“Əsrin saxtakarlığı”

 

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə qondarma “erməni soyqırımı”na dair dəyirmi masa keçirilib

 

Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə aprelin 24-də Atatürk Mərkəzində qondarma “erməni soyqırımı”na dair “Əsrin saxtakarlığı” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, diplomatik korpusun nümayəndələri, siyasi partiyaların rəhbərləri və elm xadimləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov qondarma “erməni soyqırımı” siyasətindən milyonlarla insanların əziyyət çəkdiyini bildirib.

YAP Sədrinin müavini, bu saxtakarlığın ifşa ediməsinin və kökünün kəsilməsinin artıq vaxtının çatdığını da qeyd edib. Ermənilərə bu işdə havadarlıq edənlərin qondarma “erməni soyqırımı” iddiasından türk-müsəlman dünyasına qarşı siyasi vasitə kimi istifadə etdiyini bildirən Əli Əhmədov, məhz buna görə də, həmin saxtakarlığı müdafiə edənlərin coğrafiyasının genişləndiyini deyib. Haqqında bəhs edilən və XX əsrin əvvəlində olan hadisələrin məhz bizim regionda baş verdiyi, buna görə də reallığı bizim daha yaxşı bildiyimizi söyləyən YAP Sədrinin müavini, bu regiondan qat-qat uzaqda yaşayanların erməniləri müdafiə etməsinin ən azı təəccüb doğurduğunu bildirib. “Bizim məqsədimiz tarixi reallıqları ortaya qoymaqdır. Ermənilər tərəfindən soyqırımına məruz qalmış yüz minlərlə insanı heç kim xatırlamaq istəmir. Soyqırımı saxtakarlığından birmənalı olaraq siyasi məqsədlər üçün istifadə edirlər”, - deyə Əli Əhmədov vurğulayıb.

Onun sözlərinə görə, Quba məzarlığı və digər faktlar, əslində, ermənilərin türklərə və azərbaycanlılara qarşı soyqırımlar törətdiyini sübut edir: “Əgər ermənilərin də belə faktı varsa, ortaya qoysunlar. Doğrudan da, 1,5 milyon erməni qətlə yetirilibsə, onların məzarlığı haradadır? Xüsusilə, Türkiyə kimi hər qarış torpağı böyük sivilizasiyanı öz üzərində yaşadan, addım-addım tədqiq olunan dövlətin ərazisində bunu gizlətmək mümkün deyil. Deməli, ermənilərin iddia etdiyi belə faktlar yoxdur. Ona görə də, Azərbaycan və Türkiyə erməni saxtakarlığının ifşası istiqamətində səylərini gücləndirməlidirlər. Hər birimizin qarşısında duran məqsəd tarixi reallıqları ortaya qoymaqla yanaşı, eyni zamanda, tarixin saxtalaşdırılmasının arxasında duran niyyətlərin nədən ibarət olduğunu dünya ictimaiyyətinə çatdırmaqdır”.

AMEA-nın Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov tarixə ekskurs edərək Azərbaycandan və Türkiyədən fərqli olaraq, ermənilərin qondarma “soyqırımı”nı sübut üçün heç bir əsaslı faktı ortaya qoya bilmədiklərini qeyd edib, bunu təsdiq edəcək heç bir kütləvi məzarlığın olmadığını bildirib. Əsl qırğınların Azərbaycan ərazisində - Şamaxı, Göyçay, Quba, Naxçıvan, Bakı və digər yerlərdə xalqımıza qarşı aparıldığını vurğulayan alim, ermənilərin satqınlığına görə, 1915-ci ildə Osmanlı dövləti tərəfindən bir ərazidən başqa ərazilərə köçürüldüyünü diqqətə çatdırıb. “Məsələnin əsl mahiyyəti ondan ibarətdir ki, hələ I Pyotrun dövründən başlayaraq dünyanın müxtəlif yerlərindən ermənilər Azərbaycan ərazilərinə köçürülüb. I Dünya müharibəsinin gedişində ermənilər ağır cinayətlər törətdilər. Təpədən dırnağadək silahlandırılmış, çar Rusiyası və İngilis komandanlığı tərəfindən xüsusi məqsədlər üçün hazırlanmış erməni dəstələri 1915-ci ildə Şərqi Anadoluda dinc türk əhalisini qırmağa başladılar. Məqsəd bu idi ki, Anadolunun şərq hissəsi türklərdən, cənubi və şimali Azərbaycan isə azərbaycanlılardan təmizlənərək bu bölgədə xristian faktoru gücləndirilsin. Buna görə də, türklər və azərbaycanlılar ermənilər tərəfindən soyqırımına məruz qaldılar” - deyə o, vurğulayıb.

