Gəzməyə də, ölməyə də Vətən yaxşı

 

Qısa məzuniyyət çərçivəsində Oğuz və Qəbələdə müşahidə etdiyimiz inkişaf belə deməyə əsas verir

 

Əzizim Vətən yaxşı,

Geyməyə kətan yaxşı.

Gəzməyə qərib ölkə,

Ölməyə Vətən yaxşı.

 

Ağlımız kəsəndən qoca nənə və babalarımızdan eşitdiyimiz bu bayatının əsas məğzi əvvəl-əvvəl bizə çatmazdı. Bəzən belə düşünərdik ki, ulularımız bununla sanki “ömrü boyu xarici ölkələri gəzin, kef edin. Yalnız ölənə yaxın Vətənə qayıdın” demək istəyiblər. Lakin dünyanın gedişatından az-çox hali olduqdan, həmçinin, xarici aləmlə aramızdakı maneələr (keçmiş SSRİ-nin dağılması ilə-N.A) aradan qalxdıqdan sonra yuxarıdakı bayatının mahiyyətində dayanan hikməti anlamağa başladıq. Anladıq ki, ulularımız bununla, əslində, xarici ölkələri gəzərək oralardakı inkişaf və tərəqqidən hali olmağı məsləhət görüblər. “Ölməyə Vətən yaxşı” deməklə isə nə qədər inkişaf edirsə-etsin, nə qədər gözəl olursa-olsun heç bir xarici diyarın Vətənin yerini vermədiyinə işarə ediblər.

Qısa müddətli məzuniyyət çərçivəsində ailəmizlə birlikdə baş çəkdiyimiz Azərbaycanın dilbər guşələrindən sayılan Oğuz və Qəbələdən bəhs edən yazıya bu cür girişlə başlamağımız heç də təsadüfi deyil. Məsələ burasındadır ki, keçmişdə doğrudan da inkişafı, tərəqqini görmək üçün xaricə, Avropa ölkələrinə üz tutmaq lazım gəlirdi. Lakin bu gün əcnəbilər yeni inkişafı, hərtərəfli tərəqqini müşahidə etmək üçün məhz Azərbaycana üz tuturlar. Bu baxımdan da, yuxarıdakı bayatının sözlərini bir qədər dəyişdirərək, gəzməyə də, ölməyə də Vətən yaxşı desək, yəqin ki, ulularımızın ruhu bizi bağışlayar.

 

Adı kimi özü də qədim Oğuz

 

Səfərimizin ilk dayanacağı adı kimi özü də qədim Oğuz rayonu oldu. Rayona ayaq basan ilk andan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 aprel 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ndan (2009-2013-cü illər) irəli gələn vəzifələrin Oğuzda da uğurla həyata keçirildiyinin şahidi olursan. Rayonda olarkən öyrəndik ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı və “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Heydər Əliyev Fondunun vəsaiti hesabına Oğuzda 960 yerlik 6 yeni məktəb binası tikilib, şəhər 1 və 2 saylı orta məktəblərin binaları əsaslı şəkildə təmir olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində Oğuz rayonunda 2040 yerlik 9 yeni məktəb binası qapısını məktəblilərin üzünə açıb.

Bu gün təkcə küçə və yolların təmir və bərpadan sonrakı vəziyyəti deyil, eyni zamanda, müasir tələblərə cavab verən xəstəxana kompleksi, əsaslı tikinti obyekti olan qlükoza zavodu, mədəniyyət mərkəzi, həmçinin, məktəb binaları Oğuza xüsusi yaraşıq verir. Rayon sakinləri onu da bildirdilər ki, sahibkarlara yaradılan geniş və münbit şərait, həmçinin, onlara göstərilən qayğı nəticəsində rayonda kənd təsərrüfatı məhsulları istehsalı və emalı, südlük və ətlik növ mal-qara yetişdirilməsi sahəsində işlər uğurla davam etdirilir. Aqrar sektorun müasir texnika ilə təchizatı yaxşılaşdırılır. Rayonun iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının inkişafı daim diqqət mərkəzində saxlanılır.

