“Ana, arxamca su atma, mən qayıtmayacağam”
Ağakərim İbrahimov: Mübariz
öz qəhrəmanlığı ilə bir Azərbaycan əsgərinin
100 erməni döyüşçüsündən
üstün olduğunu sübut etdi
...Əliabad
kəndi. İki
ay əvvələdək Biləsuvar rayonunun digər kəndlərindən
heç də fərqlənmirdi. Həmin kəndin sakini
üç oğul atası Ağakərim kişi
də halal zəhməti ilə gündəlik çörək
pulunu qazanmaqla məşğul idi. Övladlarına
vaxtında Vətənə məhəbbət hissini
aşıladığı üçün, ürəyində
bir rahatlıq var idi. Ağakərim kişi,
eyni zamanda, əmin idi ki, işğal altında olan
torpaqlarımız bir gün geri qayıdacaq və bunu mərd,
cəsur, ölümün gözünə dik baxmağı
bacaran Azərbaycan əsgəri edəcək. İnanırdı
ki, bir gün gələcək, Azərbaycan əsgərinin
döyüş şücaəti, gücü,
döyüş hazırlığı, rəşadəti barədə
xəbərlər dünyaya ildırım sürəti ilə
yayılacaq. Amma heç ağlına da gətirmirdi
ki, bunu məhz oğlu Mübariz edəcək. Və
Mübarizin doğulub boya-başa çatdığı Əliabad
kəndi ölkəyə səs salacaq, yolboyu bütün evlərin
hasarlarına döyüşçü oğlunun şəkilləri
yapışdırılacaq, onun yaşadığı ev bir ziyarətgaha, gənclərimizin and yerinə
çevriləcək. Respublikanın hər yerindən
axın-axın insanlar, üzərində üçrəngli
bayrağımız olan maşın karvanları ilə ona
başsağlığına gələcək...
Mübarizin körpə gözündəki
parıltı
Ağakərim kişi
deyir ki, Mübariz onun sonbeşiyi -üçüncü
oğludur. Bəlkə də, təsadüf, ya
da, taleyin acı qismətidir ki, Mübariz ermənilərin
doğma Qarabağımızı Vətənimizdən
ayırmaq üçün iğtişaşlara
başladıqları vaxtda- 7 fevral 1988-ci ildə dünyaya
göz açıb. Ağakərim kişi
adəti üzrə, övladı dünyaya gələndə
dərhal gəlib onun gözlərinə baxarmış. Bu dəfə isə fərqli bir mənzərənin
şahidi olub. Körpənin gözlərində
parıltı görüb.
Əlifba bayramında atasını əsgər
mahnısı ilə oynadıb
Mübarizin
uşaqlığı çox sakit keçib,
işgüzarlığı ilə qardaşlarından və
yaşıdlarından seçilib. Hələ kiçik yaşlarından
çalışıb ki, nizamlı olsun, özünə
nöqsan tutdurmasın, söz dedirtməsin. Atası deyir ki, Mübarizin məktəbdə kiminləsə
dalaşdığı heç yadına gəlmir. Amma mərhum Mübariz Əlifba bayramında
atasını əsgər mahnısı ilə oynadıb.
Məktəbin ibtidai sinfində oxuduğu illərdə
kimsəyə qaynayıb-qarışmayıb, hey bir küncə
çəkilib özünə qapanarmış. Amma, dərslərdə müəllimlərdən
xahiş edərmiş ki, tez-tez Qarabağın
işğalı, döyüşlər barədə
danışsınlar.
Bədən tərbiyəsi institutuna qəbul
olmaq istəyirdi...
Mübariz məktəbi
orta səviyyədə oxuyub. 12 yaşı olanda böyük
qardaşı bir dəfə onu özü ilə məşqə-boks
dərnəyinə aparıb. Elə o
vaxtdan meylini bu idman növünə bağlayıb. İllər ötdükcə fiziki göstəriciləri
artıb, bədəni möhkəmlənib, boylu-buxunlu bir
idmançıya çevrilib. Hətta
böyük qardaşı belə, qarşılıqlı
yarışmada ona məğlub olduğu üçün,
Mübarizi dərnəyə yazdırmağına peşman
olub. 2006-cı ildə Mübariz orta məktəbi
bitirdikdən sonra sənədlərini Azərbaycan
Respublikası Dövlət Bədən Tərbiyəsi və
İdman Akademiyasına vermək istəyib. Lakin,
imtahanın digər fənlərinə yaxşı
hazırlaşa bilmədiyindən, bir il
gözləmək qərarına gəlib.
