Biz bir xalq kimi fikirdən daha
çox sözə bağlı olmuşuq
Musa Urud: Ədəbiyyat insanları ayağa qaldıra,
onları yaşada bilər, amma problemləri həll edə
bilməz
Musa Quliyev (Urud) 1961-ci il
noyabrın 25-də Ermənistan respublikası Sisyan rayonunun
Urud kəndində anadan olub. Azərbaycan Dövlət Tibb
İnstitutunun müalicə-profilaktika fakültəsini və
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının dövlət və bələdiyyə
idarəetməsi fakültəsini bitirib. Tibb elmləri namizədidir.
Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin
üzvü, Prezident təqaüdçüsüdür.
“Nizami”, “Aydın”, “Araz” və Yusif Məmmədəliyev ədəbi
mükafatları laureatıdır. 9 kitabın və 150-dən
çox məqalənin müəllifidir. 1984-cü ildə Gəncə
şəhərində narkoloji dispanserdə həkim-narkoloq,
1990-cı ildə Bakıda poliklinikada həkim-nevropatoloq,
1993-cü ildə Yasamal rayon Həkim-əmək ekspert
komissiyasında ekspert-nevropatoloq, 1994-2000-ci illərdə Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyində şöbə müdiri, idarə rəisi vəzifələrində
çalışıb.
Yeni Azərbaycan Partiyası
Siyasi Şurasının üzvüdür. İkinci
çağırış Azərbaycan Respublikası Milli Məclisinin
deputatı olub.
Milli Məclisin Sosial siyasət
komitəsi sədrinin müavinidir. Milli Məclis yanında
Toponimiya komissiyasının üzvüdür. Azərbaycan-Əlcəzair
parlamentlərarası əlaqələr üzrə
işçi qrupunun rəhbəri, Azərbaycan-Braziliya, Azərbaycan-Çexiya,
Azərbaycan-Qazaxıstan, Azərbaycan-Litva, Azərbaycan-Pakistan
parlamentlərarası əlaqələr üzrə
işçi qruplarının üzvüdür. Qara dəniz
İqtisadi Əməkdaşlıq Təşkilatının
Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin
üzvüdür.
Evlidir, 3 övladı var.
- Hansı mövzudan
danışacağıq, siyasətdənmi, ədəbiyyatdanmı,
yoxsa...
- Hər mövzudan,
parlamentari Musa Urudla siyasətdən, şairlə ədəbiyyatdan...
Diktofona düşməyən
söhbətdən...
Biz onunla yalnız
doğulduğu kənddən-indiki Ermənistanın ərazisində
yerləşən, qədim Azərbaycan torpağı-Uruddan,
vətənin bir parçasından danışa bildik.
Kövrək atmosferi gündəm sualları ilə
dağıtmağa nə mən qıydım, nə də o.
Heç qələmə aldığı şeirlərindən,
siyasi fəaliyyətindən də söhbət aça bilmədik.
Onun yurd göynəyi, təəssüf dolu
peşmançılığı mənim suallarımı
dilimin altında qoydu. Beləcə əli-ayağı
dağlanmış bir yurdun iki övladı üz-üzə
oturub dərdləşdik. Amma bununla belə “Cümə
qonağı”nın bugünkü sayı üçün
Musa Uruda bir neçə sual ünvanlaya bildim.
- Soyadınızdan
başlayaq...
- Urud. Təsəvvür edin
ki, dağların qoynunda, sərin bulaqları olan cənnətməkan
bir kənd. Lap quşqonmayan qayaları var... Çox qədim
bir kənddi, insanlığın formalaşmağa
başladığı bir yer...
- O kəndin adı hansı
tarixi danışacaq oxucuya?
- Urud Qafqazda çox qədim
bir yaşayış məskənidir. Yaşı iki min il əvvələrə
gedib çıxır. Yəni hələ Bizans imperiyası
dövründə məşhur Urud qalası mövcud olub. 1959-cu
ildə rəhmətlik Ziya Bünyadovun rəhbərliyi ilə
bir dəstə arxeoloq orada işlədi və qədim
yaşayış məskəni, qədim türk mədəniyyətini
aşkara çıxartdılar. Dağlardan çəkilmiş
içməli su kəmərini tapdılar. Urud toponiminin mənası
ilə bağlı özüm də xeyli araşdırmalar
aparmışam. İlk anlamda qədim Oğuzların Ud
tayfalarının adının üzərində dayandım.
