Şimalın incisi Qusar

 

Tezliklə bu rayon dünya miqyaslı turizm mərkəzinə çevriləcək

 

Bu gün öz inkişaf tempinə görə regionun lider dövlətinə çevrilən Azərbaycan beynəlxalq maliyyə qurumlarının və aparıcı iqtisadçıların diqqət mərkəzindədir. Bu da səbəbsiz deyil. Belə ki, qısa zaman kəsiyində həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasət nəticəsində ölkəmiz inanılmaz nailiyyətlər əldə edib. Bu gün Azərbaycan haqqında danışarkən gözlər önünə insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlər, sosial proqramlar, sənaye müəssisələrinin, turizm mərkəzlərinin tikintisi, ümumiyyətlə, geniş abadlıq-quruculuq işləri gəlir. Bütün bunların isə bir məqsədi var-Azərbaycan vətəndaşları yaxşı, firavan yaşasınlar və dövlətimiz hərtərəfli inkişaf etsin. Məhz bu məqsədə uğurla nail olunmanın nəticəsidir ki, hazırda regionlar müasirləşir, paytaxtımız inkişaf edir, rayon mərkəzləri gözəlləşir və abadlaşır.

Ölkənin bütün yerlərində olduğu kimi, Qusar rayonunda da abadlıq-quruculuq işləri gedir. Yerli sakinlərin də qeyd etdikləri  kimi Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər rayonda ən mühüm obyektlər tikilərək istifadəyə verilib, infrastruktur layihələri reallaşdırılıb.

 

İnkişaf edən və abadlaşan rayon

 

Bu gün ölkəmizin şimal bölgəsinin sürətlə inkişaf edən, abadlaşan rayonlarından biri də məhz Qusardır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Qusarda son illərdə çox sürətli inkişaf gedir: “İnkişafın templəri məni qane edir. İqtisadi inkişaf, sənaye, turizm müəssisələrinin yaradılması - bütün bu sahələrdə işlər yüksək səviyyədədir. Son 5-6 il ərzində rayonda 17 məktəb tikilibdir, bir neçə məktəb təmir edilib, böyük xəstəxana tikilməkdədir”.

Eyni zamanda, ötən il sahibkarlığın inkişafı, yeni istehsal sahələrinin yaradılması istiqamətində rayonda fəaliyyət göstərən bank filialları tərəfindən iş adamlarına və fermerlərə 236,4 min manat, o cümlədən, 192 min manat uzunmüddətli, 44,4 min manat qısamüddətli kreditlər verilib. Həmin kreditlər, eləcə də sahibkarların şəxsi vəsaitləri hesabına bu dövrdə Əniğ kəndi ərazisində balıqyetişdirmə müəssisəsi, Qusar şəhərində mineral sular istehsalı sexi və istehsal gücü saatda 60 kubmetr olan yeni beton zavodu fəaliyyətə başlayıb. Bu isə həm də yeni iş yerləri deməkdir. Ümumiyyətlə, rayon üzrə 2009-cu ildə 2036, o cümlədən, 425 daimi, 1611 müvəqqəti və mövsümi iş yeri açılıb.

Keçən il rayonun aqrar sektoru üçün də uğurlu olub. İstehsal edilən məhsulun 50,3 faizi bu sektorun payına düşüb. Rayonda meyvəçilik, taxılçılıq, arıçılıq, heyvandarlıq və digər sahələrdə istehsalın və emalın inkişafını dəstəkləmək məqsədilə çeşidli tədbirlər həyata keçirilib. Qusarın Hiola, Aşağı Ləgər, Zindanmuruq, Xuray, Şirvanovka, Yuxarı Zeyxur, Minəxur və başqa kəndlərində 1427,6 hektarda yeni bağlar salınıb. Kənd təsərrüfatı texnikasına gəlincə, rayonda əvvəllər mövcud olan bu problem tam həll edilib. Rayon ərazisində əkilən torpaq sahələrinin 96,5 faizi əhalinin istifadəsində olan şəxsi yardımçı sahələrdir ki, bu da sahibkarlığın inkişafına əlavə imkan yaradır. Rayon ərazisində yolların, küçələrin abadlaşdırılması, əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması, təhsil, mədəniyyət, səhiyyə və rabitə xidmətlərinin effektliyinin artırılması, eləcə də əhalini narahat edən problemlərin aradan qaldırılması üçün bir sıra tədbirlər reallaşdırılıb.

