çox düşündürən Onun
analıq fenomenidir. Zərif bir ana necə böyük bir
qüdrət daşıya bilir. Dünyaya necə böyük
insanlar bəxş edə bilər, xalqın taleyində necə
misilsiz iz qoya bilər. Analıq doğrudan da təbiətin ən
böyük möcüzəsidir! Analar həyatda ən
çətin olan iki şeyə qadirdirlər: həm
böyük tale, həm də böyük xoşbəxtlik bəxş
edə bilmək qüdrətinə. Bu cəhətdən də
Zərifə xanım nadir, unikal bir qadın idi.
Mən həyatda hər
şeyin anadan miras olduğuna inanıram. Zərifə
xanımın anası Leyla xanım da xoşbəxt taleli bir
qadın idi. O, dörd övladın ilki idi. Bu dörd
övladın hamısı həyatda istedadlı və
xoşbəxt taleli insanlar oldu. Bir qızı Gülarə
gözəl ifaçı və bəstəkar, iki oğlu -
Tamerlan və Cəmil görkəmli tibb alimi oldular. Lakin Zərifə
xanımın taleyi onların hamısından nurlu, uğurlu
oldu. Yəqin ona görə ki, ailənin ilki idi və valideynlərin
məhəbbət payının çoxu ona qismət
olmuşdu.
Deyirlər ki,
uşaqlıqdan qismət olan ana məhəbbəti insanı
xoşbəxt edir. Zərifə xanımı anası da,
görkəmli dövlət adamı və həkim olan
atası da çox istəyirdi. Xalqın tarixində iz
qoymuş bu ailə sovet dövründə Azərbaycan
elitasının seçmə və tipik nümunəsi idi.
Yüzlərlə bolşevik xadimləri kimi onların da yolu
kənddən - Naxçıvanın Şaxtaxtlı kəndindən
çıxmışdı. Zərifənin atası öz həkimlik
fəaliyyətinə burada başlamış, ilk
övladı da burada anadan olmuşdu. Əziz Əliyevin İrəvan
yaxınlığındakı kənddən başlayan həyatı
demək olar ki, təkərlər üzərində
keçmişdi. 1918-ci ildə ermənilərin azərbaycanlılara
qarşı soyqırımı bu ailədən də yan
ötmədi: onları didərgin salıb Naxçıvana,
oradan isə Bakıya gətirdi. 1923-cü ilin yayında
Bakıya gələn Əziz Əliyev dövlət işinə
girir və onun fasiləsiz yüksəlişi başlanır.
Bu yüksəlişin təməlində
qızıl medalla bitirilmiş İrəvan
gimnaziyasının təhsili dururdu. Təhsilə, elmə,
müasirliyə maraq onun övladlarının da həyat
yolunu təyin etdi. Kökləri bəy nəslindən olan
Leyla xanım uşaqlarının təhsil və tərbiyəsi
ilə özü məşğul olurdu. Əri isə Mədəni
İnqilabın yorulmaz əsgərlərindən biri idi. O, ali
təhsil almaq üçün Peterburq Hərbi Tibb
akademiyasına daxil ola bilmişdi. 20-30-cu illərdə Əziz
Əliyev Azərbaycan maarifinə öz övladlıq borcunu
qaytardı, maarif və səhiyyənin təşkilində
var qüvvəsi ilə çalışdı.
Ömrünün sonunda yenə səhiyyəyə
qayıtdı, bütün təcrübəsini gənc
kadrların yetişdirilməsinə həsr etdi.
Stalin rejimi şəraitində
partiya işçisi ilə peşəkar zabitin iş rejimi
arasında elə bir fərq yox idi. Partiya aparatında intizam hərbidən
də yüksək idi. Evdə Əziz Əliyevin
üzünü uşaqlar ancaq gecələr
görürdü. Qalan vaxtlarda bu böyük insan
bütün enerjisini işə verirdi. Azərbaycan Tibb
İnstitutunun ilk rektorlarından biri, sonra isə Xalq Səhiyyə
Komissarı oldu.
