Siyasi mədəniyyət, siyasi ləyaqət
anlayışları və Azərbaycan müxalifəti
(II məqalə)
Müstəqil Azərbaycanın ilk Konstitusiyasında
söz və mətbuat azadlığı
Ümummilli
liderimizin rəhbərliyi ilə hazırlanan və 1995-ci ilin
12 noyabrında xalq tərəfindən dəstəklənən
Azərbaycan Respublikasının Konstitusiyasında söz və
mətbuat azadlığı öz təsbitini tapdı.
Konstitusiya ölkədə söz, vicdan azadlığı
prinsiplərinin qanunla qorunmasını təmin etdi.
Konstitusiyanın 50-ci maddəsində deyilir: “Kütləvi
informasiyanın azadlığına təminat verilir”.
Ali qanunverici sənədin
47-ci maddəsində hər kəsin fikir və söz
azadlığının mövcudluğu ilə bağlı
müddəa yer alır. Azərbaycan Respublikasının vətəndaşlarına
Konstitusiyanın verdiyi bu azadlıq, əlbəttə, əsasən
kütləvi informasiya vasitələri ilə gerçəkləşir
və ona görə də, azadlığın hüquqi
bazasını təşkil edən qanun yaradılmalı idi.
Ona görə də, tezliklə Milli Məclis “KİV
haqqında” Qanun qəbul etdi.
Bir sözlə, Azərbaycanda
azad mətbuatın yaranmasında Ümummilli lider Heydər Əliyevin
xidmətləri əvəzedilməzdir. Ulu öndər Heydər
Əliyev ölkəmizə rəhbərlik etdiyi illər ərzində
mətbuat və söz azadlığının təmin edilməsi
üçün cəmiyyətdə lazımi mühit
yaradılmasına nail olub, öz fəaliyyətində daim
demokratik prinsipləri əsas tutub. Ulu öndər Heydər Əliyevin
1998-cu il avqustun 6-da imzaladığı Fərmanla mətbuatda
azad sözün qarşısına sədd çəkən
Mətbuatda və digər kütləvi informasiya vasitələrində
dövlət sirrini mühafizə edən Baş İdarə
ləğv edildi. Bununla da mətbuat üzərindəki
senzura aradan qaldırıldı. Ulu öndər Heydər Əliyevin
dövlət başçısı olduğu dövrdə qəbul
edilmiş aşağıdakı qanunlar KİV-in hüquqi tənzimlənməsində
birbaşa rol oynayıb: “Kütləvi informasiya vasitələri
haqqında”, “Məlumat azadlığı haqqında”,
“Dövlət sirri haqqında”, “İnformasiya, informasiyalaşdırma
və informasiyanın mühafizəsi haqqında”, “Müəlliflik
hüququ və əlaqəli hüquqlar haqqında”, “Reklam
haqqında”, “Rabitə haqqında” və s.
Mətbuata hərtərəfli dövlət
qayğısı siyasəti bu gün də davam etdirilir
Ulu öndər tərəfindən
əsası qoyulan bu
siyasət isə Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirilir. Mətbuatın
130 illiyi münasibətilə jurnalistlərə
fəxri adların verilməsi, qəzetlərin “Azərbaycan”
nəşriyyatına olan
borclarının silinməsi, o cümlədən,
KİV-lərə birdəfəlik yardımların
artırılması buna misaldır. Bundan başqa, KİV-in İnkişafına dair
Konsepsiyanın hazırlanması, KİV-in
İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması mətbuatın
inkişafında xüsusi əhəmiyyətə
malik olan
addımlardır. Mətbuatın 135 illik yubileyi ilə əlaqədar
olaraq isə Prezident İlham Əliyev yenidən jurnalistlərə
fəxri adların verilməsi ilə əlaqədar Sərəncam
imzaladı. Bundan başqa,
dövlət başçısı KİV-lərə birdəfəlik
yardımların ayrılması və jurnalistlərin mənzil
şəraitlərinin yaxşılaşdırılması
üçün beş
milyon manat pulun ayrılması ilə bağlı sərəncamlar
verdi. Qeyd edək ki, istər fəxri adlar
verilərkən, istərsə də qəzetlərə birdəfəlik
yardımlar ayrılarkən siyasi
yönünə və mövqeyinə görə hansısa qəzetə
ögey münasibət göstərilmədi.
Müxalifət mətbuatının nümayəndələri
və qəzetləri də bu yardımdan
bəhrələndilər.
Mətbuat, söz azadlığı, yoxsa
söz azadlığının
istismarı?!
