Azərbaycan
rabitə və İKT sahəsinin inkişafı üzrə
regionda lider dövlətdir
Əli Abbasov: Bu gün ölkəmizdə İKT
sektorunun 25-30 faiz orta illik artım tempinə nail olunmuş və
son 6 il ərzində bu sektorda əldə olunan gəlirlərin
həcmi 4,4 dəfə artmışdır
Azərbaycan
Respublikasının rabitə və informasiya texnologiyaları naziri
Əli Abbasov www.yap.org.az saytına müsahibə verib:
- Əli müəllim,
məlum olduğu kimi, bu günlərdə ölkə
Prezidenti “Azərbaycan Respublikasında rabitə
və informasiya texnologiyalarının inkişafı üzrə
2010-2012-ci illər üçün
Dövlət Proqramının (Elektron Azərbaycan) təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb.
İstərdik ki, ilk öncə bu haqda məlumat verəsiniz, Dövlət Proqramının məqsədi nədir?
-
İlk növbədə qeyd edim
ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 avqust
2010-cu il
tarixli Sərəncamı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasında
rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci
illər
üçün Dövlət Proqramı”
Ümummilli lider
Heydər Əliyevin 2003-cü
ildə imzaladığı
“Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyanın
(2003-2012-ci illər)” hazırkı mərhələsinin həyata keçirilməsi məqsədini daşıyır və mahiyyət etibarı
ilə 2005-2008-ci
illərdə reallaşdırılmış “Elektron Azərbaycan” Dövlət Proqramının davamıdır. Ölkədə müasir informasiya və
kommunikasiya texnologiyaları
(İKT) infrastrukturunun inkişaf etdirilməsi,
respublikanın
bütün ərazisi
üzrə İKT
xidmətlərinin, həmçinin dövlət, ictimai və sahə informasiya resurslarına çıxışın genişləndirilməsi, dövlət idarəçiliyinin bütün səviyyələrində e-hökumət həllərinin tətbiqi ilə
dövlət orqanları
arasında əlaqələrin elektron
üsullarla həyata keçirilməsi, vətəndaş və təşkilatlara göstərilən xidmətlərin keyfiyyətinin
yüksəldilməsi, e-ticarət, e-səhiyyə kimi mütərəqqi fəaliyyət formalarının müasir dövrün tələbləri səviyyəsində təşkili, İKT xidmət və məhsullarının istehsalının və ixrac potensialının artırılması kimi məsələlərin həlli nəzərdə tutulur. Bu baxımdan, sektorun davamlı və dinamik inkişafının , ölkədə İKT-nin geniş
tətbiqi və onun imkanlarından
əhalinin yararlanmasının təmin edilməsi
üçün tədbirlərin görülməsi, eləcə də, informasiya cəmiyyətinə keçid
üçün şəraitin yaradılmasını yeni Dövlət Proqramının əsas
məqsədi hesab
etmək olar.
Deyilənlərə
onu əlavə edə bilərəm ki, bu Proqram hazırlanarkən
ölkəmizin sosial-iqtisadi inkişaf səviyyəsi, cəmiyyətin
müasir rabitə və informasiya texnologiyalarına tələbatı,
mövcud dünya təcrübəsi, o cümlədən, sahə
üzrə nüfuzlu beynəlxalq təşkilatların
tövsiyələri nəzərə
alınmışdır. Yeni Dövlət Proqramı təhsil, səhiyyə,
mədəniyyət, ədliyyə, vergilər və digər
sahələrdə ayrı-ayrı dövlət qurumları tərəfindən
həyata keçirilməsi planlaşdırılan ölkə
əhəmiyyətli İKT layihələrini özündə
ehtiva edir və bu layihələr bir-biri ilə uzlaşır.
Bütün bunları nəzərə alaraq qətiyyətlə
qeyd etmək olar ki, yaxın vaxtlarda ölkəmizdə
informasiya cəmiyyətinə tam keçid üçün əlverişli
şərait yaradılacaq.
- Ümumiyyətlə, indiyə qədər
ölkəmizin inkişafına xidmət edən bir çox
proqramlar icra olunmaqdadır. Bəs bu Dövlət
Proqramında qarşıya qoyulan prioritet vəzifələr
hansılardır?