Məlum olduğu kimi, İç Oğuzlar elə bizim bir
zamanlar Qərbi Azərbaycan dediyimiz və indi Ermənistan
dövlətinin qurulduğu ərazilərdə yerləşib.
Hətta ehtimal edirlər ki, Dədə Qorqud da bu tayfalara mənsub
olub. Bizim kəndin yaxınlığında daha iki qədim
türk kəndi var-Ağurd və Vağurd kənləri. Mən
bir dəfə Urud kəndinin tarixi haqqında kitab yazanda rəhmətlik
Ziya Bünyadovdan soruşdum. O dedi ki, Qafqaz Albaniyasının
tarixinin sirrini Urud, Ağurd və Vağurd
üçbucağında axtarmaq lazımdır. Onda məndə
istər-istəməz bir sual yarandı ki, bu iki kənd
hardadır bəs? Çünki Ziya Bünyadov mənbələrdən
söyləyirdi bu fikri. Sonra araşdırmağa
başladım və məlum oldu ki, indiki Ağudi və
Vağudi kəndləridir.
- Necə oldu ki, bu qədim
bir tarixi ehtiva edən kəlməni adınızla birləşdirdiniz?
- 1984-cü ildə ilk dəfə
böyük şairimiz Məmməd Arazın xeyir-duası ilə
ədəbiyyat aləminə qədəm qoydum və iki il
Musa Quliyev imzası ilə çap olundum. 1986-cı ildə
“Sovet Ermənistanı” qəzetinə bir şeir göndərmişdim.
Şeirin də yazılma tarixi belə idi. Həmin il Zori
Balayanın “Ocak” kitabı çap olundu. Bilirsiniz ki, o, qədim
Azərbaycan torpaqlarını gəzib-dolaşaraq
bütün təəssüratlarını qələmə
almış, sonra da guya bu yurdların hamısının bir
ocaqdan-ermənilərə məxsus olmasından
yazmışdı. Həmin vaxtı ona ən layiqli cavabı
Eldar Baxış yazdı:
- Bu nədi yazmısan, Zori
Balayan
Kür, Araz deyirsən, kəkələyirsən.
Xırda budaqların üstə
oturub
Böyük budaqları silkələyirsən.
O vaxt mən də bir
şeir yazıb o qəzetə göndərdim. Amma şeirin
sonuncu bəndi çap olunmadı. Mən qəzetə zəng
vurub səbəbini soruşdum və cavab bu oldu ki, orada sovet gənclərinə
yaraşmayan pessimizm vardı və sairə. Amma israrla cavab istəyəndə
dedilər ki, senzurdan keçmədi. O zaman içimdə qəribə
bir hiss yarandı. Elə bil kimsə qulağıma
pıçıldadı ki, o kəndi məndən alacaqlar və
bir daha mən öz kəndimin, doğulduğum evin, ilk dəfə
ayağım dəydiyi torpağın üzünü görməyəcəyəm.
- Şeirin sonuncu bəndi necə
idi ki?
- Bilirsiniz ki, bütün
şeirlərin məqsədi onun sonuncu bəndində əksini
tapır. O şeir də məhz sonuncu bəndin xatirinə
yazılmışdı.
Dar gündə buradı
gümanım yenə
Hər kiçik arzumu siz
böyük sayın
Ay yaxşı adamlar, o kənddən
mənə
Bir adam boyunca torpaq
saxlayın...
Özgə umacağım
yoxdu bu kənddən...
Erməni senzuru istəməmişdi
ki, türk oğlu Musa Uruda onun özünə məxsus, dədə-baba
kəndində bir adam boyunca torpaq saxlasın və mən onda
anladım ki, bu arzumun qarşısını almağa
çalışacaqlar. Kəndimin adını beləcə
soyad kimi götürdüm ki, həmişə
özümü o kənddə yaşayan kimi hiss edim, o kəndin
adını hər dəfə öz adımı çəkəndə
xatırlayım.
- Amma bildiyimizə görə
işğaldan sonra getmisiniz Uruda.
- 2006-cı il iyulun 6-da. O
tarix mənim həyatıma həkk olunub. İşğaldan
sonra mən bu tarixdə Uruda getdim doğma kəndimlə,
ev-eşiyimlə görüşdüm.
- Necə oldu ki, bir adam boyu
torpaq qıymadıqları türk oğlunun Uruda gəlməsinə
etiraz etmədilər.