 

Azərbaycanın ən hündür zirvəsi

 

Məlumat üçün deyək ki, 1938-ci ildən Qusar adlanan (ondan əvvəl Hil rayonu adlandırılıb-N.A) rayon Böyük Qafqaz dağlarının ətəklərində yerləşir. Azərbaycanın ən hündür nöqtələri olan Bazardüzü (4466 m) və Şahdağ (4242 m) zirvələri, eləcə də məşhur Şahnabad yaylağı Qusar rayonunun ərazisindədir. Samur-Abşeron kanalı, Qusarçay, Samur çayı, eləcə də Rusiyaya gedən başlıca avtomobil magistralı rayonun ərazisindən keçir. Qusar şimaldan və şimal-qərbdən Rusiya Federasiyasının Dağıstan regionu, şərqdən Azərbaycanın Xaçmaz rayonu, cənubdan isə Quba rayonu ilə əhatələnib. Rayonun şimal inzibati sərhədi Samur çayından, şimal-qərb, qərb və cənub-qərb inzibati sərhədləri Böyük Qafqaz silsilələrindən, cənub inzibati sərhədləri isə Qusarçay vadisindən keçir. Şərq tərəfdən inzibati sərhədlər Qusar maili düzənliyi ilə Şollar düzünün kəsişdiyi əraziyə qədər uzanır.

 

Tarixi qədər, faunası və florası da zəngin olan diyar

 

Qusar rayonunun ərazisinin dağlıq hissəsi (dəniz səviyyəsindən, 500 m yüksəklikdən 3200 metrə qədər) bəşər tarixinin müxtəlif dövrlərinə aid maddi-mədəniyyət abidələri ilə zəngindir. Dövlət tərəfindən mühafizə edilən bu abidələr ən qədim, orta əsrlər və müasir dövrləri əhatə edir. Onların çoxu əsrlər boyu torpağın altında, təbiətin qoynunda öz sirlərini insanlardan gizli saxlayıb. Bunlar əsasən ibtidai insanların yaşadıqları mağaralardan, qədim yaşayış yerlərindən, siklopik tikililərdən, qəbiristanlıqlardan, müxtəlif dövrlərə aid istehkam sədlərindən, orta əsr şəhər yerlərinin xarabalıqlarından və s. ibarətdir. Uzaq keçmişin yadigarı olan bu abidələr xalqımızın qədim və orta əsrlər dövrü tarixini, mədəniyyətini, qonşu xalqlar ilə olan iqtisadi-mədəni münasibətlərini öyrənmək üçün ən dəyərli mənbələrdir.

Ümumiyyətlə, rayon ərazisində 48 adda ölkə əhəmiyyətli və 18 adda yerli əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidələri mövcuddur ki, bunlardan da Əniğ kəndində XIII əsrə aid qala divarlarının qalıqları, orta əsrə aid Kirig kəndindəki karvansara, Həzrə kəndindəki 1460-cı ildə Şirvanşah I Xəlilullahın qoşunları ilə vuruşmada həlak olaraq burada dəfn olunmuş Ərdəbil Şeyxi Şeyx Cüneydin qəbri üzərində 1544-cü ildə tikilmiş türbə, IV əsrin yaşıdı Şabiran arxı, XVIII əsrə aid Əniğ, Köhnə Xudat, Xuray, XIX əsrə aid Hil, Gündüzqala və Həsənqala kənd məscidləri, Əniğ kəndinin yaxınlığındakı (Qusar çayının sol sahilində) və Hil kəndindəki nekropl, Köhnə Xudat kəndindəki Xudat qalası, orta əsrə aid Kiriq kəndindəki karvansara və s. bu günədək mühafizə edilən qədim tarixi abidələrdəndir.