Maraqlıdır
ki, bir qism
müxalifət mətbuatı bu cür münasibətin
qarşılığında yenə də öz
ənənələrindən əl çəkmir. Bu gün Azərbaycanda söz
azadlığının təmin olunması üçün
tarixi xidmətlər göstərmiş Ulu öndər Heydər Əliyevin
yaratdığı Yeni Azərbaycan
Partiyasına (YAP) qarşı adi etiket qaydalarını gözləməyən,
qəzet səhifələrində öz
tərbiyə və etikalarını nümayiş
etdirən müxalifət mətbuatı, əslində, bununla Yeni Azərbaycan
Partiyasına deyil, bu
partiyanın 500 mindən artıq üzvünə və
onların yaxınlarına qarşı hörmətsizlik nümayiş etdirir. Görəsən, biz Müsavat Partiyasının adını “Rusavat”, “Farsavat”, “Qusavat” və ya “İsavat” kimi, AXCP-ni YOXCP, onun liderini Zəli Şər-imli kimi
yazsaq, yaxud digər
müxalifət partiyalarının adlarını başqa formada təhrif
etsək, həmçinin, bəzi müxalifət təmsilçilərini
və yazarlarını Mar-min
Acı, Ey-nol-la Fas-tut-lay-ev,
yaxud, Uy-nulla At-tulla-yev, Keymolla Fake-ullayev kimi yazsaq necə olar? Təbii
ki, özünə hörmət edən mətbu
orqanın siyasi etikası buna
yol verməz.
Peşəkarlıq səviyyəsi ancaq təhqirdən və ironiyadan
ibarət olan bəzi müxalifət mirzələrinin
Yeni Azərbaycan Partiyasının
adına qarşı göstərdiyi hörmətsizliyin
altında ümumən Azərbaycana qarşı hörmətsizlik
dayanır. Əvvəla, ona görə ki, bu partiyanın adında ölkəmizin, Azərbaycanın adı əks olunub və deməli, müxalifət təmsilçiləri,
eyni zamanda, ölkəmizə
qarşı sayğısızlıq nümayiş
etdirirlər. İkincisi, Yeni
Azərbaycan Partiyası öz adında yeniliyi, inkişafı ehtifa
edir və belə görünür
ki, müxalifətin məlum kəsimi həmin
yeniliyi də həzm edə bilmir. Nəhayət, təkcə
Azərbaycanda deyil, dünyanın istənilən
nöqtəsində hər hansı partiyaya,
onun adına qarşı
sayğısızlıq qətiyyən yolverilməzdir. Çünki ad, əslində,
bir siyasi pasportdur, tanıtım nişanıdır ki, ona qarşı da təhqirlərə yol
vermək olmaz. Təəssüflər
olsun ki, müxalifətin
məlum kəsimi bütün bunları nəzərə
almaq istəmir.
Müxalifətdən
fərqli olaraq YAP ölkənin inkişaf və tərəqqisi naminə fəaliyyət
göstərir
Təbii
ki, Azərbaycan cəmiyyəti bütün bu baş verənləri diqqətlə izləyir.
Vətəndaşlarımız açıq
şəkildə görür ki, bütün fəaliyyətini
siyasi dedi-qodu, əsassız
bəyanatlar, yalan və iftiralar
üzərində quran radikal
müxalifət partiyalarından fərqli olaraq
hakim Yeni Azərbaycan
Partiyası öz fəaliyyətini
ölkəmizin inkişafı və tərəqqisi istiqamətində
qurub. Azərbaycanın
müstəqilliyinin bugünədək qorunub
saxlanması və möhkəmlənməsində Yeni Azərbaycan Partiyasının rolu danılmazdır. Əsası Ulu öndər tərəfindən qoyulan Yeni Azərbaycan
Partiyası fəaliyyətə başladığı ilk gündən Azərbaycanın o dövrki olduqca
qarışıq siyasi mühitində sabitlik yaratmaq, ölkədəki hərc-mərcliyin,
xaosun qarşısını almaq gücündə olduğunu
nümayiş etdirdi.
1993-cü ildə müstəqil Azərbaycanın Prezidenti seçilən Ümummilli
lider Heydər Əliyevin rəhbərliyi
ilə Yeni Azərbaycan Partiyası hüquqi dövlət, vətəndaş cəmiyyəti
quruculuğunda böyük
işlər gördü. Bununla
da, xalqın etimadını qazanan, qısa bir zamanda respublikanın bütün
şəhər və rayonlarında yerli
təşkilatlarını yaradan YAP
ölkədə keçirilən bütün
seçkilərdə qələbə qazanmaqla
lider partiya olduğunu göstərdi.