- Yeni “Elektron Azərbaycan” Dövlət
Proqramı dörd əsas istiqamət üzrə həyata
keçiriləcək. Milli telekommunikasiya və poçt
infrastrukturunun yeni texnologiyaların əsasında müasirləşdirilməsi,
respublikanın bütün ərazisi üzrə əhalinin və
təşkilatların telekommunikasiya və poçt xidmətlərinə
çıxışının təmin olunması, peyk rabitəsi
texnologiyalarının və xidmətlərinin inkişaf
etdirilməsi, radio-televiziya, o cümlədən, rəqəmli
televiziya yayımının genişləndirilməsi, internet
seqmentinin daha da inkişaf etdirilməsi, ölkənin tranzit
informasiya dəhlizi imkanlarının genişləndirilməsi
ilə əlaqədar tədbirlər birinci istiqamət üzrə
fəaliyyətin tərkib hissəsidir.
Dövlət hakimiyyəti və yerli
özünüidarəetmə orqanlarında İKT-nin tətbiqi
və elektron xidmətlərin inkişaf etdirilməsi üzrə
vahid şəbəkə infrastrukturunun
formalaşdırılması, informasiya sistemləri və
resurslarının inkişaf etdirilməsi, e-imza və e-sənəd
dövriyyəsinin geniş tətbiqi, eləcə də,
“E-hökumət” həllərinin tətbiqi və “bir pəncərə”
prinsipi əsasında e-xidmətlərin təqdim olunması
ikinci istiqamətin əsas prioritet vəzifələridir. Bunların arasında dövlət orqanları tərəfindən
həyata keçirilməsi nəzərdə tutulan ölkə
əhəmiyyətli İKT layihələri də var.
Üçüncü istiqamət üzrə
informasiya iqtisadiyyatının formalaşdırılması,
“rəqəmli fərqliliyin” aradan qaldırılması,
kompüter istifadəçilərinin sayının
artırılması, əhalinin bütün kateqoriyaları,
habelə, məhdud imkanlı qruplar üçün İKT-dən,
o cümlədən, internetdən istifadənin genişləndirilməsi,
milli mədəni, tarixi və ədəbi irsin qorunub
saxlanılması və təbliğində İKT-nin
geniş tətbiq olunması, İKT sahəsində müasir
ixtisaslar üzrə kadr hazırlığının təkmilləşdirilməsinə
yönəlmiş tədbirlərin həyata keçirilməsi
ilə informasiya cəmiyyətinə keçid
üçün münbit şəraitin yaradılması
vacib məsələləridir.
Qeyd olunanlarla
yanaşı, rəqabət qabiliyyətli və
ixracyönümlü İKT potensialının gücləndirilməsi
istiqaməti üzrə İKT sahəsində dövlət
standartlarının hazırlanması və beynəlxalq
standartların tətbiqi üçün tədbirlərin
görülməsi və milli elektron informasiya məkanında
Azərbaycan dilinin tətbiqinin genişləndirilməsi ilə
əlaqədar işlərin də aparılması nəzərdə
tutulub.
- Əli
müəllim, ölkə Prezidenti cənab İlham Əliyevin
diqqət və qayğısı nəticəsində rabitə
və informasiya texnologiyaları sahələrində
böyük inkişaf müşahidə olunmaqdadır. Bu baxımdan, 2010-cu ilin
birinci yarısında rəhbərlik etdiyiniz sahədə
baş verən dəyişikliklər və əldə olunan
nəticələr haqqında məlumat verməyinizi xahiş
edirik.
- Ölkəmizdə müvəffəqiyyətlə
həyata keçirilən sosial-iqtisadi siyasət digər sahələrdə
olduğu kimi, rabitə və informasiya texnologiyaları
sektorunda da öz bəhrəsini verməkdədir.