- Bu da taleyin qəribə gərdişidir.
Kəndimiz əlimizdən alınandan, insanlarımız o
torpaqlardan canını götürüb gələndən
sonra içimdə qəribə bir hiss yaranmışdı. Mənə
elə gəlirdi ki, nə zamansa mütləq o kəndə
ayağım dəyəcək, o həyət-bacanı görəcəm.
Təsəvvür edin ki, Ulu öndər Heydər Əliyev mənə
böyük etimad göstərdi və proporsional qaydada Yeni Azərbaycan
Partiyasının sıralarından deputat seçildim. Bəlkə
kiməsə bir qədər qəribə gələr, bəlkə
kimsə inanmaz, amma bu xəbəri eşidərkən mənim
ilk fikrimə gələn o oldu ki, mən bu yüksək pillədə
ilk fürsətdəcə kəndimi görmək
üçün gedəcəyəm. Birinci seçkilərdə
ATƏT-də təmsil olunurdum. Amma ikinci seçki dönəmində
xahiş etdim ki, məni Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatı Parlament Assambleyasına keçirsinlər.
Orada qayda belədir ki, hər altı aydan bir Assambleyanın rəhbərliyi
bir ölkəyə həvalə edilir. Növbə o zamana gəldi
ki, artıq Azərbaycan tərəfi estafeti qəbul etməliydi.
Bunun üçünsə Ermənistana getmək lazım idi.
Çünki bizdən əvvəl o ölkənin rəhbərlik
etdiyi missiyanın estafetini onlardan qəbul etməliydik. Ermənistana
uçana qədər qəribəliklər bir-birini təqib
etdi. Bizim Ermənistana getməmiz üçün onların
spikeri bizə təhlükəsizlik məktubu göndərməliydi.
Tədbirə on gün qalmış Ermənistanın spikeri dəyişildiyindən
onların göndərdikləri məktub etibarsız hesab
olundu. Çox həyəcanla səfəri gözləyirdim.
Tədbirin başlamasına iki gün qalmış həmin məktub
gəldi. Eyni zamanda, beynəlxalq səviyyədə məsləhət
oldu ki, Azərbaycan tədbirdə iştirak etməlidir.
Milli Məclisin sədri Oqtay
Əsədov Finlandiyada səfərdəydi həmin ərəfədə.
Zəng vurmuşdu ki, Musa Ermənistana getməsin, vəziyyət
çox təhlükəlidir. Bunu Tiflisə uçduğumuz
təyyarədə Asəf Hacıyev mənə deyəndə
elə bildim ki, o hündürlükdən yerə
düşdüm. Sonra çox uşaqcasına bir fikir gəldi
ağlıma. Oqtay müəllimə deyərəm ki, Asəf
müəllim sizin tapşırığınızı mənə
deyəndə yuxulu olmuşam və yaxşı başa
düşməmişəm.
- Etiraf edək ki, səfərinizin
risqi sizin arzunuzdan qat-qat güclü olub.
- Bu risqi Uruda yol gedəndə,
silahlı, silahsız ermənilərlə
qarşılaşanda daha dərindən hiss etdim. Bizi Cermux
şəhərinə ekskurisiyaya apardılar. Xahiş etdim və
məni oradan Sisyana, daha sonra Uruda yola saldılar. Təbii ki,
onlar da ehtiyat edirdilər və mənim təhlükəsizliyim
üçün tədbirlər görülmüşdü.
Qismətdən məni müşayiət edən erməni
deputatının atası ilə mənim atam bir zamanlar dost
olmuşdu, ailələrimizi tanıyırdıq. Sisyandakı
deputatın qərargahında Qarabağ döyüşlərinin
iştirakçısı olan iyirmiyə yaxın erməni
zabiti ilə rastlaşdıq və inanıram ki, onların on
doqquzu məni məmnuniyyətlə güllələyərdi.
- Urud Musa Urudu necə
qarşıladı?
- İnsan anasını
kiçik yaşlarında bir dəfə görər və
itirər. İllər keçər və sən ananı
taparsan, amma baxırsan ki, o qocalıb və sənin illərdir
təsəvvür etdiyindən, xəyalında
yaşatdığından onda heç nə qalmayıb.
İçimi dərin bir peşmançılıq hissi
bürümüşdü. Məni müşayiət edən
erməniyə dedim ki, bazarlıq etmək istəyirəm.