1920-30-cu illərdə Azərbaycanda
həkimlər çatmırdı, ona görə xalq
arasında həkimlərin böyük nüfuzu var idi. Yeni
Avropa tipli səhiyyə Azərbaycanda kütləvi
epidemiyalara qarşı mübarizə aparır, klinik
müalicənin əsasını qoyur, uşaq
ölümünün qarşısını almaq
üçün böyük işlər görürdü. Əziz
Əliyev sonra bir sıra siyasi postlarda işləsə də,
onun ailəsində tibb elminin nüfuzu yüksək olaraq
qalırdı. Zərifə Əliyeva da 30-cu illərdə
orta məktəbdə oxuduğu vaxtlarda həkim olmaq,
xalqına xidmət etmək haqqında
düşünürdü. Bütün rəhbər partiya
işçilərinin uşaqları kimi o da rus dilində
oxumalı oldu.
Lakin ailədə ana dilində
danışmaq və düşünmək ənənəsi
möhkəm idi. Zərifə xanımın anası Leyla
xanım ana dilinin canlı daşıyıcısı idi. Digər
tərəfdən ailə qaçqınlıq aqibətini
yaşamışdı. Kənd kökləri, İrəvan
dövrü ilə bağlı qohumlar və tanışlar
daim bir-birini axtarıb arayır, görüşür, imkan
olduqca kənddəki əqrəbaları ilə əlaqələri
saxlamağa çalışırdılar. Uşaqlıqda Zərifənin
böyüdüyü ocaq nadir hallarda qonaqsız olurdu.
Hamısının problemləri, xahişləri, umduqları
yardımların sayı-hesabı yox idi. O zaman insanlar bununla fəxr
edir, qohum və tanışlara yardımlarını əsirgəmirdilər.
Bu xeyirxahlıq dərsini Zərifə xanım da anasından
alır, onun sadə, lakin xeyirxah əməllərini örnək
götürürdü.
O
zamanlar təhsilin, məktəbin, müəllimin
nüfuzu müqayisəyə gəlməz dərəcədə
yüksək idi. Ona görə yaxşı oxumaq, savada can
atmaq gənc yaşlarından insanların sosial statusunu, şəxsi
nüfuzunu müəyyən edirdi. Qürurlu və
çalışqan bir qız olan Zərifə də
atasının nüfuzundan istifadə etmək istəmirdi, səylə
oxuyur, kitabı əlindən qoymurdu. Paralel olaraq fortepiano
üzrə musiqi dərslərinə gedirdi. Onun zəhmətləri
hədər getmədi: uğurla Tibb İnstitutuna daxil oldu və
müharibənin ağır illərində təhsilini
başa vura bildi.
Bu illər Zərifənin
ailəsi üçün çətin dövr idi. Atası
1941-1942-ci illərdə Azərbaycan KP MK katibi, sonra isə
altı il Dağıstan Respublikası MK-nin birinci katibi
işləmişdi. Bu, müharibənin ən ağır illəri
idi. Onu ən çətin sahələrə
yollayırdılar. Bir müddət İranda da səlahiyyətli
partiya işçisi kimi çalışmışdı.
Bütün bunlar ailədə də gərginlik və
nigaranlıq yaradır, Zərifə də atasına görə
anası ilə birgə həyəcan keçirirdi. Belə gərgin
vaxtlarda onun dayağı anası Leyla xanımın səbri,
iradəsi, dözümü, dərslərlə
başını qatmaq, gələcəklə yaşamaq
nikbinliyi idi.