2010-cu ilin I
yarımilliyndə ölkənin rabitə sisteminin müasir
dünya standartları səviyyəsində yenidən
qurulması, yeni texnologiyaların tətbiqi ən ümdə
məsələ kimi diqqət mərkəzində olmuşdur. Həyata keçirilmiş investisiya layihələri
nəticəsində 2010-cu il iyulun 1-nə ümumistifadəli
sabit telefon şəbəkəsinin tutumu 1 637 227 nömrəyə,
respublikanın telefon şəbəkəsində elektron ATS-lərin
xüsusi çəkisi 92,1 faizə, o cümlədən,
Bakı şəhərində 95,3 faizə, respublikanın digər
ərazilərində 88,8 faizə,
kənd yerlərində isə 85, 1 faizə
çatdırılmışdır.
Müasir tələblərə
cavab verən informasiya və kommunikasiya infrastrukturunun
formalaşdırılması istiqamətində
görülmüş işlərin nəticəsi olaraq sahənin
inkişafını xarakterizə edən əsas göstəricilərdə
davamlı artım müşahidə olunmuşdur. Hazırda ölkə əhalisinin hər
100 nəfərinə düşən əsas telefon
aparatlarının sayı 16,1 ədəd,
o cümlədən, Bakı şəhərində 34,5 ədəd
təşkil edir. Yüksək dinamikaya malik mobil rabitə sahəsində
müasir texnologiyaların tətbiqi üçün məqsədyönlü
işlər aparılmaqdadır və hazırda mobil abunəçilərin
sayı 8 500 00 nəfərə çatmışdır ki, bu
da hər 100 nəfərə 94 mobil abunəçinin
düşməsi deməkdir.
Sahə
üzrə müasir inkişaf meyilləri nəzərə
alınaraq, ən yeni texnologiyaların tətbiqi işləri
davam etdirilmişdir. Yəqin bilirsiniz ki, paytaxt Bakı ilə
yanaşı, artıq bölgələrdə də Yeni Nəsil
Şəbəkə (NGN), CDMA və digər müasir
texnologiyalar müvəffəqiyyətlə tətbiq edilir.
Hesabat dövründə Sumqayıt şəhər telefon
şəbəkəsi NGN texnologiyası əsasında
rekonstruksiya olunaraq nömrə tutumu artırılmış və
ənənəvi rabitə xidmətləri ilə bərabər
İP TV, İP telefon, “Triply play” və s. multimedia xidmətlərinin
göstərilməsi imkanı yaradılmışdır.
Mütərəqqi
texnologiyalara əsaslanan İKT infrastrukturunun inkişafı nəticəsində
respublika üzrə internet istifadəçilərinin sayı
ildən-ilə artmaqdadır və hazırda əhalinin hər
100 nəfərinə 41 istifadəçi düşür. 2010-cu ilin iyuluna Bakı
şəhəri ilə və respublikanın digər şəhər
və rayonlarında genişzolaqlı şəbəkə
xidmətlərindən istifadə edən abunəçilərin
sayı 79 689-a çatmışdır. Buna
2009-cu ildə internet xidməti tariflərinin 6-7 dəfə
aşağı salınması, həmçinin, 2010-cu ilin I
yarımilliyində dövlət provayderləri olan “Bakinternet”
və “Aztelekomnet” internet şəbəkələri üzrə
ADSL qoşulma tariflərinin endirilməsi səbəb olmuşdur.
Aparılmış tarif siyasətinin nəticəsidir
ki, indi ölkəmizdə internetin qiyməti region ölkələri
ilə müqayisədə xeyli aşağıdır. Hazırda Azərbaycan əhalisinin hər 100 nəfərinə
12 ədəd kompüter düşür.
- İKT sahəsindən
əldə olunan milli gəlirin ÜDM-də, qeyri-neft
sektorunda çəkisi nə qədərdir? Yaxın perspektivdə bu sahədə
hansı yeniliklər proqnozlaşdırılır?
