Zərifə xanım Əliyeva səhiyyə tariximizdə müstəsna
yeri olan korifey idi
Adilə Namazova: Zərifə
xanım Əliyevanın
elmi araşdırmalarının
yeniliyinə, tibbi təcrübədən faydalı
olmasına görə
ona Averbax mükafatı da verilmişdir
Azərbaycan Dövlət
Tibb Universitetinin I Uşaq Xəstəlikləri
Kafedrasının müdiri,
akademik Adilə Namazova www.yap.org.az. saytına müsahibə verib:
- Adilə
xanım, aprelin 28-də
görkəmli oftalmoloq
alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 87-ci ildönümüdür.
Azərbaycanın tibb
elminə böyük
töhfələr vermiş
bu insanı necə xatırlayırsınız?
- Dünya
təbabətində, eləcə
də, minilliklərdən
qaynaqlanan Azərbaycan
tibb elmində parlaq iz qoymuş,
kəsərli sözünü
demiş, öz dövründə yaşayaraq
fitri elmi müdrikliyi ilə gələcəyə çox
faydaları və əbədiyaşar elmi-təfəkkür
körpüsü salmış
korifeylərimiz sayca çox deyil. Lakin onların ümman qəlbinin, kainat tutumlu təfəkkürünün çırağında,
nurunda, enerjisində, elmin, ziyanın, biliklərin əsrarəngiz
və ecazkar sehri, möcüzəsi gizlənir.
Bu gün
biz dünyamızın mənəvi
kamilliyinin ən uca zirvəsində dayanaraq öz ziyası ilə bəşəriyyəti işıqlandıran,
müqəddəs xatirəsi
milyonlarla insanların
qəlbinə, beyninə,
ürəyinə isti
bir məlhəm kimi axan qüdrətli
bir şəxsiyyətin,
heyrətamiz elm fədaisinin,
insanların təkcə
gözlərinə yox,
şüuruna, həyatına,
taleyinə gur işıq seli axıdan böyük bir insanı - akademik Zərifə xanım Əliyevanı xatırlayırıq. Həkim,
əsilzadə, xanım-xatın,
nəcib və zərif bir Azərbaycan qadınının
obrazı gözümüz
qarşısında canlanır.
Adı-ünü dünyalarca
tanınan, böyük
bir nəslin layiqli övladı, öz övladlarına dünyada ən nümunəvi sayılmağa
layiq, istəkli, kövrək bir ana görürük. Dünyanın bütün
şöhrət və
zirvələrini fəth
etmiş qüdrətli
ömür-gün yoldaşı,
Ümummilli liderimiz Heydər Əliyevin ən layiqli, mehriban, sadiq, dəyanətli dostu, ismət mücəssəməsi,
böyük hərflərlə
yazılan ANA! Bir elin, bir xalqın
pərvanəsi Zərifə
xanımı xatırlayırıq.
Zərifə xanım
Əliyevanın həyat
yolu çoxşaxəli,
şərəfli olmuşdur.
O, sıravi həkimlikdən
tibb elmləri doktoru, professor, Azərbaycan
Elmlər Akademiyasının
həqiqi üzvlüyünə-akademikliyə
qədər, oftalmologiya
kafedrasının müdiri
vəzifəsinə qədər
yüksəlmişdir.
- Zərifə
xanımın oftalmologiya
elminin inkişafındakı
xidmətləri haqqında
nə deyə bilərsiniz?
- Zərifə
xanım Əliyevanın
Azərbaycanda oftalmologiya
elminin inkişafında
xidmətləri olduqca
böyükdür. Alim,
pedaqoq, qayğıkeş,
bilikli həkim, həmçinin, gözəl
insan olan Zərifə xanım milli səhiyyəmizin inkişafında mükəmməl
biliyə və bacarığa malik oftalmoloqların və ümumiyyətlə, tibb işçilərinin hazırlanmasında
böyük əmək
sərf etmişdir.