Pis günün ömrü
az olar deyiblər. Müharibə qurtaranda Zərifə
xanım Əliyevanın ailəsində də bayram oldu,
atası da arada əsgər şinelini, zabit geyimini əynindən
çıxardı. İstirahət günləri evdə
görünməyə başladı. 1947-ci ildə Zərifə
xanım nəhayət ki, Tibb İnstitutunu bitirmək barədə
diplomunu aldı. Hələ tələbəlik illərində
görkəmli həkim, institutun müəllimi Umnisə Musabəyova
onun çalışqanlığını görüb
göz xəstəlikləri üzrə
ixtisaslaşmağı məsləhət bilmişdi. Həyat
göstərdi ki, müdrik müəllimə
yanılmamışdı. Zərifə xanım ömrü
boyu öz elmi seçiminə sadiq oldu və nadir əsərləri
ilə oftalmologiya elmini zənginləşdirdi.
1947-ci ilin payızından Zərifə
Əliyeva gənc mütəxəssis kimi iki il Moskvada
çalışdı və biliklərini artırdı. Onun
ezam olunduğu Qolmqolts adına Elmi-Tədqiqat Göz Xəstəlikləri
İnstitutu bu sahədə SSRİ-nin aparıcı elmi müəssisəsi
idi, orada ölkənin ən nüfuzlu göz həkimləri
çalışırdılar. Gələcək elmi fəaliyyət
üçün buradakı elmi mühit kifayət qədər
əlverişlidir. Elmi diskussiya və seminarlarda, şuralarda,
müdafiə məclislərində iştirak etdi. Burada Zərifə
xanımın gəldiyi əsas nəticə belə oldu: elmdə
öz yolunu tapmaq, öz axtarış cığırına
düşmək əsas məsələdir. Bunsuz orta həkim
olarsan, amma həqiqi alim olmaq mümkün deyildir.
Moskva mühiti mənəvi
cəhətdən də gənc həkim qızın
inkişafına təkan verdi. 24 yaşlı azərbaycanlı
qızı, daim anasına sığınıb yaşayan Zərifə
institutun yataqxanasında müstəqil yaşamağa
başladı. Bu romantik bir dövrlə dolu tələbəlik
həyatının davamı idi. Ətrafda davadan qalma qəhətlik
və kasıblıq hökm sürsə də, o zamankı tələbə
gənclik əksərən müharibə səngərlərindən
universitetlərə gəlmiş nəsil idi. Böyük
qanlar və qurbanlar hesabına faşizmi əzmiş bu nəsil
gələcəyə, çətinliklərin aradan gedəcəyinə,
insanların müharibəsiz dünyada xoşbəxt
olacağına necə inanırdılarsa, Zərifə də
bu gələcəyə elə inanırdı.
1949-cu ildə göz xəstəlikləri
üzrə dərin elmi biliklərlə Bakıya qayıdan Zərifə
Əliyeva Elmi-Tədqiqat Göz Xəstəlikləri
İnstitutunda elmi işçi kimi çalışmağa
başladı və həmin ildə də aspiranturaya daxil
oldu. Onun elmi marağını da həyat özü diktə
etmişdi. Müharibədən sonra Azərbaycanda traxoma
adlı göz xəstəliyi geniş
yayılmışdı. Müalicəsiz bu xəstəlik
insanları dünya işığına həsrət də
qoya bilirdi. Dövlət səviyyəsində Zərifə
xanımın çalışdığı bu instituta
traxoma epidemiyası əleyhinə preparat və antibiotiklər
hazırlamaq tapşırılmışdı. Gənc alim
çalışdığı institutun bu yöndəki
araşdırmalarında yaxından iştirak edirdi.
Lakin o, bununla kifayətlənmirdi.