- Ölkə iqtisadiyyatında qeydə
alınan uzunmüddətli iqtisadi artımı fonunda Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
İKT-nin ölkəmizdə tətbiqinin prioritet məsələ
elan edilməsi və eləcə də, sektorun inkişafı
ilə bağlı qəbul edilmiş Dövlət
Proqramlarının və həyata keçirilən
irimiqyaslı layihələrin uğurla yerinə yetirilməsi
nəticəsində bu gün ölkədə İKT
sektorunun 25-30 faiz orta illik artım tempinə nail olunmuş və
nəticədə son 6 il ərzində sektorda əldə
olunan gəlirlərin həcmi 4,4 dəfə
artmışdır. Əgər İKT gəlirlərinin
ÜDM-də payı 2008-ci ildə 1.6 faiz təşkil edirdisə,
2009-cu ildə bu rəqəm 2 faiz təşkil etmişdir.
Daim texnoloji
yeniliklərlə və gündəlik ictimai həyatda artan tələbatla
müşayiət olunan İKT sektorunda həm yeni xidmət
növlərinin yaradılması, həm də mövcud xidmətlərin
həcminin genişlənməsi hesabına
yaradılmış əlavə dəyərin həcmi dəfələrlə
artmışdır ki, bunun da nəticəsində qeyri-neft
sektorunda İKT-nin payı 2008-ci ildəki 4.2 faizdən 4.4 faizə
yüksəlmişdir.
Həmçinin
qeyd edim ki, görülmüş tədbirlər nəticəsində
informasiya və kommunikasiya infrastrukturu dəfələrlə
genişləndirilmiş, müasir xidmətlərin verilməsinə
və bəzi İKT məhsullarının ixrac edilməsinə
başlanılmışdır. Təsadüfi deyil ki, bu sahədə əldə
olunan nailiyyətlər nüfuzlu beynəlxalq təşkilatlar
tərəfindən də yüksək qiymətləndirilir.
Azərbaycanın
İKT sahəsində əldə etdiyi nailiyyətlər,
ölkəmizin coğrafi mövqeyi, qazandığı
nüfuz və iqtisadi-siyasi potensialı imkan verir ki, İKT
sektorunun inkişafı ilə bağlı qarşıya
qoyulmuş məqsədlərə nail olunsun, yerli və
regional əhəmiyyətli layihələr həyata
keçirilsin. Belə layihələrə
“Regional İnnovasiya Zonasının”, “Trans-Avrasiya Super
İnformasiya Magistralı”nın
yaradılması, Azərbaycanın ilk telekommunikasiya peykinin
orbitə çıxarılması, rəqəmsal yayım
sisteminə keçid, elektron hökumətin
formalaşdırılmasını aid etmək olar. Ümid
edirəm ki, həm yuxarıda qeyd olunan layihələr, həm
də qəbul olunmuş Dövlət Proqramları çərçivəsində
həyata keçirilən tədbirlər sayəsində
yaxın perspektivdə İKT-nin cəmiyyətdə, dövlət
idarəetməsində və iqtisadiyyatın bütün
sferalarında geniş tətbiqi təmin ediləcək,
İKT üzrə yerli istehsal və sektorun ixrac potensialı
yüksələcək.
- Azərbaycanın süni peykinin orbitə
buraxılması istiqamətində görülən işlər
hansı səviyyədədir? Bu layihənin həyata
keçirilməsi ölkəmizə nə kimi dividendlər gətirəcək?
- Bildiyiniz kimi, Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin 2008-ci ilin birinci
yarısının sosial-iqtisadi inkişafının
yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev
yekun nitqində iki süni peykin orbitə
çıxarılması üçün konkret tədbirlər
görülməsinin vacibliyini vurğulamışdır. Azərbaycan
Respublikası Prezidentinin “Azərbaycan Respublikasında kosmik sənayenin
yaradılması və telekommunikasiya peyklərinin orbitə
çıxarılması haqqında” 4 noyabr 2008-ci il tarixli 27 nömrəli Sərəncamı ilə
Azərbaycan Respublikasının telekommunikasiya peyklərinin
orbitə çıxarılması ilə bağlı
RİTN-ə müvafiq tapşırıqlar verilmişdir. Bu bəyanat
və qərarların davamı olaraq ölkə rəhbərinin
17 avqust 2009-cu il tarixli 443 nömrəli Sərəncamı ilə
“Azərbaycan Respublikasında kosmik sənayenin
yaradılması və inkişafı üzrə Dövlət
Proqramı” təsdiq olunaraq Azərbaycanın sözügedən
sahədə perspektivlərini və nəzərdə tutulan
siyasətinin istiqamətini müəyyən etmişdir.