Onun əziz
xatirəsi respublikamızda
və Azərbaycanın
sərhədlərindən çox-çox uzaqlarda, səhiyyə, elm sahəsində
çalışan hər
bir insanın qəlbində yaşamaqdadır.
Zərifə xanım
Əliyevanın çox
müsbət aurası
var idi. Səhiyyə tariximizdə
müstəsna yeri olan Zərifə xanım oftalmologiya sahəsində geniş elmi axtarışları və tədqiqatları olub. O, tibb elmində,
təcrübi səhiyyədə
son dərəcə əhəmiyyətli
əsərlər yazıb.
Zərifə xanım
oftalmologiyanın müasir
problemlərinə dair
bir sıra sanballı tədqiqatların,
“Terapevtik oftalmologiya”,
“İridodiaqnostika”nın əsasları
kimi nadir elmi əsərlərin, 12 monoqrafiya,
dərslik və dərs vəsaitinin,
140-dan artıq elmi əsərin, 12 səmərələşdirici
təklifin müəllifidir.
- Zərifə
xanım Əliyevanın
elmi əsərlərində
yeniliklər cəmiyyətimizə
hansı töhfələri
verib?
- Zərifə
xanım novator, uzaqgörən alim idi. Onun elmi
araşdırmalarının nəticələri bu gün də çox aktualdır. O, ilk
dəfə olaraq dünyada analoqu olmayan on böyük sənaye müəssisələrində:
Bakı ŞİN, Yod
və Məişət
maşınqayırma zavodlarında,
Sumqayıt üzvü
sintez birliyində, Mingəçevir “İzolit”
və rezin texniki zavodunda, Gəncə gil-torpaq kombinatında müxtəlif
peşə və zərərli faktorların
görmə üzvünə,
daxili orqanlara (ağciyərlərə, böyrəklərə,
qara ciyərə) biokimyəvi təsiri mexanizmini müayinə edərək bir sıra yeniliklər əldə etdiyi məlumatlar əsasında
tibb elmləri doktorluq dissertasiyasını
da müdafiə etmişdir.
Ümumiyyətlə, Zərifə
xanım Əliyeva dünya təcrübəsində
ilk dəfə olaraq konserv zavodunda xüsusi elmi-tədqiqat laboratoriyası təşkil
etmişdir. Orada müasir həssas müayinə cihazları ilə işçilərin
görmə qabiliyyətinin
funksional vəziyyətini
öyrənərək baş
vermiş göz xəstəliklərinin müalicə
və profilaktikası
üsulları haqqında
öz konsepsiyasını
irəli sürmüşdür.
Bu konsepsiyanın həyata
keçirilməsi nəticəsində
minlərlə mühəndis,
fəhlələrin görmə
qabiliyyəti yaxşılaşmış,
onlar nur tapmışdılar. Zərifə
xanım Əliyevanın
elmi araşdırmalarının
yeniliyinə, tibbi təcrübədən faydalı
olmasına görə
ona Averbax mükafatı da verilmişdir.
- Zərifə
xanımın tibb işçilərinə əsas
tövsiyəsi nədən
ibarət idi?
- Yüksək
intellektə, geniş
erudisiyaya, zəngin mədəniyyətə, dərin
biliyə malik həkim, pedaqoq alim, gözəl insan akademik Zərifə xanım Əliyeva çoxsaylı
əsərlərində həkimlərin,
tibb işçilərinin
həm ixtisasının
artmasına, biliyinin zənginləşməsinə, həm də etik mənəvi cəhətdən sağlam
olmasına çalışırdı.
Onun əsərləri
ölməzdir. Çünki
bugünkü gündə
də göründüyü
kimi bu əsərlər
və mövzular çox aktualdır, dünyəvidir. Zərifə
xanım həmişə
həkimlik peşəsini
çox uca tuturdu, həkimi günəşə bənzədərək
deyirdi: “Həkim insanlara günəş qədər lazımdır”.
Əslində, Zərifə
xanım özü yüksək mənəviyyata
malik bir günəş idi.
Yeni Azərbaycan.-
2010.- 27 aprel.- S.5.