 

İnkişafdan pay alan Oğuz kəndləri

 

Yeri gəlmişkən, Oğuzda olarkən “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin uğurlu icrası nəticəsində əldə edilən inkişafdan rayonun kəndlərinə də pay düşdüyünün şahidi olduq. Belə ki, sözügedən proqramdan irəli gələn vəzifələrin icrasına uyğun olaraq kəndlərin qazlaşdırılması işinə başlanılıb. Bu sırada istirahətimizin bir neçə gününü keçirdiyimiz Bucaq kəndi də var. Sakinlərin sözlərinə görə, artıq rayondan Bucaq kəndinə qədər olan 9 kilometr uzunluğunda daşıyıcı kəmərin çəkilişi başa çatdırılıb. Tezliklə kənddaxili xətlərin çəkilişi həyata keçiriləcək. Bu isə hələ SSRİ dönəmindən bu günə kimi təbii qazın olmadığı Bucaq kəndinin hər bir sakinin hədsiz sevincinə səbəb olub. Çünki bu günə qədər meşələrdəki ağacların, bir də İran sobalarının ümidinə qalan Bucaq kəndindəki hər bir ailə kəmərin çəkilişinin tamamlanması nəticəsində təbii qazdan istifadə edə biləcək. Beləliklə, bu faktın özü də Azərbaycanda həyata keçirilən islahatların və dövlət proqramlarının təkcə şəhər və rayonların deyil, hətta ucqar dağ kəndlərinin sakinlərinin sosial rifah halının yaxşılaşmasına xidmət etdiyini təsdiqləyir.

Onu da bildirmək yerinə düşər ki, dövlət proqramlarının icrası nəticəsində rayon əhalisinin təkcə təbii qazla deyil, eyni zamanda, elektrik enerjisi və içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində də məqsədyönlü addımlar atılıb. Bir zamanlar yalnız günün müəyyən kəsimində elektrik enerjisindən istifadə edə bilən ucqar dağ kəndlərinin sakinləri indi bütün saatlarda fasiləsiz enerji ilə təmin edilir.

 

Təbii sərvətlərə malik turizm diyarı

 

Rayonda olarkən onu da öyrəndik ki, Oğuz öz gözəlliyi ilə bura gələn qonaqları həmişə heyran edib. Eyni zamanda, rayonda turizmin inkişafı sahəsində böyük imkanlar var. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də Oğuzun turizm potensialını yüksək qiymətləndirib: “Oğuz rayonu çox gözəl təbii sərvətlərə malikdir. Gözəl təbiəti var, iqlimi var. Çox gözəl mənzərəli yerləri var. Əminəm ki, turizmin inkişafı Oğuz rayonunun gələcək inkişafına böyük xidmətlər göstərəcəkdir”.

Yerli əhali deyir ki, rayonun turizm mərkəzinə çevrilməsi ilə bağlı Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi üçün bütün imkanlar səfərbərliyə alınıb. Bununla əlaqədar infrastrukturun yaradılması üçün rayonda dövlət tərəfindən, iş adamları və özəl qurumlar tərəfindən mühüm işlər həyata keçirilib. Məsələn, artıq Oğuz şəhərində, həmçinin, Calut və Xalxal kəndlərinin ərazisində yeni turizm obyektlərinin tikintisinə başlanıb. Bundan əlavə, hazırda “Qoşabulaq” adlanan ərazidə nəhəng turizm obyektinin, habelə “Azərbaycan-60” adlanan ərazidə forel balıqlarının bəslənilməsi mərkəzinin tikintisi davam etdirilir. Eyni zamanda, rayonun Xaçmaz kəndində müasir tələblərə cavab verən yeni turizm obyekti tikilib istifadəyə verilib. Bu sahədə fəaliyyət göstərmək istəyən sahibkarlar üçün hər cür şərait yaradılıb.

Rayonda turizmin inkişafı istiqamətində nəzərdə tutulan obyektlərdən biri də Oğuz şəhərinin girişində inşa ediləcək 90 çarpayılıq yeni sağlamlıq mərkəzi olacaq. Mərkəzin tikintisi üçün artıq hazırlıq işlərinə başlanıb. Bundan başqa, sahibkarlar tərəfindən son illərdə Oğuz şəhərində, Baş Daşağıl, Xalxal, Bayan kəndləri arasında istirahət mərkəzləri tikilərək istifadəyə verilib.