Azərbaycan Respublikasının ilk milli
telekommunikasiya peykinin hazırlanması, orbitə
buraxılması, orbital mövqenin və tezliklərin əldə
olunması istiqamətində görülən işlərin
səmərəliliyinin artırılması və mərkəzləşdirilməsi
məqsədilə RİTN-də işçi qrup
yaradılmış və işçi qrup tərəfindən
dünyada peyk sahəsində tanınmış şirkət
və peyk operatorlarının nümayəndələri ilə
görüşlər keçirilmiş və Azərbaycanın
telekommunikasiya peykinin orbitə çıxarılması
istiqamətində müzakirələr
aparılmışdır. Bu şirkətlər
sırasında Azərbaycanın maraqları üçün
daha əlverişli və konstruktiv mövqe “Measat” şirkəti
tərəfindən təklif edilmişdir. 2008-ci ildən
etibarən RİTN ilə Malayziyanın “Measat” şirkəti
arasında danışıqlara başlanılmış və
Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən
Malayziyaya ayrılmış 46Ş.U orbital mövqedən birgə
istifadə ilə bağlı razılıq əldə
edilmiş və cari ilin may ayında Malayziyanın “Measat”
şirkəti ilə orbital mövqeyindən istifadə ilə
bağlı müqavilə imzalanmışdır.
“Azərbaycan Respublikasında kosmik sənayenin
yaradılması və telekommunikasiya peyklərinin orbitə
çıxarılması haqqında” Azərbaycan
Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq,
ilk telekommunikasiya peykinin hazırlanması və orbitə
çıxarılması işlərinin
satınalınması üçün “Dövlət
Satınalmaları haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq, 2009-cu ilin yanvar
ayında tender elan edilmişdir. Tenderdə
dünyanın tanınmış peyk istehsalçıları
iştirak etmişlər. İddiaçılara təqdim
olunmuş Əsas Şərtlər Toplusuna uyğun
verilmiş təkliflər Tender Komissiyası və əlavə
cəlb edilmiş xarici ekspertlər tərəfindən təkliflərin
Əsas Şərtlər Toplusuna uyğunluğu, avadanlığın
keyfiyyəti və dayanıqlığı, peykin yaşama
müddəti, son texnoloji yeniliklərin tətbiqi, təklifin
qiyməti və sairə əsas şərtlər nəzərə
alınmaqla müqayisə edilmiş və qiymətləndirilmişdir.
Tender Komissiyası təkliflərin qiymətləndirilməsi
və müqayisəsi əsasında ABŞ-ın “Orbital
Sciences Corporation” şirkətini tenderin qalibi elan etmiş və
telekommunikasiya peykinin istehsalı üçün cari ilin may
ayında ABŞ-ın “Orbital Sciences Corporation” şirkəti
arasında müqavilə imzalanmışdır.
Eyni zamanda, telekommunikasiya peykinin orbitə
çıxarılması üçün
raketdaşıyıcı şirkətlərin müəyyən
olunması ilə bağlı RİTN tərəfindən
müvafiq işlər aparılmış və bu sahədə
dünyada tanınmış “ILS”, “Arianespace”, “SpaceX” və
“Ukroboronservis” şirkətləri öz təkliflərini təqdim
etmişdir. Hazırda təkliflərin qiymətləndirilməsi
istiqamətində müvafiq tədbirlər
görülür.
RİTN tərəfindən aparılan
işlərin uğurlu davamı olaraq 2010-cu il
mayın 3-də ölkə Prezidentinin Sərəncamı ilə
Azərbaycanın telekommunikasiya peykinin orbitə
çıxarılması, idarə olunması və istismar
işlərinin həyata keçirilməsi üçün
“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti təsis
edilmişdir. Hazırda “Azərkosmos” ASC-nin
yaradılması ilə bağlı Sərəncamdan irəli
gələn məsələlərin həlli
üçün tədbirlər görülməkdədir.