Nüfuzlu alim və həkim həmkarlarının xatirələrindən
öyrənirik ki, Zərifə xanım Əliyeva Azərbaycanın
rayonlarında traxoma epidemiyalarının mərkəzi olan kənd
və qəsəbələrə yollanan elmi ekspedisiyaların
könüllü iştirakçısı olmuşdur. Bir
neçə cavan qadın həmkarı ilə birgə o,
ağır xəstələri müalicə edir, elmi
mühazirələr oxuyur, insanlarla ünsiyyətə girib
ev-ev izahat işləri aparırdı. Məhz Zərifə
xanımın daxil olduğu ekspedisiyanın üzvlərinin fədakarlığı,
zəhməti sayəsində qısa bir vaxtda traxoma
epidemiyaları lokallaşdırıldı, problemin kəskinliyi
aradan götürüldü.
Gənc həkimin fədakarlığına
tərəddüdlə baxanlara o məhəl qoymurdu.
Çünki traxoma kimi bəlaya qarşı mübarizəni
öz həkim borcu sayırdı. Sözü gedən
ekspedisiyalarda qazanılan elmi müşahidələr,
müalicə üsulları onun karına gəldi:
bütün bu materialları diqqətlə ümumiləşdirdi
və onların əsasında namizədlik
dissertasiyasını tamamladı. 1959-cu ildə bu
dissertasiyanı uğurla müdafiə edib tibb elmləri namizədi
elmi dərəcəsi aldı.
Zərifə xanım, bir azərbaycanlı
qızı kimi, elmdə nə qədər realist idisə, həyatda
da bir o qədər romantik idi. İllər sürətlə
gedir, o isə öz romantik qəhrəmanını gözləyirdi.
O, gözəl piano çalır, tələbə məclislərində
Azərbaycan və rus dillərində məlahətli səslə
oxuyurdu. O, görkəmli sənət və söz
adamlarının əhatəsində
böyümüşdü. Əziz Əliyevin keçmiş
Zevin küçəsindəki evi Azərbaycan
ziyalılarının toplaşdığı bir yer idi:
Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Səməd
Vurğun, Qara Qarayev, Bülbül, Niyazi və başqaları
burada tez-tez olurdular. Ulu öndər Heydər Əliyevin
böyük qardaşı Həsən Əliyevin də Zərifənin
atası ilə yaxşı ailə münasibətləri
vardı.
Tale Zərifənin
üzünə güldü: arabir müxtəlif səbəblərlə
onlara gələn Heydər Əliyev evin böyük
qızına meyil saldı. Zərifə bunu hiss etməyə
bilməzdi. 1951-ci ildə Heydər Əliyev Dövlət Təhlükəsizliyi
orqanlarında çalışan göygöz, ucaboylu, həmişə
hərbi formada olan zabit idi. Bu zabit həm Azərbaycan, həm
də rus dilində gözəl danışırdı. Tezliklə
bu zabit qızın qəlbinə hakim oldu. Allah bu insanı Zərifə
xanıma bütün ideallarını gerçəkləşdirmək
üçün yollamışdı. Bu, bəxt ulduzu idi.
Lakin hələ Stalin
sağ, Mir Cəfər Bağırov isə öz taxtında
idi. Gənclərin münasibətləri çətin
sınaqlardan keçməli oldu. Təhlükəsizlik xidməti
zabitinin şəxsi həyatı da dövlət nəzarətində
idi. Ona görə operativ işçinin respublikada
hamının tanıdığı Əziz Əliyevin qızı
ilə münasibətləri artıq yuxarılara məlum
idi. Elə bu vaxtlarda da, Əziz Əliyevin başı üzərində
qara buludlar dolaşırdı...
Hər şey 1949-cu ilin əvvəllərində
Əziz Əliyevin Moskvaya MK-ya rəhbər işə
aparılmağından sonra başladı. Bu yüksəliş
Mir Cəfər Bağırovda qorxu və dərin
qısqanclıq yaratdı. O, Moskvaya dalbadal məktublar
yazıb Əziz Əliyevi Baş nazirin müavini vəzifəsinə
gətirməyə nail oldu. Lakin vəzifəyə təyin
olunan kimi DTK-da ona qarşı iş açdırdı: onu
“millətçi”likdə və sosial mənşəyini gizlətməkdə
ittiham etdilər. Ona tezliklə partiya töhməti verib
kiçik bir vəzifəyə keçirdilər. Onun ailəsini
Qazaxıstana köçürmək planları ortaya gəldi...
