Siyasi mədəniyyət, siyasi ləyaqət
anlayışları və Azərbaycan müxalifəti
(I məqalə)
Sirr deyil ki, Azərbaycan
öz müstəqil siyasətini milli maraqlar üzərində
qurub. İstər daxili, istərsə də xarici siyasət
müstəvisində milli mənafe, vətəndaş cəmiyyətinin
möhkəmləndirilməsi məsələsi ən ümdə
məqsədlərdən sayılır. Yeri gəlmişkən,
müstəqil siyasət yürütməsi ölkəmizin
iqtisadi potensialının da inkişafına öz töhfəsini
verib. Azərbaycan hakimiyyəti həm ölkədaxili, həm
də xarici siyasətlə bağlı məsələlərdə
müstəqil qərarlar qəbul etməklə, yalnız
ölkə vətəndaşlarının və dövlətinin
güclənməsini ön planda tutaraq inkişafı kompleks
səviyyəyə çatdırır. Təbii ki, bu cür
inkişaf tendensiyası digər sahələrdə də
mütərəqqi nəticələrin əldə
olunmasına yol açır.
Siyasi münasibətlər sistemində yeniliklərin
meydana gəlməsi
Əksər
ekspertlərin də vurğuladıqları kimi,
ölkəmizdə atılan bütün bu addımlar siyasi mədəniyyət,
siyasi etika və
ümumən siyasi münasibətlər
müstəvisinə transfer olunur. Bu gün Azərbaycanda yüz minlərlə yeni iş yerlərinin açılması, həyatımızda
müasir standartların tətbiqi, Qərbə
inteqrasiya, ən əsası isə hüquqi dövlət quruculuğunun
daha da möhkəmləndirilməsi
istiqamətində görülən tədbirlər qeyd olunan siyasi
münasibətlər kontekstində yeniliklərin meydana gəlməsini zəruri edir.
Artıq ölkəmiz keçid dövrünü arxada qoyub. Bu gün
Azərbaycanın regionda ən öndə
addımlayan dövləti, təhlükəsizliyinin təminatına
qarant olan hakimiyyəti
və bu hakimiyyəti dəstəkləyən
xalqı var. Təbii ki,
bu parametrlər ölkədə yeni siyasi münasibətlər
sisteminin formalaşmasını və siyasi palitrada yeni balansın formalaşmasını tələb
edir.
Hər kəsə bəllidir ki, 1991-ci ildə Sovet
İttifaqının dağılmasının ardından
müttəfiq respublikalarda xalq hərəkatı yaranmağa
başladı. Azərbaycanda Sovet rejiminin dağılmasından sonra
yaranan boşluqdan yararlanan və həmin dövrdə üzə
çıxan təsadüfi şəxslər xalqın bu etiraz dalğasından
istifadə etməklə layiq
olmadıqları postları zəbt etdilər. Həmin
dövrdə onlar dərk edirdilər ki, xalqın rejimə münasibətindən yararlanmaq üçün
yalnız küçə savaşı, meydan
qışqırığı faktorlarından istifadə etmək
lazımdır. Amma, bu
cür situasiyanı fürsət bilib dövlətin əhəmiyyətli
postlarını mənimsəmək yalnız müvəqqəti
xarakter daşıyır. Cəmisi
bir il çəkən
hakimiyyətdən müxalifət cəbhəsinə transfer olunan bu qüvvələrin beynində 1991-ci ildəki
siyasi mübarizə metodu
həkk olunub və maraqlıdır ki, illərdir üz-üzə
qaldıqları fiaskolar da
onların yeniləşməsinə yol aça bilmir.
Təbii ki, bunu kompleks şəkildə
bütün müxalifət qüvvələrinə
şamil etmək bir qədər
ədalətsizlik olardı. Ən azından, bu
gün Azərbaycanda sivil
qaydalarla mübarizə aparan,
məğlubiyyəti həzm edən, müasir
dövrün və ən əsası siyasi inkişafın tələblərini
özündə əks etdirən siyasi
qüvvələr yetişir.
Maraqlıdır ki, müxalifətin siyasi etikadan xəbəri olmayan, siyasi mədəniyyət
prinsiplərini özündən tam kənarlaşdıran
kəsimi hələ də anlamırlar ki,
onlar artıq tarixin çevrilmiş səhifələridirlər.
Bu gün nəzarətlərində olan bəzi qəzetlərdə özlərinə
adekvat olan fikirlərə
yer verməklə, öz
siyasi tərbiyələrindən qaynaqlanan sözləri işlətməklə
xalqın, dolayısı ilə seçicinin
nifrətini qazanan belələri necə siyasi uğur əldə
etmək haqqında düşünə bilər?