Bundan əlavə, Beynəlxalq
Telekommunikasiya İttifaqı ilə aparılan işlərin nəticəsi
olaraq planlı zolaqda ölkəmizi və qonşu ölkələri
əhatə etmək şərtilə 23.2 Ş.U və 95.9
Ş.U orbital mövqeləri Azərbaycan Respublikasına
ayrılmışdır. Bununla belə, telekommunikasiya peykinin
Avropa və Asiya ölkələrini də əhatə etməsi
üçün plandan kənar zolaqda 43.2 Ş.U, 58.5 Ş.U və
95.9 Ş.U orbital mövqelərinin ayrılması ilə
bağlı BTİ-yə müraciət edilmiş və bu
istiqamətdə də mövcud prosedur qaydalara uyğun olaraq
BTİ tərəfindən müəyyən edilmiş ölkələrlə
koordinasiya işləri həyata keçirilir.
Layihənin həyata keçirilməsi
respublikamızda kosmik sənayenin yaradılması və
inkişaf etdirilməsi, dövlət strukturlarının peyk
rabitəsinə olan tələbatının təmin edilməsi,
bölgələrdə əhalinin teleradio yayımına artan
tələbatının ödənilməsi, ölkənin
beynəlxalq rabitə kanallarının sayının
artırılması ilə dayanıqlı alternativliyin yerinə
yetirilməsi, internetin inkişafı, respublikanın kosmik sənaye
potensialının möhkəmləndirilməsi və s.
istiqamətlərdə geniş imkanlar açacaq, eyni zamanda,
digər ölkələrə peyk rabitəsi xidməti
göstərəcəkdir.
- Hazırda mobil rabitə bazarında vəziyyəti
necə qiymətləndirmək mümkündür? Bu bazara qoşulmaq üçün nazirliyə digər
operatorlar tərəfindən müraciət olunurmu?
- Öncə respublikamızda mobil rabitə
bazarının telekommunikasiyanın digər sahələri ilə
müqayisədə nisbətən sürətlə
inkişaf etməkdə olduğunu qeyd etməliyəm. Bunu statistik rəqəmlər də təsdiq edir.
Yuxarıda qeyd etdiyim kimi, ölkədə fəaliyyət
göstərən 3 mobil operator üzrə birlikdə abunəçilərin
sayı ilin əvvəlinə nisbətən 742 888 ədəd
artaraq 8 500 000-ə çatmışdır. Yəni, hər 100 nəfərə təxminən 94
mobil abunəçi düşür.
Telekommunikasiya və poçt sektorunda əldə
olunan gəlirlərin 75 faiz-i mobil operatorların payına
düşməklə, ötən ilin müvafiq dövrü
ilə müqayisədə 2010-cu ilin ilk 6 ayında sektor
üzrə artım tempi 28,4 faiz təşkil etmişdir.
Azərbaycanın
yüksək iqtisadi inkişaf tempi digər qeyri-neft sahələri
ilə yanaşı, İKT sahəsini, o cümlədən,
mobil telekommunikasiya bazarını xarici investorlar
üçün cəlbedici etmişdir.
- Respublikamızın bölgələrində
telefonlaşdırma və poçt məntəqələrinin
yaradılması işi hansı səviyyədədir?
- Respublikanın bölgələrində
telefonlaşma tam olaraq təmin edilmişdir. Bundan
başqa, respublika ərazisinin 99 faizini əhatə edən
mobil operatorların xidmətlərindən istifadəyə
şərait yaradılmışdır. Poçt xidmətinin
təşkili üzrə əhalisinin sayı 250 nəfərdən
yuxarı olan yaşayış məntəqələrində
poçt qutuları quraşdırılmış,
dağlıq və dağətəyi rayonlarda əhali
sayı 1000 nəfər, digər rayonlarda isə əhali
sayı 2000 nəfərdən yuxarı olan bütün kəndlərdə
poçt şöbələri və ya poçt agentlikləri
fəaliyyət göstərməkdədir.
- Yeri gəlmişkən, məlum
olduğu kimi, ölkədə baş vermiş təbii fəlakət
zamanı bu sahəyə də ciddi ziyan dəyib. Dəymiş ziyanın aradan qaldırılması
istiqamətində nə kimi tədbirlər
görülür?