Ulu
öndərin siyasi kursunun
layiqli davamçısı Prezident İlham Əliyevin
ölkəyə rəhbərliyi Yeni Azərbaycan
Partiyasının növbəti uğurları, qələbələri
üçün yeni
səhifə açdı. Ölkənin ictimai-siyasi
həyatında yüksək fəallıq göstərən
YAP-ın mövcudluğu sağlam siyasi mühitin qorunub saxlanmasında, demokratik
ənənələrin bərqərar olmasında əvəzsiz
rola malikdir. Əvvəlki
illərdə olduğu kimi,
Yeni Azərbaycan Partiyası bu gün də ölkədə
ən nüfuzlu siyasi
partiyadır. Partiyanın gündən-günə genişlənən
sıraları da bunu
deməyə əsas verir. Qeyd
edək ki, 200 mini gənclərdən
ibarət olan Yeni Azərbaycan
Partiyasının üzvlərinin sayı yarım milyondan artıqdır. Bu
isə YAP-ın geniş kadr
potensialından xəbər verir. Prezident İlham Əliyevin
bilavasitə rəhbərliyi ilə YAP Azərbaycanda mütərəqqi
islahatların həyata keçirilməsində fəal rol oynayır. Bütün
sahələr kimi, mətbuatın
inkişafı da daim
diqqət mərkəzindədir.
Yarım milyondan artıq üzv iki milyondan artıq seçici deməkdir
Hakim
partiyanın bu mütərəqqi fəaliyyəti,
xalqımızın, dövlətimizin inkişafı
baxımından gördüyü işlər
bu gün Yeni Azərbaycan Partiyasının siyasi palitradakı mövqeyinə də əhəmiyyətli
dərəcədə təsir göstərib. Heç də təsadüfi deyil
ki, hazırda Yeni Azərbaycan
Partiyasının üzvlərinin sayı 516 mindən
artıqdır. Təbii ki, bu hadisənin əhəmiyyəti təkcə
statistikanın artmasında deyil. YAP-ın
bu nailiyyəti ölkəmizin siyasi arenasındakı qüvvələr
balansının da açıq şəkildə
ifadəsidir. Nəzərə almaq
lazımdır ki, Azərbaycan ailələri
ən azı 4-5 nəfərdən ibarətdir. Deməli, 516 min üzv ən azı 2,5
milyondan artıq seçici
deməkdir. Bu isə Azərbaycan
seçicilərinin yarısından çoxunu
təşkil edir. Başqa
bir məqama diqqət yetirək. Yeni Azərbaycan Partiyasının üzvlərinin
sayının çoxalması fonunda onun opponentləri hesab olunan müxalifət partiyalarında “yarpaq tökümü” daha kəskin hal
almaqdadır. Yenə də xırda bir hesablama aparsaq, müxalifət
partiyalarının hamısının birlikdə üzvlərinin
sayı heç YAP-ın bir
rayon təşkilatının üzvləri
qədər deyil. Müxalifətin qaragüruhunun Yeni Azərbaycan
Partiyasının adını təhrif etməsi isə həm
də 2,5 milyondan artıq insana
yönəlmiş hörmətsizlikdir.
O
da qeyd
olunmalıdır ki, bu
rəqəm həm də Yeni Azərbaycan
Partiyasının timsalında Azərbaycanın Avropanın böyük dövlətlərini
qabaqlaması anlamına da gəlir. Yeni Azərbaycan Partiyasının yarım milyondan artıq üzvünün
olması faktı bir sıra Avropa ölkələrində belə təkrarlanmayıb.
Məsələn, istər əhalisinin
sayına, istərsə də iqtisadi
qüdrətinə görə, Avropanın ən böyük dövlətlərindən biri olan Almaniyada
hakimiyyətdə olan Almaniya
Xristian Demokratik Birlik Partiyasının üzvlərinin
sayı YAP-la müqayisədə xeyli azdır. Baxmayaraq
ki, Almaniyanın əhalisi Azərbaycanın
əhalisindən 7-8 dəfə çoxdur.
Eləcə də, Fransada hakimiyyətdə
olan “Xalq Hərəkatı
Uğrunda Birlik”
Partiyası, İtaliyadakı iqtidar
partiyası Azadlıq Xalq
Partiyasının üzvlərinin sayı maksimum
halda 400 mindən artıq deyil.
Təkcə bu fakt özü belə Yeni Azərbaycan
Partiyasının 516 mindən artıq üzvünün
olmasının nə anlama gəldiyini
göstərir.