Siyasi ləyaqət və ya
siyasətçinin ləyaqəti...
Siyasi mədəniyyətin
formalaşması üçün siyasətçidə
siyasi ləyaqətin olması ən
başlıca tələbdir. Siyasi ləyaqət
anlayışının isə müxalifətdə daimi yer alan
bəzi siyasətçilər və siyasət yazarları ilə
yaxından-uzaqdan heç bir
əlaqəsi yoxdur. Təbii ki, siyasi mədəniyyət
məfhumu adətən ölkələrdə
iqtidar-müxalifət münasibətlərinin
formalaşmasında sivil davranış
qaydalarını özündə əks etdirir.
Hər bir ölkədə istər iqtidar, istərsə də müxalifət
düşərgələrində təmsil olunanlar
bir-birilərinə qarşı münasibətdə həmin
kriteriyanı qorumağı əsas sayırlar. Bu isə qeyd etdiyimiz siyasi ləyaqətdən
irəli gəlir. Azərbaycan müxalifətinin yuxarıda bəhs
etdiyimiz kəsimində isə belə məfhumlar
hələ formalaşmayıb. Söhbət nəinki
belələrinin iqtidara münasibətindən,
hətta onların bir-birilərinə qarşı münasibətindən
gedir. Çünki,
bir-birilərini “əqidədaş” sayan
belələri çox asan
şəkildə öz
“dostlarının” şərəf və ləyaqətinə,
mənliyinə və siyasi
davranışlarına dil, əl uzada bilir.
Yuxarıda
qeyd etdiyimiz kimi, sevindirici haldır ki, bu gün
Azərbaycanın inkişafını, dövlət müstəqilliyini,
milli təhlükəsizliyini hər
şeydən üstün tutan,
bu meyarları ucuz siyasi ambisiyalara satmayan yeni qüvvələr
meydana gəlir. Geridə qalan, daşıdıqları vəzifələr
kimi zəkalarını ötən əsrin
90-cı illərinin əvvəlində “donduran”
(həmin illər hakimiyyətə gəlmək məsuliyyətinin
nə olduğunu anlamayanlar
tutduqları vəzifələrin hansı anlam
daşıdığının da fərqində
deyildilər və bir-birinin ardınca “mən
vəzifəmi dondurdum” şəklində
gülünc bəyanatlar verməklə məşğul
idilər. Görünür onlar həmin vaxt
vəzifələri ilə yanaşı, zəkalarını da dondurublar),
dünyanın inkişafı ilə ayaqlaşmağı bacarmayan, özlərinin ucuz
və əsassız iddialarının əsirinə
çevrilən müxalifətin isə hakimiyyət uğrunda apardığı mübarizə də
səmimiyyətə əsaslanmır.
Bu gün
faktdır ki, radikal
müxalifətin bir sıra rəhbərləri
xaricdə yerləşən maraqlı qüvvələrin əlində
siyasi vasitəyə çevriliblər. Əslində,
bunu onların özləri də etiraf edirlər. Daha doğrusu, bir halda ki, müxalifətin rəhbərlərinin
dilindən bu faktlar səslənir,
deməli onlar özləri-özlərini
açıq şəkildə ifşa
edirlər. Yəni, onların “siyasi
mübarizə”lərinin arxasında qorxulu
tendensiyalar gizlənir. Ölkəmizdə
keçirilən seçkilərdə bu
qüvvələrin tutduqları mövqe,
davranışları da bunu
deməyə əsas verir. Təbii ki, qeyd etdiyimiz
siyasi ləyaqət anlayışı burada açıq formada
önə çıxır. O baxımdan ki, ölkəsini, dövlətini, millətini
hansısa xarici maraqlı qüvvələrə,
onların mənafeyinə satanlar necə siyasi ləyaqətdən və ya siyasi mədəniyyətdən
danışa bilərlər? Ölkəsində baş verən siyasi hadisələrə,
həmçinin, seçkilərə münasibətdə yalnız xaricdən verilən göstərişlər
əsasında yanaşan Azərbaycan
müxalifətinin sözügedən qismi
xalqın gözündə bir tük qədər qiymətlərinin
olmadıqlarını dəqiq bilirlər. Çünki
ölkəmizdə keçirilən hər bir
seçkinin ardından
aldığı səslərə nəzər salan müxalifət dərk edir
ki, xalq onlardan birdəfəlik imtina
edib. Bu
qısqanclıq, paxıllıq hissi isə
onların sağa-sola böhtan
yağdırmasına, rahat şəkildə
təhqirlərə əl atmasına yol
açır. Çünki onlar üçün dəyər
adlı hər hansı bir sistem
qalmayıb... Amma bu siyasi etiketlərdən
kənar qüvvələrin nə deməsindən, hansı
böhtanı, şəri, yalanı ixrac
etmək istəməsindən asılı olmayaraq,
bu gün Azərbaycan
dövləti iqtisadi-siyasi, sosial cəhətdən günü-gündən
möhkəmlənir, inkişaf edir. Artıq bir
neçə ildir ki,
dünyanı ağuşuna alan iqtisadi böhrandan
ən minimal itkilərlə
çıxması ölkəmizdə yürüdülən
siyasətin doğruluğunu bir daha təsdiqlədi. Onu da qeyd
etmək yerinə düşər ki,
ölkəmizdə həyata keçirilən islahatlar,
eyni zamanda, söz və mətbuat
azadlığının təmin olunmasına da
öz töhfəsini verib.