 

Qədim abidələr məskəni

 

Oğuzda olarkən onu da öyrəndik ki, bura, eyni zamanda, qədim abidələr məskəndir. Məsələn, qədim mədəniyyətə malik olan Oğuzda 32 abidə bu gün dövlət tərəfindən qorunur. Kərimli ərazisində, Yaqublu kəndinin yaxınlığında yerləşən kurqanlar bu sahədə mühüm rol oynayır. Burada aparılan qazıntı zamanı əldə olunan maddi-mədəniyyət nümunələri eramızdan 1500 il əvvələ aiddir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Oğuzda olarkən aparılan qazıntı işləri, kurqanın tarixi haqqında ona məlumat verilib. Məlumat üçün deyək ki, kurqanlardan tapılan bu nümunələr xalqımızın o vaxtlardan oturaq həyat sürdüyünü sübut edir. Abidə YUNESKO tərəfindən qorunan abidələrin siyahısına daxil edilib.

 

Oğuz-Qəbələ-Bakı su kəməri ölkəmiz üçün tarixi əhəmiyyət daşıyır

 

Rayonda keçirdiyimiz günlər çərçivəsində 2007-ci il martın 1-də Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan Oğuz-Qəbələ-Bakı su kəmərinin tikinti işlərinin gedişi ilə də maraqlandıq. Öncə onu deyək ki, Oğuz-Qəbələ-Bakı su kəmərinə böyük önəm verən Prezident İlham Əliyev kəmərin tikintisi ilə bağlı müvafiq işlərlə yaxından tanış olaraq tapşırıqlarını verib. Prezident kəmərin tikintisi aparıldığı ərazilərdə olaraq layihənin yüksək keyfiyyətlə başa çatdırılmasını tövsiyə edib. Ölkə başçısı İlham Əliyev dəfələrlə vurğulayıb ki, Oğuz-Qəbələ-Bakı su kəməri ölkəmiz üçün tarixi əhəmiyyət daşıyır və tikiləndən sonra uzun illər Azərbaycan xalqına xidmət edəcək. Dövlət başçısının ikinci Bakı-Tbilisi-Ceyhan adlandırdığı bu layihə insanların dünyada ən keyfiyyətli içməli su ilə təmin olunmasına imkan verəcək: “Biz elə etməliyik ki, Azərbaycan vətəndaşları təmiz su içsinlər. İndi Oğuz-Qəbələ-Bakı su kəməri tikilir. Hesab edirəm ki, bu da tarixi bir layihədir. O da uzun illər ərzində müzakirə olunmuşdu, hətta Sovet İttifaqı zamanı müzakirə edilmişdi. Müxtəlif fərziyələr var idi: su ehtiyatları var, yoxdur, bunun qiyməti nə qədər olacaq, necə olacaq, maliyyə haradan olacaq? Biz özümüz etdik. Kredit istədik, alınmadı, heç kim kredit vermədi. Ondan sonra hansısa müştərək investisiya proqramını işləmək istədik, o da nəticəsiz qaldı. Nə etdik? Özümüz pul ayırdıq və artıq kəmər tikilir. Bu il istismara veriləcək və Bakı əhalisi təmiz içməli su ilə təmin olunacaqdır. Yenə də deyirəm, bu, mənim üçün Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi dəyərli bir kəmərdir və o, böyük rəmzi xarakter daşıyır”.

Xatırladaq ki, uzunluğu 260 km olan kəmərlə su Bakıya öz axını ilə gəlib çatacaq. Yəni, marşrut boyu heç bir nasosun köməyi olmadan su daxili təzyiq hesabına kanalla ötürüləcək. Saniyədə 5 ton içməli su ötürəcək bu kəmər Bakını fasiləsiz və keyfiyyətli su ilə təmin edəcək. Bununla da Bakı şəhərinə və Abşeron yarımadasına verilən içməli suyun həcmi 35 faiz artırılacaq. Hətta Türkan, Zirə, Dübəndi və Pirallahı qəsəbəsinin sakinləri də bu kəmərin suyundan istifadə edə biləcək. Bu isə əhaliyə içməli suyun verilməsində yaranan problemləri aradan qaldıracaq. Kəmərlə sutkada 430 min kubmetr su veriləcək ki, bu da 1 milyondan artıq əhalinin su ilə təmin olunması deməkdir.