Mərkəzi aparatda
çalışan Heydər Əliyevin şübhəsiz,
bunlardan xəbəri vardı. Bu çətin günlər
barədə Əziz Əliyevin 1997-ci ildə qeyd olunan 100
illik yubileyində Ulu öndər Heydər Əliyev şəxsən
özü danışdı. 1952-ci ildə o zaman Dövlət
Təhlükəsizliyi naziri olan Yemelyanov onu iki dəfə
kabinetinə çağırdı: onun tələbi qısa
idi: yuxarıların gözündən düşmüş Əziz
Əliyevin evinə gedib-gəlmək, onun qızı ilə
görüşmək məsul işdə çalışan
zabit üçün arzuolunmazdır. Ona açıq deyildi
ki, vəzifəsini və işini itirə bilər. Gənc
zabit çətin vəziyyətdə qalmışdı. Amma
o, asan təslim olan adamlardan deyildi. O, Zərifəni sevirdi və
ondan ayrılmağı təsəvvürünə də gətirmirdi.
Bu mülahizələri o, açıq şəkildə nazir
Yemelyanova demişdi. O, eyham vurmuşdu ki, Mir Cəfərin
tapşırığını icra edir, qəti qərar qəbul
etmək cavan zabitin öz işidir.
Gənc Heydərin Zərifə
ilə münasibətləri də, məsul işdə xidməti
də davam etdi. Amma tarix də cavanların məhəbbətinə
“əl tutdu”. Nazirlə Heydər Əliyevin söhbətindən
yarım il sonra İosif Stalin öldü. Bu, Mir Cəfər
Bağırovun hakimiyyətinə də
öldürücü zərbə idi. Bütün ölkə,
o cümlədən, Heydər Əliyev və gələcək
qayınatası da rahat nəfəs aldılar. Bir qədər
sonra Əziz Əliyev layiq olduğu vəzifəyə
qaytarıldı...
Gənclərin ailə
qurması üçün sonuncu mənzil maneəsi də
aradan qalxdı və 1954-cü ilin noyabrında onların toyu
oldu. Bu yığcam, rəsmi tələblərə uyğun
musiqisiz bir məclis idi. Gənclər nikah mərasimindən
sonra evə gəlib stol arxasında oturdular. Məclisdə Əziz
Əliyev, Həsən Əliyev, akademik Murtuza Nağıyev, bəylə
gəlinin anaları və yaxın qohumları iştirak
edirdilər. Toyun tamadalığı Heydər Əliyevin
uşaqlıq dostu İbrahim İsmayılova həvalə
edilmişdi.
Qarşılıqlı məhəbbət
üzərində qurulan ailə xoşbəxt idi. Gənc
zabit olan Heydər Əliyev həyat yoldaşının
simasında özünə həqiqi bir dayaq tapdı. Təhlükəsizlik
orqanlarında iş mürəkkəb idi və çoxlu vaxt
tələb edirdi. Heydər Əliyev də öz işini
sevir və çalışmaqdan yorulmurdu. O, bilirdi ki, ürəyindəki
böyük planları icra etmək üçün zəhmətdən
yaxşı heç nə yoxdur. Zərifə Əliyev öz
elmi işini davam etdirsə də, həqiqi bir azərbaycanlı
qadını kimi ailəni və onun qayğılarını
birinci sayırdı. Ümumiyyətlə, məişət
xırdalıqlarından yüksək olmaq, uzaqgörənlik
və səbr onun xasiyyətinin əsas cəhətləri
idi. Zərifə xanım fitri, sağlam düşüncəsi
olan bir qadın kimi ərinə nədəsə məsləhətlər
də verə bilərdi. Lakin o, belə təşəbbüslərdən
uzaq idi, bütün diqqətini ailədə ilıq və
rahat şəraitin yaradılmasına yönəltmişdi.
