Azərbaycanın mədəniyyət, musiqi paytaxtı - Qəbələ

 

Qəbələ II Beynəlxalq musiqi festivalı Azərbaycan musiqi mədəniyyətinin təbliğində əvəzsiz rola malikdir

 

Qədim tarixi, zəngin mədəniyyəti ilə seçilən Qəbələ şəhəri Azərbaycanın ən gözəl guşələrindən biridir. Azərbaycanın siyasi, iqtisadi və mədəni keçmişində aparıcı rola malik olan Qəbələ şəhəri bu gün də respublikamızın mədəni həyatının mühüm tərkib hissəsinə çevrilməkdədir. Bu gözəl məkanın tarixi şöhrətini yenidən özünə qaytarmaq, onu bütün dünyaya tanıtdırmaq üçün dövlət başçısı İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin üzvü Mehriban xanım Əliyevanın rəhbərliyi ilə böyük işlər görülür. Son illərdə respublikanın bütün regionlarında olduğu kimi, Qəbələdə həyata keçirilən irimiqyaslı layihələr, tikinti-quruculuq və abadlıq işləri şəhərin simasını xeyli dərəcədə dəyişdirib. Bu qayğı və diqqətin nəticəsidir ki, Qəbələ bu gün öz tarixində növbəti yüksəliş dövrünü yaşayır. İqtisadi cəhətdən sürətlə inkişaf edən, əhalisinin həyat şəraitinin gündən-günə daha da yaxşılaşdığı Qəbələ şəhəri artıq dünyadamədəniyyət paytaxtı” kimi şöhrət qazanmaqdadır. Bu baxımdan, şəhərdə keçirilən Qəbələ II Beynəlxalq musiqi festivalı Azərbaycanın mədəniyyət tarixində mühüm hadisədir. Heydər Əliyev Fondunun dəstəyilə keçirilən festival ötən il olduğu kimi, bu dəfə də olduqca yüksək səviyyədə təşkil olunub. Bunu həm müxtəlif ölkələrdən tədbirdə iştirak edən musiqiçilərin peşəkarlıq səviyyəsi, həm də texniki məsələlərin keyfiyyəti əsasında söyləmək mümkündür. Ən əsası odur ki, bu festival tədbirə dəvət olunan qonaqlarda Azərbaycan xalqının əsrlər boyunca yaratdığı dəyərlər, eləcə də, turizm məkanı kimi əlverişli yer olan Qəbələnin tarixi keçmişi barədə zəngin təəssüratlar yaradır. Festivalın açılış mərasimində çıxış edən YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Qəbələnin əsrarəngiz Azərbaycan mədəniyyətinin mühüm bir parçası olan gözəl və qədim bir şəhər olduğunu vurğulayaraq burada keçirilən tədbirin əhəmiyyətindən söz açıb: “Bu gün dünya xəritəsində Qafqaz Albaniyası artıq yoxdur. Lakin Qəbələ bu gün yenə də paytaxtdır - mədəniyyət, musiqi paytaxtı. Qəbələ Beynəlxalq musiqi festivalı artıq gözəl bir ənənəyə çevrilib. Bu festival günləri bu səhnədə dahi Azərbaycan və dünya bəstəkarlarının əsərləri səslənəcəkdir. Gənc ifaçılarla yanaşı, dünya şöhrətli musiqiçilər bu səhnəyə çıxacaqlar. Kamera, klassik, folklor, caz musiqisi səslənəcək, bölgədə olan musiqi məktəblərinin şagirdləri ilə ustad dərsləri keçiriləcək, peşəkarlıq əməkdaşlığı yaranacaqdır. Bir sözlə, bütün bu günlər bizim hamımızı - həm tamaşaçıları, həm ifaçıları bir amil - musiqi birləşdirəcəkdir. Musiqinin dili tərcümə tələb etmir. Bu dil millətdən, dindən asılı olmayaraq hər kəs üçün aydındır”.

Məlum olduğu kimi, YUNESKO-nun baş direktoru İrina Bokova da festivalda iştirak edən qonaqların içərisində yer alıb. Bu isə təsadüfi deyil, çünki YUNESKO musiqi mədəniyyətinin respublikamızda və dünyada təbliği yönündə ölkəmizlə geniş əməkdaşlıq qurub. Çıxışında bu əməkdaşlıq əlaqələrinə toxunan Mehriban xanım Əliyeva birgə gerçəkləşdirilən layihələrin əhəmiyyətini də vurğulayıb: “Son illər Heydər Əliyev Fondunun iştirakı və YUNESKO-nun dəstəyi ilə bir sıra iri layihələr artıq reallaşdırılıb. Mən bu sırada Beynəlxalq Muğam Mərkəzinin yaradılması, Beynəlxalq muğam festivalının keçirilməsi, mədəni və tarixi abidələrin bərpası, təhsil sahəsində olan layihələri vurğulamaq istərdim. Mən ümidvaram ki, xanım Bokovanın ölkəmizə səfəri bu əməkdaşlığın inkişafına güclü təkan verəcəkdir”.

Xatırladaq ki, məhz Azərbaycan-YUNESKO əməkdaşlığının nəticəsi olaraq 2003-cü ildə Azərbaycanın muğam sənəti, 2009-cu ildə isə aşıq sənəti təşkilatın Qeyri-Maddi-Mədəni İrs Siyahısına daxil edilib. Bu uğurların əldə olunmasında Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın əməyi danılmazdır. Təsadüfi deyil ki, festivalın açılış mərasimində çıxış edən YUNESKO-nun Baş direktoru İrina Bokova Azərbaycan musiqi mədəniyyətinin təbliği istiqamətində Heydər Əliyev Fondunun rəhbəri, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rolunu yüksək qiymətləndirib: “Siz ölkənin hər yerində musiqi məktəbləri açmısınız, bütün uşaqların, o cümlədən, yoxsul ailələrdən olan uşaqların musiqi təhsili almasına imkan yaratmısınız. Fikrimcə, biz tam əsasla deyə bilərik ki, əgər ölkənizin böyük mədəni irsi - şifahi ədəbiyyatın müxtəlif nümunələrindən başlamış müasir musiqi sənətinə qədər - bütün dünyada bu cür nüfuz qazanmışdırsa, bu, xeyli dərəcədə şəxsən Sizin dəstəyiniz və prezidenti olduğunuz Heydər Əliyev Fondunun fəaliyyəti sayəsində mümkün olmuşdur”.

Qəbələdə keçirilən II Beynəlxalq musiqi festivalı Azərbaycanın musiqi mədəniyyətinin təbliğində böyük rola malik olan bir tədbirdir. Festivalda Azərbaycanın görkəmli bəstəkarları Oqtay Zülfüqarovun, Fikrət Əmirovun, Qara Qarayevin, Vasif Adıgözəlovun və başqalarının əsərləri ifa olunub. Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli və M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə konsertin solistləri olublar. Əlavə edək ki, avqustun 5-dək davam edəcək festival çərçivəsində müxtəlif konsertlər və musiqi tədbirləri keçiriləcək. Festivalda ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və İtaliyadan gələn istedadlı musiqiçilər də iştirak edirlər. Qeyd edək ki, Qəbələdə hər il keçirilən beynəlxalq musiqi festivalı Azərbaycanda mədəniyyət sahəsində yeni gözəl ənənənin başlanğıcını qoyub.

 

 

Hülya MƏMMƏDLİ

 

Yeni Azərbaycan.- 2010.- 3 avqust.- S.2.