 

Qədim mədəniyyət məskəni Qəbələ

 

Oğuzdan fərqli olaraq Qəbələdə cəmi bir gün qala bildik. Lakin elə bircə gün də kifayət edir ki, qədim adət-ənənələrlə müasir inkişafı özündə uğurla sintez edən Qəbələ haqqında yüksək təəssürata malik olasan. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qəbələdə keçirilən II Beynəlxalq musiqi festivalının açılış mərasimindəki çıxışı zamanı qeyd etdiyi kimi, bu gözəl şəhər dünyanın ən qədim sivilizasiyalarından birinin-Qafqaz Albaniyasının paytaxtı olmuş və hər bir dövr, hər bir mədəniyyət burada öz izini qoymuşdur: “Buraya qədəm qoyan hər bir insan əsrlərin nəfəsini hiss edir. Hazırda dünya xəritəsində Qafqaz Albaniyası olmasa da, Qəbələ mədəniyyətin paytaxtı kimi çıxış edir”.

Bəli, bu bir həqiqətdir ki, son illər Qəbələdə gerçəkləşdirilən məqsədyönlü tədbirlər rayonu Azərbaycanın ən sürətlə inkişaf edən bölgələrindən birinə çevirib. Bu gün digər şəhər və rayonlarımız kimi Qəbələ də hərtərəfli yüksəliş dövrünü yaşayır. Şəhərin inkişafı və gözəlləşməsi buraya gələn qonaqları da heyran edir. Bunu bu günlərdə Qəbələdə baş tutan II Beynəlxalq musiqi festivalının iştirakçıları da bəyan ediblər.

 

Ölkəmizin turizm mərkəzlərindən biri

 

Məlum olduğu kimi, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” üzrə tədbirlər planında Qəbələdə kənd təsərrüfatı, ekologiya, nəqliyyat, enerji, kommunikasiya, səhiyyə, mədəniyyət və digər sahələrdə icrası planlaşdırılan məsələlər əksini tapıb. Dövlət Proqramının uğurla həyata keçirilməsi məqsədilə kənd təsərrüfatı məhsullarının istehsalının və emalının dəstəklənməsi, rayon ərazisində tikinti materiallarının kəşfiyyatı işlərinin aparılması, kəndlərarası yolların çəkilməsi və asfaltlaşdırılması, çaylar üzərində körpülərin salınması, rayonun elektrik şəbəkələrinin yenidən qurulması, yaşayış məntəqələrinin qaz təchizatının yaxşılaşdırılması yönündə sistemli tədbirlər davam etdirilir. Rayonda olarkən bu işlərin necə böyük həvəs və sürətlə həyata keçirildiyinin şahidi olduq. Belə ki, görülən işlərin nəticəsi olaraq bu gün Qəbələdə Avropa standartlarına uyğun magistral yollar çəkilib, müasir tələblərə cavab verən istirahət və əyləncə mərkəzləri salınıb. Özü də bu zaman təkcə böyüklər deyil, azyaşlılar da nəzərə alınıb. Bu isə Qəbələyə üz tutan yerli və xarici turistlərin sayının daha da artmasına səbəb olur.

Rayonda aparılan abadlıq-quruculuq işləri, həmçinin, yuxarıda da qeyd etdiyimiz kimi nəinki mərkəzi, hətta kənd yollarının asfaltlanması Qəbələnin ən ucqar kəndinə belə gediş-gəlişi asanlaşdırıb. Hazırda istirahət üçün bir-iki gün vaxt tapan və Azərbaycanın müxtəlif guşələrində yaşayan insanlar dərhal Qəbələyə üz tuturlar. Məsələn, ailəmizlə rayon ərazisindəki ucqar yerlərdən biri, 7 gözəl şəlaləsi deyilən yerə baş çəkərkən orada Azərbaycanın müxtəlif regionlarından gəlmiş yüzlərlə insanın istirahət etdiyinin şahidi olduq. Bu isə ölkəmizdə həyata keçirilən islahatların daha bir uğurundan xəbər verir. Yəni, görünən odur ki, islahatlar və dövlət proqramları nəticəsində yerlərdə həyata keçirilən tədbirlər bütün bölgələrimizin, xüsusilə də turizm potensialına malik rayonların, o cümlədən, Qəbələnin inkişafına təkan verib. Bu inkişaf isə son nəticədə insanların dincəlmək üçün xarici ölkələri deyil, məhz öz dilbər guşələrimizi seçməsinə yol açıb.