Çaşıb qaldı:
- Kimi
tanıyırsınız ki, orada?
- Heç kimi-dedim- sadəcə
mən ata evinə heç vaxt əliboş getməmişəm,
hətta tələbə olanda belə evə gedəndə
ata ocağının şirniyyat payını
aparmışam. İndi belə bir imkan yaradıb Allah mənə,
əliboş gedə bilmərəm.
Varlı, abad bir kənd qoyub
gəlmişdik biz. O zaman kəndimiz on beş dəfə Ermənistanın,
iki dəfə SSRİ-nin keçici bayrağını
qazanmışdı. Urudun əksər evləri ikimərtəbəli
idi. Həyətlərdə dağ bulaqlarından çəkilmiş
kranla gələn su, küçələr asfalt, kənddə
hələ heç bəzi rayon mərkəzlərində
olmayan avtomat telefon stansiyası... İndi kənd çox qərib,
qocalmış, kasıb bir adam kimi mənə
baxırdı... Ümumilikdə isə o boyda kənddə 30-40
evdə yaşlı adamlar məskunlaşıb.
Darvazamızı açdım. Mis güyümlər, vedrələr...
Həyətdə durub ətrafa baxıram və əşyaları
gördükcə bir-bir xatırlayıram: bu qabı anamla
filan mağazadan aldıq, bu əşyanı atam filan şəhərdən
alıb gətirib... Eyvana qalxıram, hər şeyi necə
qoyub getmişiksə eləcə durur. Otaqlara keçirəm,
çarpayılar, masa və... qonaq otağının
divarında anamın cehizlik xalçası divardan
asılıb. Hətta yerini də dəyişməyiblər.
Bu xalça anamın nənəsinə məxsus nəsil
yadigarı idi. Xalçanın üstündən cavan bir hərbiçinin
qara çərçivəyə alınmış şəkli
asılmışdı. Sonra öyrəndim ki, bu ev sahibinin
Qarabağda ölmüş oğlunun fotoşəklidir.
Evimizdə yaşayan qocanın hər iki gözü kor idi.
Çəliyə dirənib yeriyirdi. Azərbaycanca salam verdim,
salamımı almadı, soruşdu:
- Ara, sən kimsən?
- Bu evin sahibiyəm-
qocanın sifətindəki gərginliyi yumuşaltmaq istədim-
müharibə qurtardı. Artıq hər kəs öz evinə
qaydır. Siz də Bakıya qayıdın.
Qoca az qaldı
qışqırsın:
- Mənim orda nə işim
var, bilirsən məni neyniyərlər?
- Orada neçə il
yaşamısınız?
Qocanın üzünün
ifadəsi yumuşaldı:
- Mən Bakıda
doğulmuşam, 65 il orada yaşamışam. Amma indi vaxt o
vaxt deyil axı...
Evimizlə vidalaşanda
qocadan xahiş etdim ki, anamın cehizi olan nəsil yadigarı
xalçanı mənə satsın, nə qədər pul istəsə
verəcəkdim. Qoca xeyli fikrə getdi, başını yellədi:
-Yox, ara bəs o şəkli
neynəyim?
Bu bəlkə də
Qarabağ müharibəsinin ən doğru cavabı idi...
- Musa müəllim, ədəbi
simaların siyasət müstəvisinə transferidəmi
Qarabağ münaqişəsi ilə bağlı idi?
- Bizim
yaşadığımız dövr- Azərbaycanın ilk
müstəqillik dövrü, sonra sovet dönəmi və nəhayət
ikinci dəfə müstəqilliyimizi əldə etdiyimiz zaman
fikir aydınları-ədəbiyyat adamları həmişə
ön sıralarda olub. Sovet dövründə ədəbiyyatın
üzərinə konkret missiya qoyulmuşdu və o, sovet
ideologiyasının daşıyıcısı vəzifəsini
yerinə yetirirdi. Bununla belə qədim şərq
mentalitetindən qaynaqlanan ənənələrə sadiqlik
sözə, ziyalıya münasibətdə həmişə
özünü bizim millətin davranışında çox
qabarıq göstərib və müəyyən məqamlarda
xalqın mənəvi gücünü ehtiva edib. Ona görə
də sovet ittifaqı dağılanda ziyalılarımız
xalqımızın ön cərgəsində oldular. Daha sonra
Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldi və
söz adamlarına, ədəbiyyat aydınlarına siyasi
arenada təmsil olunmaq şəraiti yaradıldı.