... amma, əsgər gedəsi olub
Bu arada isə
əsgərlik yaşı çatdığı
üçün orduya çağırılıb. Atası deyir ki, Mübarizin
arzusu Milli Orduda xidmət etmək olub. Hərbi
komissarlıqda bölgü zamanı iş elə gətirib
ki, Mübarizi xidmət keçməyə Daxili Qoşunlara
göndəriblər. Burada nümunəvi xidmət
edərək, çavuş olub. İlyarım
xidmət etdikdən sonra evə buraxılıb. Atası təklif edib ki, istəyirsə qalsın
Daxili Qoşunlarda, gizir olsun. Mübariz
razılaşmayıb, Milli Orduda xidmət edəcəyini
bildirib.
Evə
döndükdən sonra cəmi 10 gün dincəlib. Milli Orduya yazılmaq
üçün yenidən üz tutub Bakıya. Dost-tanış onu başa salmağa
çalışıb ki, əla fiziki göstəricilərin
var, istənilən şirkətdə mühafizə xidmətinə
yazıla bilərsən, yaxşı əməkhaqqı verirlər.
Razılaşmayıb və qətiyyətli bir
şəkildə erməni işğalçılarından
qisas alacağını söyləyib. Odur
ki, gizirlər məktəbinə daxil olub. 3 ay burada
oxuduqdan sonra, yeni il ərəfəsində,
artıq Milli Ordumunun giziri kimi evinə gəlib. Atası oğlundan yeni peşəni seçdiyinə
görə peşman olub-olmadığını soruşub.
O, isə əlində tutduğu üçrəngli
bayrağımızı yuxarıdan aşağıyadək
öpə-öpə: “Qətiyyən!” cavabını verib. Atası da ürəyində rahat olub ki,
uşağı içindən, qəlbindən gələn
bir peşənin arxasınca gedir.
Bölgü
zamanı Mübariz xidmət etməyə Goranboy rayonundakı
hərbi hissəyə düşür. Tez-tez komandirinin yanına
gedirmiş ki, bəs burada darıxıram, məni səngərdə
xidmət etməyə göndər. Nəhayət,
bir müddət sonra arzusuna çatıb, səngərdə
xidmət etmək üçün əmrini alıb.
Ana, arxamca su atma, mən qayıtmayacağam
Ağakərim kişi
deyir ki, Mübariz ölümündən 16 gün əvvəl
Əliabada gəlmişdi, məzuniyyət
götürmüşdü. Əslində, bunu
ondan atası xahiş edib. Deyib ki, xeyli məzuniyyət
müddətin yığılıb qalıb, gəl bir az evdə dincəl. Mübariz də
razılaşıb.
Növbəti gün Ağakərim kişi bacısı və həyat
yoldaşı ilə birlikdə səhər yeməyi
zamanı söhbətləşirmiş. Mübarizin
arxada dayanmasından xəbərsiz olan ata arxayın
danışırmış. Deyib ki,
üç oğlum var, qoy biri Vətənə fəda olsun.
Bu zaman Mübariz arxadan gəlib, əlini
atasının kürəyinə qoyub, xahiş edib ki, son
cümləsini təkrarlasın. Tez evə
gedib mobil telefonunu gətirib və atasının dediyini lentə
alıb. Elə həmin gün də
sağollaşıb evdən gedib.
Anası həyət
qapısına çıxıb, arxasınca su atmaq istəyib. Mübariz isə deyib: “Ana, arxamca su atma, mən
qayıtmayacağam”. Anası oğlunun bu
sözləri ciddi söyləməsinin fərqinə
varmayıb. Sən demə, Mübariz, evdən
ayrılarkən artıq öz qərarını veribmiş.
Ölümündən bir gün qabaq evə zəng
vurub
Evdən gedəndən
sonra bir neçə dəfə valideynləri ilə telefonda
danışıb. Sonuncu zəngi isə ölümündən bir
gün əvvəl - iyun ayının 17-də olub.
Telefonu atası götürdüyü üçün onunla
danışmaq istəməyib,rabitənin
pis işləməsi səbəbindən səsin eşidilmədiyini
bəhanə edib. Təkrar zəng açarkən,
bu dəfə anası dəstəyi qaldırıb. Deyib ki, ondan narahat olmasınlar, vəziyyəti
çox yaxşıdır. Sonra deyib ki,
onu gözləməsinlər, qardaşlarını evləndirsinlər.
Çoxlu sədəqə versinlər və
özlərindən muğayat olsunlar. Daha
sonra isə atası ilə danışmaq istədiyini bildirib.
Atası onu tənbeh
edib ki, niyə anasını kövrəldir. Yenə Ağakərim kişiyə nəyisə
demək istəyib, bir qədər duruxduqdan sonra, bu
yaxınlarda maaş
aldığını, şəhərə gedən kimi onlara
pul göndərəcəyini bildirib və xeyli susub, sonra dili
dolaşıb. Atası deyir ki, Mübarizin ona nəsə
demək istədiyini, lakin deməkdən çəkindiyini
hiss edib. Amma, bu arada telefon kəsildiyindən
bir şey öyrənə bilməyib.