Azərbaycanda
mətbuata dövlət qayğısının təməli Ümummilli liderimiz Heydər
Əliyev tərəfindən qoyulub
Ümumiyyətlə,
söz və mətbuat azadlığı
demokratik dövlət quruculuğunun
başlıca prinsiplərindən biri olduğu kimi, bu meyar bəzən ölkələrdəki
azadlığın göstəricisi kimi də
dəyərləndirilir. Məhz bu səbəbdəndir
ki, ölkələrdə demokratiyanın
səviyyəsi, hökumət - cəmiyyət əlaqələri
kimi məsələlərə
yanaşmanın səviyyəsi mətbuatın
azadlığı ilə dəyərləndirilir. Dövlət
və mətbuat münasibətləri
qarşılıqlı şəkildə tənzimlənir. Bunun üçün ilk olaraq qanuni
bazanın olması vacibdirsə, eyni zamanda, sosial, ictimai tərəflərin də
varlığı əsas şərtlərdəndir. Bu gün Azərbaycan
dövləti mətbuatın inkişafı, söz
azadlığının təmini üçün
kifayət qədər iş görüb. Müstəqil, azad
və peşəkar mətbuatın inkişafı, söz, məlumat və fikir
azadlığının təmin edilməsi daxili
siyasətin başlıca istiqamətlərindən biridir. Məlum olduğu
kimi, 1990-cı illərin əvvəllərində
bütün sahələrdə olduğu kimi, mətbuatın
da sürətlə uçuruma
doğru yuvarlanması prosesi
başlanmışdı. Ən yüksək postlarda
təmsil olunan dövlət məmurlarının
mətbuata, jurnalistlərə münasibəti bütövlükdə
AXC-Müsavat hakimiyyətinin bu sahəyə münasibətini özündə
ehtiva edirdi. Jurnalistlərin kütləvi şəkildə təqib
edilməsi, jurnalistlərin döyülməsi, hər bir ölkə vətəndaşı kimi jurnalistlərin də təhlükəsizliyinə
təmin etməli olan icra
strukturunun rəhbəri-daxili işlər
naziri tərəfindən hətta
canlı efirdə jurnalistə əl qaldırılması,
jurnalistlərin maşının yük yerində daşınması,
yazdıqları məqalələrin dərc edildiyi
qəzetlərin müəllifə yedizdirilməsi və s. kimi qeyri-insani
rəftar dolayısı ilə həmin hakimiyyətin azad sözə, mətbuata münasibətinin nümayişi sayılırdı. Bundan başqa, 1992-ci il aprel ayının 12-də verilən Fərman əsasında hərbi
senzuranın tətbiqi adı altında senzura
funksiyasını həyata keçirən Nazirlər Kabineti yanında Mətbuatda və digər
kütləvi informasiya vasitələrində
dövlət sirrini mühafizə edən
Baş İdarənin mətbuat üzərində
nəzarətinin daha da gücləndirilməsi
ölkədə vətəndaş cəmiyyətinin
inkişafının qarşısını almağa
yönəldilmiş addım idi.
1993-cü il aprelin
15-dən isə hərbi vəziyyətlə bağlı
senzuranın tətbiq edilməsi jurnalistlərin sərbəst
informasiya fəaliyyətini bir qədər də məhdudlaşdırdı
və idarənin fəaliyyətini daha da sərtləşdirdi. Bu,
ölkədə söz
azadlığı prinsipini birmənalı
şəkildə boğmaq demək idi. Bu gün özünü
“demokrat” qismində təqdim edənlər
həmin zamanlarda hakimiyyət olimpində
olmalarından istifadə edərək ən sərt qeyri-demokratik qərarları verir,
mətbuatın inkişafına maneələr
yaradırdılar. 1993-cü ildə Ulu
öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlişindən
sonra isə azad
sözə münasibətdə də birmənalı dəyişikliklər
baş verdi.
Yeni Azərbaycan.- 2010.- 11 avqust.- S. 4.