Eyni zamanda, zəngin florası ilə seçilən Qusar rayonunun ərazisinin 20 faizi meşələrlə örtülüb. Meşələrdə, əsasən, enliyarpaqlı ağaclar, o cümlədən, vələs, palıd və fıstıq ağacı bitir. Çayların sahili boyunca tuğay meşələri uzanır. Bu meşələrdə sumax, əzgil, yemişan, zoğal, itburnu, qaragilə və quşüzümü bitir, dərman bitkiləri və cır meyvələr də geniş yayılıb. Rayonun heyvanat aləmi də zəngindir. Burada ayı, canavar, qaban, dağ keçisi, quşlardan isə qızılquş, bayquş və başqaları daha geniş yayılıb. Urva kəndinin yaxınlığında yerləşən, sahəsi 7 hektar olan “Əlistan baba” adlı fıstıq meşəsi isə xüsusi mühafizə olunur. Şahnabaz və Laza şəlalələri rayonun fəxridir. Bu şəlalələrin yuxarıdan şırıltı ilə axaraq, qar kimi köpük yaradan suyun qeyri-adi mənzərəsi və günəşdə bərq vuran su dərmanları hər kəsi heyran edir. Rayon mərkəzində, həmçinin, mədəniyyət və istirahət parkı da var.

Yeri gəlmişkən, Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə bölgələrdə muzeylərin yaradılması istiqamətində aparılan fəaliyyətə müvafiq olaraq 1980-ci ildə Qusar rayonunda Tarixi Diyarşünaslıq Muzeyi yaradılıb. Muzeyin 266 km2 ekspozisiya sahəsi var. Bir foyedən və 9 salondan ibarətdir. Muzeyin əsas fondunda 3000-nə yaxın eksponat var ki, bunlardan da 1000-ə yaxını ekspozisiyada nümayiş etdirilir. Muzey eksponatlarının əsasını məişət və etnoqrafik əşyalar təşkil edir. Muzeyin vəzifəsi qədim dövrdən müasir vaxtadək bölgədə yaşayan insanların mədəniyyəti, məişəti, etnoqrafiyası və ümumi tarixi haqqında məlumatları gələcək nəsillər üçün qoruyub saxlamaqdır. Turizmin inkişafı ilə əlaqədar muzey turist marşrutuna salınıb.

 

Dünyaya səs salacaq turizm kompleksi

 

Qusar, eyni zamanda, turizm ənənələri olan rayondur. Bu sahə inkişaf etdikcə rayona gələn qonaqların da sayı artır. Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Qusar-Şahdağ qış-yay turizm və istirahət kompleksində bu günə qədər xeyli iş görülüb. Yaxın zamanlarda istifadəyə veriləcək bu kompleks rayonda turizmin inkişafı ilə yanaşı, infrastrukturun da yenidən qurulmasına imkan verəcək.

Məlumat üçün deyək ki, ölkəmizdə turizmin inkişaf etdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarının, habelə dövlət proqramlarının yerinə yetirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Qusar rayonunda müasir dağ-idman turizm kompleksinin yaradılması istiqamətində 2006-cı ildən ardıcıl və məqsədyönlü iş aparılır. Kompleksin ərazisi Şahdağ Milli Parkına yanaşı olaraq respublikanın ən uca zirvəsi olan Şahdağa yaxın yerləşir. Təbiətin füsunkar guşəsində, beynəlxalq standartlar əsasında yaradılan kompleks respublika əhalisinin, həmçinin, xarici dövlətlərin böyük maraq və diqqətinə səbəb olub.