Atasının taleyindən
bilirdi ki, dövlət adamlarının əsas dayağı
ailədəki sabitlikdir. Dövlət işində tez-tez
fırtınalar qopurdu. Bunlara tab gətirmək
üçün məhəbbət və
qarşılıqlı anlaşma əsasında qurulmuş
ailə onun əsas dayağı idi. 1955-ci ildə onların
ilk övladları Sevil dünyaya gələndə gənc ailənin
fərəhinin həddi-hüdudu yox idi. Evdə səslənən
uşaq səsi onların da yuvasını yeni ümid və
xoşbəxt planlarla doldurdu. 1961-ci il dekabrın 24-də onların
ikinci övladları İlham dünyaya gəldi. Zərifə
xanım elmi fəaliyyətini davam etdirsə də,
övladlarının qayğıları və tərbiyəsi
ilə özü məşğul olurdu. O, böyük
zövq alır, onların həyatdakı kiçik
addımlarından belə fərəhlənirdi.
Zərifə xanım
oğlu İlhama xüsusilə bağlı idi. Onun
sağlamlığı, gözəl və nikbin siması ilə
nəfəs alırdı. Bu, həm də azərbaycanlı
mentalitetində kök salmış bir ənənə ilə
bağlı idi. Oğlan uşaqları ocağın
dayağı və varisi sayılır. Zərifə xanım
bu ümidlərində, bu məhəbbətində necə də
haqlı idi. Elmi və ictimai işlərlə ciddi məşğul
olsa da, İlhamın böyüməsi və təhsili ilə
bağlı hər bir prosesdə şəxsən iştirak
edir, övladına məhəbbət və qayğını
heç vaxt əsirgəmirdi. İlhamın yeddi yaşı
olanda Heydər Əliyev respublikanın birinci şəxsi
seçildi. Bu, Zərifə xanım üçün, ailə
üçün sevinc və təntənə idi. Amma
uşaqların tərbiyəsi baxımından problemlər
yaradırdı. Ana kimi başa düşürdü ki,
övladlarını heç bir güzəşt olmadan tərbiyə
etmək və onlara ən müasir təhsil vermək
lazımdır. Ətrafda bunu anlamayanlar da vardı. Birinci
növbədə zəhməti, məktəbi, təhsili sevməyi
öyrətmək, sadəliyi və xeyirxahlığı tərbiyə
etmək lazım idi. Bu ana borcu idi və böyük səbr və
zəhmət,qətiyyət və məhəbbət tələb
edirdi. Bunların hamısı onda var idi...
Respublikanın birinci şəxsinin
həyat yoldaşı olmaq da məsuliyyətli idi, Zərifə
xanımın üzərinə ictimai vəzifələr
qoyurdu. Lakin bu problemdə də Zərifə xanım
davamlı bir mövqe tutdu və Ulu öndər Heydər Əliyevin
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
birinci katibi seçilməzdən əvvəlki həyat
prinsiplərini dəyişməz olaraq saxladı: ailənin
sabitliyini qorumaq, uşaqların problemlərinin atanı narahat
etməməsinə çalışmaq. O, buna ustalıqla
nail olurdu, cəmiyyətdə, dövlət tədbirlərində
diqqəti cəlb etməməyə, sadə həyat tərzini
davam etdirməyə çalışırdı. O, yenə
öz doğma Göz Xəstəlikləri İnstitutunda
çalışırdı. İş yoldaşları onun
davranışında heç bir dəyişiklik hiss etmirdilər.
Əksinə, Zərifə xanım kollektivdə daha
qayğıkeş olmuşdu, iş yoldaşlarının məişət
problemlərinin həlli üçün müxtəlif
orqanlara müraciətlər göndərir və insanlara
kömək etməkdən zövq alırdı.