Bir sözlə, Qəbələ şəhərində aparılan abadlıq işləri, yeni salınan parklar həm yerli sakinlər, həm də şəhəri ziyarət edənlər tərəfindən razılıqla qarşılanır. Şəhərin turizm sektorunun inkişafında mühüm amillərdən biri isə beynəlxalq standartlara cavab verən hotellərin tikintisidir. Məsələn, bu günlərdə dövlət başçısının açılışında iştirak etdiyi yeni tikilən beşulduzlu “Qafqaz Riverside Hotel”i rayonun turizm sahəsinin irəliləməsinə mühüm töhfədir. Turizmin inkişafı isə öz növbəsində bölgədə xırda və orta sahibkarlığın inkişafı üçün möhkəm baza yaradır, yeni iş yerlərinin açılmasına kömək edir, eyni zamanda, infrastrukturun yenidən formalaşdırılması üçün də əlverişli şərait yaradır. Onu da deyək ki, Qəbələdə mövcud olan turizm obyektləri hər il dünyanın müxtəlif ölkələrində keçirilən nüfuzlu sərgilərdə iştirak edir.

 

Siması yenilənən Qəbələ

 

Qəbələdə olarkən yerli əhali bir məsələni xüsusi olaraq vurğuladı. Qeyd edildi ki, görülən işlər nəticəsində əhalinin sosial durumu yaxşılaşıb, çoxlu sayda yeni iş yerləri yaradılıb, habelə tikinti-quruculuq və abadlıq işləri sayəsində şəhərin ümumi görünüşü xeyli dəyişib. Onu da deyək ki, Qəbələdə əldə olunan nailiyyətlər respublikamızda qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımların uğurlu nəticələrindən xəbər verir. Görülən işlərin məntiqi nəticəsi olaraq Qəbələnin Azərbaycan iqtisadiyyatındakı rolu ildən-ilə artmaqdadır. Regionların sosial-iqtisadi inkişafını təmin etmək üçün həyata keçirilən proqram çərçivəsində sürətli irəliləyişə nail olan Qəbələ respublikanın qida sənayesində də aparıcı məkanlardan birinə çevrilməkdədir. Rayonun kənd təsərrüfatının inkişafına təkan verən amillərdən biri isə bölgədə tikilən soyuducu anbarlardır. Əsasən meyvə-tərəvəz saxlamaq üçün nəzərdə tutulan bu anbarlar tonlarla məhsulun yararsız hala düşməsinin qarşısını alır. Qəbələnin iqtisadiyyatında əlamətdar hadisələrdən biri 2007-ci ildə konserv zavodunun istifadəyə verilməsi olub. Ümumilikdə 100-ə qədər müxtəlif növdə qablaşdırılmış mallar istehsal edən Qəbələ Konserv Zavodu meyvə suyu, nektar, müxtəlif çeşiddə soyuq çaylar, turşu və başqa məhsullara olan tələbatın müəyyən hissəsini ödəyir.

Beləliklə, yuxarıda sadalananların yaratdığı xoş təəssüratla və yenidən imkan düşən kimi həmin yerlərə baş çəkmək arzusu ilə qısamüddətli məzuniyyəti başa vurub, Bakıya dönürük. Yol boyu keçdiyimiz hər bir şəhər və rayonda nəzərə çarpan yeniliklər isə Azərbaycanda böyük inkişaf və tərəqqinin yaşandığını bir daha təsdiqləyir.

 

 

Nadir AZƏRİ

 

Yeni Azərbaycan.- 2010.- 7 avqust.- S.7.