YAP ümumxalq partiyasıdır
Yeni Azərbaycan Partiyasının əldə
etdiyi bütün
nailiyyətlərin arxasındakı səbəblər heç kəsə sirr deyil. Birmənalı olaraq,
bu uğurlarının əsasında xalq sevgisi, dəstəyi
dayanır. Məhz bu dəstəyin
nəticəsində YAP yarandığı tarixdən bu günə qədər keçən zaman kəsimində böyüməyə davam edib və bu proses bu
gün də davam edir, ölkəmizdə keçirilən bütün siyasi kampaniyalardan, seçki
prosesindən qalib ayrılıb. Çünki YAP xalqın partiyası olmaq məsuliyyətini dərk edir,
fəaliyyətini də bu müstəvidə
qurur, hər zaman rasional addımlarla xalqın maraqlarını
reallaşdırır. Xalqın maraqları üzərində
həyata keçirilmiş işlər bu gün dinamik
inkişaf edən Azərbaycanın, sosial rifah halı yüksələn
insanların timsalında özünü
qabarıq büruzə verir. Bu baxımdan da, əsası
Ümummilli liderimiz
Heydər Əliyev tərəfindən qoyulmuş
və bu gün Prezident İlham Əliyevin
uğurla davam etdirdiyi siyasi kurs xalqımız tərəfindən dəstəklənir.
Digər tərəfdən, mütərəqqi və yenilikçi ideyaları ilə daim cəmiyyətin önündə gedən
YAP ilk gündən bu
vaxta qədər daxilində islahatlar aparıb. Məhz bu
islahatların məntiqi nəticəsidir ki,
hakim partiya bu gün daha
mütərəqqi, daha monolit
və zamanın nəbzini tutan bir partiya kimi
cəmiyyətdəki mövqeyini möhkəmlətməkdədir.
Yəqin ki, elə bu
səbəbdən də, müxalifətin liderləri Yeni Azərbaycan Partiyasının bu qədər böyüməsini həzm edə
bilmirlər. Ona görə də, qaragüruhçuluğu davam
edirlər. Bu isə sadəcə olaraq,
onların mahiyyətindən, siyasi hadisələrə
baxış bucaqlarının məhdudluğundan, səriştəsizliyindən
verir. Əgər aidiyyatı olmayan məsələlərə münasibət
bildirmək yerinə, sadəcə bir
neçə dəqiqələrini ayırıb müəyyən
təhlillər aparsalar, YAP-ın qazandığı uğurların səbəbini
də aydınlaşdıra bilər, rəqiblərinin
uğurlarına kölgə salmaq yerinə
bu uğurlardan dərs
çıxarsalar, böyüməyə
çalışsalar yəqin ki, bu gün ən azından
özləri üçün daha yaxşı perspektivlər yarana
bilərdi. Təəssüf ki, bunu etməyə iradələri və səriştələri
çatmır. Onlar yerində
saydığı, hətta geriyə getdiyi
bir şəraitdə Yeni
Azərbaycan Partiyası irəliləməkdə davam edir.
Gələcək nəslə pis örnək olmayaq
Bütün
bu sadalananlarla
yanaşı, qeyd etmək yerinə
düşər ki, bu
gün hər bir kəs
atdığı addım, işlətdiyi ifadə, həyata keçirdiyi fəaliyyət zamanı təkcə
özünü, firqəsini, dar ətrafını deyil,
ümumilikdə Azərbaycanı, ölkəmizin gənc nəslinin
gələcəyini də düşünməlidir.
Düşünməlidir ki, ölkəmizin
gələcəyini quracaq, Azərbaycanı
idarə edəcək gənclərə müsbət əməllərlə,
xoşməramlı addımlarla örnək olmaq
lazımdır. Axı, gənc nəsil bu
günün Azərbaycanında baş verənləri diqqətlə izləyir,
cərəyan edən proseslərdən nəticə
çıxarır. Deməli, elə etmək lazımdır ki, gənc nəsil baş
verənlərdən müsbət nəticə
çıxarsın. Gənc nəslin
yaddaşında hakimiyyətə gəlmək üçün
yalan, iftira, təhqir
və böhtanlardan istifadə edildiyi deyil, ölkədaxili
siyasi mübarizənin siyasi
etika, siyasi ləyaqət
çərçivəsində aparıldığı, siyasi rəqibə, hakim partiyaya qarşı mübarizədə təhqirə
yol verilmədiyi bir cəmiyyət
haqqında fikir formalaşsın. Təəssüflər
olsun ki, hələlik
müxalifətin məlum kəsimi birinci yola üstünlük verməkdə
davam edir.
Yeni Azəbaycan.-2010.- 12 avqust.- S.4.