Yeri gəlmişkən, dövlət başçısı İlham Əliyev avqustun 12-də rayona səfəri zamanı tikilməkdə olan Qusar-Şahdağ qış-yay turizm kompleksini yüksək dəyərləndirib: “Azərbaycanın turizm obyektləri arasında ən birinci yeri tutan Qusar-Şahdağ qış-yay turizm kompleksi tikilməkdədir. İndi orada gedən tikinti işləri ilə bu gün bir daha tanış olacağam. O kompleksin istismara verilməsi nəticəsində minlərlə yeni iş yeri açılacaq, rayon iqtisadiyyatına böyük investisiyalar qoyulacaq və beləliklə, Qusar rayonunun uzunmüddətli və uğurlu inkişafı təmin ediləcəkdir”.

Qeyd edək ki, sözügedən qış-yay turizm kompleksinin tikintisi dağ xizək idmanı, digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaradacaq. Ümumi sahəsi 2 min hektardan çox olan kompleksin tikintisi 4 mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə vacib kommunikasiya xətləri çəkiləcək, 11 qaldırıcı, xizək yolları, süni göl və qar avadanlığı quraşdırılacaq. 312 yerlik beşulduzlu, 346 yerlik dördulduzlu, 282 yerlik üçulduzlu hotellərin və kiçik yaylaq evlərinin, kotteclərin tikilməsi planlaşdırılır.

İkinci mərhələdə qaldırıcılar şəbəkəsinin və idman qurğularının, kotteclərin tikintisi və bağların salınması nəzərdə tutulur.

Üçüncü mərhələ isə, əlavə xizək yollarının salınmasını və yaşayış zonasının genişləndirilməsini əhatə edir. Dəniz səviyyəsindən 2 min metr yüksəklikdə tikiləcək mərkəzdə 5 min işçi çalışacaq. Kompleksin ərazisində tennis, futbol və basketbol meydançaları, örtülü idman qurğuları, akvapark və hovuzlar olacaq. İstirahətə gələnlərə piyada, at ilə gəzinti və digər xidmətlər təklif ediləcək. Kompleksdə müxtəlif uzunluqda 21 buraz yolu çəkiləcək. Burada xizəkçilərin tam təchizatla xizək yolunun zirvəsinə çatdırılması üçün kürsü tipli qaldırıcı qurğulardan istifadə olunacaq. İsveçrənin “Swiss Town Consult” şirkəti tərəfindən kompleksin inkişafının Turizm və Texniki Konsepsiyası hazırlanıb, geoloji işlər aparılıb.

Kompleksin ərazisində lift bazası, restoran, xizək məktəbi daxil olmaqla, 5 ulduzlu 7 mərtəbəli otelin inşası davam edir. Buraz yolları, lift dayanacaqları və xizək enişləri ilə bağlı bir sıra işlər həyata keçirilir. Kompleksə gələn yolun yüksək və müasir standartlar səviyyəsində tikintisi də sürətlə gedir. Ərazidən keçən çayların üzərində yeni müasir körpülər və suötürücü qurğular inşa olunur.

Bir sözlə, dövlət başçısının da qeyd etdiyi kimi, Qusar dünya miqyaslı bir turizm mərkəzinə çevriləcək: “Orada görülən işlər dünyanın aparıcı ölkələrində görülən işlərdən zərrə qədər də geri qalmır. Bu işlər bəzi hallarda orada olan işlərdən üstün görülür. Çünki biz artıq onların təcrübəsini bilirik və o təcrübəni burada müasir səviyyədə tətbiq edirik. Bir-iki ildən sonra siz həm ölkə daxilindən, həm xaricdən buraya turistlərin axınını görəcəksiniz. Bu, həm inkişafa aparan yoldur, eyni zamanda, böyük dəyər gətirəcək bir sahədir. Dünyada ölkələr turistləri cəlb etmək üçün bir-biri ilə rəqabət aparır. Qusarı mərkəzə, necə deyərlər, Azərbaycanın bir nömrəli turizm bölgəsinə çevirmək düşünülmüş və məqsədyönlü bir addımdır. Yəni, hər bir istiqamətdə görülən bu işlər cəmləşəndə artıq böyük dəyər təşkil edir”.