Çünki biz bir xalq kimi fikirdən daha çox sözə
bağlı olmuşuq. Əfsanəvi Koroğlu
obrazını, dahi sərkərdə Xətaini xatırlayaq.
Və bu siyahıya represiya dövrünün
qurbanlarını, mühacirətdə yaşayaraq tariximizi
yazanları əlavə edə bilərik. Mən hələ
eşitməmişəm ki, bizdən başqa hansısa millət
oğlunun adını Şair, qızının adını
Şairə qoysun. Bununla belə, mən belə
düşünürəm ki, müəyyən dövrdən
sonra peşəkar yazıçı gedib yazı-pozu ilə, ədəbiyyat
yaratmaqla məşğul olmalıdır, Siyasi meydan isə
peşəkar siyasətçilərə verilməlidir.
- XX əsrin sonlarında
bizim cəmiyyətdə belə bir fikir tez-tez səslənirdi
ki, XXI əsrin ədəbiyyatını jurnalistlər
yaradacaq. Bu fikir artıq öz təsdiqini tapır.
- Bunun nəyi pisdir ki? Həm
də o ədəbiyyatçılar ki, artıq öz sözlərini
deməyə başlayıblar, onların əksəriyyəti
əvvəldən söz adamı olublar, sonradan, yəni ilk
yaradıcılıq fəaliyyətləri ölkə
müstəqilliyinin ilk illəri ilə üst-üstə
düşdüyündən qəzet və jurnallarda
çalışmağa başlayıblar, sözün həqiqi
mənasında qəzetçi, publisist kimi özlərini təsdiq
ediblər. Amma mən bayaq bir fikir səsləndirdim axı:
zaman keçdikcə peşəkar ədəbiyyatçılar
peşəkar ədəbiyyata qayıtmalıdır. Mən
düşünürəm ki, ədəbiyyat insanları
ayağa qaldıra, onları yaşada bilər, amma problemləri
həll edə bilməz.
- Hansı dönəmdəsə
ədəbiyyatın zamana təsiri olurmu? Məsələn,
Qarabağ hadisələri zamanı hər şeyin Zori
Balayanın “Ocak” kitabından başlandığını
düşünənlər hələ də çoxluq təşkil
edir, müstəqilliyimizin əldə edilməsini söz
adamlarının mübarizəsinin nəticəsi kimi
anlayanlar da az deyil.
- Yox, əslində,
bütün hadisələr siyasi arenada, güclər tərəfindən
cızılır, baş verir. Sadəcə bu hadisələrin
ədəbiyyata təsiri olur, sözdə öz əksini
tapır və sairə. Amma zamana təsirdən söz
düşəndə, bunu şəxsiyyətlərə aid
etmək olar, ədəbiyyata yox. Ulu öndər Heydər Əliyevin
ikinci dəfə hakimiyyət başına gəlməsi Azərbayanın
taleyini, tarixini dəyişdi deyə bilərik. Və bu həqiqəti
heç kim dana bilməz. Böyük dövlətlərin Azərbaycan
xalqı üçün müəyyənləşdirdiyi
taleyi dahi rəhbərimiz dəyişdirdi. Bəşəriyyət
tarix boyu onun gərdişini dəyişən şəxsiyyətlər
yetişdirib ki, onlardan biri də Heydər Əliyevdir.
- Son sualım: səhv etmirəmsə
Belinski deyirdi ki, ədəbiyyat da cəmiyyət kimidir. Onun da
qara camaatı var və o camaat çox azğın olur.
- O kütlə zaman-zaman
olub. XII əsrdə Nizami tək olmayıb ki. Füzuli, Nəsimi
də eləcə. Aşıq Ələsgərlə
yanaşı yəqin ki, yüzlərlə aşıq
çalıb-oxuyub. Sadəcə, bugünkü mənzərənin
içində olduğumuzdan vəziyyət bizə bu qədər
faciəli görünür. Təbiətdə təpəliklər
var, qayalar var. Zaman keçəndən sonra təpəliklər
əriyib gedir, düzə çevrilir və onlardan bir
nişanə belə qalmır. Qayalar isə hansı
uzaqlıqdan baxsan görünür.
KƏBUTƏR
Yeni Azərbaycan.- 2010.- 30 aprel.- S.7.