Y.Mahmudov qeyd edib ki, qondarma “soyqırımı” iddiasını təsdiq edən erməni məzarlığı heç yerdə yoxdur. Amma həm türk, həm də azərbaycanlıların kütləvi məzarlığı çoxdur. Onlardan birinin təsadüfən Qubada aşkar olunduğunu deyən natiq Türkiyə və Azərbaycan ərazilərində toplu məzarlıqların aşkar olunması üçün tədqiqatların aparılmasını təklif edib. Millət vəkilinin sözlərinə görə, bu, erməni saxtakarlığına və onlara havadarlıq edənlərə ən tutarlı cavab olacaq.

Milli Məclis sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova çıxışında qeyd edib ki, saxta məsələnin dünya parlamentlərində müzakirəyə çıxarılması nə həqiqət, nə də ədalət meyarlarına uyğun gəlmir. Tarixin saxtalaşdırılmasına bəzi dövlətlər tərəfindən dəstək verilməsi, əslində, bundan sonra da, bu istiqamətdə saxtalaşdırma işlərinə kimlərisə həvəsləndirmək funksiyasını yerinə yetirir. Onun sözlərinə görə, biz çox hiyləgər düşmən və onu bütün səviyyələrdə müdafiə edən şəbəkə ilə üz-üzə dayanmışıq. Vitse-spiker qeyd edib ki, Türkiyənin güclənməsindən narahat olanlar bu cür yollara əl atırlar: “Həqiqətən, Türkiyəni Avropa İttifaqına (Aİ) qəbul etmək istəmirlər. Çünki Türkiyə demoqrafiq cəhətdən inkişaf edir, iqtisadi baxımdan uğurlara imza atır. Aİ-yə üzv olacağı halda bu dövlət bütün hüquqlar əldə edərək təşkilatda söz sahibinə çevriləcək. Bununla da, Türkiyə Türk dünyasının Aİ-yə yolunu açacaq. Əgər quruma üzv olan ölkələr Türkiyəni qəbul etmək istəmirsə, o demək deyil ki, geri çəkilməliyik. İnsanlar harada yaşamağını özü müəyyən etməlidir. Biz Avropaya inteqrasiya yolunu dəyişsək də, Avropa Şərqə yürüşünü dəyişməyəcək. Keçmişdəki xaç yürüşlərinin indi xarakteri dəyişir”.

B.Muradova bildirib ki, ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımına hüquqi qiymətin verilməsinə nail olmaq lazımdır. Bunun üçün beynəlxalq təşkilatlarda qətnamələr qəbul olunmalıdır. Bundan sonra bu cinayətlər üzrə beynəlxalq məhkəmənin yaradılmasına nail olmalıyıq. Onun fikrincə, problemə yalnız hüquqi müstəvidə yanaşmaq lazımdır.

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı çıxışında bildirib ki, qondarma “soyqırımı” məsələsi təkcə ermənilərin deyil, müəyyən xarici qüvvələrin də marağındadır. Millət vəkili təklif edib ki, məsələni araşdırmaq üçün Azərbaycan və Türkiyə alimlərindən ibarət komissiya yaradılsın. Komissiyanın gəldiyi rəy bir neçə dildə kitab şəklində nəşr edilsin. Həmin kitab bütün dünyada yayılsın.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadə də bildirib ki, konkret əməli işə keçməyin vaxtıdır. O, təklif edib ki, ilkin addım olaraq Azərbaycan və Türkiyənin hakim partiyaları tərəfindən tarixi həqiqətləri əks etdirən, bir neçə dildə olan sayt yaradılsın. Onun sözlərinə görə, əsl həqiqətləri aydınlaşdırmaq üçün dünyanın nüfuzlu alimləri prosesə cəlb olunmalı, eləcə də, filmlər çəkilməlidir.

YAP İdarə Heyətinin üzvü, professor Şahlar Əsgərov isə bildirib ki, qondarma “soyqırımı” məsələsini ermənilər ideya kimi irəli sürüblər və bunun ətrafında mübarizə aparırlar. Onun fikrincə, erməniləri ifşa etmək üçün yalançı ideyanın qarşısına daha güclü ideya çıxarılmalıdır.

YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə deyib ki, qondarma “soyqırımı”nın bəzi dövlətlər tərəfindən gündəmdə saxlanmasının səbəbləri var. Məqsəd Türkiyənin artan nüfuzunu, qüdrətini zəiflətməkdir: “Türkiyə dünyanın bir nüfuz mərkəzi kimi proseslərə təsir etmək imkanına malikdir. Ona görə də, qondarma “soyqırımı” məsələsindən bu dövlətə qarşı alət kimi istifadə etməyə çalışırlar. Amma erməni yalanlarına qarşı əsas cavab qüdrətli Türkiyə və Azərbaycandır”.

YAP Siyasi Şurasının üzvü Xeyrəddin Qoca isə Türkiyə-Azərbaycan birliyinin bu məsələdə qalib gələcəyinə inandığını deyib.

Şimali Kipr Türk Cümhuriyyətinin Bakı nümayəndəliyinin rəhbəri Zəki Qazioğlu bildirib ki, Türkiyə məsələ ilə bağlı arxivlərini açıb. Onun sözlərinə görə, dünyanın nüfuzlu tarixçilərindən ibarət qurum yaradılmalıdır. Onlar arxivləri araşdırıb məsələ ilə bağlı obyektiv qərar verməlidirlər. Əgər qarşı tərəfin faktları varsa, həmin tarixçilərə təqdim etsinlər. “Tarixçilər dünyaya əsl həqiqətin nədən ibarət olduğunu bildirəcəklər. Əgər hansı ölkənin parlamenti yenə uydurma “soyqırımı”nı tanıyacaqsa, bu siyasi qərar olacaq. Belə də, biz dost və düşmənlərimizin kim olacağını biləcəyik”, - deyə o, vurğulayıb.

Dəyirmi masada çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç erməni saxtakarlığına qarşı aparılan mübarizədə göstərilən dəstəyə görə bütün Azərbaycan xalqına minnətdarlığını bildirib. Onun sözlərinə görə, bu tədbirin Atatürk Mərkəzində keçirilməsinin xüsusi önəmi var. 2005-ci ildə Ermənistana arxivləri açaraq müştərək komissiya yaratmaq təklifini verdiklərini xatırladan səfir Ermənistanın bundan hələ də imtina etdiyini deyib. “Biz öz tariximizlə qürur duyuruq” deyən H.Kılıç Türkiyə və Azərbaycanın bu məsələdə birgə mücadilə apardığını vurğulayıb. Tədbirdə irəli sürülən təklifləri yüksək qiymətləndirdiyini vurğulayan səfir, bu təşəbbüslərin həyata keçirilməsi üçün əməli addımların atılacağını diqqətə çatdırıb.

Tədbirdə Milli Məclisin deputatları - Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı, millət vəkili Bəxtiyar Əliyev çıxış edərək bildiriblər ki, tarix boyu saxtakarlığı və satqınlığı ilə tanınan ermənilərin qondarma “soyqırımı” iddialarına qarşı yalnız birlikdə mübarizə aparılmalıdır. Qeyd olunub ki, uydurma məsələnin hansısa ölkənin parlamentində qəbul olunması nə qədər Türkiyəyə qarşı çevrilibsə, ondan heç də az olmayan dərəcədə Azərbaycana qarşı yönəlib. Bildirilib ki, Azərbaycanın dostuna qarşı çevrilmiş qərar, həm də Azərbaycana qarşı yönəlmiş qərardır. Məhz buna görə də, saxtakarlara və onların havadarlarına qarşı mübarizə birlikdə, yəni hər iki qardaş xalqın qüvvələri birləşdirilərək aparılmalıdır.

Tədbirə yekun vuran YAP Sədrinin müavini Əli Əhmədov aparılan müzakirələrin gələcək fəaliyyət üçün uğurlu olacağını, riyakar düşmənin ifşası üçün bundan sonra da davamlı birgə mübarizənin aparılacağını bildirib. Onun sözlərinə görə, Türkiyənin getdikcə güclənməsi bəzi qüvvələri narahat edir. Qondarma “soyqırımı”nın ideya deyil, saxtakarlıq olduğunu deyən Əli Əhmədovun sözlərinə görə, Türkiyə və Azərbaycanın bu saxtakarlığa qarşı qətiyyətli mübarizəsi erməni yalanlarını dünyada ifşa edəcək.

 

 

Nardar BAYRAMLI

 

Yeni  Azərbaycan.- 2010.- 27 aprel.- S.3.