Növbəti
gün isə valideynlərinə məktub yazıb. Kitelini çıxarıb,
yazdığı məktubunu qoyub onun içinə.
Qəhrəmanlıq savaşı
Mübariz məktubunda
da yazdığı kimi, şəhid olanadək
döyüşüb. Ermənilərə arxadan gələn kömək-əlavə
qüvvə ilə döyüşüb. Bu
zaman trafey kimi götürdüyü düşmən silah və
sursatından istifadə edib. Ermənilərlə
qeyri-bərabər döyüş 5 saat davam edib.
Ağakərim kişi deyir ki, Vətən
və torpaq sevgisi, Vətənə bağlılıq,
insanın ürəyindən qorxu hissini götürür. O
qorxu götürüləndən sonra, insanın görmə
qabiliyyəti də artır, fiziki gücü də çoxalır.
Odur ki, Mübariz də son nəfəsinədək
döyüşüb, düşməndən qisasını
alıb, şəhidlik zirvəsinə yüksəlib.
Hərbi hissədə
olanda oğlunun ölüm xəbərini eşidərkən,
atası bir müddət səssiz qalıb, başını
masaya söykərərək ağlayıb. Sonra başını qaldıraraq briqada komandirinə
müraciətlə deyib: “Başımız sağ olsun, Vətən
sağ olsun”.
Ağakərim kişi
deyir ki, hərbi hissə səngərin lap
yaxınlığında olduğu üçün
özünü dik tutmağa çalışıb. Əsgərlərin döyüş ruhuna təsir
etməmək üçün, ağlamayıb,
özünü məğrur aparıb. Mübarizin
təkcə onun deyil, artıq 9 milyonluq bir xalqın
övladı olduğunu söyləyib.
Onun sözlərinə
görə, təkbaşına, saat 12-nin yarısından səhər
saat 5-dək döyüşmək Azərbaycan Ordusunun əsgərinin
necə hazırlıqlı olduğunu göstərir. Mübariz evdə olanda
söyləyirmiş ki, atdığı hər güllə hədəfə
dəyir. Kəşfiyyatçı
olduğundan, hələ indiyədək atdığı bir
patron belə boşa çıxmayıb. Bütün
növ texnikadan istifadə etməyi bilirmiş. Son vaxtlar tank sürməyi öyrənirmiş.
Mübarizə yas mərasimi yaraşmırdı
Atası deyir
ki, Goranboyda olarkən, anası televiziyalardan Mübarizin
ölüm xəbərini eşidib. Qayıdanda evdə tapşırıb ki,
qətiyyən ağlamasınlar. Oğulları
öz istəyi ilə şəhid olub. O, düşməndən
qisas alaraq şəhidlik zirvəsinə yüksəlib. Düzdür, bir həftə evimizə yas mərasimi
adı ilə gəlib-gedənlər oldu. Amma
ermənilərin Mübarizin cəsədini
qaytarmayacaqlarını biləndə, yas mərasimini
keçirməyi də unutduq. Çünki
onun qəhrəmanlığının
qarşılığında yas mərasimi təşkil etmək
heç yaraşmırdı. Çox sağ olsun
hörmətli Prezidentimiz İlham Əliyev, dərhal Mübarizə
Azərbaycanın Milli Qəhrəmanı adını verdi. Çox sağ olsun,
hökumətimiz, dərhal hərəkətə keçdi,
Biləsuvar rayonunda küçələrdən birinə
Mübarizin adı verildi. Bütün bunlar isə
bizi daha da cəsarətləndirdi, kədərimizi unutdurdu.
Elə Mübarizin yoldaşları-həm Daxili Qoşunlarda
xidmət edən dostları, komandirləri, həm də Milli
Ordudakı yoldaşları kəndə gələndə
ordumuzda yüzlərlə, minlərlə onun kimi mərd igidlərimizin
olduğunu, erməni işğalçılarına
qarşı döyüşə atılmaq üçün
sadəcə bir əmri gözlədiklərini söyləyirdilər.
Bütün bunlar bizə təsəlli oldu.
İndi Mübarizin yoxluğunu heç hiss etmirik.
Çünki Mübariz, artıq təkcə mənim yox, 9
milyonluq bir xalqın oğluna çevrilib. Hər
gün respublikanın müxtəlif bölgələrindən
buraya ziyarətə gəlirlər. Atası
deyir ki, dövlətimizin, xalqımızın Mübarizin
adını belə əziz tutması onlar üçün
çox qiymətlidir.