Bu rayondan danışarkən bir məqamı da qeyd etmək yerinə düşər. Belə ki, Qusarda ekoloji turizm üçün də hər cür şərait var. Ekoloji marşrutlarını üç istiqamətə bölmək olar: 1. Qusar - Laza istiqaməti. Bu istiqamətdə səyahətə çıxan turistlər Əniğ kəndindəki tarixi abidələrə və tətbiqi xalq sənəti nümunələrinə tamaşa etmək imkanı əldə edirlər. Marşrutun sonunda “Suvar” istirahət bazasına çatandan sonra alpinizm həvəskarları Şahdağa çıxa bilərlər.

2. Qusar - Sudur istiqaməti. Bu istiqamətdə səyahətə çıxan turistlər Həzrə kəndində Şeyx Cüneydin məqbərəsini ziyarət edə bilərlər. Bundan əlavə, bütün marşrut boyu onlar tətbiqi xalq sənəti nümunələri ilə, yerli əhalinin adət və ənənələri ilə tanış ola bilərlər. Marşrutun son məntəqəsi olan Sudur kəndi rayon mərkəzindən 75 km aralıda, dəniz səviyyəsindən 1800 metr yüksəklikdə, Şahdağın yamaclarında yerləşir. Buranın gözəl təbiəti, ətrafdakı dağların fonunda yaranan unudulmaz panoraması var.

3. Qusar - Qazanbulaq istiqaməti. Bu marşrutda ən maraqlı obyekt “Əlistan baba” fıstıq meşəsidir. Qusar rayonunda qədim xalq sənəti növlərindən xalçaçılıq, tikmə, ağac üzərində oyma sənətləri yaxşı inkişaf edib.

 

İnsanların rifah halına xidmət edən inkişaf

 

Bəli, bu gün öz inkişafına görə şimalın incisi sayılan Qusar ölkəmizdə aparılan məqsədyönlü islahatların heç də hədər getmədiyini bir daha təsdiqləyir. Eyni zamanda, yuxarıda bəhs etdiyimiz kimi, Qusar rayonunun timsalında ölkəmizin hər yerində inkişaf və tərəqqi müşahidə edilməkdədir. Azərbaycanın bütün şəhər, rayon, kənd və qəsəbələrini əhatə edən, həmçinin,  insanların rifah halına xidmət göstərən və hazırda da davam edən bu inkişaf strategiyasından isə hər bir Azərbaycan vətəndaşına pay düşür. Prezident İlham Əliyevin Qusarda yerli sakinlərlə görüşü zamanı qeyd etdiyi aşağıdakı fikirlər də bunu bir daha təsdiqləyir: “Bildiyiniz kimi, mən bir il bundan əvvəl yolun çəkilişi ilə bağlı müvafiq Sərəncam imzalamışdım. Prezidentin ehtiyat fondundan vəsait ayrılmışdı ki, bu yol tikilsin. Qusar sakinlərinin çoxsaylı müraciətlərini nəzərə alaraq, biz bütün bu işləri gördük və artıq yüksək keyfiyyətə malik olan yol istismara verilir. İndi verilən məlumata görə, yol 16 min əhaliyə xidmət göstərəcəkdir. 27 qəsəbə və kənd bu yolun üstündə yerləşibdir. Yəni, bu, insanlara rahatlıq verəcəkdir. Burada şəkillərdə göstərilir ki, əvvəlki yol hansı vəziyyətdə idi, ona heç yol demək olmazdı, insanlar əziyyət çəkirdilər. İndi isə bu gözəl yol uzun illər, onilliklər ərzində insanlara xidmət göstərəcəkdir. Hesab edirəm ki, bu, çox mühüm hadisədir. Bu, onu göstərir ki, bizim yol-tikinti işlərimiz nəinki magistral yolları, eyni zamanda, kənd yollarını da əhatə edir”.

 

 

Nadir AZƏRİ

 

Yeni Azərbaycan.- 2010.- 17 avqust.- S. 3.