- Bəli, sizin də qeyd etdiyiniz kimi,
Kür və Araz çaylarının daşması ilə
bağlı baş vermiş təbii fəlakət nəticəsində
sahil zolağında yerləşən rayonların
yaşayış məntəqələrində rabitə
qurğularına, xətt şəbəkəsinə, ATS
binalarına, beynəlxalq və şəhərlərarası
kabel magistrallarına, eləcə də, poçt şöbələri
binalarına, inventar və avadanlıqlara ciddi ziyan dəymişdir.
Dəymiş ziyanın hesablanması, bərpası, həmin ərazilərdə
rabitə xidmətlərinin göstərilməsində
yaranmış problemlərin operativ şəkildə aradan
qaldırılması, Araz çayının yeni qolunun məcrasına
düşən rabitə xətlərinin
köçürülməsi işlərinin vaxtında yerinə
yetirilməsi və rabitənin alternativ yollarla təşkili məqsədilə
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəhbərliyi
ilə Fövqəladə Hallar, Maliyyə, İqtisadi
İnkişaf nazirliklərinin, Əmlak Məsələləri
Dövlət Komitəsinin və Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin mütəxəssislərinin iştirakı ilə
sahə komissiyası yaradılmışdır. Komissiya tərəfindən Kür və Araz
çaylarının daşması nəticəsində sahil
zolağında yerləşən rayonların
yaşayış məntəqələrində rabitə xətlərinə,
bina və qurğulara, poçt infrastrukturuna dəymiş
ziyanın inventarizasiyası aparılaraq aktlar tərtib
olunmuş və ziyanın həcmi müəyyənləşdirilmişdır.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 09 iyul 2010-cu il tarixli Sərəncamına uyğun
olaraq, təbii fəlakət zonasında rabitə
infrastrukturuna dəymiş ziyanın qısa müddətdə
aradan qaldırılması və rabitənin bərpası
üçün kompleks tədbirlərin görülməsi məqsədilə
Tədbirlər Planı hazırlanmış və rabitə
müəssisələrinin səyləri birləşdirilərək
zəruri tədbirlər görülməyə
başlanılmışdır. Qeyd edim ki, Tədbirlər
Planı üzrə dəymiş ziyanın aradan
qaldırılması və yaşayış məntəqələrində
rabitənin bərpası istiqamətində artıq xeyli
işlər görülmüş və bu işlər davam
etdirilir.
- Əli
müəllim, bildiyimiz kimi, ölkəmiz nüfuzlu beynəlxalq
təşkilatların üzvüdür. Dövlət rəsmisi
olaraq siz də müvafiq beynəlxalq tədbirlərdə
iştirak edirsiniz. Bilmək istərdik ki,
ölkə Prezidenti cənab İlham Əliyevin həyata
keçirdiyi uğurlu siyasətin nəticələri, o
cümlədən, rabitə və informasiya texnologiyaları
sahəsindəki inkişaf beynəlxalq miqyasda necə dəyərləndirilir?
- Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata
keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmiz
rabitə və İKT sahəsinin inkişafı üzrə
regionda lider olmaqla yanaşı, 2009-cu ildə Dünya
İqtisadi Forumu (Davos) göstəricilərinə əsasən
MDB məkanında da liderliyini qoruyub saxlamışdır.
Həyata
keçirilən dövlət proqramları ilə
yanaşı, yeni regional və transmilli layihələrin
reallaşdırılması təşəbbüsləri,
habelə, beynəlxalq sərgi və konfransların təşkili
ölkəmizin beynəlxalq arenada novator və perspektivli
dövlət kimi tanınmasına rəvac vermişdir.