Mübarizin ev-muzeyi tikilir
Bir vaxtlar
Mübarizin gəzişdiyi, turniklərdən sallanıb
müxtəlif idman hərəkətləri etdiyi həyətdə,
indi onun ev-muzeyi tikilməkdədir. Ağakərim kişi deyir ki, burada
həm də Mübarizin əsgər libasları,
paltarları, şəxsi əşyaları saxlanılacaq. Həyatda olarkən, Mübariz ibadətlə məşğul
olduğu üçün, indi onun ev-muzeyində ayrıca ibadət
otağı yerləşəcək. Əslində,
Ağakərim kişinin ailəsi seyid nəslindəndirlər.
Amma, o, məhz seyid olduqları
üçün, adamların onlara gəlməsinin tərəfdarı
deyil. Ata istəyir ki, buraya ziyarətə gələnlər
məhz Mübarizin ruhunu anmağa gəlsinlər, qəlblərində
onun kimi Vətənə məhəbbət hisslərini
yaşatsınlar, Vətən yolunda hər an
canlarından keçməyə hazır olsunlar. O, daha
çox gənclərimizə ümid bəsləyir. Qəmli mavi gözləri ziyarətə gələnlərin
arasında Vətən torpaqlarını işğaldan azad edəcək
MÜBARİZLƏRİ axtarır.
“Doğrudur,
hərdən sakitlik olanda kənara çəkilib
ağlayıram, ondan doymadığımı hiss edirəm. Amma, düşmən
qarşısında yenə də başımı dik tuturam.
Qoy düşmən hiss eləməsin ki, Mübarizin cəsədini
verməməklə nəsə üstünlük qazanır,
nəyəsə nail olur. Mübarizin cəsədi
o tayda olsa da, ruhu bizimlədir. Əgər
lazım gələrsə, digər oğullarımı da Vətənə
fəda edərəm” - deyir, ağsaqqal.
Ata qəlbini yandıran tək kəlmə
Ağakərim kişi
deyir ki, onu yalnız bir kəlmə yandırır və ona
görə özünü heç vaxt
bağışlamayacaq. Mübariz çox istəyirmiş
ki, atasının dilindən eşitsin ki, bəs o, belə
qorxmaz, ürəkli, mərd oğlu ilə fəxr edir. “Çox təəssüf ki, mən bunu ona
sağlığında deyə bilmədim. Amma indi, mən
onun ruhunun qarşısında baş əyərək deyirəm:
“Oğul, mən səninlə fəxr edirəm”.
Bilirsiz, bunu
ona niyə demirdim? İstəyirdim
ki, Mübarizin ali hərbi təhsili olsun.
Sonra komandir olsun, ətrafına özü kimi igidlər
toplasın,özü kimi mərd əsgərləri
olsun. Bir var ki, təkbaşına belə şücaət
göstərəsən, bir də var ki, min belə igidin ola. O zaman hansı erməni əsgəri sənin
qabağında dayana bilərdi ki? Mübariz
öz qəhrəmanlığı ilə sübut etdi ki, Azərbaycan
Milli Ordusunun bir əsgəri erməninin 100 əsgərindən
üstündür. Bax mənə təsəlli
verən də elə budur. İnşallah,
belə mərd igidlərimizlə Vətənimizi
işğaldan azad edəcəyik. Və o
günün çox da uzaqda olmadığına əminəm.
Proloq əvəzi
...Əliabad
kəndi. Bu dəfə
yolumuz əks tərəfədir. Materialı
hazırlamaq üçün geriyə Bakıya
qayıdıram. Yolboyu üzərində
Azərbaycanın ay-ulduzlu bayraqları dalğalanan
maşın karvanları ilə rastlaşıram. Kəndin dar küçəsində
maşının sürətini azaldıb, kənara çəkilirəm.
Nəzərlərimlə Mübarizgilin evinə
istiqamət götürmüş maşın karvanını
müşayiət edirəm. Bir qədər
aralandıqdan sonra, kəndin girəcəyində üzərində
Mübarizin şəkilləri olan maykalar geyinmiş, əllərində
milli bayrağımızı yelləyən gənclərimizi
görürəm. Və eyni mənzərəni
rayon mərkəzinədək irəlilədikdə seyr edirəm.
Arxada oğul itkisinin nə qədər
ağır olmasına baxmayaraq, yenə də özünü
dik tutan, məğrur dayanan ATA, qarşımda isə gələcəyin
MÜBARİZLƏRİni görmək insanın ürəyini
riqqətə gətirir, damarlarında qanını coşdurur.
Demək, nə qədər ki, bu
MÜBARİZLİK hissi hələ qəlbimizdə
yaşayır, Vətənimizi düşmən
tapdağından azad etməyə qadirik. Və bunu edəcəyik
də!.. Bizə sadəcə, bir qədər
vaxt və səbr gərəkdir!...
Səlim LOĞMANOĞLU
Əliabad kəndi, Biləsuvar
Yeni Azərbaycan.- 2010.- 17 avqust.- S. 5.