Göz Xəstəlikləri
İnstitutu onun üçün doğma bir yer olmuşdu.
1976-cı ildə oftalmologiyada hadisəyə çevrilən
doktorluq dissertasiyası müdafiə etdi. Bir müddət
sonra kafedra müdiri oldu. Ailədə və cəmiyyətdə
apardığı işlərin ağırlığına
baxmayaraq, o, 140 elmi məqalə, bir necə monoqrafiya və
kitab dərc etdirdi. Çoxillik elmi təcrübədən o
bir qənaətə gəlmişdi: insanların xəstə
gözlərinin müalicəsi çətin və
ağrılı bir proses idi. Ona görə göz xəstəlikləri
sahəsində profilaktika metodikalarına artıq əhəmiyyət
verməyə başladı. Bu, uzaqgörən və
müasir bir elmi nəticə idi, oftalmologiyanın gələcək
inkişafını qabaqlayırdı. Onun 70-ci illərdən
sonrakı bütün elmi axtarışları bu nəticə
ilə bağlı oldu. Zərifə xanım göz xəstəliklərinin
profilaktikası üçün öz metodikasını
hazırladı və bu metodika ona oftalmologiyada şöhrət
gətirdi. O, gənc vaxtlarından axtardığı elmin
böyük yolunu tapmışdı. Bu, həm də Azərbaycan
tibb elminin nailiyyəti idi. Bütün bunlar 1983-cü ildə
Zərifə Əliyevanın Azərbaycan Elmlər
Akademiyasının həqiqi üzvü seçilməsi ilə
elmi etirafını tapdı. Onun alim şöhrəti
artıq Azərbaycanın sərhədlərini çoxdan
aşmışdı.
1982-ci ildə Ulu öndər
Heydər Əliyev Siyasi Büronun üzvü seçildi və
Moskvada SSRİ hökuməti sədrinin birinci müavini təyin
olundu. Zərifə xanım uşaqlarla birgə Moskvaya
köçdü. Bu, onun gəncliyinin şəhəri idi.
Moskva elitasının mərkəzində yaşamaq, Heydər
Əliyevin və ailənin tanışı olan elm və sənət
adamları ilə ünsiyyət necə də xoş idi. Ərinin,
övladlarının taleyində və təhsilində hər
şey əla idi, insanlar bu xoşbəxt qadını barmaqla
göstərir ona qibtə edirdilər. Lakin təbiətin də
amansız hökmü var. Zərifə xanım müalicə
olunmayan xəstəliyə dücar oldu. 1985-ci ildə Zərifə
Əliyeva dünyasını dəyişdi.
Bu, ağır bir itki idi.
Onun sevimli İlhamının hələ 24 yaşı
vardı. Həyatda o, ən çox övladları ilə fəxr
etmək istəyirdi... Gözünün nuru olan əziz
İlhamının uzun illər təhsilinə, tərbiyəsinə,
insan və şəxsiyyət kimi yetişməsinə ana kimi
özünü həsr edən Zərifə xanıma onun
Prezident kimi andiçmə mərasimini görmək qismət
olmadı. Bu gün isə bu fərəhi bütün Azərbaycan
yaşayır. Bu, Zərifə xanımın tərbiyəsinin
təntənəsidir.
Ana məhəbbəti itmir,
xariqələr yaradır. Bu gün Zərifə Əliyevanın
övladları ilə bütün Vətən fəxr edir.
Onların fərəhində və qürurunda
özünü həsr etmiş bir anaya böyük bir millətin
məhəbbəti də var. Bu gün bu məhəbbət
çiçəklənir, pöhrələr verir və mənəviyyat
tariximizin örnəyinə çevrilir.
Əliyeva NURLANA,
YAP Qadınlar Şurasının sədri,
professor
Yeni Azərbaycan.- 2020.- 27 aprel.- S.5.