Rəqəmli uçurumun aradan
qaldırılmasına yönəlmiş tədbirlər,
Regional İnnovasiya Zonalarının yaradılması,
“TASİM” layihəsinin reallaşdırılması və digər
beynəlxalq əməkdaşlığa, o cümlədən,
Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasına təkan
verəcək digər tədbirlər ölkəmizin
inkişafının beynəlxalq miqyasda dəyərləndirilməsində
xüsusi çəkiyə malikdir. Xüsusilə,
“TASİM” layihəsinin BMT tərəfindən dəstəklənərək
bu layihəyə dair xüsusi qətnamənin qəbul edilməsi
aparılan işlərin düzgün istiqamətdə
olduğunu və yaxın gələcəkdə yüksək
nəticələr əldə olunacağına dəlalət
edir.
Yaxın gələcəkdə
ölkəmizin öz süni peyklərini orbitə
buraxması ilə artıq Azərbaycan kosmik sənayeyə
malik ölkələr sırasına çıxaracaqdır
ki, bu da öz növbəsində rabitə və İKT sahəsinə
keyfiyyətcə yeni müstəviyə keçid deməkdir. Bütün bu tədbirlər
müvafiq beynəlxalq təşkilatlarla sıx və
qarşılıqlı əməkdaşlıq çərçivəsində
həyata keçirilir və bu əlaqələrin
inkişafı ölkə rəhbərliyi tərəfindən
İKT siyasətinin prioritet istiqamətlərindən hesab
edilmişdir. Bu sahədə aparıcı təşkilatlardan
olan Beynəlxalq Telekommunikasiya İttifaqının baş
katibi cənab Həmədan Ture təşkilata rəhbərliyi
dövründə daim ölkəmizə isti münasibəti
ilə fərqlənmiş, dəfələrlə Azərbaycana
səfərlər etmiş və BTİ ilə yeni, daha
yüksək səviyyədə əməkdaşlığın
əsasını qoymuşdur. Cənab H.Ture son
illər Azərbaycanda İKT sahəsinin inkişafına
yönəlmiş bir çox tədbirlərdə yaxından
iştirak etmiş və BTİ-də ölkəmizin
nüfuzunun yüksəlməsində Azərbaycana dəstək
olmuşdur. Artıq Azərbaycanın
BTİ-də üzvlük mərhələsindən keyfiyyətcə
yeni - idarəedicilər sırasına keçməsinin
zamanın tələbi olduğunu nəzərə alaraq, cari
ildə keçiriləcək BTİ-nin Səlahiyyətli
Konfransında ölkəmizin namizədliyinin irəli
sürülməsini tövsiyə etmişdir. Ölkəmizə
səfərləri zamanı Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin cənab H.Tureni qəbul
edərək ölkəmizdə İKT sahəsinin mövcud vəziyyəti,
inkişaf istiqamətləri və beynəlxalq əməkdaşlıq
perspektivlərinə dair fikir mübadiləsi aparması
ölkə rəhbərliyinin beynəlxalq təşkilatlar, o
cümlədən, BTİ ilə əlaqələrin yüksək
səviyyədə qurulmasında maraqlı olduğuna bariz
nümunədir.
Beynəlxalq əməkdaşlığın
həyata keçirildiyi və təşviq olunduğu daha bir
müstəvi - 15 ildən artıq fəaliyyət göstərən
“Bakutel” sərgi-konfransıdır. Öz miqyasına və əhəmiyyətinə görə
MDB və Yaxın Şərq məkanında xüsusilə
seçilən sərgidə hər il
müxtəlif ölkələrdən sahə administrasiya
başçılarının, dövlət və özəl
sahə təşkilatlarının iştirakı tədbirin əhəmiyyətinin
göstəricisidir. Sərgi ilə bərabər,
müxtəlif konfrans və seminarların keçirilməsi,
iştirakçılar arasında qarşılıqlı təcrübə
mübadiləsinin aparılmasına şərait yaratmaqla
yanaşı, ölkəmiz haqqında beynəlxalq miqyasda təşəkkül
tapmış müsbət imicin möhkəmlənməsinə
də töhfə vermiş olur. Təbii ki, sərginin təşkilində
və keçirilməsində ən əlamətdar hadisə
ölkə rəhbərinin diqqət və qayğısı,
cənab Prezidentin şəxsən iştirakı ilə sərginin
əhəmiyyətini yüksəltməsidir.
Yeni Azərbaycan.- 2010.- 19 avqust.- S. 3.